Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3060/2025 30.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, Cavabdeh «Bakı Mühəndislik Universiteti» PHŞ-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” PHŞ-yə qarşı işə bərpa olunma, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxardıldığı xx.xx.2025-ci il tarixdən Bakı Mühəndislik Universitetinin Mexanika mühəndisliyi kafedrasında əvvəlki işinə bərpa edilməklə, əmək haqqının tam ödənilməsi ilə yanaşı, törətdikləri cinayət əməli nəticəsində, səhhətində yaranmış problemlərin, karyerasına vurulan zərərin, ailəsinə və özünə dəymiş mənəvi zərbənin qarşılığında məsuliyyət daşıyan tərəfdən 30000 manat məbləğində təzminatın ödənilməsi barəsində qətnamə çıxarılmasını, həmçinin təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Universitetdə baş terən proseslərin araşdırılması, təhsilin inkişafına maneələr yaradan vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi və təhsil sisteminin nəzarətdə saxlanılması, xüsusən ona qarşı “mobbing” fəaliyyətində olmuş şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, 2016-cı tədris ilindən 13 yanvar 2025-ci ilə qədər “Bakı Mühəndislik Universiteti”nin (BMU) “Mexanika mühəndisliyi kafedrasf’nda dosent vəzifəsində işləmişdir. İşlədiyi müddətdə Universitetin nüfuzunun qaldırılması üçün həm tədrisdə, həm də elmdə əməyini əsirgəməmişdir. Belə ki, BMU yaradılmazdan öncə işlədiyi Qafqaz Universitetinin mövcudluğunun son illərində ingilis dilli müəllimlərin Universiteti tərk etmələri səbəbindən kafedrada yaranmış çətinliklərin aradan qaldırılması və Universitetdə tədrisin davam etdirilməsi məqsədi ilə çoxixtiasaslı mütəxəsis kimi əvəzolunmaz işlər görmüş, Azərbaycan və İngilis dillərində 40-a yaxın fərqli fənlər tədris etmiş, 120 dən çox elmi - metodik vəsaitlər işləmiş, 2020 – 2021-ci illərin pandemiya dövründə çətinlikləri nəzərə alıb, “Mexanika mühəndisliyi kafedrsa”sında əvəzçiliklə kafedra müdiri işləmiş, hətta 4.0 ştat tədris yükü altında fəaliyyət göstərmiş, əmək intizamına, o cümlədən etik davranış qaydalarına daim əməl etməklə kollektivdə nüfuz sahibi olmuşdur. 2005-2006-cı illərdə DAAD təqaüdçüsü kimi X2 Universitetində və 2006- 2009-cu illərdə Almaniyada, “BAM“-da (“Bundesanstalt für Matcrialforschung und – prüfung”) tədqiqat işləri aparmış, 2008-2010-cu illərdə X2 Universitetinin, “Alət maşınları və istehsal əməliyyatları institutu “Birləşdirmə və örtükçəkmə texnologiyası” kafedrasinda “Elmi işçi” vəzifəsində və əlavə olaraq Almaniyada qaldığı müddətdə bir çox firmalarda işləmişdir. 2006-2012-ci illərdə X2 Universitetinin “Alət maşınları və istehsal əməliyyatları institutu“nun, “Birləşdirmə və örtükçəkmə texnologiyası” kafedrasinda “Doktorant” təhsilini almış və 2012-ci ilin yanvar ayında həmən universitetdə doktor işini nailiyyətlə müdafiə edib, Dr.-İng. (Doktor der İngenieurwissenschaften, yəni texnika elmləri doktoru) pilləsinə yüksələrək topladığı təcrübə əsasında Vətənə xidmət etmək məqsədi ilə geri qayıtmış və Azərbaycan Texniki Universitetində (AzTU) işləməyə başlamışdır. 2022-ci ildə növbəti 5 il müddətinə dosent seçilməsinə baxmayaraq, son illərdə BMU-da baş verən ədalətsizliklərə mübarizə apardığı üçün şantaj olunmuş və sonda hədə - qorxu gəlinərək, məcburetmə şərtləri altında “öz xahişi ilə” xx.xx.2025-ci il tarixdə Universitetdən xaric edilmişdir. Buna səbəb hazırda “Mühəndislik” fakültəsinin dekanı işləyən Asif Quliyevlə 2024-cü ildə Whatsapp üzərindən gizli yazışmamın Konstitusiyanın 32-ci maddəsinə zidd olaraq ictimailəşdirilməsi olmuşdur. Asif Quliyevlə olan bu gizli yazışmada, hazırda dekan müavini vəzifəsində işləyən və özünün dedyinə əsasən təlim-tədris işləri üzrə prorektor Həmzağa Orucovun qohumu Vurğun Qəhrəmanov haqqında rəsmləşdirilməsinə qarşı çıxdığı Whatsapp üzərindən kobud sözlər səsləndirmişdir. Bunun son səbəbi olaraq, Vurğun Qəhrəmanovun “Dövlət qulluğu haqqında Qanunun” 18-ci maddəsinə əsasən vəzifəsindən sui - istifadə edərək heç bir əsas göstərmədən elmi - metodiki işlərin siyahısını təsdiqləyən sənədlərə qol çəkməyib, süründürməçiliklə məşqul olması olmuşdur. Bu sənəddə adı olan və onu təsdiq edən şəxslər adətən müəllif və Universitetin elmi katibi olmalıdır. Çox güman ki, dekan Asif Qulilyev ona təzyiq göstərmək məqsədi ilə müavini Vurğun Qəhrəmanovun adını bura qəsdən əlavə etmişdir. X4 AzTU da vəzifədə işləyən zaman xoşu gəlməyən insanlara süründürməçiliklə əzab verərək, onları “affekt” vəziyyətinə gətirməsindən danışıb əylənərdi. 2024-cü ilin dekabr ayında BMU da keyfiyyətin təminatı şöbəsinin əməkdaşlarının xahişi ilə Universitetin inkişafına dair fikirlərində, prorektor Həmzağa Orucovun vəzifəsindən sui - istifadə etmə hallarını tənqid etmişdir. Belə ki, burada Həmzağa Orucovun qızının və oğlunun maaşı yüksək olan İNHA layihəsi üzrə ştatda işləmələrinə və qohumu Vurğun Qəhrəmanovun saxta yollarla ad alması və vəzifəyə gətirilməsinə etiraz etmişdir. Vurğun Qəhrəmanov özünün ifadələrinə əsasən kafedraya Həmzağa Orucovun tapşırığı ilə gətirilmişdir. Tələbələrin Vurğunun dərs deməyindən şikayətini nəzərə alaraq, əvəzçiliklə kafedra müdiri işlədiyi dövrdə, onun kafedraya işə alınmasına digər əməkdaşlarla məsləhət əsasında razılıq verməmişlər. Tapşırıqla işə düzəldikdən və onu tutduğu vəzifədən azad etdiklərindən sonra, kafedrada ona demişdir ki, “Xoşluqla işə götürmədilər. Gərək yuxarıdan tapşırdıb əzəsən, ağılları başlarına gələ”. Vurğun kafedraya işə alındıqdan sonra, xanım tələbələrə qarşı işlətdiyi xoşagəlməz ifadələrlə bağlı böyük bir mübahisənin qarşısı Mühəndislik fakültəsinin dekanı işləmiş Hüseyn Mirzəyev tərəfindən alınmışdır. Bundan sonra onun sənədlərində çatışmamazlıqlara baxmayaraq, qısa müddətdə onu dosent vəzifəsinə keçirib, “Mühəndislik fakultəsi”ndə dekan müavini vəzifəsinə təyin etdilər. Vurğun Qəhrəmanovun “Mexanika mühəndisliyi kafedrası”na dosent seçilməsi də Asif Quliyevin sənədləşdirmədə saxtakarlığının nəticəsi olmuşdur. Belə ki, digər kafedra əməkdaşlarının təsdiqinə və elektron ünvana gələn məlumatların araşdırılmasına əsaslanaraq, kafedra iclasının gündəlik əsas məsələlərində bu haqda qabaqcadan məlumat verilməmiş və kafedra iclasından çıxarış saxtalaşdırılmışdır. 2023-cü ilin yaz semestrində saathesabında boş yer olan və ingilis dilində diploma rəhbərlik edə bilməyən Vurğun Qəhrəmanova, kafedra müdiri işləmiş Asif Quliyev tərəfindən rəsmi olaraq 3 bakalavr diplomçusu verilmiş və həmin tələbələrə köməklik göstərməyini tələb edilmişdir. Bunun əvəzində 1 diplom işinə aynlan 15 saatın zəhmət haqqını ona verib, 30 saatı özlərinə almışlar. Bunu bir daha təkrar etməyəcəyini onlara bildirmiş və növbəti semestrdən ingils dilli müəllimi tapmalarını təkid etmişdir. Bu haldan sonra, ona heç bir diplom rəhbərliyi verilməmiş, çox güman ki, ingilis dili bilməyən digər müəllimlərə yazaraq şərikli işləmişlər. 2023 və 2024-cü illərdə Vurğun Qəhrəmanovun rəhbərliyi ilə müdafiə etmiş magistrlərə onların xahişi ilə tam köməklik etmiş və əvvəllər olduğu kimi Asif Quliyevdən magistrlərə rəhbərlik edəcək, savadlı kadrların təyin edilməsini xahiş etmişdir. 2020-ci ildə Mühəndislik fakültəsində dekan seçkilərində və 2021-ci il Mexanika mühəndisliyi kafedrasında kafedra müdiri seçkilərində iştirak etməklə bağlı sənəd versə də ərizəni geri alması üçün ciddi tələblər qoyulmuşdur. 2023-cü ildə “Pnevmatika və pnevmatik dövrələr” adlı metodik vəsait yazsa da, Asif Quliyev vəzifəsindən sui - istifadə edərək, kitabın çapı ilə bağlı ona yazılam müraciətlərə cavab verməmiş, həmçinin keyfiyyətin təminatı şöbəsinin ədalətsiz davranışını nəzərə alaraq bunlarla bağlı Universitetin rektoru Yaqub Piriyevə 2025-ci ilin yanvar ayında yazılı şəkildə müraciət etsə də heç bir çavab almamışdır. 13 yanvar 2025-ci ildə BMU-nun rəhbər strukturda işləyən əməkdaşları tərəfindən - təlim tərbiyə işləri üzrə prorektor Bayram Hüseynzadə, keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova, “Mühəndislik fakultəsi”nin dekani Asif Quliyev, BMU-nun baş hüquqşünası Qüdrət Məmmədov və ümumi işlər üzrə prorektor Vüqar Həsənov tərəfindən Universitetdə “kiçik məhkəmə” qurulmuş Asif Quliyevə göndərdiyi gizli səs yazısını dinləyərək qrup halında onu qanunlara zidd şəkildə “mobbinq”ə məruz edərək, təhqir edib “öz xahişi ilə’" işdən çıxmaq üçün ərizəni məcburi şətildə yazdırmışlar. “Kiçik məhkəmənin” başlanmasından əvvəl Qüdrət Məmmədova gizli yazışmaların rəsimləşdirilməsinin qeyri - qanuni olduğunu desə də onlar buna heç bir reaksiya verməmişlər. Ərizəni yazmayacağı təqdirdə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən işdən çıxarmanın mümkünlüyünü demişlər. Universitetdən xaric etdikləri tarixdən bir ay müddətində işə bərpa olunma hüququndan istifadə edərək xx.xx.2025 ci tarixdə işə bərpa olunması üçün rektor Yaqub Piriyevə ərizə ilə müraciıt etsə də baş hüquqşünas tərəfindən mənfi cavab almışdır. Cavabın əsas hissəsində gizli yazışmalarda kobud ifadələr qarşısında onlardan üzr istəmədiyi və yerinə yeni işçi aldıqları əsaslandırılmışdır. BMU-da işlədiyi dövrdə ona qarşı olan növbəti qanun pozuntuları da nəzərə alınmalıdır: 2023-cü ildə 100 saat, 2024-cü ildə isə 20 saat saathesabı əmək haqqı verilməmiş, bununla bağlı Universitetin rektoru Yaqub Piriyevə və kafedra müdiri Asif Quliyevə müraciət etsə də heç bir cavab ala bilməmişdir. Asif Quliyev kafedra müdiri işlədiyi dövrdə, ingilis dilində olan dərsləri və ya magistr işlərini, ingilis dilində dərs deyə bilməyən müəllimlərə yazaraq, bu dərsləri onun deyəcəyini tələb etmiş, onu normadan artıq yüklənmələrə məruz qoymuşdur. Asif Quliyev kafedra müdiri təyin edildiyi gündən ona qarşı çalışmış, belə ki, ona qarşı müəllimlər arasında nalayiq ifadələr işlətmişdir. Asif Quliyev bu işdə tək deyildir, onun sözlərinə görə onu Universitetdə biliyinə görə saxlamış və savadının olmadığı təqdirdə, bir dəqiqə belə saxlamayacaqlarını ifadə etmişdir. Dərs dediyi müddətdə Asif Quliyev auditoriyaya daxil olmuş, tələbələri danlamış, müəllimi səhv çıxartmağa çalışmış və tələbələrlə müəllimə qarşı gizli sövdələşmələr aparmışdır. Asif Quliyev “Mexanika mühəndisliyi kafedrası”nda müdir işlədiyi dövrdə digər müəllimlərin gördükləri işlərdən xəbəri olmadığı halda adının müəlliflər siyahısına daxil edilməsini tələb etmişdir. Asif Quliyev hazırda dekan işlədiyi dövrdə redaktoru olduğu Universietetin elmi jurnalında çap ediləcək məqalələrə maraqları çərçivəsində saxta rəylər yazdıraraq çap olunmasına şərait yaradır. 2025-ci il yanvar ayının 25-ə qədər sənədləri qəbul ediləcək, işlədiyi kafedra müdiri seçkilərində iştirakla bağlı Asif Quliyevə yenidən müraciət etmiş və bunun ardınca dekan Asif Quliyevə yazdığı gizli yazışmalar əsasında onu təhqir edib, universitetdən xaric edib, digər Universitetlərə qabaqcadan məlumat verib onu problemli şəxs kimi anlatmışlar. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Bakı Mühəndislik Universiteti” PHŞ-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etdi. O bildirdi ki, hazırki mübahisə üzrə iddia müddəti də ötürülmüşdür. Nümayəndə mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, “Bakı Mühəndislik Universiteti” PHŞ-nin rektorundan tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. İşdə olan “Bakı Mühəndislik Universiteti” PHŞ-nin xx.xx.2025-ci il tarixli 0033 saylı əmrindən görünür ki, Mexanika mühəndisliyi kafedrasının dosenti İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən (öz xahişi ilə) xx.xx.2025-ci il tarixindən əmək müqaviləsinə xitam verilmşdir. İşdə olan Abşeron 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı ilə “Bakı Mühəndislik Universiteti” PHŞ arasında işə bərpa olunma mübahisəsi üzrə ilkin mediasiya sessiyasından sonra proses davam etdirilməmişdir. Bildiriş xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, “Bakı Mühəndislik Universiteti” PHŞ-nin Mexanika mühəndisliyi kafedrasının dosenti İddiaçı xx.xx.2025-ci il tarixli 0033 saylı əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən (öz xahişi ilə) xx.xx.2025-ci il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxardıldığı xx.xx.2025-ci il tarixdən Bakı Mühəndislik Universitetinin Mexanika mühəndisliyi kafedrasında əvvəlki işinə bərpa edilməklə, əmək haqqının tam ödənilməsi ilə yanaşı, törətdikləri cinayət əməli nəticəsində, səhhətində yaranmış problemlərin, karyerasına vurulan zərərin, ailəsinə və özünə dəymiş mənəvi zərbənin qarşılığında məsuliyyət daşıyan tərəfdən 30000 manat məbləğində təzminatın ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 83-cü maddəsi əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasını müəyyən edir. Belə ki, həmin maddəyə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. İş materiallarından görünür ki, “Bakı Mühəndislik Universiteti” PHŞ-də Mexanika mühəndisliyi kafedrasının dosenti vəzifəsində işləyən İddiaçı işdən azad edilməsi barədə ərizə yazmış və o, bu əsasla işdən azad edilmişdir. İş materialları ilə İddiaçı işəgötürən tərəfindən əmək kitabçasının, son haqq hesabın verilməməsini (əmək haqqı və məzuniyyət haqqı) təsdiq edən mötəbər sübutlar mövcud deyildir. İşdən görünür ki, tərəflər arasındakı əmək müqaviləsinə xitam verildikdən sonra işəgötürən tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş vəzifələr tam yerinə yetirilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən maddi və ya mənəvi zərərin əvəzinin tutulması hissəsində də sübuta yetmədiyi üçün təmin edilməməlidir, çünki İddiaçı əmək münasibətlərinin pozulması nəticəsində cavabdeh tərəfindən ona hər hansı məbləğdə zərərin vurulması ilə bağlı vermiş olduğu iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasıdır və mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Bundan başqa, işdən görünür ki, cavabdeh tərəf hazırki mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, həmin maddənin birinci hissəsində göstərilən haldan başqa, qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, qanunvericiliyə görə əgər şəxs qanunsuz olaraq işdən çıxarıldığını iddia edirsə, hüquqlarının bərpası üçün 1 ay müddətində məhkəməyə müraciət etməlidir. İşdən görünür ki, hazırki iddia müddətinin axımı xx.xx.2025-ci il tarixindən, yəni iddiaçı ilə cavabdeh arasında bağlanılan əmək müqaviləsinin xitam olunması barədə əmrin verilməsi ilə başlamışdır. İşə bərpa olunma barədə İddiaçı ilk dəfə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş, bununla da mübahisə üzrə 1 aylıq iddia müddəti ötürülmüşdür. Beləliklə, cavabdehin öhdəliklərinin yerinə yetirilməsi barədə iddianı xx.xx.2025-ci il tarixdən 1 ay ərzində qaldırmalı olduğundan, məhkəmə hesab edir ki, İddiaçı vaxtında məhkəməyə müraciət etməmişdir, yəni əmək mübahisəsi üzrə iddia müddətinin keçməsi barədə cavabdehin dəlili əsaslıdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də bütün hallarda iddia təmin oluna bilməz. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” PHŞ-yə qarşı işə bərpa olunma, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3060/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3060/2025
30.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver