Məhkəmə qərarları › İş №2(004)-3502/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3502/2021

02.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3502/2021 02.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlisoy Züleyxa Səlim qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı “əmrin ləğvi, dəymiş maddi ziyanın ödənilməsi və işə bərpa tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı “əmrin ləğvi, dəymiş maddi ziyanın ödənilməsi və işə bərpa tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 20.11.2020-ci il tarixli, **********8 saylı əmrinin ləğv edilməsi, dəymiş maddi ziyanın ödənilməsi və təqaüd yaşına çatana qədər müvafiq işlə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 30.11.2007-ci ildən Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsində çalışır. İşlədiyi müddətdə DSMF-nin Qobustan rayon şöbəsində məsləhətçi vəzifəsində işləmişdir. 2014-cü ildə Dövlət İmtahan Komissiyasının müsabiqəsindən keçərək, həmin vəzifədə daimi işləmək hüququ əldə etmişdir. 29.07.2020-ci il tarixdən tutduğu vəzifədən azad olunması barədə ərizəsi alınmış, müqaviləsinə xitam veilmişdir. Bununla da, dövlət qulluğu stajı yarımçıq qalmış və bütün imtiyazlardan məhrum olmuşdur. Təqaüdə çıxmasına bir neçə ay qalıb. Onunla 14.08.2020-ci il tarixdən 14.11.2020-ci il tarixinədək 3 aylıq əmək müqaviləsi bağlanmışdır. Müqavilənin müddətinin başa çatmasına bir gün qalmış yeni müqavilə bağlanacağı bildirilsə də, bir həftə sonra işdən azad olunması barədə əmr elektron poçtuna göndərilmişdir. Pandemiya dövründə, təqaüd yaşına çatma ərəfəsində cənab Prezidentin işəgötürənlərə müraciətinə məhəl qoymayaraqonu bütün sosial müdafiə tədbirlərindən məhrum etmişdirlər. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin nümayəndəsi X3 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 30 dekabr tarixli 9A2 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsi yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməsi təsdiq edilmişdir. Nizamnamənin 1.1 -ci bəndində qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 4.11.11-ci bəndinə əsasən, X4 sədri bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, müddətli əmək müqaviləsinə həmin müqavilədə nəzərdə tutulmuş müddət qurtardıqda xitam verilir. Müddət qurtardıqdan sonra müqavilə 2 şərt mövcud olduqda uzadılmış hesab olunur: 1.Müddət qurtardıqdan sonra işçi və işəgötürən arasında əmək münasibətləri davam etdirilməli; 2. Müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinə xitam verilməsini tələb etməməlidir. Hər 2 şərt eyni vaxtda mövcud olmalıdır. Müddət bitdikdə tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsini tələb etməlidir. Lakin qanunverici maddədə konkret olaraq tərəflərin müqaviləyə xitam verilməsi tələbini, yəni öz iradəsini hansı formada ifadə etməsini göstərməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 sədrinin 20.11.2020-ci il tarixi **********8 nömrəli əmrinə uyöun olaraq, İddiaçı onunla bağlanmış 14.08.2020-ci il tarixli müddətli əmək müqaviləsinə 20.11.2020-ci il tarixdə xitam verildiyi üçün tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi, əmək müqaviləsində göstərilən müddət qurtardıqda işəgötürən əmək münasibətlərinin davam etdirilməsini deyil, xitam verilməsini tələb etmiş və buna dair işəgötürən tərəfindən 20.11.2020-ci il tarixli əmr verilmişdir.Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etiraza uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarınıını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 30 dekabr tarixli 9A2 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsi yaradılmışdır. Fondun Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 4.11.11-ci bəndinə əsasən, X4 sədri bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. 14.08.2020-ci il tarixli, xxxxxxx000300 saylı əmək müqaviəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 sədri ilə İddiaçı 14.08.2020-ci il tarixdən 14.11.2020-ci il tarixinədək 3 aylıq müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı Fondun Qobustan rayon filialına ştatdankənar işçi vəzifəsinə qəbul edimişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 sədrinin **********3 saylı, 20.11.2020-ci il tarixli əmri ilə Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrində çalışan bir sıra işçilərin, o cümlədən, hazırki iş üzrə İddiaçı əmək müqaviləsinə müddətli əmək müqaviləsinin müddəti qurtardığına görə xitam verilmişdir. Hazırda iddiaçı qeyd edilən əmri mübahisənləndirərək ləğv edilməsi, dəymiş maddi ziyanın ödənilməsi və işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmişdir Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Həmin Məcəllənin 11-ci maddəsinin 2-ci bəndinə əsasən, işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razıllığına əsasən istənilən müddət, müddətli formada bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin b yarımbəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə görə isə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, hazırda iddiaçı müvafiq əmrin qanunsuzluğuna istinad edib onun ləğv edilməsini iddia etsə də, məhkəmə qeyd edir ki, iddiaçı hüquqlarının pozulduğunu sübut edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı “işə bərpa tələbinə dair” iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar