Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6332/2025 08.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş (Açar sözlər: «əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, ştatların ixtisarı») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3925/2025 saylı, 30 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: İddiaçı xx.xx.1989-cu il tarixdə işə götürülmüşdür.
2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh xx.xx.2025-ci il tarixli, 156/ş/175 saylı əmri ilə Şəbəkə infrastrukturunun istismarı şöbəsinin Texniki Dəstək sektorunun mütəxəssisi vəzifəsində işləyən İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisar edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış xx.xx.1989-cu il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir.
3. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli, 402/Ş/AZT saylı ştat vahidlərinin ləğv edilməsi haqqında əmrindən göstərilib ki, Cəmiyyətin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin 04 oktyabr 2024-cü il tarxli 327/3-2-69/2024 nömrəli Cavabdeh baş ofisinin strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə əmri ilə təsdiq edilmiş ştat cədvəlində nəzərdə tutulmayan ştat vahidləri ləğv edilmişdir.
4. İşçi İddiaçı ilə Cavabdeh baş direktor vəzifəsini müvəqqəti icra edən X1 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, tərəflərin hüquq və vəzifələri, eyni zamanda əmək şəraitinin şərtləri müqavilədə nəzərdə tutulmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh MMC-ə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 156/Ş/AZT saylı, xx.xx.2025-ci il tarixli əmrin qanunsuz hesab edilməsi, işə bərpa edilməsi, məcburi buraxılmış əmək günlərinin qətnamə qəbil edilən müddətədək kompensasiya edilməsi və mənəvi ziyana görə 20.000 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
6. İddiada göstərilir ki, 1988-ci il tarixdən işdən azad olunduğu tarixədək rabitə sahəsində, Cavabdeh İstehsalat Birliyində çalışmışdır. İddiaçı 40 ilə yaxındır ki, fasiləsiz rabitə sahəsində İşləyib. İşlədiyi bütün müddət ərzində barəsində heç bir intizam xarakterli tədbir tətbiq edilməmiş, əksinə çoxsaylı fəxri fərmanlar, təltiflər və pul mükafatları ilə mükafatlandırılmış, barəsində nəinki Azərbaycanda hətta Türkiyə Cümhuriyyətinin müxtəlif dairələrində məqalələr çap olunmuşdur. İddiaçı ixtisasca rabitəçi olmaqla Politexnik İnstitutunun (indiki Texniki Unversitet) elektrik rabitəsi fakültəsini bitirmişdir. Bundan başqa, iddiaçı həm 20 yanvar hadisələri vaxtı, həm də 2016-cı ilin aprel və nəhayət 44 günlük Qarabağ savaşında ön cəbhədə olmuş, fasiləsiz rabitənin təmin edilməsini təşkil etmişdir. İddiaçı işdən çıxma barəsindəki əmrin surətini uzun təkidlərdən sonra xx.xx.2025-ci il tarixdə rəsmi olaraq əldə etmişdir. İddiaçı bu tarixədək iş yerinə mütəmadi olaraq gəlsə də, onu iş yerinə buraxmamışlar, iddiaçı bu barədə müxtəlif dövlət orqanlarına rəsmi müraciətlər etmişdir. Əgər qeyd edildiyi kimi iddiaçının ştatının ixtisara düşdüyü bəlli idisə nədən ona əmrin surəti göndərilmirdi? Əgər iddiaçının işlədiyi sektor bütövlükdə ixtisara düşmüşdüsə həmin sektorda işləyən daha 3 nəfər nədən bu günədək işdən azad olunmayıb? Cavabdeh bu halları nə ilə əsaslandırır? İşçilərin sayının və ya ştatların ixtisarının aparılması dedikdə şirkətdə və ya müəsissədə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən izafi xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bu zəmində digər zəruri islahatlar aparmaq məqsədi ilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir və ya bir necə ştat vahidi ləğvi başa düşülməlidir. Bir qayda olaraq, bu işlər işəgötürənin əsaslandırlmış əmri ilə həyata keçirilir. Eyni zamanda, mənəvi zərərlə bağlı qeyd edir ki, işçinin ixtisara salınmaqla, özünün və ya işəgötürənin təşəbbüsü ilə işdən çıxarılması gələcəkdəki əmək münasibətlərinə çox mənfi təsiri olacaqdır. Gələcəkdəki əmək fəaliyyəti ilə bağlı işçinin təşəbbüsü ilə və ya işəgötürən tərəfindən ixtisarla bağlı əmək müqaviləsinin ləğv edilməsi işçi üçün gələcəkdə əmək münasibətlərini qurmaqda çətinlik yaradır. Qeyd olunanlara əsasən müvafiq əmrin qanunsuz sayılmaqla işə bərpa edilməsini, məcburi iş buraxma dövrü üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3925/2025 saylı, 30 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbinin qismən təmin edilərək Cavabdeh xx.xx.2025-ci il tarixli, 156/Ş/AZT nömrəli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə (mütəxəssis) uyğun ştat vahidinə işə bərpa edilməsi; xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının Cavabdeh tərəfindən İddiaçı ödənilməsi; iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı xx.xx.1989-cu il tarixdən cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh müxtəlif struktur vahidlərində, sonuncu dəfə Şəbəkə İnfrastrukturunun istismarı şöbəsinin Texniki dəstək sektorunun mütəxəssis vəzifəsində çalışmışdır. Cəmiyyətin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin 04 oktyabr 2024-cü il tarxli 327/3-2-69/2024 nömrəli Cavabdeh baş ofisinin strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə əmri ilə təsdiq edilmiş ştat cədvəlində nəzərdə tutulmayan ştat vahidləri ləğv edilmişdir. Bundan sonra, iddiaçıya müvafiq xəbərdarlıq edilmiş, həmkarlıq ittifaqının razılığı alınmış və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Cavabdeh xx.xx.2025-ci il tarixli, 156/ş/175 saylı əmri ilə xitam verilmişdir. Struktur və ştat vahidlərinə dəyişiklik edilənə qədər iddiaçının çalışdığı müəssidədə ştat vahidlərinin ümumi sayı 799 olmuşdur. Bununla yanaşı, müəssisədə iddiaçının çalışdığı Şəbəkə İnfrastrukturunun istismarı şöbəsi, həmin şöbə nəzdində 3 sektor (İnfrastrukturun istismarı və nəzarət sektoru, Texniki dəstək sektoru, istismara qəbul sektoru) olmaqla, həmin şöbədə ümumilikdə 16 mütəxəssis ştatı mövcud olmuşdur. Sözügedən struktur dəyişikliyindən sonra Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və nəqliyyat nazirinin 04 oktyabr 2024-cü il tarixli 3-27/3-2-69/2024 nömrəli əmri ilə Cavabdeh MMC-nin baş ofisinin yeni strukturu müəyyən edilmişdir. Həmin struktura əsasən müəssisədə ştat vahidlərinin ümumi sayı 1076 olmuş, müəssisədə Texniki Xidmətlər şöbəsi, həmin şöbədə 3 sektor (İstismar sektoru, Telekominikasiya qurğularının tikintisi sektoru, Energetika sektoru) olmaqla, həmin şöbədə ümumilikdə 34 mütəxəssis ştatı yaradılmışdır. İddiaçı qeyd edib ki, onun çalışdığı Şəbəkə İnfrastrukturunun istismarı şöbəsi yeni yaradılmış strukturda Texniki Xidmətlər şöbəsi olmaqla fəaliyyətinə davam edir, hətta həmin şöbəsinin rəhbər şəxsi də dəyişməmiş, onunla birlikdə işləyən digər işçilər də həmin şöbəyə müvafiq vəzifə üzrə işə qəbul edilmişdir. Cavabdeh iddiaçının qeyd etdiyi tələbinin faktiki əsasını təşkil edən halları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmiçinin izahatında da bildiməmişdir. Həmçinin, cavabdehin nümayəndəsinin izahatından da görünür ki, iddiaçının çalışdığı şöbədə işləyən işçilərin bəziləri ilə əmək müqaviləsinə xitam verilsə də, bəziləri hazırda Texniki Xidmətlər şöbəsində çalışmaqla əmək münasibətləri davam edir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmamaqla, qanunsuz hesab edilməlidir. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirinin 28 avqust 2021-ci il tarixli, Ə-140/21 saylı əmri ilə təsdiq edilmiş Cavabdeh MMC-nin baş ofisinin struktur cədvəlindən görünür ki, işçinin əmək müqaviləsinə xitam verilənədək müəssisədə Şəbəkə İnfrastrukturunun istismarı şöbəsi, həmin şöbə nəzdində 3 sektor (İnfrastrukturun istismarı və nəzarət sektoru, Texniki dəstək sektoru, istismara qəbul sektoru) olmaqla, həmin şöbədə ümumilikdə 16 mütəxəssis ştatı mövcud olmuşdur. Struktur dəyişikliyi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və nəqliyyat nazirinin 04 oktyabr 2024-cü il tarixli 3-27/3-2- 69/2024 nömrəli əmri ilə aparılmış və yeni təsdiq edilmiş cədvələ əsasən müəsissədə Texniki Xidmətlər şöbəsi, həmin şöbədə 3 sektor (İstismar sektoru, Telekominikasiya qurğularının tikintisi sektoru, Energetika sektoru) olmaqla, həmin şöbədə ümumilikdə 34 mütəxəssis ştatı yaradılmışdır. Eyni zamanda müəssiədə şöbələrin sayı artırılmış, ştat vahidlərinin sayı isə 799-dan 1076-ya qədər artırılmışdır. Görünür ki, müəssisədə həqiqətən struktur dəyişikliyi edilmiş, yeni şöbələr və ştat vahidləri yaradılmışdır. Lakin bu hal ştatların ixtisarı və ya ləğv edilməsi ilə deyil, əksinə ştat vahidlərinin sayının artırlması ilə nəticələnmiş, iddiaçının çalışdığı mütəxəssis vəzifəsinə uyğun 16 ştat vahidi də 34 ştat vahidinə qədər artırılmışdır. Bu hal onu deməyə əsas verir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam əsası kimi qeyd edilmiş işçilərin sayı və ya ştatların ixtisarı halı mövcud olmamışdır. Eyni zamanda, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 40 ilə yaxındır ki, həmin müəssisədə mütəxəssis vəzifəsində çalışır, onun barəsində işəgötürən tərəfindən hər hansı tənbeh tətbiri tətbiq olunmamış, başqa növ məsuliyyətə cəlb edilməmişdir. İşəgötürən ştatları ixtisar etmiş olsa belə, işçi ilə əmək müqaviləsinə xitam verərkən qeyd olunan halları nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş, yeni strukturda yaradılmış şöbələrdə ona uyğun başqa işlə təmin etmək imkanı olduğu halda hər hansı səbəb olmadan bundan imtina etmişdir. Belə olduğu təqdirdə, əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xitam verildiyindən Cavabdeh xx.xx.2025-ci il tarixli, 156/ş/175 saylı əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə uyğun vəzifəyə bərpa edilməlidir. Məhkəmə hesab edib ki, xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməlidir. Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi tələbi ilə baölı qeyd edib ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 4-cü bəndinə əsasən, şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İddiaçı cavabdeh tərəfindən müvafiq əmrin qəbul edilməsi ilə əlaqədar ona mənəvi zərər dəydiyini sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddia həmin hissədə təmin edilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh MMC apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətində qeyd edib ki, məhkəmə müəssisəsdə həqiqətən struktur dəyişikliyi edilməsi nəticəsinə gəlmiş, lakin bu halı ştatların ixtisarı və ya ləğv edilməsi ilə deyil, əksinə ştat vahidlərinin sayının artırılması ilə əlaqələndirmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi qənaət yanlış olmaqla yanaşı, qətnamənin qəbul edilməsi zamanı həm maddi, həm də prosessual pozuntulara yol verilmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında həm struktur dəyişikliyindən öncəki, həm də dəyişiklikdən sonrakı ştat vahidləri, eləcə də bütövlükdə struktur məhkəməyə təqdim edilmişdir ki, məhkəmə təqdim edilən sənədlərə istinad etməklə düzgün və qanunvericiliyin tələbinə uyğun olan qənaətə gələ bilərdi. Cavabdeh MMC-nin strukturuna dair məhkəməyə təqdim edilmiş sübutlardan da müəyyən edilir ki, sturktur dəyişikliyi ştat vahidlərinin artırılması məqsədilə deyil, Cəmiyyətin fəaliyyətinin hazırda dünyada böyük sürətlə baş verən elmi texnoloji inkişafı, süni intellektin bütün sənayelərdə geniş tətbiqi və bir çox biznes proseslərinin avtomatlaşdırılması prosesinə uyğunlaşdırılması məqsədilə həyata keçirilmişdir. Yeni strukturda Texniki xidmətlər şöbəsi iddiaçının əvvəl fəaliyyət göstərdiyi şöbənin funksiyalarından fərqli olaraq birbaşa xətt təsərrüfatı ilə əlaqəli funksiyalardan ibarət olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçı fəaliyyət göstərmiş olduğu Şəbəkə infrastrukturunun istismarı şöbəsinin Texniki dəstək sektorunun funksiyaları isə köhnə texnologiyaya əsaslanan şəbəkə sahəsinə dair funksiyalardan ibarət olmuşdur. Əməliyyatlar departamentinin Texniki xidmətlər şöbəsində hal-hazırda 27 əməkdaş fəaliyyət göstərir və bu əməkdaşlar 21 oktyabr 2024-cü il tarixli Əmrə əsasən ləğv edilən müxtəlif struktur vahidlərdən-Energetika şöbəsi, Planlama şöbəsi, Şəbəkə infrastrukturunun istismarı şöbəsi, Şəbəkənin istismarına nəzarət şöbəsi, Təhlil və tikintiyə nəzarət şöbəsi, Texniki istehsalat şöbəsi, Texniki layihələndirmə şöbəsi, Xətt təsərrüfatına xidmət şöbəsindən öz iradələrinə əsasən verdikləri ərizə əsasında bilik və bacarıqları dəyərləndirilərək sözügedən şöbədə mövcud olan vakansiyalar üzrə işə qəbul olunmuşlar. Bundan başqa, əvvəlki illərdə Kabel MagistrallarınınTexniki Qovşağı kimi sərbəst fəaliyyət göstərən qurumun ləğv edildiyi, müvafiq funksiyaların isə Cavabdeh MMC-nin tərəfindən təmin edildiyi səbəbi ilə 154 ştat vahidi ilə Xətt infrastrukturu şöbəsi yaradılmış, habelə tərkibində 37 ştat vahidi ilə Əmlakın idarə olunması və inzibati işlər departamenti, 20 nəfər ştat vahidi ilə Daxili audit departamenti, 13 ştat vahidi ilə SƏTƏM və keyfiyyət departamenti, 23 ştat vahidi ilə Təhlükəsizlik şöbəsi, 5 ştat vahidi ilə Etika və komplayens şöbəsi, 5 ştat vahidi ilə Layihələrin idarə olunması şöbəsi yaradılmışdır. Əlavə olaraq kənar təşkilatlara da çağrı mərkəzi xidmətinin göstərilməsi istiqamətində əməkdaşlıq münasibətləri olduğundan, Müştəri əlaqələri departamentinin tərkibində Fərdi müştərilər üzrə çağrı mərkəzi sektoru region və Bakı şəhəri üzrə ayrı-ayrı sektor olaraq təşkliati struktura 50 ştat vahidi ilə əlavə edilməklə genişləndirilmişdir. Beləliklə, məhkəmə nəzərə almamışdır ki, ştat vahidlərinin ümumi sayının əvvəlki ilə müqayisədə artması, Cavabdeh MMC-nin təşkilati strukturuna əlavə edilmiş yeni struktur vahidlərinin tərkibində nəzərdə tutulan ştat vahidlərinin olmasıdır. Odur ki, yuxarıda qeyd edilənlər nəzərə alınaraq, Cavabdeh MMC-nin mövcud strukturu yenidən hazırlanmış və 04 oktyabr 2024-cü il tarixində təsdiq edilmişdir. Yeni təsdiqlənən struktura əsasən bir sıra ştat vahidlərinin funksiyalarına ehtiyac qalmadığı üçün, 21 oktyabr 2024-cü il tarixli - yeni strukturda olmayan ştat vahidlərinin ləğv edilməsi haqqında Əmri rəhbər tutaraq, ləğv edilməsi qərara alınmışdır. Əvvəlki strukturdan göründüyü kimi, iddiaçı Cavabdeh MMC-nin Texniki departamentinin Şəbəkə infrastrukturunun istismarı şöbəsinin Texniki dəstək sektorunda çalışmışdır. Lakin təqdim olunmuş yeni strukturda nə Texniki departamentin, nə onun Şəbəkə infrastrukturunun istismarı şöbəsinin, nə də həmin şöbənin Texniki dəstək sektorunun mövcud olmadığını məhkəmə struktura baxarkən görə bilərdi. Məhkəmənin heç bir əsas və sübut olmadan Şəbəkə infrastrukturunun istismarı şöbəsinin əvəzində Texniki xidmətlər şöbəsinin yaranmasını əsas gətirməsi isə elə qətnamənin özündən də göründüyü kimi, iddiaçının şifahi şəkildə qeyd etdiklərinə əsaslanmışdır. Hansı ki, iddiaçı tərəfindən mülahizəni əsaslandırmaq üçün konkret heç bir ölçülə bilən, qiymətləndirilməsi mümkün olan fakta istinad edilməyib, yalnız bəyanat xarakterli ehtimallar irəli sürülüb. İddiaçının faktları özünə sərf edən kimi şərh etməyə çalışması ilə, məsələyə qeyrikonstruktiv yanaşması, bilərəkdən vəziyyətdən və hüquqdan sui-istifadə etmək ilə manipulyasiya cəhdi etməsi isə məhkəmə tərəfindən nəzərə alınmayıb. Əslində isə, Texniki xidmətlər şöbəsi yeni yaradılmış Əməliyyatlar departamentinin nəzdində olmuşdur ki, həmin departamentin fəaliyyət istiqaməti də tamamilə fərqli olmuşdur. Bununla bağlı dəfələrlə səsləndirdiyi fikirlər isə məhkəmə tərəfindən nəzərə alınmamış və iddiaçının şifahi fikirlərindən fərqli olaraq qətnamədə qeyd edilməmişdir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, “İşəgötürən ştatları ixtisar etmiş olsa belə, işçi ilə əmək müqaviləsinə xitam verərkən qeyd olunan halları nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş, yeni strukturda yaradılmış şöbələrdə ona uyğun başqa işlə təmin etmək imkanı olduğu halda hər hansı səbəb olmadan bundan imtina etmişdir”. Hansı ki, Cavabdeh MMC tərəfindən “Onlayn Azərbaycan”layihəsi uğurla başa çatması səbəbiylə biznesin optimallaşdırlması, istehsalatın (göstərilən xidmətlərin) düzgün planlaşdırılması, xərclərin nizamlanması, o cümlədən işçi sayının optimallaşdırılması məqsədilə müvafiq tədbirlər görülməsi barədə məhkəməyə ətraflı məlumat təqdim edilmiş, bu barədə müvafiq sübutların növbəti iclas təqdim edilməsi tələb olunmuşdur. Lakin həmin sübutlar təqdim edilərkən məhkəmə özü təqdim edilməsini tələb etdiyi sənədləri qəbul etməkdən imtina etmişdir. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, Cavabdeh MMC-nin mövcud strukturu yenidən hazırlanmış və 04 oktyabr 2024-cü il tarixində təsdiq edilmişdir. Yeni təsdiqlənən struktura əsasən bir sıra ştat vahidlərinin funksiyalarına ehtiyac qalmadığı üçün, 21 oktyabr 2024-cü il tarixli - yeni strukturda olmayan ştat vahidlərinin ləğv edilməsi haqqında Əmri rəhbər tutaraq, ləğv edilməsi qərara alınmışdır. Ştat vahidləri ləğv edilərkən həmin ştat vahidlərində yer tutan əməkdaşlara aşağıda göstərilən təkliflər edilmişdir: -Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə son verilməsi. Bu halda Əmək Məcəlləsində nəzərdə tutulan müavinətlər ştat vahidi ixtisara düşən əməkdaşlara ödənilir. Eyni zamanda, Cavabdeh MMC-də mövcud olan vakansiyalara, bilik və bacarıqlara uyğun müraciət edilməsi və uyğun olacağı halda dəyərləndirilmə ehtimalının olması əməkdaşlara bildirilmişdir. Ştat vahidləri ixtisara düşən əməkdaşlara yuxarıda göstərilən təkliflər barədə ətraflı izahat verilmiş və təkliflərdən hər hansı birinin seçilməsi tamamilə onların şəxsi iradəsinə buraxılmışdır. Eyni yanaşma iddiaçıya qarşı da tətbiq edilmişdir. Lakin iddiaçı, öz iradəsi ilə könüllü şəkildə, heç bir məcburiyyət olmadan təklif edilən alternativ çıxış yollarını seçməmiş və nəticədə qanunvericiliyin tələblərinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin məhkəmə göstərilənlərin heç birini nəzərə almamış, müvafiq qənaətində də yalnız iddiaçının qərəzli olaraq dediklərinə əsaslanmış, yeni strukturda yaradılmış şöbələrdə ona uyğun başqa işin nədən ibarət olduğunu və bunu hansı sübutlara əsaslanaraq qeyd etdiyini bildirməmişdir. Beləliklə də, əlsində geniş hüquqi araşdırma tələb edən işlə bağlı təqdim olunan çoxsaylı sübutları nəzərə almadan, yalnız iddiaçının əsassız və bəyanat xarakterli sözlərindən ibarət olan “sübutlar”a əsaslanmaqla qəbul edilmiş qətnamə ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi ilə bağlı yeni qətnamə qəbul edilməlidir. Kifayət qədər sübutlar təqdim etsələr də, (köhnə və yeni struktur, struktur dəyişikliyi ilə bağlı ixtisarların aparılmasına dair əmr və s.) məhkəmə bunların heç birini nəzərə almamış və qətnamə qəbul edərkən həmin sübutlara istinad etməmiş, əksinə, iddiaçının heç bir əsasa söykənməyən, yalnız şifahi şəkildə səsləndirdiyi fikirləri “mötəbər sübut” kimi qiymətləndirmişdir. Məhkəmə zəruri sübutların təqdim edilməsinə şərait yaratmamış, təqdim edilən çoxsaylı sübutları nəzərə almamış, nəticədə söz yığınından ibarət qətnamə qəbul etmişdir. Məhkəmə işin halları üzrə mövcud sübutları hərtərəfli və tam araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 35. İ, İİ, İİİ, İV və Vİİİ hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 11 (“ə” bəndi). Bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir. Maddə 12 (“c” bəndi). Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Maddə 16 (1-ci hissə). Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 (“b” bəndi). İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71(1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 71(3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 77(1-ci hissə). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Maddə 78(1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; Maddə 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 292.2 Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
22. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, apellyasiya şikayətlərinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
23. Əvvəla, cavabdeh şikayətində sturuktur dəyişikliyi ştat vahidlərinin artırılması məqsədilə deyil, Cəmiyyətin fəaliyyətinin hazırda dünyada böyük sürətlə baş verən elmi texnoloji inkişafı, süni intellektin bütün sənayelərdə geniş tətbiqi və bir çox biznes proseslərinin avtomatlaşdırılması prosesinə uyğunlaşdırılması məqsədilə həyata keçirildiyini, yeni strukturda Texniki xidmətlər şöbəsi iddiaçının əvvəl fəaliyyət göstərdiyi şöbənin funksiyalarından fərqli olaraq birbaşa xətt təsərrüfatı ilə əlaqəli funksiyalardan ibarət olmasının məhkəmə tərəfindən nəzərə alınmadığı, fəaliyyət göstərmiş olduğu Şəbəkə infrastrukturunun istismarı şöbəsinin Texniki dəstək sektorunun funksiyaları isə köhnə texnologiyaya əsaslanan şəbəkə sahəsinə dair funksiyalardan ibarət olduğunu göstərsə də, bu dəlillərin həqiqi olması belə əmək müqaviləsinə ştatların ixtisarı əsasında xitam verib sonradan onunla əvvəlki işinə(ixtisasına) uyğun işlə yeni əmək müqaviləsi bağlamağa maneə deyildir. Başqa sözlə, struktur dəyişikliyinin hansı məqsədlə həyata keçirilməsi, yeni yaradılmış şöbənin funksiyasının iddiaçının əvvəl işlədiyi şöbənin Texniki dəstək sektorunun funksiyasından fərqli olması və köhnə texnologiyaya əsaslanması apellyasiya şikayətinin əsaslı olduğuna dəlalət etmir. Çünki birinci instansiya məhkəməsinin qeyd etdiyi və cavabdehin təsdiq etdiyi kimi ştatların sayı azalmayıb, əksinə artmışdır. Bu artım cavabdehin təşkilati strukturuna yeni struktur vahidlərini əlavə edilməklə yanaşı, əlavə xidmətlər göstərilməsi ilə əlaqədar yeni sektorların yaranması hesabına da olmuşdur. Yeni yaranmış şöbəyə ləğv edilmiş struktur vahidlərindən olan işçilər verdikləri ərizə əsasında bilik və bacarıqları dəyərləndirilərək sözügedən mövcud olan vakansiyalar üzrə işə qəbul olunmuşdursa, 35 ildən artıq bu qurumda işləmiş iddiaçı da əvvəlki işinə uyğun işə qəbul edilə bilərdi yaxud onun digər işçilərdən bilik və bacarığının aşağı olduğu mötəbər sübutlarla dəyərləndirilməli idi, ancaq bunlar baş verməyib. Demək ki, 35 ildən artıq qüsursuz, nöqsansız və hər hansı bir intizam tənbehi almadan işlədikdən sonra ona qarşı bu cür münasibət ədalətli olmamışdır.
24. Göstərilənlərlə yanaşı, hazırkı işin halları onu deməyə əsas verir ki, burada həqiqi mənada ştatların ixtisarından da söhbət gedə bilməz. Çünki cavabdeh qurumda struktur dəyişikliyi olduqdan sonra ayrı-ayrı ləğv edilmiş şöbələrdə işləyən şəxslərlə yenidən əmək müqaviləsi bağlanıb və onlar xarakterinə görə əvvəlki işləri ilə eyni olan vəzifələrdə yenidən işlərini davam edir. Ancaq iddiaçının bilik və bacarığının onlardan aşağı olması heç bir sübutla təsdiq olunmadığı halda, o, yenidən işə qəbul olunmayıb. Bu faktlar da apellyasiya şikayətinin açıq-aşkar əsassız olduğunu bir daha təsdiq edir.
25. Bundan əlavə, Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Cavabdeh hansısa tədbirlər gördüyünə dair məhkəməyə hər hansı bir sübut təqdim etməyib. Həmçinin Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinin imperativ tələbinə də əməl etməyib. Belə ki, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Yəni, cavabdeh işdə saxladığı yaxud sonradan işə götürdüyü şəxslərin dünyada böyük sürətlə baş verən elmi texnoloji inkişaf, süni intellektin bütün sənayelərdə geniş tətbiqi və bir çox biznes proseslərinin avtomatlaşdırılması prosesinə uyğunlaşdırılması ilə əlaqədar əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin iddiaçıdan daha yüksək olduğuna, eləcə də peşəkarlıq səviyyəsini müəyyən edərkən onların peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə, yeni ixtisasa yiyələnməsinə və ixtisasının artırılmasına dair də məhkəməyə heç bir sübut təqdim etməyib. Bu cür vəziyyət də onu deməyə əsas verir ki, həqiqətən də iddiaçıya qarşı hər hansı bir əsas və səbəb olmadan ayrıseçkiliyə yol verilib.
26. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 3925/2025 saylı, 30 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3925/2025 saylı, 30 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.