Məhkəmə qərarları › İş №2(004)-3545/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3545/2025

02.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3545/2025 02.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “187.000 manat maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “187.000 manat maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-ni Cavabdeh MMC ilə əvəz etmişdir. Vəsatət təmin edilmişdir. Ərizəyə mediasiya proseduruna əməl edilməsi barədə arayış təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-2023-cü illər üzrə Cavabdeh MMC işləmişdir. xx.xx.2023-cü il tarixdə ştatların ixtisar edilməsi əsaslı ilə əmək müqaviləsinə xitam verilmiş, lakin, işlə yenidən təmin edilməmişdir. Həmin vaxtdan etibarən hər ay 5000 manat olmaqla ümumilikdə 187.000 manat əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh MMC iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, “iş üzrə iddiaçının iddia tələbinin yönəldiyi şirkət Cavabdeh MMC ola bilməz. Çünki sözügedən şəxs heç bir vaxt Cavabdeh MMC-nin əməkdaşı olmamış, işçi olaraq onunla əmək müqaviləsi bağlanmamışdır. İddiaçının bildirdiyinə görə o, guya 16 dekabr 2016-cı ildən "xxxx" MMC adlı şirkətdə Torpaq məsələləri üzrə mütəxəssis, daha sonra 02 dekabr 2019 "xxxx" MMC-də işləmişdir. Lakin iddiaçının əmək kitabçasının surətindən göründüyü kimi o, əvvəlcə “X1” MMC-də, daha sonra "xxxx" MMC-də əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Sözügedən şirkətlər isə ayrıca hüquqi şəxslərdir və belə olan halda Cavabdeh MMC-nin hazırkı işdə cavabdeh olaraq cəlb edilməsi və ona qarşı iddia tələbinin yönəldilməsi əsassızdır. Hesab edirik ki, bu halda əsl olmayan cavabdehin əvəz edilməsi həyata keçirilməlidir.” Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci maddəsinə əsasən, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 155-ci maddəsinin 3-cü maddəsinə əsasən, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Azərbaycan Respublikası MPM-in 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının surətinə əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC ilə əmək münasibətlərində olmamışdır. İddiaçı əvvəlcə “X1” MMC-də, daha sonra "xxxx" MMC-də əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Sözügedən şirkətlər isə ayrıca hüquqi şəxslərdir. Cavabdeh MMC-nin hazırkı iş üzrə əsl olmayan cavabdehdir. Odur ki, cavabdehin etirazda qeyd etdiyi xüsusatlar əsaslıdır. Göstərilən xüsusatlar məhkəmə iclaslarında iddiaçıya bir neçə dəfə izah edilsə də, iddia ərizəsi üzrə cavabdeh əsl cavabdehlə əvəz edilməmiş, iddiaçı arqument olaraq bildirmişdir ki, “X1” MMC və "xxxx" MMC Cavabdeh MMC-nin tabeçiliyində olan şirkətlər olmuşdur. Məhkəmə isə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyekti kimi hər hüquqi şəxs müstəqil qurumdur. Hazırki iddia tələbi əsl olmayan cavabdehə qarşı yönəlmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra işçiyə əmək haqqının ödənilməsi istisna olunur. Əmək haqqının təyinatı əmək funksiyalarını icra edən işçinin əməyinin kompensasiya edilməsidir. Şəxs(lər)lə ilə əmək münasibətlərinə daxil olmaq isə işəgötürənin vəzifəsi deyildir. Mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “187.000 manat maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar