Məhkəmə qərarları › İş №2(004)-5340/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5340/2024

12.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5340/2024 12.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə dəymiş zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən mülki iş üzrə xx.xx.2024-cü il tarixli hazırlıq iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin iyul ayının axırlarında Mənzil İstismar Departamentinin komissiyası İsmayıllı MİKS-ə gəlmiş, bütün işçilərdən, o cümlədən də ondan 01 sentyabr 2022-ci il tarix üçün işdən çıxma və Şirvan şəhər və İsmayıllı MİKSdə işə qəbul barədə ərizələr almışlar. Lakin hər bir işçi, o cümlədən də o, öz əmək fəaliyyətlərini əvvəlki qaydada davam etdirmişlər. İkinci dəfə 28 sentyabr 2022-ci ildə həmin komissiya təkrarən İsmayıllı MİKS-ə gəlmiş, aktla ondan ştamp və möhürü təhvil almışlar. Ona Departamentin sabiq direktor müavini bildirmişdir ki, onun yeni MİKS-də hansı işdə qalacağı barədə direktorla əlaqə saxlasın. Direktor isə ona bildirmişdir ki, işdən azad olunmuşdur. Bundan sonra o, kadrlar şöbəsinə gedib işdən azad olunmağı barədə əmrin yazılıb yazılmamasını öyrənmişdir. Məlum olmuşdur ki, onu 01 sentyabr 2022-ci il tarixdən işdən azad etmişlər. Onun heç bir xəbəri olmadan, ondan heç bir izahat alınmadan, həmkarlar təşkilatı ondan xəbərsiz razılıq verməklə işdən azad olunmuşdur. Hansı ki, bütün sentyabr ayını öz əmək funksiyamı icra etmiş, lazımi sənədləri imzalayıb möhür vurmuşdur. Qanunsuzluqla bağlı Komitənin birinci müavinin qəbulunda olmuş, Komitə sədrinə ərizə ilə müraciət etmişdir. Ona bildirilmişdir ki, öz işinə bərpa olunacaq. Bu məsələ 2022-ci ilin 4 noyabr tarixinədək uzanmış, nəhayət Departamentin direktorunun son sözü bu olmuşdur ki, “mən səni əvvəlki işinə qaytarmaq istəmirəm, səni bağban kimi işlədəcəm”. Aşağı təqaüd aldığına və maddi vəziyyətinin olduqca pis olduğuna görə məcburiyyət qarşısında çıxılmaz vəziyyətdə qalaraq razılaşmışdır və 01 noyabr 2022-ci il tarix üçün bağban kimi işə qəbul barədə ərizə vermişdir. 04 noyabr 2022-ci il tarix üçün bağban kimi əmri verilmişdir. Lakin sonra məlum olmuşdur ki, direktor özünə yaxın olan, 68 yaşında, müəllimlikdən qocalığa görə pensiyaya çıxmış, ixtisası işə uyğun gəlməyən bir şəxsi, yəni Rasim Sadıqovu onun yerinə sahə nəzarətçisi kimi işə təyin edibdir. Qeyd edilən şəxsin və department rəhbərliyinin ona qarşı qərəzli mövqeyi, Rasim Sadıqovun vasitəsi ilə ona atdığı böhtanlar əsas tutularaq Azərbaycan Respublikası Qaçqın və X1 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən ona19 iyun 2023-cü il tarixli 54 saylı əmrlə şiddətli töhmət verilmişdir. Həmin töhmətlə razılaşmayaraq aidiyyatı məhkəməyə müraciət etmişdir. O, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı 2022-ci ilin sentyabr və oktyabr aylarında məcburi iş buraxmaya görə ona dəymiş zərərin Azərbaycan Respublikası Qaçqın və X1 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentindən alınaraq ödənilməsi, habelə cavabdeh tərəfindən ona şiddətli töhmət verilməsi barədə 19 iyun 2023-cü il tarixli 54 saylı əmrin qanunsuz olduğundan ləğv edilməsi tələbi ilə iddia qaldırmışdır. İddiası Bakı şəhər Yasamal rayon məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2(004)-4410/2023 saylı qətnaməsi ilə qismən təmin edilmiş, ona verilən sözegedən töhmət qanunsuz olduğundan ləğv edilmişdir. Lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minb icra olunub-olunmamağı haqda ona nə şifahi, nə də rəsmi məlumat verilməmişdir. Bütün bunlara baxmayaraq 03 noyabr 2023-cü il tarixdən onun işə davamiyyəti dayandırılmış və işini davam etdirməyə icazə verilməmişdir. Bu haqsızlıqla bağlı üç dəfə Rövşən Rzayevin qəbulunda olmuş, ona işinə davam etdiriləcəyi sözü verilmiş, o da inanaraq gözləmə mövqeyində olmuşdur. Dəfələrlə tələb etməyinə baxmayaraq aylar ötsə də, bu günədək nə işə bərpa olunmuş, nə də ona işə qəbul, işdən çıxarılma əmrlərinin surətləri, əmək kitabçası verilməmişdir. Sonuncu dəfə cavabdeh təşkilatdan rəsmi şəkildə əmək kitabçasının verilməsini tələb etdikdən sonra 01 oktyabr 2024-cü ildə əmək kitabçasının surətini poçt vasitəsilə almışdır. Daha sonra, cavabdeh Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə1 “iddia müddətinin tətbiq edilməsinə dair” xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, İddiaçı iddia müddətini ötürmüşdür. Bu baxımdan iddia müddətinin tətbiq edilərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 izahatlarında İddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia müddətinin tətbiq edilərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mediasiya təklifi xx.xx.2024-cü il tarixdə ünvanlanmışdır. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Şirvan şəhər və İsmayıllı rayon Mənzil Kommunal İstismar Sahəsində bağban vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli olaraq bağlamışdır. İş materiallarında olan İddiaçı ilə Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsi arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək 1 il müddətinə Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Şirvan şəhər və İsmayıllı rayon Mənzil Kommunal İstismar Sahəsində bağban vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin xx.xx.2023-cü il tarixli, 914 nömrəli Əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Şirvan şəhər və İsmayıllı rayon Mənzil Kommunal İstismar Sahəsində bağban vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 68.2ci maddəsinin b bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsi ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək 1 il müddətinə Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Şirvan şəhər və İsmayıllı rayon Mənzil Kommunal İstismar Sahəsində bağban vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin b bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə dəymiş zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə1 “iddia müddətinin tətbiq edilməsinə dair” xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti iddiaçı tərəfindən ötürüldüyündən iddia müddətinin tətbiq edilərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında hakimin işdən nə vaxt çıxarılmasından xəbərinin olması ilə bağlı ona verdiyi suala cavab olaraq bildirmişdir ki, işdən azad edildiyi barədə xx.xx.2023-cü il tarixdə məlumatlı olmuşdur. Həmin gün ona tabel cədvəlinə imza çəkməyə icazə verməmişlər və ona əmək müqaviləsinin müddətinin uzadılmadığı bildirilmişdir. Buradan da müəyyən olunan odur ki, o hüquqlarının pozulduğunu xx.xx.2023-cü il tarixdən artıq bilmişdir. Əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmiş birinin xx.xx.2024-cü il tarixində əmək kitabçası ona təhvil verilənə qədər hüquqlarının pozulmasını bilməməsi isə absurd məsələdir. Bundan əlavə iş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan da görünür ki, İddiaçı mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya yalnız xx.xx.2024-cü il tarixdə, yəni hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət (9 ay) sonra müraciət etmişdir. Odur ki, Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Şirvan şəhər və İsmayıllı rayon Mənzil Kommunal İstismar Sahəsində bağban vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsi barədə işçi xx.xx.2023-cü il tarixdən məlumatlı olmuş və İddiaçı mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya yalnız xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İşin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir, habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar