Məhkəmə qərarları › İş №2(004)-3468/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3468/2023

03.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3468/2023 03.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış debitor borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt etibarsız hesab edilməsi, həmin akt əsasında onun yaşadığı ünvan 1 ünvana 25920 m3 itirilmiş qazın bərpası üçün hesablanmış 3.110 manat debitor borcun onun **********02302 nömrəli abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. O, təbii qazdan istifadə edir və verilmiş bildirişlərə əsasən qazın dəyərini vaxtı-vaxtında ödəyir. xx.xx.2022-ci il tarixdə evdə qazın gəlmədiyini görərək sayğaca baxmış və sayğacın işləmədiyini görmüş və Cavabdeh 104 qaynar xəttinə zəng edərək məlumat vermiş və mənzilinə təbii qazın verilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Lakin xx.xx.2022-xx.xx.2022ci il tarixə kimi dəfələrlə zəng etməsinə baxmayaraq onun mənzilinə qazın verilməsi bərpa edilməmişdir. Bu 4 gün ərzində evdə yalnız elektrik enerjisindən istifadə etməklə ehtiyaclarını ödəmişlər. Nəhayət xx.xx.2012-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları onun yaşadığı ünvana gəlmişlər və qazın gəlmədiyinin şahidi olmuşlar. Cavabdeh İB-nin əməkdaşları onun və ailə üzvlərinin iştirakı ilə sayğaca baxış keçirmişlər, sayğacın plomblarının yerində olduğunu müəyyən etmişlər. Bundan sonra sayğacın işləmədiyini bildirərək, sayğacın plombunu qıraraq sayğacı sökmüşlər və yeni sayğac quraşdıraraq mənzilə təbii qazın verilişini bərpa etmişlər. Köhnə sayğacı isə özləri ilə aparmışlar. Köhnə sayğacı sökərkən, ona hər hansı bir müdaxilə olunmasını, plombların qırılmasını bildirməmişlər. xx.xx.2023-cü il tarixdə ona məktub göndərilmiş və bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli akta əsasən sayğacın hesablama mexanizminin keçən qazın sərfiyyatını qeyd etmədiyini bildirərək ona 3.110 manat cərimə yazılmışdır. O, və ailə üzvləri sayğaca müdaxilə etməmişdir, sayğacın mexanizminə müdaxilə edilməsi üçün mütləq şəkildə plomblar qırılmalıdır. Onun mənzilində olan sayğacın plombları isə yerində olmuşdur, plomba müdaxilə edildiyinə dair sayğacın dəyişdirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolda heç bir qeyd yazılmamışdır. O, sayğacın dəyişməsindən əvvəl və yeni sayğac quraşdırılandan sonra vaxtında istifadə etdiyi təbii qazın dəyərini ödəmişdir. Onun heç vaxt borcu olmamışdır. Ona xx.xx.2023-cü il tarixli akta əsasən qanunsuz olaraq 3110 manat borc hesablanmışdır. Onun təqsiri olmadan yazılmış borcu ödəməli deyildir. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazını məhkəməyə göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı yaşadığı ünvan 1 ünvanda təbii qazın sərfiyyatını müəyyən etmək üçün Zinner tipli G-4 markalı **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə göstərilən qaz sayğacı, Zenner tipli G-4 markalı **********8 nömrəli sayğacla əvəz edilmişdir. Cavabdeh tərəfindən İddiaçı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-cü il tarixli ******* nömrəli akt verilmişdir. Həmin aktda sayğaca müdaxilə edilməsi, plobun yerində olmaması və ya qırılması, müdaxilə edilməsinə dair hər hansı bir qeyd yazılmamışdır. Sayğacın dəyişdirilməsinə səbəb kimi sayğacın qazı fasilələrlə buraxması qeyd edilmişdir. Sayğac abonentin müraciəti əsasında dəyişdirilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda göstərilmişdir ki, X1 yaşadığı ünvan 1 ünvanda quraşdırılmış Zinner tipli G-4 markalı **********4 nömrəli qaz sayğacının hesablama mexanizmi keçən qazın sərfiyyatını qeyd etmir. Sayğacın rəqəmli dişli çarxlarının üzərində cızıq izləri var və rəqəmlı dişli çarxları hərəkətə gətirən barabanlar kənar təsir nəticəsində bərkidilmişdir. Dəymiş ziyanın hesablanıb ödənilməsi təmin edilsin. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh Qazın Satışı Departamentinin sayğacların labaratoriyasının xx.xx.2023-cü il tarixli MSK 29/1710-04593-1 nömrəli rəyinə əsasən G4 markalı **********4 nömrəli sayğaca baxış keçirilmilş və yoxlama zamanı müəyyən edilmişdir ki, rəqəmli dişli çarxların üzərində cızıq izləri var və rəqəmli dişli çarxları hərəkətə gətirən barabanlar kənar təsir nəticəsində bərkidilmişdir. Buna görə də sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Beləliklə qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə (6 x 24 x 180 = 25920 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 3.110 manat pulun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur. Belə ki, Zenner tipli G-4 markalı **********4 nömrəli elektron qaz sayğacı xx.xx.2022-ci il tarixdə qazın fasilələrlə buraxılması səbəbindən Zenner tipli G-4 markalı **********8 nömrəli yeni sayğacla əvəz edilmiş, qaz sayğacı dəyişdirilərkən qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktda sayğacın dəyişdirilməsi səbəbi kimi sayğacın qazı fasilələrlə buraxması göstərilmişdir. Bundan başqa həmin aktda sayğaca müdaxilə olunması, plombların yerində olmaması, plombun qırılması və ya plomba müdaxilə edilməsinə dair hər hansı bir qeyd edilməmişdir. Cavabdeh abonentə məxsus olan sayğacın rəqəmli dişli çarxlarının üzərində cızıq izləri olmasını və rəqəmlı dişli çarxları hərəkətə gətirən barabanların kənar təsir nəticəsində bərkidildiyini qeyd etsə də, bu halın iddiaçı tərəfindən edildiyini, eyni zamanda plombların yerində olması zamanı abonentin belə bir müdaxilə edə biləcəyini hər hansı bir mötəbər sübutla əsaslandırmamışdır. Məhkəmə qeyd edir ki, sayğacın plombları yerində olduğuna və plombları sökmədən sayğacın barabanlarına müdaxilə etmək, onu bərkitmək mümkün deyildir. Sayğacda yaranmış hər hansı bir təbii qüsura, aşınma zamanı əmələ gələn texniki nasazlığa görə sayğacdan keçən qazın mexanizm tərəfindən qeyd edilməməsinə abonent məsuliyyət daşımır. Həmçinin sayğacın dəyişdirilməsindən əvvəlki aylar və sonrakı aylar üzrə ödənişlər arasında ciddi fərqin olmaması bir daha abonentin sayğaca hər hansı bir müdaxilə etmədiyini təsdiq edir. Abonent istifadə etmədiyi 25920 m3 qaza görə hesablanmış 3.110 manat borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli, ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında əsassız hesablanmış 3.110 manat borc istehlakçı İddiaçı (abunə kodu **********02302) hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin. xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında İddiaçı yaşadığı ünvan 1 ünvana 25920 m3 itirilmiş qazın bərpası üçün hesablanmış 3.110 (üç min yüz on) manat debitor borc - istehlakçı İddiaçı **********02302 nömrəli abunə hesabından silinsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar