Məhkəmə qərarları › İş №2(004)-3423/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3423/2023

12.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3423/2023 12.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə və "xxxx" Kommersiya Bankı ASC-yə qarşı “hərracın yekunları barədə protokolun və həmin protokola əsaslanan müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə və "xxxx" Kommersiya Bankı ASC-yə qarşı “hərracın yekunları barədə protokolun və həmin protokola əsaslanan müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri Nəsimi rayonu E.Tağızadə küçəsi 14 nömrəli evin 8 nömrəli mənzilinin qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli 264/22 nömrəli protokolun və mənzilin həmin hərrac protokolu əsasında "xxxx" Kommersiya Bankı ASC-yə satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli 7595-146928/20-5-33 saylı sifariş məktubuna əsasən onun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu E.Tağızadə küçəsi 14 nömrəli evin 8 nömrəli mənzilinin satılması "xxxx" MMC-yə həvalə olunmuşdur. Mənzilin ilkin satış qiyməti 85.000 manat müəyyən edilmişdir. Əmlakın satılması üçün iki dəfə cəhd olunmuş və üçüncü cəhddə 54.187,50 manata icra sənədi üzrə tələbkar "xxxx" Kommersiya Bankı ASC-yə satılmışdır. Bu barədə "xxxx" MMC tərəfindən “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2022-ci il tarixli 264/22 saylı protokol tərtib edilmişdir. Cavabdeh "xxxx" MMC ipoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu E.Tağızadə küçəsi 14 nömrəli evin 8 nömrəli mənzilini yalnız texiniki sənədlərə əsasən qiymətləndirmişdir. Hazırda onun mənzili söküntü zonasına düşür və tez bir zamanda söküləcəkdir. İndiki vəziyyətdə mənzili 54.187,50 manatdan baha qiymətə satmaq mümkün deyil. Lakin söküntü zamanı onun əlavə tikililəri nəzərə alınmaqla ödəniləcək vəsaitin hesabına o, özünə mənzil ala bilər və qalan pula isə borcunu ödəyə bilər. O. onkoloji xəstədir, beyin əməliyyatı keçirmişdir. Həyat yoldaşı da insult keçirmişdir. Onların hər hansı bir gəliri yoxdur. Mənzil sökülənə kimi orada yaşamaq istəyirlər. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər "xxxx" MMC-yə və "xxxx" Kommersiya Bankı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməklə məlumat verilsə də, cavabdehlərin nümayəndələri məhkəməyə gəlməmişlər. Cavabdeh "xxxx" MMC hərracın keçirilməsinə dair sənədləri məhkəməyə göndərmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından müəyyən edilir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-190/2018 nömrəli icra vərəqəsinə əsasən İddiaçı cəmi 70.089,35 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin qeydə alınması üçün 30 manat xidmət haqqı tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməlidir. Tutma ipoteka qoyulmuş İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu E.Tağızadə küçəsi 14 nömrəli evin 8 nömrəli mənzilinə yönəldilmiş, mənzilin ilkin satış qiyməti 85.000 manat müəyyən edilməklə açıq hərraca çıxarılmışdır. Satışdan əldə olunan vəsait hesabına İddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə olan kredit borcu ödənilməli, vəsait artıq olduqda qalan pul vəsaiti İddiaçı qaytarılmalıdır. İpoteka predmeti olan Bakı şəhəri Nəsimi rayonu E.Tağızadə küçəsi 14 nömrəli evin 8 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində həmin yaşayış sahəsindən İddiaçı, X1, X3, X7, X4 və X5 çıxarılmalıdırlar. İddiaçı mülkiyyətində olan və "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu E.Tağızadə küçəsi 14 nömrəli evin 8 nömrəli mənzilin açıq hərracda satılmasına dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)- 190/2018 nömrəli icra vərəqəsi və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli 7595-146928/20-5-33 saylı nömrəli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə hərrac keçirilmiş və “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2022-ci il tarixli 264/22 nömrəli protokol tərtib edilməklə ilkin satış qiyməti 85.000 manat müəyyən edilmiş Bakı şəhəri Nəsimi rayonu E.Tağızadə küçəsi 14 nömrəli evin 8 nömrəli mənzili 54.187,50 manata ipoteka saxlayan "xxxx" KB ASC-yə təklif edilmişdir. "xxxx" KB ASC təklifi qəbul etmiş və iproteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair hərracın təşkilatçısı "xxxx" MMC ilə ipoteka saxlayan "xxxx" KB ASC arasında “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinin tələbinə uyğun olaraq "xxxx" KB ASC-nin Bakı şəhəri Nəsimi rayonu E.Tağızadə küçəsi 14 nömrəli evin 8 nömrəli mənzilini 54.187,50 manata almasına dair xx.xx.2022ci il tarixdə müqavilə bağlanmışdır. “İpoteka haqqında” Qanunun 42.4-cü maddəsinə əsasən ipoteka saxlayan "xxxx" KB ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. Hərracın keçirilməsinə dair sənədlərdən müəyyən edilir ki, hərracın keçirilməsinin yeri və vaxtı barədə borclular İddiaçı, X1, X3, X7, X4 və X2 hərrac bildirişi və teleqram göndərilməklə rəsmi qaydada məlumat verilmişdir. Həmçinin hərracın keçirilməsinin yeri və vaxtı barədə market qəzetində elan verilmişdir. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra-hərracın təşkilatçısı) sifariş verir. “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2008-ci il tarixli qərarında vurğulayır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız “İpoteka haqqında” xx.xx.2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)- 190/2018 nömrəli icra sənədi əsasında borclu İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu E.Tağızadə küçəsi 14 nömrəli evin 8 nömrəli mənzili ilkin satış qiyməti 85.000 manat olmaqla hərraca çıxarılmışdır. Lakin keçirilən iki hərrac baş tutmadığına görə əmlakın ilkin satış qiyməti 85.000 manatın enmiş faizləri: “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25 % aşağı salınmaqla, əmlakın son satış qiyməti 54.187,50 manat müəyyən edilmişdir. Keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" KB ASC Bakı şəhəri Nəsimi rayonu E.Tağızadə küçəsi 14 nömrəli evin 8 nömrəli mənzilini 54.187,50 manata almışdır. “İpoteka haqqında” Qanunun 42.4-cü maddəsinə əsasən ipoteka saxlayan "xxxx" KB ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçıya məxsus olan ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən açıq hərraca çıxarılıb satılması üçün keçirilən hərrac, “İpoteka haqqında” Qanun və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Odur ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə və "xxxx" Kommersiya Bankı ASC-yə qarşı “cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri Nəsimi rayonu E.Tağızadə küçəsi 14 nömrəli evin 8 nömrəli mənzilinin qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli 264/22 nömrəli protokolun və mənzilin həmin hərrac protokolu əsasında "xxxx" Kommersiya Bankı ASC-yə satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar