Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-357/2021 28.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X7 iclas katibliyi, İddiaçı, Cavabdeh və həmçinin digər cavabdeh X3 nümayəndəsi Cavabdeh, X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “özbaşına tikintinin sökülməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “özbaşına tikintinin sökülməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında aparılmış özbaşına tikilinin sökülməsinin cavabdehlərin üzərinə öhdəlik qoyulmasına və məhkəmə xərclərinin cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 500-cü məhəllə, ev 27, mənzil 10 ünvanında yerləşən mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 09.02.2018-ci il tarixli Seriya RX ******* saylı Çıxarışı əsasında mülkiyyətçisidir. Lakin, artıq iki aydır ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində mənzil üzərində istifadə hüququnu tam həyata keçirə bilmir, yaşayış şəraiti xeyli pisləşmişdir. Belə ki, cavabdeh yaşadığı yaşayış binasının birinci mərtəbəsində yaşayan qonşusudur və öz mənzilinin qarşısında qanunsuz eyvan inşa etmişdir. Həmin qanunsuz eyvanın hündürlüyü onun pəncərəsinin səviyyəsindən hündürdür. Bu özbaşına tikilinin damı onun eyvanı və pəncərəsinin üzərində yerləşir. Cavabdeh onun pəncərəsində və eyvanında kərpic hörmüşdür, betonlaşdırmışdır və üzərindən 30 kv.metr sahədə şifer qoymuşdur. Bu özbaşına tikintinin nəticəsində indi onun pəncərəsi açılmır, evinə işiq və havanın girişi məhdudlaşdırılmışdır. Beləliklə, onun mənzil- məişət şəraiti pisləşmiş, onun və ailəsinin sağlamlığı təhlükə altına atılmışdır. Bu formada inşa edilmiş tikili onun mülkiyyət hüququnu pozur və özbaşına tikili hesab olunaraq sökülməlidir. Qoşmadakı fotoşəkillərdən bu aydın görsənir. Artırma eyvanlar həm də texniki cəhətdən binaya mənfi təsir göstərir. Cavabdehə dəfələrlə bu məsələnin həll edilməsi üçün müraciət etsə də, o, özbaşına tikilini sökməkdən imtina edir, hətta dava edərək onu təhqir etməkdə davam edir. Cavabdeh bu özbaşına tikintini o karantin zamanı qızının evində qısa müddətdə qaldığı zaman onun eyvanına qanunsuz daxil olaraq həyata keçirmişdir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinə və Yasamal Rayon İcra Hakimiyyətinə yazılı müraciət etmişdir. Həmçinin, Azərbaycan Respublikasının Vitse- Prezidenti xanım Mehriban Əliyevaya da müraciət etmişdir. Yasamal Rayon İcra Hakimiyyətindən aldığı cavaba (qoşmada) əsasən özbaşına tikililər yalnız məhkəmə qərarı ilə sökülə bilərlər. Belə ki, İcra Hakimiyyəti də bu tikilinin qanunsuz olduğunu təsdiq edir. Həmçinin, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məsələnin araşdırılması üçün mənzilə əməkdaşlar göndərilmişdir. Həmin əməkdaşlar da cavabdehin qanunsuz olaraq inşa etdiyi tikilinin özbaşına tikinti olmasını təsdiq etmiş və məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, əlavə etdi ki, cavabdehin tikdiyi tikilinin damı onun eyvanının qarşısında yerləşir, bu isə təhlükəli bir haldır. İstənilən insan o dam vasitəsi ilə onun evinə daxil ola bilər. Bu isə əmlak baxımından, insan həyatı baxımından çox təhlükəlidir. Sözügedən tikili heç bir tikinti normalarına uyğun deyil. Onun evinin ünvanı ünvan 2 qeyd edilib. Mənzilinin ümumi sahəsi 50 kv.metr təşkil edir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və həmçinin digər cavabdeh X3 nümayəndəsi Cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, həmin tikili tikilməyə başlananda onun ayağı əməliyyat olunmuşdur. O, tikilini görən zaman ustaların səhvi nəticəsində tikilinin çox yuxarı qaldırıldığını bildirmiş və buna görə iddiaçıdan üzr istəmiş və ustalar səhvlərini düzəldərək yuxarı qaldırılmış hissəni aşağı endirmişlər. Həmçinin iddiaçı tikilinin 1 həftədə tikilidiyi deyir, lakin həmin tikili 2 ay yarım ərzində tikilmişdir və iddiaçının buna heç bir etirazı olmamışdır. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 10 saylı mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan MH seriyalı ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində istifadədə olan 0.04414 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 2 mərtəbəli binada yerləşən 62.55 kv.m ümumi, 30,3 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 7 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X5 mülkiyyətindədir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının müavini tərəfindən İddiaçı ünvanlanmış 28.07.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsinin tələblərinə uyğun olaraq lazımi icazə sənədləri olmadan şəhərsalma tikinti və normalarını ciddi surətdə pozmaqla tikilmiş tikililər və qurğular məhkəmə qərarı əsasında sökülə bilər. İş materiallarında olan İddiaçı yazılı izahatında bildirmişdir ki, cavabdehin istinad etdiyi faktların işin mahiyyətinə aidiyyəti yoxdur. Belə ki, onun sözügedən evə 1967-ci ildən köçməsi çoxuşaqlı ailə olması ona heç bir hüquq vermir ki, qonşunun mülkiyyətinə daxil olaraq özünə qanunsuz eyvan tiksin. Dam örtüyünün təmiri məqsədi ilə onun mülkiyyətinə daxil olmağa ona heç kim icazə verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual ləcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Cavabdehin istinad etdiyi digər əsas odur ki, onun qanunsuz tikilisinin sökülməsi üçün ona kompensasiya ödənilməlidir. Dövlət tərəfindən kompensasiya yalnız icazəli və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən rəsmi qeydiyyata alınmış əmlaklar üçün ödənilir. Cavabdeh qanunsuz olaraq inşa etdiyi tikili üçün heç kimdən heç bir kompensasiya və ya ödəniş tələb etmək hüququna malik deyil. Qanunsuz tikilinin sökülməsi belə tikilini inşa etmiş şəxsin, yəni cavabdehin, öz hesabına həyata keçirilməlidir. Məhkəməyə təqdim etdiyi bu ərizə guya qonşular tərəfindən imzalanmışdır. Bu imzaların həqiqiliyi notarius tərəfindən təsdiq edilməmişdir və beləliklə heç bir hüquqi qüvvəyə malik deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Cavabdeh öz tikilisinin qanuni olduğunu israrla təkrarlasa da məhkəməyə heç bir rəsmi icazə və ya digər sənəd təqdim etməmişdir. Bu da o deməkdir ki, belə bir icazə mövcud deyil və tikili tamamilə qanunsuzdur. İş materiallarında olan Cavabdeh yazılı izahatında bildirmişdir ki, İddiaçı onun qonşusudur və o bu binaya son bir il ərzində köçmüşdür. Onun atası və anası isə 1967-ci ildən bu binada və qeyd edilən mənzildə yaşayırlar. Çox uşaqlı ailənin gələcəkdə yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə 1973-cü ildən etibarən ətraf qonşularla birgə, aidiyyəti qurumların razılığına əsasən, mənzilin eyvanları genişləndirdərək tiklililər aparılmış və tavanları şiferlərlərlə bağlanmışdır Bütün bunlar ikinci mərtəbələrdə yaşayan qonşuların razılığına əsasən olmuşdur. 2000-ci ildə artırılan tikilinin dam örtüyü dəmir şiferlə əvəz edilmişdir. Son zamanlar dam örtüyünün təcili təmirə ehtiyacı olduğu üçün, 2020-ci ilin may-iyun aylarında təmir işlərinə başlamışdır. Bu barədə qonşuları, həmçinin İddiaçı xəbərdar etmişdir. Tikilinin damını dəyişdirmiş və əvvəlkindən bir az aşağı salaraq daha da effektli etmişdir. Yəni 30-40 il əvvəldən tikilmiş eyvanda kosmetik təmir işləri aparılmaqla tikilinin estetik görünüşü də dəyişdi. Həmçinin çoxsaylı ailəsinin yaşaması üçün şərait yarandı. O, təmiri bitirdikdən sonra qonşu İddiaçı öz etirazını bildirdi ki, guya onun eyvanının qarşısı kəsilib və hava ala bilmir. O, iddiaçıya bildirmişdir ki, bu tikili 30 ildən artıq inşa edilib, həmçinin yağış sularının evə axmasının qarşısını almaq məqsədi ilə yeni təmir işləri etmişdir və əksinə onun eyvanın qarşısından damı 2 metr məsafədə aşağı salmışdır.Sonradan o bütün tikilinin sökdürəcəyi ilə hədələdi və aidiyyəti orqanlara şikayət edəcəyini bildirdi. Bütün bu söhbətlər zamanı o və onun ailəsi tərəfindən ona heç bir təhqir və təzyiqlər olunmayıb. İddiaçı ərizəsində bildirir ki, guya onun eyvanı və pəncərəsi açılmır, işıq düşmür, havasının qarşısı alınıb və onun ailəsinin yaşayışı üçün təhlükə yaranıb. Ərizəyə əlavə etdiyi foto şəkillərdə açıq aydın görünür ki, bütün bunlar düzgün deyil. Hər halda bütün bunların məhkəmə tərəfindən yerində yoxlanılması heç bir problem yaratmaz. İddiaçı yaşayış evinin sökdürülməsini təkid etməklə nə əldə edəcəyini o başa düşə bilmir. Həmçinin, o yəqin bilmir ki, hər hansı bir yaşayış evinin sökülməsi heç də asan bir şey deyil. Çünki belə yaşayış tikililəri 10 min illərdir ki, insanlar məcburiyyət qarşısında qalaraq, bütün bunları yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün etmişlər və əksinə belə söküntülərin baş verməsi vətəndaşların böyük bir narazılığına səbəb ola bilər. Həmçinin bunun üçün kompensasiyalar ödənilməldir. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamına əsasən bütün qanunsuz tiklilərin sənədləşməsinə başlanmışdır. İş materiallarında olan 03.03.2021-ci il tarixli, 10/2992 saylı ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən sökülməsi tələb edilən Cavabdeh sahibliyində və istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, məhəllə 500, ev 27, 10 saylı mənzilin qarşısında tikilmiş tikiliyə dair mülki iş materiallarında heç bir layihə və icazə sənədlərinə rast gəlinməmişdir. Bununla bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin tələblərinə əsasən aparılmış tikinti işlərinə dair müvafiq icazə alınmalı idi. Tədqiq olunan ərazidə aparılmış tikinti işlərinə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün, həmin tikinti işlərinin aparılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən inşa edilən tikilinin hər hansı bir hissəsinin İddiaçı məxsus əraziyə daxil olmasına maneçilik törətmir. Cavabdeh tərəfindən artırılmış tikili giriş qapısı tərəfdən deyil, özünəməxsus balkon tərəfdən inşa edilmişdir. Həmin tikilinin inşa olunması iddiaçının mənafeyinə toxunub-toxunmaması məsələsi hüquqi xarakter daşıdığından məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Mübahisəli tikilinin eni 5 metr, uzunluğu 6 metr olmaqla sahəsi 30 kv.metr təşkil edir. Tikilinin xarici hündürlüyü 3 metrdir. İş materiallarında olan 18.08.2021-ci il tarixli 10/2264 saylı əlavə ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən sökülməsi tələb edilən Cavabdeh sahibliyində və istifadəsində olan ünvan 4 ünvanında yerləşən 10 saylı mənzilin qarşısında tikilimiş tikili iddiaçıya məxsus mənzilə işığın, hava axımının, o cümlədən görüntünün qarşısını alan məhdudiyyətlər yaratmır. İş materiallarında olan 23.09.2021-ci il tarixli yerli baxış protokolundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 500-cü məhəllə, ev 27, mənzil 7 və mənzil 10-a baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, məhəllə 500, ev 27, 10 saylı mənzil İddiaçı mülkiyyətində olmaqla binanın ikinci mərtəbəsində yerləşir. Cavabdeh sahibliyində və istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, məhəllə 500, ev 27, 7 saylı mənzil isə binanın 1-ci mərtəbəsində yerləşir. Cavabdeh tərəfindən mənzilin qarşısında özünə məxsus balkon tərəfdən əlavə tikili inşa edilmişdir. Daha sonra iddiaçının mənzilinə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının eyvanı cavabdehə məxsus əlavə tikilinin tavanı ilə 1m. 20 sm. təqribi məsafə ilə aralıdır. Daha sonra cavabdehin sahibliyində olan həm mənzilə həm də əlavə tikiliyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, məhəllə 500, ev 27, 7 saylı mənzildə cavabdehin valideynləri yaşayır, özü isə ailəsi ilə birlikdə əlavə tikilidə yaşayır. Bundan əlavə cavabdehin anası X6 baxış zamanı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, məhəllə 500, ev 27, 7 saylı mənzilin ona məxsus olduğunu (mənzilə dair sənədləri göstərməklə) və müvafiq sənədlərə istinad edərək əlavə tikilinin bir hissəsinin mənzilə dair çıxarışda və ona əlavə edilən texniki pasportda əks olunduğunu bildirmişdir. Həmçinin əlavə tikilinin mənzil kimi tam və keyfiyyətli təmir olunduğu və yaşayış üçün yararlı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışına əsasən, ünvan 3 ünvanında yerləşən 10 saylı mənzil İddiaçı mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, məhəllə 500, ev 27, 10 saylı mənzil İddiaçı mülkiyyətində olmaqla binanın ikinci mərtəbəsində yerləşir. Cavabdeh X3 tam mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, məhəllə 500, ev 27, 7 saylı mənzil isə binanın 1-ci mərtəbəsində yerləşir. Həmin mənzilin qarşısında özünə məxsus balkon tərəfdən əlavə tikili inşa edilmişdir. Daha sonra həmin mənzilə, həm də əlavə tikiliyə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin mənzildə cavabdeh X6 həyat yoldaşı ilə yaşayır, digər Cavabdeh isə ailəsi ilə birlikdə əlavə tikilidə yaşayır. Həmçinin müəyyən edilmişdir ki, əlavə tikili olan sahə mənzil kimi tam və keyfiyyətli təmir olunmuş və yaşayış üçün yararlıdır. Bundan əlavə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdeh X4 məxsus mənzilə inşa edilən əlavə tikilinin bir hissəsi mənzilə dair çıxarışda və ona əlavə edilən texniki pasportda əks olunmuşdur. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, İddiaçı tərəfindən sökülməsi tələb edilən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, məhəllə 500, ev 27, 10 saylı mənzilin qarşısında tikilmiş tikiliyə dair mülki iş materiallarında heç bir layihə və icazə sənədlərinə rast gəlinməmişdir. Lakin buna baxmayaraq inşa edilən tikilinin hər hansı bir hissəsinin İddiaçı məxsus əraziyə daxil olmasına maneçilik törətmir. Cavabdeh tərəfindən artırılmış tikili giriş qapısı tərəfdən deyil, özünəməxsus balkon tərəfdən inşa edilmişdir. Həmçinin məhkəmə tərəfindən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan 18.08.2021-ci il tarixli 10/2264 saylı ekspert rəyindən də görünür ki, İddiaçı tərəfindən sökülməsi tələb edilən ünvan 4 ünvanında yerləşən 10 saylı mənzilin qarşısında tikilimiş tikili iddiaçıya məxsus mənzilə işığın, hava axımının, o cümlədən görüntünün qarşısını alan məhdudiyyətlər yaratmır. Beləliklə həm əsas həm də əlavə ekspertiza nəticəsində əlavə tikiliyə dair hər hansı icazə və layihə sənədlərinin olmamasına baxmayaraq, inşa edilən əlavə tikilinin iddiaçıya heç bir maneə törətmədiyi, onun evinə işığın, hava axımının, o cümlədən görüntünün qarşısını alan məhdudiyyətlər yaratmadığı və ümumiyyətlə onun maraqlarına toxunmadığı müəyyən edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, cavabdehlər artıq neçə illərdir ki, ailələləri ilə birlikdə həmin mənzildə yaşayırlar. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, məhəllə 500, ev 27, 7 saylı mənzil cavabdeh X4 mülkiyyət hüququ ilə məxsus olduğu üçün və əlavə tikili məhz həmin mənzilə aid olduğu üçün Cavabdeh göstərilən iddia ərizəsi üzrə cavab verməli olan şəxs deyildir. Məhkəmə hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti İddiaçı və digər ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh və X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı və digər ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh və X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-357/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-357/2021
28.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver