Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3418/2023 27.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, əvvəllər iddiaçının mərhum əri X2 məxsus olan və hazırda isə iddiaçının özünün sahibliyində olan avtoyuma məntəqəsinə Cavabdeh ASC tərəfindən 14.145,90 manat borc hesablanmışdır. Həmin borc yüksək məbləğdə təşkil edir və iddiaçının sözügedən məbləği ödəməyə imkanı yoxdur. Bu səbəbdən, borcun silinməsi və iddia tələbinin təmin olunması xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdehin qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçı məhkəmə hazırlıq iclaslarında iştirak etməsi və izahatlar alınmaqla işin faktiki hallarının aydınlaşdırılması xüsusatı nəzərə alınmaqla məhkəmə mülki işin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab etmir. İş materiallarında olan Cavabdeh ASC ilə sözügedən ünvan 1 ünvanında yerləşən qeyriəhali kateqoriyalı yuyucu obyektinə dair bağlanmış xx.xx.2006-cı il tarixli 13956203 nömrəli müqavilə üzrə çıxarışa əsasən müəyyən olunur ki, obyektin Cavabdeh ASC-yə ümumi borc məbləği 14.145,90 manat təşkil edir. Cavabdeh ASC tərəfindən məhkəməyə borcun yaranmasına əsas olan müvafiq inventar aktları təqdim edilmişdir. Həmin sənədlərə əsasən sözügedən obyektə dair obyektin sahibi tərəfindən 4 (dörd) dəfə sudan qanunsuz istifadə hallarının aşkarlanması və nəticəsinə dair müvafiq aktların tərtib edilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı münasibətlər müqavilə üzrə öhdəlik münasibətləridir və mübahisənin hüquqi əsasını məhz xx.xx.2006-cı il tarixli 13956203 nömrəli müqavilə üzrə münasibətlər təşkil edir. Müqavilə münasibətləri üzrə abonent istifadə etdiyi suyun ödənişini müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində Cavabdeh ASC-yə ödəməlidir. Məhkəmə araşdırması zamanı İddiaçı məhkəməyə izahat verərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunan avtoyuma məntəqəsi 2014-cü ildən etibarən iddiaçının mərhum əri X1 istifadəsində olmuşdur. Sonuncu 2020-ci ildə vəfat etmişdir. Həmin vaxtdan etibarən həmin avtoyuma məntəqəsini iddiaçı idarə edir. İddiaçı obyektinin fəaliyyətini yaxşı təşkil etməməsi səbəbindən 2020-2023-cü illərdə həmin obyekt tam gücü ilə fəaliyyət göstərmir, lakin, fəaliyyətdədir və işləyir. İddiaçı tərəfindən 2020-2023-cü illər üzrə iddiaçı tərəfindən sudan istifadəyə görə ödəniş həyata keçirilməmişdir. 2014-2020-ci illər üzrə isə iddiaçının mərhum əri X3 tərəfindən hər hansı su ödənişinin həyata keçirilib-keçirilməməsi iddiaçıya məlum deyil. Göstərilən xüsusatlar mülki işin mübahisəsiz halıdır. Beləliklə, sözügedən obyektin fəaliyyət göstərməsinə baxmayaraq 2020-2023-cü illər üzrə iddiaçı tərəfindən sudan istifadəyə görə ödənişin həyata keçirilməməsi mülki işin mübahisəsiz halıdır və iddiaçı tərəfindən qəbul edilmişdir. Bundan əlavə, 2014-2020-ci illər üzrə isə iddiaçının mərhum əri X3 tərəfindən hər hansı ödənişin aparılmasını iddiaçıya məlum olmadığını, bu barədə iddiaçının sərəncamında hər hansı sənəd, sübut və ya materialın (qəbz və s.) olmamasını bildirmişdir. Nəticə etibarilə, iddia ərizəsində qeyd olunan xüsusatlar üzrə sözügedən borc məbləğinin Cavabdeh ASC tərəfindən əsassız olaraq hesablanmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən məhkəmə hazırlıq iclaslarında iddiaçıya sərəncamında olan sübutların məhkəməyə təqdim edilməsi hüququ izah edilmişdir. İddiaçı sərəncamında başqa hər hansı sübutunun olmamasını bildirməklə mülki işin məhkəmə baxışa təyin edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə qətnaməsi əsaslı olmalı və yalnız mötəbər sübutlara əsaslanmalıdır. Məhkəmənin mülki işdə olan mötəbər sübutlara əsaslanmadan yalnız öz mülahizəsi ilə hər hansı hüquqi nəticəyə gəlməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbində qeyd oluna xüsusatlar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-3418/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3418/2023
27.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver