Məhkəmə qərarları › İş №2(004)-341/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-341/2025

10.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-341/2025 10.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “özbaşına yarımçıq tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “özbaşına yarımçıq tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən Cavabdeh 45000 (qırx beş min) manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-86 ünvanda ona məxsus, sahələrinin cəmi 206.5 kv. metrolan özbaşına yarımçıq tikililərin boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin istifadəçilərinə müraciətlər edilmiş və həmin tikililər barədə məlumatlar əldə edilmişdir. Belə ki, əldə olunmuş məlumatlar əsasında məlum olmuşdur ki, Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililər qanunsuz tikililərdir, bəzi vətəndaşlar, eləcə də hazırki iddia üzrə cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahələridir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalara uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyriyaşayış sahələri tikmişlər, həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Bununla bağlı olaraq, Sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və qanunsuz (özbaşına) tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçiləri olan digər vətəndaşlarla bərabər hazırki iddia üzrə cavabdehlə dəfələrlə tərəfimizdən danışıqlar aparılmış və onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərtilə sökülməsi üçün real təkliflər edilmişdir. Göstərilən sərəncamın icrası ilə bağlı, "xxxx" ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Qeyd edilənlərə baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir, hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan faktlar və tikililərin real qiyməti və sahəsi barədə tərəflərindən, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzində uzun illər işləmiş və dərin bilik və təcrübəyə sahib olan, X1 ekspertlərinə müraciət edilmiş və bu barədə müvafiq ekspertiza rəyləri əldə edilmişdir. “X2” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 147 №-li rəyə əsasən Cavabdeh tərəfindən M-86 ünvanında inşa olunmuş, sahələrinin cəmi 206,5 kv metr olan yarımçıq tikililər qanunsuz (özbaşına) tikililərdir, tikinti qaydalarına uyğun inşa olunmamışdır, qəzalı və yararsız vəziyyətdədir, tikilinin ümumi dəyəri - 45.000 manatdır. Ekspertiza rəyinin məzmunundan, inşa olunmuş qanunsuz tikilinin fotoşəkillərdən görünür ki, həmin tikili tam yararsız və tikinti qaydalarına uyğun inşa edilməmişdir, ümumilikdə istifadə üçün təhlükəli və bərbad vəziyyətdədir. Qeyd olunan rəylərdən göründüyü kimi cavabdeh tərəfindən inşa edilmiş tikilinin istismara yararsız olması və eləcə də qanunsuz (özbaşına) tikili olması qeyd edilmişdir. Bununla belə "xxxx" ASC-nin öhdəliyi olmasa belə, humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və cavabdehin istifadəsində olan qanunsuz (özbaşına) tikilinin sökülməsi qarşılığında ona tikilinin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh tərəindən inşa edilmiş tikilinin özbaşına, qanunsuz tikili olmaqla qəzalı vəziyyətdə saxlanılması, ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş Sərəncamın icrasına mane olur. Cavabdehin qanunsuz tikilisi maraqlı şəxs olaraq "xxxx" ASC-nin hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə "xxxx" ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. ASC olaraq tərəflərindən sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə kompensasiya ödənilməsi üçün real təkliflər olunmuş, lakin buna baxmayaraq o, həmin təklifdən imtina etmiş və nəticədə ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır. Qeyd olunanlara əsasən hesab edirlər ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidəki qəzalı və istifadəyə yararsız olan qanunsuz tikilinin dəyəri cavabdehə ödənilməklə, həmin qanunsuz (özbaşına) tikili boşaldılaraq sökülməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək, məhkəmənin təyin etdiyi əlavə mütəxəssis rəyinə əsasən Cavabdeh məxsus tikilinin dəyərinin 55 000 manat müəyyən edildiyini, bunu nəzərə alaraq, "xxxx" ASC-nin Cavabdeh 55 000 manat ödənilməsinə razı olduğunu bildirmiş, iddia tələbini müdafiə edərək, Cavabdeh 55 000 manat ödənilməklə, özbaşına yarımçıq tikililərin boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında "xxxx" ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. İş materiallarında olan X1 xx.xx.2024-cü il tarixli, 147 nömrəli qiymətləndirmə rəyinə əsasən Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun “Yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” 340 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə, "xxxx" ASC-yə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsində) yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən M-86 ünvanında inşa olunmuş tikilinin real bazar qiyməti ilə təqribi dəyəri 45000 (qırx beş min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “X3 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004-115/2024 nömrəli ekspert rəyinə əsasən qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yekun bazar və likvid dəyəri müəyyən edilmişdir. Bütün göstərilənləri nəzərə alaraq, aparılan təhlil və hesablamalar nəticəsində, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-86 ünvanında sahələri cəmi 206,5 kv.m olan özbaşına yarımçıq tikililərin qiymətləndirmə tarixinə bazar dayəri 55 000 AZN (əlli beş min) müəyyən edilmişdir. İş materiallarında olan akta əsasən Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 23 dekabr 2021-ci il tarixli, 340 nömrəli Sərəncamı ilə "xxxx" ASC-nin sərəncamına verilmiş Bakı şəhəri,Yasamal rayonu,Xarici dairəvi yolun kənarında yerləşən torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisini həyata keçirmək məqsədi ilə həmin ərazidə yerləşən evlərin sökülməsi ilə əlaqədar, "xxxx" ASC-nin nümayəndələri, Cavabdeh məxsus 86 nömrəli yarımçıq tikilidə mülkiyyətçinin iştirakı ilə faktiki ölçülər aparmış, nəticədə evin ümumi sahəsi 206.5 (143,4+56,8+6,3) m2 olmuşdur. Bundan başqa iş materiallarına mübahisə predmeti olan tikilinin sxemlərinə dair aktlar və tikilinin fotoşəkilləri əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə cavabdeh tərəfindən iddia tələbinin etiraf edildiyini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 55 000 manat ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-86 ünvanda cavabdehə məxsus sahələrinin cəmi 206.5 kv metr olan özbaşına yarımçıq tikililər boşaldılaraq sökülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 55000 (əlli beş min) manat ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) yerləşən ərazidə M-86 ünvanda cavabdehə məxsus sahələrinin cəmi 206.5 kv metr olan özbaşına yarımçıq tikililər boşaldılaraq sökülsün. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı 300 (üç yüz) manat məbləğində ekspertiza xərci iddiaçı "xxxx" ASC-dən tutularaq “X3 Mərkəzi” MMC-nin hesabına ("xxxx" Açıq Səhmdar Cəmiyyəti, Kod 505141, İcraçının VÖEN: **********, Müxbir hesab AZ82NABZ********************, S.W.İ.F.T. BİK: PAHAAZ22, İcraçının hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar