Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-348/2022 06.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların yaşayış yerinin müəyyən olunması, aliment və əmlak bölgüsü tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 Cavabdeh qarşı “nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması, aliment və əmlak bölgüsü tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş 21.12.2009-cu il təvəllüdlü X2, 15.01.2011-ci il təvəllüdlü X4, 02.10.2013-cü il təvəllüdlü X5 və 01.01.2019-cu il təvəllüdlü X6 onun himayəsinə verilməsi, cavabdehdən uşaqların saxlanılması ücün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutulması və Abşeron rayonu, Hökməli kəndi, Koroğlu küçəsində yerləşən 100 kv.m. sahəsi olan fərdi yaşayış evinə 1/2 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə qeyri-qanuni şəkildə ümumi təsərrüfat aparmaqla və birgə yaşamaqla ailə həyatı yaşamış, qanuni nikahlarından 21.12.2009-cu il təvəllüdlü X10, 15.01.2011-ci il təvəllüdlü X12, 02.10.2013-cü il təvəllüdlü Tağıyeva Cəmilə övşən qızı və 01.01.2019-cu il təvəllüdlü X11 anadan olmuşdur. Cavabdehlə birlikdə Abşeron rayonu, Hökməli kəndi, Koroğlu küçəsində yerləşən 100 kv m. ərazisi olan fərdi yaşayış evini tikmiş və hazırda həmin evdə yaşayırlar və ailədə olduğu vaxt ərzində həmin evdə yaşamışdır. Bu baxımdan həmin əmlaka tikintisi birgə təsərrüfat dövründə olduğu üçün 1/2 hissəsinə payının müəyyən edilməli olduğunu düşünür. Cavabdehlə aralarında baş vermiş mübahisələrlə bağlı barışmaq, gələcək birgə ailə həyatı və ailənin qorunub saxlanması mümkün deyil. Cavabdehdən ayrıldığı müddətdən uşaqları onunla yaşayır və himayəsindədir. Cavabdeh övladlarının maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. Özünün qazancı ilə uşaqların maddi təminatını ödəmək isə olduqca çətindir. Uşaqların yaşı və ona bağlılığı onunla birlikdə yaşamasına hüquqi əsas verir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçı heç bir səbəb olmadan iki qızını da özü ilə götürərək evdən çıxıb getmiş, digər övladlarına da bunu təklif etsə də, onlar anaları ilə razılaşmayaraq onunla qalmışlar, arvadı 7 ay öz atasının evində yaşadıqdan sonra hazırda övladları ilə birgə evli olan bacısı Məryəmin yanında qalır. Bənna olmaqla Bakı şəhərində müxtəlif tikinti obyeklərində fəhləlik edir, qızları Məlahət və Cəmilə onun yanındadırlar, işdə olduğu vaxtlarda onlara qonşuluqda yaşayan bacısı, yaxud anası gəlib baxır. İddiaçının maddi durumunun və yaşayış şəraitinin uşaqların onun yanında saxlanılmasına imkan vermədiyini vurğulayaraq övladlarının öz himayəsinə verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbinə müvafiq olaraq 21.12.2009-cu il təvəllüdlü X10, 15.01.2011-ci il təvəllüdlü X12 və 02.10.2013-cü il təvəllüdlü X5 fikirləri öyrənilərkən Məlahət və Cəmilə analarının onları atıb getməsi səbəbindən ataları ilə qalmaq istədiklərini, Zeynəb isə valideynlərinin hər ikisini çox sevdiyini, lakin anasının yanında saxlanılmasını istədiyini bildirmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını, 21.12.2009-cu il təvəllüdlü X10, 15.01.2011-ci il təvəllüdlü X12 və 02.10.2013-cü il təvəllüdlü X5 fikirlərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş atalığın müəyyən edilməsi edilməsi haqqında şəhadətnamələrdən görünür ki, Tağıyev X7 Aytən Rasim qızından doğulmuş 21.12.2009cu il təvəllüdlü X2, 15.01.2011-ci il təvəllüdlü X4, 02.10.2013-cü il təvəllüdlü X5 və 01.01.2019-cu il təvəllüdlü X6 atası hesab edilmişdir. Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 05.03.2022-ci il tarixli, 87/d saylı rəydən görünür ki, Komissiya təqdim olunan iş materiallarını, uşaqların psixoloji durumunu, mənafelərini, fikirlərini, qüvvədə olan qanunvericiliyi nəzərə alaraq 15.01.2011-ci il təvəllüdlü X4 və 01.01.2019-cu il təvəllüdlü X3 anaları İddiaçı, 21.12.2009-cu il təvəllüdlü X2 və 02.10.2013-cü il təvəllüdlü X5 isə ataları Cavabdeh himayəsinə verilməsini məqsədəuyğun hesab etmişdir. X1 tərəfindən tərtib olunmuş 25.09.2021-ci il tarixli 003799 saylı ilkin mediasiya sessiyasinda iştirak edilməməsi barədə arayış iddia ərizəsinə əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 63.1-ci maddəsinə görə valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 20.11.1959-cu il tarixli, 186 (XİV) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipində qeyd edilir ki, uşaq, şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər bir halda, məhəbbət və mənəvi- maddi təminat mühitində böyüməlidir, azyaşlı uşaq, müstəsna şərait mövcüd olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin faktiki nikahlarından 21.12.2009-cu il təvəllüdlü X10, 15.01.2011-ci il təvəllüdlü X12, 02.10.2013cü il təvəllüdlü Tağıyeva Cəmilə övşən qızı və 01.01.2019-cu il təvəllüdlü X11 anadan olmuşdur. İddiaçı hazırki tələbini uşaqların onun yanında yaşamaqla ona bağlı olmaları, cavabdehin bugünkü günədək övladlarının təhsili, tərbiyəsi, məşğuliyyəti, həyat tərzi ilə maraqlanmaması ilə əsaslandırmışdır. Məhkəmə tərəfindən hazırki mübahisənin həlli üçün azyaşlı uşaqların hansı valideynin himayəsində qalmasının məqsədəuyğun olduğunu müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanın rəyi alınmışdır. Nəticədə rəyə əsasən iddia ərizəsinin qismən təmin olunmasının məqsədəuyğun hesab edildiyi müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsi ilə maraqlarına toxunan istənilən məsələnin həlli zamanı 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınması, məhkəmə və ya qəyyumluq və himayə orqanının yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilməsi imperativ qaydada müəyyən edilmiş, 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilməsi göstərilmişdir. Belə olduğu halda, məhkəmə azyaşlı uşaqların mənafelərini, eyni zamanda, 10 və 7 yaşına çatmış uşaqların fikirlərini nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 15.01.2011-ci il təvəllüdlü X12 və 01.01.2019-cu il təvəllüdlü X11 anaları İddiaçı, 21.12.2009-cu il təvəllüdlü X10 və 02.10.2013-cü il təvəllüdlü X14 isə ataları Cavabdeh yanında qalmalıdır. Tərəflərin hər birinin himayəsində 2 uşaq yanında qaldığına, qanunvericiliyin tələblərinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıdığına görə iddia tələbi alimentin tutulması hissəsində təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi Abşeron rayonu, Hökməli kəndi, Koroğlu küçəsində yerləşən 100 kv.m. sahəsi olan fərdi yaşayış evinə 1/2 hissədə payının müəyyən edilməsi hissəsində təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Sadalana normaların tələbinə əsasən tərəflər nikaha daxil olmadıqlarından onların hər hansı bir ümumi mülkiyyətinin olmasının heç bir qanuni əsası mövcud deyil. Digər tərəfdən, iddiaçı cavabdehlə birgə yaşadıqları dövrdə Abşeron rayonu, Hökməli kəndi, Koroğlu küçəsində yerləşən 100 kv.m. sahəsi olan fərdi yaşayış evini inşa etdiklərini gəstərsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 15.01.2011-ci il təvəllüdlü X12 və 01.01.2019-cu il təvəllüdlü X11 anaları İddiaçı, 21.12.2009-cu il təvəllüdlü X10 və 02.10.2013-cü il təvəllüdlü X14 ataları Cavabdeh yanında saxlanılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun aldığı (təqdim edildiyi) andan 1 (bir) ay müddətinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-348/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-348/2022
06.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver