Məhkəmə qərarları › İş №2(004)-3551/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3551/2021

03.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanın ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3551/2021 03.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdeh Azərbaycan Milli Elmlər X5 nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Milli X1rşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Milli X1rşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi 05.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ona qarşı qərəzli mövqe ilə yanaşan əsassız və qanunsuz olaraq işdən çıxarılmağına səbəb olan cavabdeh Azərbaycan Milli Elmlər X5 direktoru Nazim İmanov tərəfindən 21.09.2018-ci il tarixdə verilmiş 206 saylı əmrin ləğv edilməsi, işə bərpa olunması, maddi və mənəvi zərərin əvəzi olaraq 15000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, ona qarşı qərəzli mövqe ilə yanaşan əsassız və qanunsuz olaraq işdən çıxarılmağına səbəb olan cavabdeh Azərbaycan Milli Elmlər X5 21.09.2018-ci il tarixli 206 nömrəli əmrinin ləğv edilməsi, işinə yenidən bərpa edilməsi, vurulmuş maddi və mənəvi ziyanın əvəzi kimi cavabdehdən 15.000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, iddiaçı uzun müddət Azərbaycan Milli Elmlər X2 kiçik elmi işçi vəzifəsində işləmişdir. Uzun müddət işləməyinə baxmayaraq, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov keçirtdiyi qanunsuz müsabiqədə onu qanunsuz və əsassız olaraq (səsvermə yolu ilə) işdən azad etmişdir. İddiaçıya qarşı irəli sürülən tələbləri qeyri-obyektiv hesab edir. Belə ki, iddiaçı həmişə vicdanla və sədaqətlə çalışmış, üzərinə qoyulan öhdəlikləri layiqincə yerinə yetirmişdir. Çalışdığı müddətdə işinə və adına xələl olan hərəkətlərə yol verməmişdir. İddiaçı analıq məzuniyyətindən işə qayıtdıqdan sonra da bir il altı ay ərzində kiçik elmi işçi kimi öhdəlikləri yerinə yetirmişdir. İllik hesabatı şöbə müdiri, institutun direktoru tərəfindən qəbul edilmişdir. AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov 21.09.2018-ci il tarixli 206 saylı əmr vermiş və həmin əmrdə qeyd etmişdir ki, müsabiqə nəticələrinə görə İnstitutunun 6 nəfər əməkdaşı, o cümlədən iddiaçı iddia etdikləri vəzifələrə seçilmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduqları vəzifədən azad edilsinlər. Halbuki, iddiaçı ilə bərabər institutun 5 nəfər əməkdaşı uzun müddətdir ki, AMEA-nın İqtisadiyyat İnstitutunun işçiləridirlər. Hesab edir ki, iddiaçı ilə bərabər institutun 5 nəfər əməkdaşı barəsində heç bir müsabiqə keçirilə bilməzdi. Çünki, müsabiqə işə qəbul olmaq üçün yalnız vakant yerlər üçün keçirilir. İddiaçı uzun müddətdir ki, AMEA-nın İqtisadiyyat İnstitunda əmək müqaviləsi ilə işləyir və onunla yenidən əmək müqaviləsi bağlamağa ehtiyac yox idi. Bu səbəbdən də, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov tərəfindən verilmiş əmir qanunsuz müsabiqəyə əsaslanır. İddiaçı ilə bərabər işdən çıxarılmış institutun 5 nəfər əməkdaşından 3 nəfəri məhkəməyə müraciət edərək, yenidən işə bərpa olunmuş və tələb etdikləri maddi təzminatlarını məhkəmə yolu ilə almışlar. Qanunsuz və haqsız yerə işdən bu cür azad olunması iddiaçının sağlamlığına böyük zərbə olmuşdur. İddiaçı olduqca mənəvi iztirab və stres yaşamışdır. 2018-ci ilin noyabr ayinda ağır əməliyyat keçirmiş, keçirtdiyi əməliyyatdan tam özünə gəlməmiş, 2019-cu ilin may ayında daha bir çətin əməliyyat olunmuşdur. Əməliyyatlar sonrası 2020-ci ildə orqanizminin bərpası üçün müalicəvi-proflaktik işlər aparmışdır. Məhkəməyə vaxtında müraciət etməməsinin səbəbləri, səhətti ilə bağlı və mövcud olan covid-19 pandemiyası ilə əlaqədar olmuşdur. Artıq bu gün iddiaçının sağlamlığı qaydasındadır və işə qayıdıb elmi işini yazıb, elmi dərəcəyə nail olmaq arzusunu həyata keçirtmək istəyir. Hesab edir ki, iddia əsaslıdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, nümayəndəsi və vəkili Vəkil izahatı ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, əmək kitabçaların verilməsi jurnalındakı imza ona məxsusdur, 11.10.2018-ci il tarixdə əmək kitabçasını almasına dair jurnalda qeydiyyat aparılsa da, o əmək kitabçasını məhkəməyə müraciət etməmişdən bir neçə gün əvvəl institutdan əldə etmişdir. 21.09.2018-ci il tarixdə işdəne azad edilən zaman ona və digər işçilərə bildirilmişdir ki, müsabiqədən keçmədiklərinə görə işdən azad edilirlər. O, sonuncu dəfə 2018-ci ilin sentyabr ayında əmək haqqı almışdır. 21.09.2018-ci il tarixdən sonra işə getməmişdir. 20.09.2018-ci ildə Elmi Şuranın iclası keçirildi. Səsvermə gizli keçirillb və onlara bildirdilər ki, müsabiqədən keçməyiblər. O, müsabiqənin nəticələrini mübahisələndirməmişdir. Çünki, vakant yerlər var idi. O, 21.09.2018-ci ildə işdən azad olunmasını bilmişdir. 02.11.2018-06.11.2018-ci il tarixdə və 17.05.2019-18.05.2019-cu il tarixdə xəstəxanada olmuş, əməliyyat olunmuşdur, qan azlığından əziyyət çəkmişdir. Sonra ölkədə covid-19 pandemiyası baş vermişdir. O, səhhəti ilə bağlı üzürlü səbəblərdən bir aylıq müddəti ötürmüşdür. Beş ildən bir attestasiya aparılmalıdır, müsabiqə keçirilə bilməzdi. O, analıq məzuniyyətindən qayıtdıqdan bir il altı ay sonra müsabiqədə iştirak etmişdir. Müsabiqədə iştirak etmək könüllü olmuşdur və o, könüllü olaraq müsabiqədə iştirak etmişdir. Hesab edir ki, işdən azad edilməsi qanunsuz olmuşdur. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Milli Elmlər X5 nümayəndəsi X11 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, AMEA-nın X9 Şurasının 22.06.2018-ci il tarixli iclasının və AMEAnın X12 Bürosunun 21.09.2018-ci il tarixli 06 saylı qərarlarına əsasən İddiaçı müsabiqənin nəticələrinə görə iddia etdiyi (kiçik elmi işçi) vəzifəyə seçilməmişdir. İddiaçı iddia etdiyi vəzifəyə seçilmədiyi AMEA-nın X10 Şurasının 22 iyun 2018-ci il tarixdə keçirilmiş iclasında məlum olmuşdur və iddiaçı bu faktı iddia ərizəsində özü etiraf etmişdir. Müsabiqədə iştirak etmək könüllü xarakter daşımışdır, iddiaçı könüllü olaraq müsabiqədə iştirak etmiş və müsabiqədən keçə bilməmişdir. Cavabdehin iddiaçıya qarşı hər hansı bir qərəzi olmamışdır. İddiaçı cavabdeh AMEA-nın İqtisadiyyat İnstiutunun 22 iyun 2018-ci il tarixli iclasında qəbul edilmiş qərardan Əmək Məcəlləsinin 50-ci maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündür. İddiaçı işdən azad edilməsi ilə bağlı 21.09.2018-ci il tarixli əmrin surəti və əmək kitabçasını 11.10.2018-ci il tarixdə “əmək kitabçalarının qeydə alınması” kitabına imza etməklə şəxsən almışdır. İddiaçı vəzifədən azad edilməsi ona 21.09.2018-ci il tarixdə məlum olmuşdur və 11.10.2018-ci il tarixdən əmək kitabçasını və əmri rəsmi qaydada aldığı gündən onun bir ay müddətində məhkəməyə müraciət etmək hüququ olmuşdur. İddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci maddəsi ilə müəyyən olunmuş bir ay müddətində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, iddia ərizəsində isə səhhəti ilə (işdən azad olunduqdan sonra 2018-ci ilin noyabr ayında əməliyyat keçirdiyini, daha sonra 2019-cu ilin may ayında isə başqa bir əməliyyat keçirdiyini, 2020-ci ildə isə orqanizminin bərpası üçün müalicə olunduğunu qeyd etmişdir) bağlı olaraq vaxtında məhkəməyə müraciət etmədiyini göstərmişdir. Hesab edir ki, İddiaçı səhhəti ilə bağlı olaraq məhkəməyə vaxtında müraciət edə bilmədiyinə dair dəlilləri əsassızdır. Belə ki, iddiaçı işdən azad olunduqdan sonra 2018-ci ilin noyabr ayında əməliyyat keçirdiyini, daha sonra 2019-cu ilin may ayında isə başqa bir əməliyyat keçirdiyini qeyd etmişdir. Göründüyü kimi, iddiaçının keçirdiyi birinci əməliyyatı ilə ikinci əməliyyatı arasında beş ay müddət olmuşdur. Qeyd olunan müddət isə kifayət qədər uzun müddət olduğundan iddiaçı həmin müddət ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. İddiaçı işdən azad edilməsi ilə bağlı əmrin surətini və əmək kitabçasını 11 oktyabr 2018-ci il tarixdə aldıqdan iki il dörd ay keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsində isə səhhəti ilə bağlı olaraq qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməməsinə dair göstərdiyi səbəblər isə tamamilə əsassızdır. Odur ki, iddia müddətinin tətbiqinə dair ərizə təqdim etməklə, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, müddət ötürüldüyünə görə iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, iş materiallarında olan rəsmi sənədlərlə və işin həqiqi halları ilə müəyyən edildi ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Milli Elmlər X5 21.09.2018-ci il tarixli 206 nömrəli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 50-ci, “Elm haqqında” Qanunun 8-ci maddələrinə, AMEA X3 2, 3, 4-cü bəndlərinə əsasən elmi işçi-şöbə müdiri, baş, aparıcı, böyük elmi işçi, elmi işçi, kiçik elmi işçi vəzifələrinin tutulması məqsədilə AMEA X9 Şurasının 21, 22, 25, 28 iyun 2018-ci il tarixli iclaslasının (protokol № 06, 08, 09, 13) və AMEA X12 Bürosunun 21.09.2018-ci il tarixli 06 saylı Qərarları nəzərə alınaraq, müsabiqə nəticələrinə görə iddia etdiyi vəzifəyə seçilmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı işdən azad edilməsi 21.09.2018-ci il tarixdə bəlli olmuşdur. Əmək Məcəlləsinin 50-ci maddəsinə əsasən yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər. Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. Müsabiqə işçinin (müvafiq vəzifəni tutmaq iddiasında olan şəxsin) sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər. Müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. Keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər. Məhkəmə, müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. AMEA-nın X9 Şurasının 22.06.2018-ci il tarixli 8 nömrəli iclasının qərarı və AMEA-nın X12 Bürosunun 21.09.2018-ci il tarixli 06 nömrəli qərarı ilə İddiaçı müsabiqənin nəticələrinə görə iddia etdiyi (kiçik elmi işçi) vəzifəyə seçilməmişdir. İddia etdiyi vəzifəyə seçilmədiyi həmin vaxt İddiaçı məlum olmuşdur. İddiaçı müsabiqədən keçmədiyini bildiyi halda, Əmək Məcəlləsinin 50-ci maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş qaydada keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının 22.06.2018-ci il tarixli 8 nömrəli və 21.09.2018-ci il tarixli 06 nömrəli qərarları qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət etmək hüququndan da istifadə etməmişdir. İddiaçı işdən azad edilməsi ilə bağlı əmrin surətini və əmək kitabçası 11.10.2018-ci il tarixdə “əmək kitabçalarının qeydə alınması” kitabına imza etməklə institutdan şəxsən almışdır. Epikrizlərdən görünür ki, İddiaçı 02.11.2018-06.11.2018-ci il tarixə xəstəxanada əməliyyat və müalicə olunmuş, 06.11.2018-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. Daha sonra 17.05.2019-18.05.2019-cu il tarixə kimi xəstəxanada müalicədə olmuşdur. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə İddiaçı iddia ərizəsində isə səhhəti ilə bağlı olaraq məhkəməyə müraciət etmədiyinə dair gətirdiyi dəlilləri əsassız hesab edir. Belə ki, İddiaçı 21.09.2018-ci il tarixli əmlə işdən azad edilməsindən 21.09.2018-ci il tarixdə məlumatı olmuşdur, işdən azad edilməsi ilə bağlı əmrin surətini və əmək kitabçasını 11.10.2018-ci il tarixdə almış və iddiaçının keçirdiyi birinci əməliyyatı ilə ikinci əməliyyatı arasında beş ay müddət olmuşdur. Qeyd olunan müddət ərzində isə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün kifayət qədər vaxtı olmuşdur. Bundan əlavə iddiaçı işdən azad edildiyi 21.09.2018-ci il tarixdən bir aylıq müddəti buraxaraq 2 il 6 ay sonra 05.05.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmişdir. Mülki Məcəllənin 375.2-ci madəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, İddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmədiyinə görə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2ci hissəsinin tələbinə əsasən iddia təmin edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. İddiaçının digər tələbləri işdən azad edilməsi ilə bağlı mənəvi zərərə məruz qalmasından ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçının işə barpa tələbinə dair iddia tələbi rədd edildiyinə görə, mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddiası da rədd edilməlidir. Çünki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılara məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Milli X1rşı “Azərbaycan Milli Elmlər X5 21.09.2018-ci il tarixli 206 nömrəli əmrinin ləğv edilməsi, işinə yenidən bərpa edilməsi, vurulmuş maddi və mənəvi ziyanın əvəzi kimi cavabdehdən 15.000 manat pul tutularaq ona ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar