Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3474/2024 16.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X14 Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kompensasiya ödənilməklə özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "kompensasiya ödənilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 34000 (otuz dörd min) manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-100 ünvanda cavabdehə məxsus özbaşına tikili boşaldılaraq sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "Kristal Bakı” Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 nömrəli sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin istifadəçilərinə müraciətlər edilmiş və həmin tikililər barədə məlumatlar əldə edilmişdir. Belə ki, əldə olunmuş məlumatlar əsasında məlum olmuşdur ki, Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililər qanunsuz tikililərdir, bəzi vətəndaşlar, eləcə də hazırki iddia üzrə cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahələridir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalara uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyri-yaşayış sahələri tikmişlər, həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Bununla bağlı olaraq, Sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və qanunsuz (özbaşına) tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçiləri olan digər vətəndaşlarla bərabər hazırki iddia üzrə cavabdehlə dəfələrlə danışıqlar aparılmış və onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərtilə sökülməsi üçün real təkliflər edilmişdir. Göstərilən sərəncamın icrası ilə bağlı, "xxxx" ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir, hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan faktlar və tikililərin real qiyməti və sahəsi barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzində uzun illər işləmiş və dərin bilik və təcrübəyə sahib olan, X1 ekspertlərinə müraciət edilmiş və bu barədə müvafiq ekspertiza rəyləri əldə edilmişdir. “X3” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli rəyə əsasən Cavabdeh tərəfindən M-100 ünvanında inşa olunmuş tikili qanunsuz (özbaşına) tikilidir, tikinti qaydalarına uyğun inşa olunmamışdır, qəzalı və yararsız vəziyyətdədir, tikilinin ümumi dəyəri - 34.000 manatdır. Ekspertiza rəyinin məzmunundan, inşa olunmuş qanunsuz tikilinin fotoşəkillərdən görünür ki, həmin tikili tam yararsız və tikinti qaydalarına uyğun inşa edilməmişdir, ümumilikdə istifadə üçün təhlükəli və bərbad vəziyyətdədir. Bununla belə "xxxx" ASC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və cavabdehin istifadəsində olan qanunsuz (özbaşına) tikilinin sökülməsi qarşılığında ona tikilinin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin özbaşına, qanunsuz tikili olmaqla qəzalı vəziyyətdə saxlanılması, ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş Sərəncamın icrasına mane olur. Göründüyü kimi, cavabdehin qanunsuz tikilisi maraqlı şəxs olaraq "xxxx" ASCnin hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə "xxxx" ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. ASC olaraq sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə kompensasiya ödənilməsi üçün real təkliflər olunmuş, lakin buna baxmayaraq o, həmin təklifdən imtina etmiş və nəticədə ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı “Kristal Bakı" ASC mənə qarşı müəyyən pul məbləği qarşılığında tikilinin boşaldılaraq sökülməsi tələbinə dair iddia irəli sürərək yaşadığı ünvanda yerləşən ona məxsus tikilinin 34000 manat pul ödənildikdən sonra boşaldılaraq sökülməsi tələbinə dair iddia İlə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı ona 34000 manat ödənilməklə, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimahqərb hissəsi) yerləşən ərazidə M-100 ünvanında ona məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin surəti ona çatmışdır və təqdim olunmuş tələbə qarşı etiraz edir. Belə ki, yaşadığı ev qeyd edilən ünvanda yerləşir və 3 otaqdan ibarət həyət evidir. Yaşayış evində 2006-cı ildən yaşamağa başlamışlar.Otaqların birində o və yoldaşı, 2-ci otaqda oğlu, 3-cü otaqda isə anası X6 və bacısının anadangəlmə xəstə qızı X4 qalırdı. Anası 2022-ci ildə vəfat etmiş və xəstə bacısı qızı indi də həmin otaqda yaşamaqla onunla qalır. 18 ildir ki, həmin evdə yaşayır. Evdə bütün kommunal xətlər, qaz, işıq, su, telefon, İnternet xətləri mövcuddur. Həmin kommunal xətlərdən İstifadə edib aylıq ödənişləri ödəyir. Yaşadığı ev yeganə yaşayış yeridir. Onun öhdəsində də xəstə bacısı qızı vardır ki, ona ailəsi nəzarət edir. İddiaçı bu Sərəncamın İcrası İlə əlaqədar ərazidə yaşayan əmlak istifadəçilərin, tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərti İlə sökülməsi üçün təkliflər edildiyini bildirir, O cümlədən də guya ona dəfələrlə təklif olunmuş və o razılaşmamışdır. İddiaçı belə bir tələb səsləndirsə də bu barədə har hansı sübut təqdim etmir. O hansısa rəsmi bir təklif olunduğunu və həmin təklifdən narazı olduğunu bildirən bir sübut məhkəməyə təqdim edilmir. O 18 İldir ki, bu yaşayış evinə sahiblik edir, ailəsi ilə birgə İstifadə edir. Yaşayış evi 3 otaqdan ibarət həyat evidir və kifayət qədər sahədə yerləşir. Otaqlardan birində o və həyat yoldaşı, birində oğlu və 3-cü otaqda İsə xəstə bacısı qızı qalır. Hesab edir ki, İddiaçı təşkilat qeyd edilən faktiki halları nəzərə alaraq təkliflər etməlidir, lakin, iddiaçı təşkilat heç bir təklif etməmiş, bu vəziyyət müzakirə olunmamışdır. Bu hal da hüquqlarına kölgə salır. Adıçəkilən Sərəncamda da qeyd olunur ki daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) İlə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimləməlidir. Yəni, iddiaçı təşkilat vicdanlı davranmalı, yaşayış evində yaşayan şəxslərin sayını, Ailədə olan şəxslərin sosial vəziyyətini, otaqların sayını nəzərə almaqla ədalətli razılaşma əldə etməyə çalışmalıdır. Təkliflərini də rəsmi surətdə bu nüanslara diqqət yetirməklə verilməlidir. Amma, iddiaçı təşkilat bu məsələlərə diqqət yetirməmişdir. Ev Bakı şəhərinin mərkəzində və səfalı yerində, bahalı torpaq sahələri və daşınmaz əmlaklar olan hissədə yerləşir, Eyni zamanda yaşayış evi 3 otaqdan ibarət həyət evidir. Bu yaşayış evinin dəyərini daha da artırır. İddiaçı təşkilatın səsləndirdiyi tələb isə hansısa uçuq kənddə yerləşən bir yaşayış evinə verilmiş kompensasiya kimi səslənir. Bu İsə tamamilə haqsızlıqdır. Yaşayış evinin Bakı şəhərinin mərkəzində yerləşməsi də nəzərə alınmalıdır. Konstitusiyada da qeyd edilir kl, mülkiyyətin özgəninkiləşdirilməsi yalnız qabaqcadan onun dəyərini ƏDALƏTLİ ödəmək şərti ilə yol verilə bilər. Bu səbəblərdən də hesab edir ki, iddiaçının tələbi ədalətsiz və əsassızdır, ona görə də iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək bildirmişdir ki, başqa yaşayış yeri yoxdur, həmçinin himayəsində azyaşlı uşaq vardır, odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli “yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi” haqqında sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "Kristal Bakı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "Kristal Bakı” Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadə verilməsi qərara alınmışdır. İş materiallarında olan "X5” MMC-nin 29 may 2024-cü il tarixli, 80 saylı qiymətləndirmə rəyindən görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun "Yaşayış Kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” 340 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə, "Kristal Bakı” ASC-yə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsində) yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən M-100 ünvanında inşa olunmuş tikilinin real bazar qiyməti ilə təqribi dəyəri 34000 manat məbləğində müəyyən edilir. İş materiallarında olan mənzil sahibi Cavabdeh, nümayəndələr X8, X2 və 22 saylı MKİS-nin mühəndisi X7 tərəfindən tərtib edilmiş 188 nömrəli aktdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən torpaq sahəsində olan Cavabdeh məxsus M-100 nömrəli özbaşına tikilinin ümumi sahəsi 89,62 kv.m təşkil edir. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 saylı sərəncamı əsasında Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "Kristal Bakı” ASC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "Kristal Bakı” ASC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. İddia tələbinə əsasən cavabdehin istifadəsində olan özbaşına tikili ev Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Cavabdehin istifadəsində olan özbaşına tikili evin yaxınlığındakı özbaşına tikililərin sökülməsi barəsində digər şəxslərin iddiaçı ilə razılığa gəlmələrinə baxmayaraq, cavabdeh müvafiq tikinti norma və qaydalarına, tikinti texnologiyasına uyğun tikilməmiş, şəhərin görkəminə xələl gətirən özbaşına tikililərin sökülməsi qarşılığında tamamilə əsassız və qeyri-real mənzillər tələb etməsi və razılıq əldə edilmədiyi təqdirdə isə binanın tikintisinə maneə yaratmaqla hüquqdan sui-istifadə etməklə, müvafiq sərəncamın icrasının həyata keçirilməsinə mane olur. Müəyyən edilmişdir ki, sökülməsi tələb edilən Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M- 100 ünvanında Cavabdeh istifadəsində olan 89,62 kv.m tikili vardır. Ümumilikdə, tədqiq olunan ev köhnə tikili olub və müvafiq tikinti norma və qaydalarına, tikinti texnologiyasına uyğun tikilməmişdir. Mövcud texniki göstəricilərə görə, tədqiq olunan yaşayış evi üçün nəzərdə tutulmuş müvafiq tələblərə cavab vermir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli sərəncamı təşkil edir və Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerləşən mövcud özbaşına tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də həmin sərəncamın 1.1-ci bəndinə uyğun həyata keçirilir. Qeyd edilən sərəncamın icrasının həyata keçirilməsinə cavabdeh tərəfindən əsassız maneələr yaradıldığından, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququəldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının vəya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə hesab edir ki, tikinti norma və qaydalarının tələblərinə cavab verməyən cavabdehə məxsus olan özbaşına tikili insanların həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdehlərin iddiaçının təklifini qəbul edərək, özbaşına tikilini boşaltmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan özbaşına tikilini boşaltması, ilk növbədə onlar üçün həyati vacib məsələdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Lakin mübahisənin sülh yolu ilə həll edilməsi mümkün olmamışdır. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən iddiaçı tərəfindən cavabdeh tərəfin özbaşına tikili üzərində hüququ tanınaraq iddiaçı tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir. İddiaçının belə bir niyyəti də yoxdur, əksinə cavabdehə istifadəsində olan özbaşına tikilinin sökülməsinin əvəzinə ədalətli təkliflər edilir. Bu isə cavabdehin istifadəsində olan özbaşına tikilidən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanırazılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasınınəsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondunya şayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehin yaşayış üçün yararlı olmayan özbaşına tikilidən kompensasiya verilməklə çıxarılması, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəli evin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün "Kristal Bakı” ASC-yə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə "Kristal Bakı” ASC arasında bağlanmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini "Kristal Bakı” ASC öz üzərinə götürdüyündən, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehin bütün hüquqları qorunduğundan iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, iddiaçı "Kristal Bakı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 34000 (otuz dörd min) manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-100 ünvanda cavabdehə məxsus özbaşına tikili boşaldılmalı və sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 34000 (otuz dörd min) manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-100 ünvanda cavabdehə məxsus özbaşına tikili boşaldılaraq sökülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3474/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3474/2024
16.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver