Məhkəmə qərarları › İş №2(103)-6488/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6488/2025

06.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6488/2025 06.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2(004)- 3545/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının surətinə əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC ilə əmək münasibətlərində olmamışdır.

2. İddiaçı əvvəlcə “X8” MMC-də, daha sonra "xxxx" MMC-də əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir, həmin hüquqi şəxslər ayrı hüquqi şəxslərdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı 187000 manat maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-ni Cavabdeh MMC ilə əvəz etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, 21 noyabr 2011-ci il tarixində Dövlət Qulluğu imtahanında keçid balı toplayaraq 27 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Dövlət qulluğu vəzifəsinə təyin olunmuşdur. 05 fevral 2015-ci il tarixində AzərbaycanRespublikası Prezidentinin Fərmanı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmuş, 05 iyun 2015-ci il tarixində müsahibə yolu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində vəzifəyə təyin olunmuşdur. 2016-cı ilin iyun ayının əvvəlində Cavabdeh MMC Şirkətlər qrupunun mülkiyyətində, icarəsində və istifadəsində olan torpaq sahələrinin qeydiyyatını, uçotunu, torpaq sahələrinin sərhəd mübahisələrini vəs. torpaq mübahisələrinə aid məhkəmə işlərini həll etmək üçün şirkətdə məsul vəzifədə işləyən Emil Hüseynov, Maşallah Tağıyev, Eldar Cəfərov və diğər vəzifəli şəxslər şirkətdə işləməyini və aylıq vəzifə maaşımın 2500 manat olmasını təklif etdilər. Maşallah Tağıyev hal-hazırda Cavabdeh MMC-də işləyir. O, bu təklifilə razılaşdaraq dövlət qulluğu vəzifəsindən azad olunmağı barədə Əmlak Məsələləri Dövlət Komitəsi sədrinə ərizə ilə müraciət etmişdir. Savadlı və bacarıqlı işçi olduğu üçün 6 ay ərzində Əmlak Məsələləri Dövlət Komitəsində vəzifədə qalmağı üçün onunla söhbətlər aparıldı. O, isə Cavabdeh MMC-də işləmək istədiyini bildirmişdir. Nəhayət, 14 dekabr 2016-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsində vəzifəsindən azad olunmağı barədə əmr verildi. 16 dekabr 2016-cı il tarixindən Cavabdeh MMC Şirkətlər qrupunun tabeliyində olan “X8” MMC-də torpaq məsələləri üzrə mütəxəssis vəzifəsinə təyin olunmuşdur. “X8” MMC xx.xx.2015-ci il tarixində Cavabdeh MMC tərəfindən yaradılmışdır. Şirkətin icraçı direktoru X1 həmin müddətdə Cavabdeh MMC-də Hüquq Departamentinin direktoru vəzifəsində işləyirdi.Cavabdeh MMC ilə "xxxx" MMC bir ünvanda, yəni Yasamal rayonu, N.ünvan 1ers” adlı binada) yerləşirdi. İlkin olarq onun aylıq vəzifə maaşını 1200 manat olmuş, bildirmişlər ki, bir müddət işlədikdən sonar aylıq vəzifə maaşı artırılacaq. xx.xx.2019-cu il tarixdə həmin şirkətin adı dəyişdirilərək “X10” MMC adlandırıldı. 07 avqust 2019-cu il tarixdə qeyd edilən şirkət ləgv olunduğundan ixtisarla əlaqədar 4 ay işsiz qalmışdır. 02 dekabr 2019-cu il tarixində X5 onu Cavabdeh MMC-nin tabeliyində fəaliyyət göstərən "xxxx" MMC-də torpaq məsələləri üzrə mütəxəssis vəzifəsinə təyin etdi. Aylıq vəzifə maaşını isə 900 manat müəyyən etdi və bildirdi ki, bir müddət işlədikdən sonra vəzifə maaşı artırılacaq. 2016-cı ilin iyun ayından 02 iyun 2023-cü il tarixinə kimi Cavabdeh MMC-nin torpaq məsələləri üzrə problemlərinin çox hissəsini, torpaq məsələlərinə aid mübahisələrlə əlaqədar məhkəmə işlərində şikətin xeyrinə işləri həll etmişdir. Lakin 02 iyun 2023-cü il tarixindən "xxxx" MMC-nin ləğv olunması ilə ixtisarla əlaqədar olaraq işdən azad olunmuşdur. X5 son vaxtlara qədər ona vəd verirdi ki, başqa işlə təmin olunacaq. Lakin bu vaxta kimi deyilən vədlərə baxmayaraq işlə təmin olunmamışdır. Beləliklə, işsiz qaldığı üçün bu müddətdə ona 182000 manat maddi ziyan dəymişdir. Bundan əlavə şirkətdən ixtisarla əlaqədar vəzifədən azad olunduqdan sonra Cavabdeh MMC-nin tabeliyində fəaliyyət göstərən digər şirkətin - "xxxx" MMC-nin məhkəmə işlərini həll etmək üçün ona müraciət etmişlər. Cavabdeh MMC-nin tabeliyində fəaliyyət göstərən "xxxx" MMC-nin (Göygöl və Samux rayonları inzibati ərazilərində yerləşən) məhkəmə mübahisələrini qanuna müvafiq olaraq şirkətin xeyrinə həll etmişdir. Bununla əlaqədar olaraq həmin şirkətin icraçı direktoru Elçin Mədətovdan 5000 manat zəhmət haqqının ödənilməsini xahiş etmiş, lakin həmin pul vəsaiti də ödənilməmişdir. Bununla əlaqədar olaraq bu vaxta kimi işsiz qaldığımüçün mənə 182000 +5000 = 187000 manat maddi cəhətdən ziyan dəymişdir.

6. Cavabdeh MMC məhkəməyə iddia tələbinə dair yazılı etiraz təqdim edərək, bildirmişdir ki, “iş üzrə iddiaçının iddia tələbinin yönəldiyi şirkət Cavabdeh MMC ola bilməz. Çünki sözügedən şəxs heç bir vaxt Cavabdeh MMC-nin əməkdaşı olmamış, işçi olaraq onunla əmək müqaviləsi bağlanmamışdır. İddiaçının bildirdiyinə görə o, guya 16 dekabr 2016-cı ildən "xxxx" MMC adlı şirkətdə torpaq məsələləri üzrə mütəxəssis, daha sonra 02 dekabr 2019 "xxxx" MMC-də işləmişdir. Lakin iddiaçının əmək kitabçasının surətindən göründüyü kimi o, əvvəlcə “X8” MMC-də, daha sonra "xxxx" MMC-də əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Sözügedən şirkətlər isə ayrıca hüquqi şəxslərdir və belə olan halda Cavabdeh MMC-nin hazırkı işdə cavabdeh olaraq cəlb edilməsi və ona qarşı iddia tələbinin yönəldilməsi əsassızdır. Hesab edirik ki, bu halda əsl olmayan cavabdehin əvəz edilməsi həyata keçirilməlidir.”

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2(004)- 3545/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

8. Qətnamənin əsaslarına görə, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının surətinə əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC ilə əmək münasibətlərində olmamışdır. İddiaçı əvvəlcə “X8” MMC-də, daha sonra "xxxx" MMC-də əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Sözügedən şirkətlər isə ayrıca hüquqi şəxslərdir. Cavabdeh MMC-nin hazırkı iş üzrə əsl olmayan cavabdehdir. Odur ki, cavabdehin etirazda qeyd etdiyi xüsusatlar əsaslıdır. Göstərilən xüsusatlar məhkəmə iclaslarında iddiaçıya bir neçə dəfə izah edilsə də, iddia ərizəsi üzrə cavabdeh əsl cavabdehlə əvəz edilməmiş, iddiaçı arqument olaraq bildirmişdir ki, “X8” MMC və "xxxx" MMC Cavabdeh MMC-nin tabeçiliyində olan şirkətlər olmuşdur. Mülki hüquq münasibətlərinin subyekti kimi hər hüquqi şəxs müstəqil qurumdur. Hazırki iddia tələbi əsl olmayan cavabdehə qarşı yönəlmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra işçiyə əmək haqqının ödənilməsi istisna olunur. Əmək haqqının təyinatı əmək funksiyalarını icra edən işçinin əməyinin kompensasiya edilməsidir. Şəxs(lər)lə ilə əmək münasibətlərinə daxil olmaq isə işəgötürənin vəzifəsi deyildir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 154, 155-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı apellyasiya şikayəti üzrə iddia tələbi olaraq "xxxx" MMC-də işlədiyi müddətdə və vəzifəsindən azad olunduğu vaxtdan sonra ona dəymiş maddi ziyanın əvəzinə 187000 manat məbləğində pulun ödənilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirilir ki, hazırkı iş üzrə iddiaçının iddia tələbinin yönəldiyi şirkət Cavabdeh MMC ola bilməz. Çünki sözügedən şəxs heç bir vaxt Cavabdeh MMC-nin əməkdaşı olmamış, işçi olaraq onunla əmək müqaviləsi bağlanmamışdır. İddiaçının bildirdiyinə görə o, guya 16 dekabr 2016-cı ildən "xxxx" MMC adlı şirkətdə torpaq məsələləri üzrə mütəxəssis, daha sonra 02 dekabr 2019 "xxxx" MMCdə işləmişdir. Lakin iddiaçının əmək kitabçasının surətindən göründüyü kimi o əvvəlcə “X8” MMC-də, daha sonra "xxxx" MMC-də əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Sözügedən şirkətlər isə ayrıca hüquqi şəxslərdir və belə olan halda Cavabdeh MMC-nin hazırkı işdə cavabdeh olaraq cəlb edilməsi və ona qarşı iddia tələbinin yönəldilməsi əsassızdır. Bu məsələ birinci insatansiya məhkəməsi tərəfindən araşdırılmış, iddiaçıya müvafiq izahlar verilmiş və tələb üzrə əsaslı, qanuni və ədalətli qətnamə qəbul edilmişdir. Hal-hazırda verilən apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur, şikayət əsassızdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; 14.2.6. Başqa şəxsə zərər vurulması; 14.2.7. Əsassız varlanma; 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri; 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

17. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; Maddə 154.1. Əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər; Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi və iddianın təmin olunması xahiş edildiyindən qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

21. Belə ki, birinci instansiya məhkəməsi aşağıdakı əsaslarla iddianın rədd edilməsi qənaətinə gəlmişdir: - iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının surətinə əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC ilə əmək münasibətlərində olmamışdır; - iddiaçı əvvəlcə “X8” MMC-də, daha sonra "xxxx" MMC-də əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Sözügedən şirkətlər isə ayrıca hüquqi şəxslərdir. Cavabdeh MMC-nin hazırkı iş üzrə əsl olmayan cavabdehdir; - əmək müqaviləsinə xitam verildikdən sonra işçiyə əmək haqqının ödənilməsi istisna olunur.

22. Apellyasiya şikayətinin dəlilləri baxımından işin hallarını qiymətləndirən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia zərərin ödənilməsi ilə bağlıdır. Zərərin mövcud olub – olmamasını müəyyən etmək ilkin olaraq zərərin müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, sonradan isə mülki hüquq pozuntusu, əsassız varlanma və digər əsasların mövcud olub – olmaması qiymətləndirilməlidir.

23. İşin halları ilə müəyyən olunur ki, iddiaçı cavabdehlə əmək münasibətlərində olmamışdır, əmək münasibətlərində olduğu hüquqi şəxslərlə əmək müqaviləsi əsasında fəaliyyət göstərmiş, sonradan bu əmək müqavilələrinə müxtəlif əsaslarla xitam verilmiş və bu barədə olan əmrlər iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

24. Cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyinin mövcud olması, iddiaçıya qarşı mülki hüquq pozuntusu törədilməsi və digər xüsusatlar da işin halları ilə təsdiqini tapmır.

25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2(004)- 3545/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2(004)- 3545/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar