Məhkəmə qərarları › İş №2(004)-3442/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3442/2025

19.05.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3442/2025 19.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızı İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 53000 manat pul kompensasiya ödəməklə onun ünvan 1 ünvanında yerləşən 31 saylı evin, 30cu mənzilin ½ hissəsi olan mülkiyyət hüququna xitam verilməsi və ailə üzvləri ilə birlikdə mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və sənədləri araşdıraraq hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, iddia ərizəsinin icraata qəbul edililməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3528/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia tələbi təmin edilərək, İddiaçı ünvan 1, 31 saylı evin 30 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6595/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin bölünməsi və naturada ayrılması” tələbinə dair iddia tələbinin təmin edilməməsi, ödənilmiş 30,40 manat (otuz manat, 40 qəpik) dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-152/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin paylara mütənasib bölünməsi” tələbinə dair iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə İddiaçı (½ hissə) və Cavabdeh (½ hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsindəki 31 nömrəli evin ümumi sahəsi 81,32 kv.m. olan 4 otaqlı 30 nömrəli mənzili bazar dəyərinin 115.000 (yüz on beş min) manat, likvid (ilkin satış) qiyməti 105.000 (yüz beş min) manat müəyyən edilməklə açıq hərracda satılması, mənzilin satışından əldə olunacaq vəsait paylara mütənasib olaraq paylı mülkiyyətçilər arasında bərabər bölünməsi, pul vəsaitinin ½ (ikidə bir) hissəsinin İddiaçı və ½ (ikidə bir) hissəsinin isə Cavabdeh ödənilməsi qət edilmişdir. Göründüyü kimi hazırda İddiaçı Cavabdeh 53000 manat pul kompensasiya ödəməklə onun ünvan 1 ünvanında yerləşən 31 saylı evin, 30-cu mənzilin ½ hissəsi olan mülkiyyət hüququna xitam verilməsi və ailə üzvləri ilə birlikdə mənzilindən çıxarılmasını xahiş etsə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-152/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin paylara mütənasib bölünməsi” tələbinə baxılmış, iddia tələbi təmin edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehə öz payının 60000 manata almasını cavabdehə təklif etmiş, lakin cavabdeh buna razı olmamışdır. Beləliklə məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsi üzrə yekun məhkəmə aktı qəbul edildiyindən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bundan əlavə, iş materiallarından görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən "xxxx" ASC-nin ödəniş sistemi vasitəsilə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci il tarixdə ödəmişdir. Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə ödənilən 100 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153cü, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddiaçı hazırki 2(004)-3442/2025 saylı mülki iş üzrə ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar