Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3469/2023 30.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X4 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı Cavabdeh 10000 manat kompensasiya ödənilməklə onun istifadə hüququna xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 10800 manat məbləğində kompensasiya verilməklə onun Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13 ünvanında yerləşən 31 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdeh onun qardaşıdır. Mərhum atasından ona miras qalmış həmin mənzil üzrə qardaşı və anası özlərinə düşən hissəni ona bağışlamışlar. Cavabdehin keçmiş həyat yoldaşı ilə birgə paylı mülkiyyətində olan mənzili var. Eyni zamanda onun ayrıca qeyri-yaşayış sahəsi var. Halhazırda cavabdehə görə o öz mənzilində yaşaya bilmir və ailəsilə birlikdə kirayədə yaşayır. İşin faktiki hallarına əsasən cavabdeh onu mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etməyə maneçilik törədir. Ona məxsus evdən təkbaşına qanunsuz olaraq istifadə edir. Cavabdeh mənzildə pasport qeydiyyatında olduğu üçün mənzili də sata bilmir. Halhazırda çıxılmaz vəziyyətdə qalaraq məhkəməyə müraciət edir. O, cavabdehə 3 illik orta kirayə haqqı hesablanmaqla 10000 manat məbləğində kompensasiya da təklif etmişdir. Lakin cavabdeh ona heç bir məhəl qoymur və onu evə də buraxmır. Bu da bir mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişi və AZEMİS vasitəsilə sms bildiriş göndərilməklə məhkəmə iclasına çağırılmış, lakin, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* №-li çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13 ünvanında yerləşən 31 saylı mənzil tam mülkiyyət hüququ üzrə X2 adına xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1496 nömrəli reyestr kitabının 136598 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 oktyabr 2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13 ünvanında yerləşən 31 saylı mənzilin aylıq kirayə haqqının məbləği 300 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13 ünvanında yerləşən 31 saylı mənzil tam mülkiyyət hüququ üzrə X3 məxsusdur. Cavabdeh iddiaçı X2 qardaşıdır. Məhkəmə qeyd edir ki, cavabdehin mənzildən istifadə hüququnun olduğu da işin mübahisəsiz halıdır və bu baxımdan hazırkı iddia tələbi üzrə aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olubolmadığının müəyyənləşdirilməsidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılmaları tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayət üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclərlə bağlı nəzərə alınmalıdır ki, “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş rəyə görə, mübahisəsi gedən mənzilin aylıq kirayə haqqı isə 300 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının təklif etdiyi kompensasiya ilə cavabdeh 3 (il) müddətə mənzil ilə təmin edilmiş olur. Digər tərəfdən nəzərə alınmalıdır ki, tərəflər arasında mövcud olan vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Həmçinin cavabdeh əmək qabiliyyətlidir, daimi iş yeri və əmək haqqısı vardır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği evin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilmədiyinə görə təklif olunan məbləğə ev almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdehin təxminən üç il müddət ərzində başqa yerdə mübahisəli yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, iddia təmin edilməli, X4 tərəfindən 10800 (on min səkkiz yüz) manat kompensasiya verilməklə, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13 ünvanında yerləşən 31 saylı mənzildən istifadə hüququna xitam verilməli, X1 müvafiq kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı X3 aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X4 tərəfindən 10800 (on min səkkiz yüz) manat kompensasiya verilməklə, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13 ünvanında yerləşən 31 saylı mənzildən istifadə hüququna xitam verilsin. X1 müvafiq kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı X3 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3469/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3469/2023
30.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver