Məhkəmə qərarları › İş №2(004)-3490/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3490/2021

07.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3490/2021 07.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik şəhadətnaməsinin və bağışlanma müqaviləsinin etibarsız hesab olunması, çıxarışların ləğv edilməsi, miras əmlakın əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasmda baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik şəhadətnaməsinin və bağışlanma müqaviləsinin etibarsız hesab olunması, çıxarışların ləğv edilməsi, miras əmlakın əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 saylı Notariat Kontorunda 22.05.2014-cü il tarixində 2V-1-104 reyestr nömrəsi ilə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin tarixli miras əmlakı bağışlama müqaviləsinin etibarsız hesab olunması, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, 5 saylı Notariat Kontorunda bağlanmış 2014-cü il tarixli 4Ə-01-149 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və bunun əsasında Cavabdeh2 adına verilmiş çıxarışın, 08.07.2014- cü il tarixli Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın əvvəlki vəziyyətinə, yəni X7 adına qaytarılması, miras əmlakın qanuni vərəsələr arasında bərabər bölünməsi, payının müəyyən edilməsi və ona vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu, Novaxanı qəsəbəsində yerləşən 1033 nömrəli bağ sahəsi (0,21 ha} atası X9 ilə keçmiş X4 və İstismarı birliyi ilə bağlanmış 08.09.1992-ci il tarixli 8495 nömrəli icarə müqaviləsinə əsasən atasına verilmişdir. Atası X9 ilə anası Bədəlova Turan 1948-ci il tarixində nikah qeydiyyatından keçib ailə qurmuş, birgə nikahlarından 6 uşaqları olmuşdur. Anası 1992-ci ildə, atası isə 2001-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 27.07.2011-ci il tarixində tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında Binəqədi rayonu, Novxanı kəndi, 1033 saylı bağ sahəsi (0,21 ha} 08.05.2014-cü il tarixində atası X7 adına DƏDRX-də xüsusi mülkiyət kimi qeydiyyatdan keçmişdir. xx.xx.1957-ci il tarixində anadan olmuşdur, ata-anasının qanuni vərəsəsidir, lakin vərəsələrin dairəsi müəyyən edilən zaman adı gizlədilmiş, vərəsələrin siyahısına daxil edilməmişdir. Qardaşı Cavabdeh1 vərəsələrin dairəsi müəyyən edilərkən adını gizlətməklə özünün miras əmlakda payını artırmışdır. Belə ki, Bakı şəhəri, 5 saylı Notariat kontorunda 22.05.2014-cü il tarixində 2V-1-104 reyestr nömrəsi ilə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin tarixli miras əmlakın bağışlanma müqaviləsi əsasında sözügedən bağ sahəsi 10.06.2014-cü il tarixində qardaşı Cavabdeh1 adına qeydiyyata alınmışdır. Daha sonra 5 saylı Notariat Kontorunda bağlanmış 2014-cü il tarixli 4Ə-01-149 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən bağ sahəsinin 0,035 ha hissəsi Cavabdeh2, yerdə qalan 0,175 ha hissəsi isə 08.07.2014-cü il tarixində Cavabdeh1 adlarına DƏDRX-də qeydiyyata alınmış və hazırda mülkiyyətlərindədir. Qardaşı Cavabdeh1 qanunvericiliyin tələblərini pozmuş, vərəsə kimi onun adını gizlətmiş, vərəsəlikdə payını artırmış və həmin mirasın bir hissəsini bağışlamışdır. Daha sonra İddiaçı iddi tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, vəkilin sorğusuna DƏDRX-dən verilən cavabdan ona məlum olmuşdur ki, 2014-cü il tarixində qardaşı tərəfindən aldadılmış, o, ata mülkünü bölməyək deyərək, əslində əmlakla bağlı notariusa müraciət etmiş, onun vərəsə olması barədə məlumat verməmiş, miras əmlakı öz adına rəsmiləşdirmiş və onun üzərində istədiyi kimi sərəncam vermişdir. Bu səbəbdən də tərəfindən miras əmlakın qəbulu ilə bağlı buraxılmış müddətin üzürlü hesab edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən mirasın qəbulu müddətinin uzadılması, vərəsəlik şəhadətnaməsinin, bağışlanma müqaviləsinin etibarsız hesab dilməsi, əmlakın ilkin vəziyyətə gətirilməsi, qanuni vərəsə kimi vərəsəlikdə payının müəyyən edilməsi və ona vərəsəlik şəhadətnaməsinin verilməsinin notariusa həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olinması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X5 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Mübahisəli bağı Cavabdeh1 idarə etmişdir. Faktiki olaraq atasının sağlığında və öləndə də, sonra mirası faktiki o idarə etmişdir. İddiaçının dediklərini heç kim təsdiq etmir. İddiaçının vəkilinin dedikləri də əsassızdır. Belə ki, qanunvericliyə əsasən miras əmlakın bir hissəsindən imtina edilməsi, bütün mirasdan imtina edilməsi deməkdir. İddiaçı da, mirasın bir hissəsindən imtina etdiyi üçün bütün mirasdan imtina etmiş sayılır. Həmçinin bildirir ki, iddiaçının belə bir iddia qaldırmasına əsas, onun pandemiya dövründə bağ evinə buraxılmaması olmuşdur. Belə ki, iddiaçı arada bir sözü gedən evə gəlmiş, orada bir neçə gün qalmış və sonuncu dəfə xəstə olaraq gəldiyi üçün o, həmin evə buraxılmamışdır. Bundan sonra iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı iddiaçı iddia müddətini buraxmışdır. Bərpası üçün heç bir üzrlü səbəb yoxdur. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəm iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 Siradcəddin oğlu məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə öncədən məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh2 Siradcəddin oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 Siradcəddin oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbi tamamilə əsasızdır. X26 2001-ci ildə vəfat edibdir. Onun rəhmətə getməsi hamıya məlum idi. X27 məxsus olmuş, o, bağı idarə etmiş, təmir etmiş, kommunal xidmət haqlarını ödəmiş, onları da həmin bağda qonaq etmişdir. 2001-ci ildə babası rəhmətə gedəndə yas mərasimi keçirilmiş, vərəsəlik işi açılmış, üzərindən 5 ay keçmişdir. Həmin müddət ərzində vərəsələrdən heç kim notariat kontora müraciət etməmişdir. Vərəsəlik işi ilə bağlı müddətlər mövcuddur. İddiaçının hər şeydən nəlumatlı olubdur. Təxminən 2012, ya da 2013-cü ildə dayısı oğlu avto qəza törətmişdir. Dayısı ona kömək etməyi, əvəzində bağın bir hissəsini ona bağışlamağı təklif etmişdir. Torpağın bağışlanmasına razı olmasa da, dayısına kömək etmişdir. Lakin həmin dövrdə dayısının torpağın bir hissəsini ona bağışladığı hamıya məlum olmuşdur. Həmin torpaqda heç bir tikinti işi görməmişdir. Dayısına demişdi ki, “mənim pulumu qaytar, torpağı qaytarım.” Dayısı isə razı olmurdu. Həmin bağda dayısı və ailəsi yaşayırdı. Evin çıxarışı yox idi. Evin sənədləşməsinə köməklik etmişdir. Bütün ailə üzvləri notariusa gələrək paylarından imtina etmişlər. Bu hadisə 2013-cü ildə baş vermişdir. Proses təxminən 1 il çəkmişdir. Cəvahir xanım da notariat kontoruna dəvət edilmiş və o, notariusa gələrək öz payından imtina etmişdir. İddiaçı özü müəllimədir, qızı universitet bitiribdir. Onun baş verənlərdən məlumatsız olması mümkün deyildir. Məsələnin əsli başqadır. Pandemiya vaxtı Cəvahir xanım qızı ilə bağa getmiş, onun qızı Covid olduğu üçün onları bağa buraxmamışlar, dayısının həyat yoldaşı şəkər xəstəsi olduğu üçün onları bağa buraxmağa ehtiyat etmişlər. Bu zaman bağda dava-dalaş düşmüş, polis çağıracağını bildirmişlər. Babası öldükdən sonra iddiaçı 6 ay ərzində notariusa müraciət etməmiş, miras əmlakı qəbul etməmiş, ara-sıra həmin bağa gələrək istirahət etmişdir. İddia müddəti buraxılmış, bərpası üçün heç bir üzrlü səbəb yoxdur. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmənin 04.05.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27.05.2021-ci il tarixli, **********09 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 1033 nömrəli bağ sahəsinə (0.21 hektar) dair keçmiş X4 və İstismarı Birliyi ilə bağlanılmış 08.09.1992-ci il tarixli 8495 nömrəli icarə müqaviləsi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 27.07.2011 -ci il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi və vərəsələr dairəsinin müəyyən edilməsi barədə notariat kontorundan təqdim edilmiş 923 nömrəli, 09.03.2013-cü il tarixli məktubu əsasında Binəqədi rayonu, Novxanı kəndi, 1033 saylı bağ sahəsi (0.21 hektar) 08.05.2014-cü il tarixdə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, 5 saylı notariat kontorunda 22.05.2014-cü il tarixdə 2V-1-104 reyestr nömrəsi ilə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin tarixli miras əmlakın bağışlanma müqaviləsi əsasında sözügedən bağ sahəsi 10.06.2014-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Daha sonra 5 saylı notariat kontorunda bağlanılmış 19.06.2014-cü il tarixli, 4Ə-01- 149 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında 1033 saylı bağ sahəsinin 0.175 hektar hissə 08.07.2014-cü il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Həmin bağışlanma müqaviləsi əsasında sözügedən bağ sahəsinin yerdə qalan 0.035 hektar hissəsi və 1034K saylı bağ sahəsi (0.065 hektar) 4Ə-61 reyestr nömrəli, 19.05.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 0.10 hektar torpaq sahəsindən ibarət olan 1034K saylı bağ sahəsi kimi 23.02.2021-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Bakı şəhəri 5 saylı DNK-da təsdiq olunaraq reyestrdə 2V-1-119 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında işdə olan: 09.03.2013-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 DNK-ya müraciət edərək vəfat etmiş atası X6 miras qalmış yaşayış evinə və torpaq sahəsinə dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən tərtib olunmuş ərizənin surətindən görünür ki, o, atası X6 miras qalmış Mirzə Fətəli, dalan 7, ev 8-dəki mənzildən ona düşən payı qəbul etmədiyini, etmək niyyətində olmadığını, gələcəkdə də, bu haqda heç bir iddiasının və tələbinin olmayacağını göstərmiş və inzası ilə təsdiqləmişdir. 29.05.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 25.09.2001-ci ildə vəfat etmiş X7 vərəsələri, oğlu Cavabdeh1 1/4 hissədə, nəvələri- X10 və X11 ikisi birlikdə 1/2 hissədə miras əmlakdan pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evindən miras qoyana məxsus olan 1/2 hissə paydan ibarətdir. 22.04.2021-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X10 və X11 babaları Cavabdeh1 miras qalmış əmlakdan onlara çatan paylarını əmiləri Cavabdeh1 bağışlamışdırlar. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1257-ci maddəsinin tələblərinə görə hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Məcəllənin 1268.1-ci maddəsinin tələbinə görə vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.” Həmin Qərarda daha sonra qeyd olunur ki, “Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.... Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 1033 nömrəli bağ sahəsinin 25.09.2001-ci ildə vəfat etmiş X6 miras qalması, miras əmlaka dair Cavabdeh1 adına 29.05.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən İddiaçı tərəfindən ərizə ilə notariat orqanına müraciət edilərək, ona çatan paydan imtina etməsi, eyni zamanda mübahisələndirilən bağışlanma müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanması və müvafiq hüquqi nəticələr yaratması təsdiq edilmişdir. Həmçinin, iddiaçının mirasın qəbul edilməsi üçün müddətin üzrlü səbəbdən buraxılması və bərpa edilməsi barədə ərizəsi heç bir mötəbər sübutla əsaslandırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, əsassız olduğuna görə, eyni zamanda, mirasın qəbulu müddətinin ötürülməsinə dair heç bir üzrlü səbəb təqdim olunmadığından, iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məkhəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik şəhadətnaməsinin və bağışlanma müqaviləsinin etibarsız hesab olunması, çıxarışların ləğv edilməsi, miras əmlakın əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair” iddiası təmin edilməsin. Məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar