Məhkəmə qərarları › İş №2(004)-3485/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3485/2021

08.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3485/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdeh "Cavabdeh" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi və yenidən hesablama aparılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı iddia ərizəsi ilə 03.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona qanunsuz olaraq 12.03.2021-ci il tarixə hesablanmış 543,48 (beş yüz qırx üç manat qırx səkkiz qəpik) manat borcun silinməsi və sudan istifadəyə görə ödədiyi məbləğlər nəzərə alınaraq yenidən hesablanması ilə artıq ödənilmiş məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, 1998-ci ildən etibarən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, N.Həşimli küçəsi ev 31, 31 saylı mənzildə yaşayır. 1-ci qrup əlil olaraq 2002-ci ilə qədər əlillər üçün kommunal xidmətlərə görə güzəştlərdən yararlanmışdır. 2002-ci ildən isə suya dair borcunu vaxtında ödəmiş, lakin bu cavabdeh tərəfindən nəzərə alınmamışdır. 12.03.2021-ci il tarixdə ona 543,48 manat borc hesablanmışdır. Ona hər ay 15-20 manat sudan istifadəyə görə borc yazılmışdır. Lakin o, həmin ünvanda qızı ilə birlikdə yaşayır və bu qədər borcun hesablanması həddindən artıq şişirdilmiş məbləğdir. Ona verilən qəbzlərdə sərfiyyat göstərilmədən borc məbləği yazılmış və o, bu məbləğin hansı sərfiyyat üçün hesablandığını soruşduqda isə ona ətraflı məlumat verilməmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "Cavabdeh" ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, iddiaçı tərəfindən 2018-ci ilin iyul ayından etibarən heç bir ödəniş olunmamışdır. Borc sayğacın göstəricilərinə uyğun hesablanmış, 2018-ci ilə qədər 165 manat, 402 manat isə 2018-ci ildən bu günədək olan borc olmaqla ümumilikdə 567,48 manat borc müəyyən edilmişdir. 3 il ərzində sudan istifadə edilmiş və ödəniş olunmamışdır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ASC-nin abonent kodu **********310 olan İddiaçı məxsus olan Binəqədi rayonu, Natiq Həşimi küçəsi, ev 31, 31 saylı mənzildə 12259423 nömrəli müqavilə üzrə sudan istifadə haqqında abonent kartından müəyyən olunur ki, MİNOL-15 tipli sayğac 01.05.2007-ci il tarixdə quraşdırılmış, İddiaçı 2015-ci il üzrə sudan istifadəyə görə yaranmış borca 26 manat ödəniş etmiş və 73,72 manat borcu qalmış, 2016-cı il üzrə yaranmış borca 129 manat ödəniş etmiş və 19,81 manat borcu qalmış, 2017-ci il üzrə yaranmış borca 119 manat ödəniş etmiş və 5 manat borcu qalmış, 2018-ci il üzrə yaranmış borca 64 manat ödəniş etmiş və 56,5 manat borcu qalmış, 2019cu il üzrə yaranmış borca ödəniş etməmiş, 149,5 manat borcu qalmış, 2020-c il üzrə yaranmış borca ödəniş etməmiş, 142,5 manat borcu qalmış, 2021-ci il üzrə yaranmış borca ödəniş etməmiş, 53,93 manat borcu qalmışdır. İstehlakçı borca sonuncu dəfə 31.07.2018-ci il tarixdə 10 manat məbləğində ödəniş etmişdir. Hazırda iddiaçı Cavabdeh ASC tərəfindən hesablanmış borcun silinməsini və artıq ödənilmiş məbləğin geri qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı sudan istifadə və çirkab sularının axıdılmasına görə yaranmış borcuna 2015- 2018-ci illərdə qismən ödəniş etmiş, 31.07.2018-ci il tarixdən isə ümumiyyətlə ödəniş etməmişdir. Cavabdeh ASC tərəfindən hesablanmış borc yalnız sayğac göstəricilərinə uyğun olaraq hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. AR Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı ona qanunsuz olaraq 12.03.2021-ci il tarixə hesablanmış 543,48 (beş yüz qırx üç manat qırx səkkiz qəpik) manat borcun silinməsi və sudan istifadəyə görə ödədiyi məbləğlər nəzərə alınaraq yenidən hesablanması ilə artıq ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı ona qanunsuz olaraq 12.03.2021-ci il tarixə hesablanmış 543,48 (beş yüz qırx üç manat qırx səkkiz qəpik) manat borcun silinməsi və sudan istifadəyə görə ödədiyi məbləğlər nəzərə alınaraq yenidən hesablanması ilə artıq ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar