Məhkəmə qərarları › İş №2(004)-357/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-357/2022

24.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-357/2022 24.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə pul vəsaitinin tutulmaması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə pul vəsaitinin tutulmaması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yazılmış 344, 36 (üç yüz qırx dörd manat, otuz altı qəpik) manat borcun silinməsi və hər ay üçün sudan istifadəyə görə hesabat aparılarkən tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə pul vəsaitinin ondan tutulmaması barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona sudan istifadəyə görə 344, 36 (üç yüz qırx dörd manat, otuz altı qəpik) manat borc yazılmışdır. Hesab edir ki, həmin borc ona əsassız olaraq yazılmışdır və silinməlidir. Belə ki, o ünvan 1 ünvanında yaşayır. 26.08.2011-ci ildə göstərdiyi ünvanda onun adına **********149 nömrəli abonent kodu açılmışdır. Kodun açıldığı andan ailə tərkibi 1 nəfər olmuşdur və hal-hazırda da 1 nəfərdir. Həmin tarixdən başlayaraq ondan ailə tərkibinə uyğun olaraq sudan istifadə haqqı hesablanmışdır. Bu proses 2013-cü ilin 1 fevral tarixinədək davam etmişdir. 2014-cü ilin 1 oktyabrında onun xəbəri olmadan ailə tərkibi 4 nəfər yazılmışdır. Həmin vaxt rayonda olduğum üçün bu prosesdən xəbəri olmamışdır. Onu da qeyd edir ki, o vaxt su iki gündən bir 1-2 saat gəlirdi ki, onu da kim vaxtını tuta bilirdisə, kim evdə olurdusa istifadə edirdi. Çox vaxt suyu maşınla gətiririb pulla sakinlərə satırdılar. 2015-ci ildə o Cavabdeh ASC-nin əraziyə nəzarət edən Zakir adlı işçisi ilə rastlaşmışdır. Ondan bu qədər borcu haradan yazdığını soruşmuşdur. İşçi ona borcu onun yox özündən əvvəlki nəzarətçinin yazdığını və bir ildir bu sahəyə nəzarət etdiyini və evdə yaşayış olmadığını bildiyini demişdir. Ona idrəyə gələcəyini bildirmiş və 100 manat pul vermişdir ki, onun kommunal xərcini ödəsin və 4 nəfəri 1 nəfərlə əvəz etsin. Pulu verdikdən bir neçə ay sonra o Zakiri görmüş və verdiyi 100 manatı onun hesabına köçürüb-küçürmədiyini, 4 nəfəri 1 nəfərlə əvəz edib-etmədiyini soruşmuşdur. Zakir ona həmin pulun 50 manatını onun hesabına köçürdüyünü, qalan pulun bir hissəsini kompyuterdə oturan ərizə yazan qızlara verdiyini, yerdə qalan hissəsini isə özünün yol xərci kimi istifadə etdiyini, ailə tərkibini 1 yox 2 nəfər yazdırdığını bildirmişdir. O, Zakirlə razılaşmamış və məsələnin həll edilməsi üçün Sabunçu rayon Su Kanal İdarəsinə və Cavabdeh ASC-yə müraciət etmişdir. O, adıçəkilən qurumlara dəfələrlə müraciət etsə də heç bir cavab ala bilməmişdir. O, müraciətlərinin cavablandırılmasını tələb etdikdə ailə tərkibi ilə bağlı arayışlarının və ərizələrinin arxivdə olduğunu, tapa bilmədiklərini bildirmişlər. O bir daha 27.06.2018-ci il tarixində arayış və ərizə ilə Sabunçu rayon Su Kanal İdarəsinə getmiş və idarənin rəisi Fərmail müəllimin yanında olmuşdur. Şikayət ərizəsini və 1 nəfərdən ibarət ailə tərkibini əks etdirən arayışı təqdim etmişdir. Lakin nə şikayət ərizəsini, nə də ailə tərkibi haqqında arayışı götürməmiş və həmin günü axşam saat 21-00-da mənzilinə sayğac quraşdırmışlar. O, əsassız olaraq yazılmış borcun silinməsini tələb etdikdə Fərmail müəllim ona bildirmişdir ki, 28 mayda yerləşən Asan Kommunala getib orada borcunu sildirə bilər. O da həmin yerə getmişdir. Asan Kommunalda ona bildirmişlər ki, onun borcun silindikdən sonra mənzilinə sayğac quraşdırılmalı idilər. Belə olan halda o yenə Sabunçu rayon Su Kanal İdarəsinə getmiş və ona yalan danışdıqlarını bildirmişdir. Onlardan ailə tərkibi ilə bağlı arayışı nə səbəbə götürmədiklərini soruşmuşdur. Ordan ona bildirmişlər ki, yığılan borcu ödə sonra arayışı götürək və ailə tərkibini əvvəlki kimi 1 nəfər qeyd edək. O, sonuncu dəfə Cavabdeh ASCdə olarkən orada özünü ərizə və şikayətlər şöbəsinin rəisi kimi təqdim edən şəxs yalnız DİN-nin tərfindən verillmiş ailə tərkibi haqqında arayışı qəbul etdiklərini və Sabunçu rayon Su Kanal İdarəsinin arayışları qəbul etməməkdə haqlı olduğunu bildirmişdir. O Cavabdeh ASC-yə ərizə ilə müraciət edərək ona əsassız olaraq yazılmış 344,36 manat borcun silinməsini xahiş etmişdir. Cavabdeh ASC onun ərizəsinə müsbət cavab verməmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış 17.09.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, onunla Cavabdeh ASC arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hesabatı 01.12.1999-cü il tarixdə 29325427 nömrəli müqavilə bağlanaraq **********49 saylı abonent kodu açılmış və normalara uyğun olaraq ailə tərkibinə əsasən hesabat aparılmış 06.07.2018-ci il tarixdə isə mənzilimə su xətti üzərində CSS-20 markalı 18013971 nömrəli mexaniki su sayğacı quraşdırılmışdır. O, cavabdehin cavab məktubu ilə aşağıdakılara görə razılaşmır. Belə ki, onun adına abonent kodu 1999cu ildə deyil 2011-ci ildə açılmış və bu zaman ailə tərkibi 1 nəfər kimi qeyd olunmuşdur. Ailə tərkibinin cavabdeh tərəfindən 1 nəfər əvəzinə 4 nəfər kimi özbaşına şəkildə yazılması qanunsuzdur. Abonent ailə tərkibində dəyişiklik olduğu halda müvafiq arayışı təqdim edir ki, 2011-ci ildən bu günə kimi ailə tərkibində heç bir dəyişiklik olmamışdır. O bu barədə arayışı dəfələrlə cavabdehə və Sabunçu rayon Su Kanal İdarəsinə təqdim etmişdir. Bundan başqa 2018-ci ilədək nə Cavabdeh ASC ilə, nə də onun yerli qrumları tərəfindən onunla heç bir müqavilə bağlanmamışdır. Həmçinin bildirmək istəyir ki, onun sudan istifadə etdiyi ərazidə kanalzasiya xətti yoxdur. Çirkab suları həmin ərazidə yaşayan vətəndaşların özləri tərəfindən qazılmış quyuya axıdılır. Belə olan halda tullantı suların axıdılması xidmətlərindən istifadəyə görə xərclərin ödənilməsini cavabdeh ondan tələb edə bilməz. Məhkəmə iclasında işitrka edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, sözü gedən evi 2011-ci il tarixdə almış və bundan sonra cavabdeh ilə sudan istifadəyə görə müqavilə bağlayaraq abonent kodu almışdır. Sözü gedən ünvana suyu orda yaşayan qonşular ilə birlikdə çəkdirmişlər. Həmin ünvanda heç vaxt kanalizasiya xidməti olmamış və buna görə də, özləri tərəfindən qazılmış quyulara kanalizasiya axıdılır. Ona məxsus olan ünvan 1-də yalnız özü qeydiyyatda olmaqla yaşayır. Lakin cavabdeh tərəfindən ona 4 nəfər ailə üzvü əsasında su pulu hesablanmışdır. Dəfərlərlə bu barədə müvafiq olaraq cavabdehə müraciət etsə də, müraciəti müsbət qarşılanmamışdır. Eyni zamanda cavabdehin nümayəndələri tərəfindən onun evinə baxış keçirilmiş, həyətində kanalizasiya xəttlərinin olmaması barədə müvafiq akt da tərtib etmişlər. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini etiraf etmədi və iddiaya etirazını onunla əsaslandırdı ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Bu zaman ailə tərkibinin dəqiq müəyyənləşdirilməsi üçün istehlakçılar tərəfindən müvafiq hüquqtəsdiqedici sənəd (yaşayış yeri üzrə qeydiyyatda olanların ailə tərkibi haqqında arayışı) ən geci 7 iş günü müddətində su təchizatı və kanalizasiya müəssisəsinə (STKM) təqdim edilməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Sabunçu rayonu, Mədən 2 ünvanında yerləşən fərdi yaşayış evinin su təchizatı xidmətindən istifadəyə görə hesabatın aparılması üçün 26.08.2011-ci il tarixində İddiaçı ilə müqavilə bağlanaraq **********149 saylı abonent kodu açılmışdır. Müqavilə bağlanan tarixdən ailə tərkibi 1 nəfər olmaqla su təchizatı xidmətindən istifadəyə görə hesabat aparılmışdır. Vətəndaş tərəfindən mütəmadi olaraq (hər il) ailə tərkibi haqqında arayış təqdim olunmadığından 01.02.2014-cü il tarixindən ailə tərkibi normativə uyğun olaraq 4 nəfərlə aparılmışdır. Sözügedən fərdi yaşayış evinin su təchizatı xidmətindən istifadəyə görə hesabatı 01.10.2015-ci il tarixindən vətəndaş tərəfindən təqdim olunmuş arayışa əsasən 2 nəfər olmaqla aparılmışdır. Qeyd olunan fərdi yaşayış evinin su təchizatı xidmətindən istifadəyə görə hesabatı 06.07.2018-ci il tarixindən su xətti üzərində quraşdırılmış 18013971 nömrəli, CSS-20 markalı mexaniki tipli su sayğacının göstəricisinə əsasən aparılmaqdadır. Qeyd edilən borc sayğac quraşdırılan tarixədək ailə tərkibinə və sayğac quraşdırılan tarixdən sayğacın göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. 2011-ci il tarixdə adam başına görə 25 kub, 2012-ci il tarixdən isə 60 kub su sərfiyyatı hesablanmışdır. Həmin suyun sərfiyyatına uyğunda kanalizasiya xidməti üçün borc nəzərdə tutulmuşdur. 2011-ci il tarixdən 2016-cı il tarixə kimi sudan istifadəyə görə 0.30 qəpik, kanalizasiya xidmətinə görə 0.06 qəpik, 2016-cı il tarixdən 2021-ci il tarixə kimi isə sudan istifadəyə görə 0.35 qəpik, kanalizasiya xidmətinə görə 0.15 qəpik məbləğ hesablanmışdır. Hazırda iddiaçının ünvanına quraşdırılmış sayğac göstəricisi 317 kub.m olmaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 344.36 manat borc vardır. Sözü gedən məbləğ borc normativinə uyğun olaraq ailə tərkibinə və sayğac göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Bundan başqa iddiaçıya məxsus evə baxış keçirilmiş, həmin ərazidə kanalizasiya şəbəkəsinin mövcud olmaması müəyyən edilmiş və bu barədə 22.11.2021-ci il tarxili akt tərtib edilmişdir. Lakin iddiaçının sözü gedən dövrlərdən bugünə kimi sudan istifadəyə görə ödənilməmiş borc məbləğləri yığılmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarlmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, ünvan 3ə dair iddiaçı ilə Cavabdeh ASC arasında 26.08.2011-ci il tarixdə Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə imzalanmışdır. Daha sonra sözü gedən ünvanda 06.07.2018ci il tarixdə mexaniki tipli su sayğacı quraşdırılmışdır. 26.08.2011-ci il tarixdən sayğac quraşdırılan tarixə kimi cavabdeh tərəfindən Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə iddiaçıya məxsus evdə ailə tərkibi əsasında (2011-ci ildən 2013-cü ilin fevral ayına kimi 1 nəfər, 2013-cü ilin fevral ayından 2014-cü ilin oktyabr ayına kimi 4 nəfər, 2014-cü ilin oktyabr ayından sonra isə 2 nəfər olmaqla) hesablanma aparılmışdır. Balaxanı qəsəbəsi nümayəndəliyinin arayışlarına əsasən iddiaçının sözü gedən ünvanda 2011-ci il tarixdən bugünki günə kimi tək olmaqla yaşaması öz təsdiqini tapmışdır. İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yazılmış 344, 36 (üç yüz qırx dörd manat, otuz altı qəpik) manat borcun silinməsi və hər ay üçün sudan istifadəyə görə hesabat aparılarkən tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə pul vəsaitinin ondan tutulmaması barədə qətnamə cıxarılmasını xahiş edir, cavabdeh isə iddianı etiraf etmir. İş materialları ilə həmçinin o da müəyyən edilmişdir ki, iddiaçıya məxsus evə cavadbehin nümayəndələri tərəfindən baxış keçirilmiş, həmin ərazidə kanalizasiya şəbəkəsinin mövcud olmaması müəyyən edilmiş və bu barədə 22.11.2021-ci il tarxili akt tərtib edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yazılmış 344,36 (üç yüz qırx dörd manat, otuz altı qəpik) manat borcun silinməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, qeyd edilən tarixdən hazırki tarixə kimi iddiaçının mübahisəli ünvanda tək qeydiyyatda olmaqla yaşamasına baxmayaraq, cavabdeh tərəfindən 01.02.2013-cü il tarixindən 4 nəfərə gör, 01.10.2014-ci il tarixindən isə 2 nəfərə görə sudan istifadə və tullantı sularının axıdılması xidmətlərinə görə borc hesablanması əsaslı olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, eyni dövlərdə 2011-ci il tarixdən hazıradək tullantı sularının axıdılması xidmətlərinə görə borc hesablanması əsassız olmuşdur. Çünki işin halları və işin halları ilə müvafiq ərazidə cavabdehin balansında olan hər hansı bir kanalizasiya xəttinin mövcud olmamamsı müəyyən edilir. Məhkəmə, cavabdeh tərəfindən iddiaçıya sudan istifadə və tullantı sularının axıdılması xidmətlərinə görə əsassız olaraq əlavə borcun hesablanmasına baxmayaraq hesab edir ki, hesablanmış borc məbləğlərinin silinməsi iddiaçının 2011-ci il tarixdən hazıradək sudan istifadəyə görə ödəmilməli və ödəmiş olduğu məbləğlər nəzərə alınmaqla aparılmalıdır. Belə ki, işin halları ilə iddiaçının cavabdehə 26.08.2011-ci il tarixdən 16.05.2015-ci il tarixədək sudan istifadəyə 1 nəfərə görə kubu həmin dövr üçün 0.30 qəpik olmaqla (aylıq norma 1 nəfərə görə 5 kub, 5*0.30=1.50) 103.50 manat (69 ay * 1.50 manat = 103.50 manat), 16.05.2016-cı il tarixdən sayğac quraşdırılan 06.07.2018-ci il tarixinə kimi 1 nəfərə görə kubu həmin dövr üçün 0.35 qəpik olmaqla (aylıq norma 1 nəfərə görə 5 kub, 5*0.35=1.75) 43.75 manat (25 ay * 1.75 manat (5 kub 1 nəfərə görə aylıq) = 43.75 manat), 06.07.2018-ci il tarixdən sonra isə sayğac ilə 151.44 manat, ümumilikdə 298.69 manat borcu yaranmışdır. İddiaçı tərəfindən sözü gedən ünvan üzrə sudan istifadəyə görə borcundan 2011-ci il tarixdən hazıradək ümumilikdə 116 manat məbləğində ödəniş edilmiş, iddiaçının cavabdehə hazırda sudan istifadəyə görə 182.69 manat (103.50+43.75+151.44=298.69 manat (ümumi istifadə borcu) – 116 manat (cəmi ödədiyi məbləğ)=182.69 manat) borcu vardır. Odur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvana hesablanmış 344.36 manat borc məbləğindən 182.69 manat məbləği əsassız olduğundan silinməlidir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 14-cü maddəsinə görə bu maddənin müddəaları o vaxt tətbiq oluna bilər ki, obyektin sahibi tərəfindən su təchizatı müəssisəsinə obyektin su ilə təchizatı barədə sifariş verilmiş olsun və obyekt tamamilə və ya əsasən qeyri-yaşayış binası olsun, su təchizatı məişət (təsərrüfat)-içməli məqsədləri üçün deyil, digər ehtiyacları ödəmək üçün nəzərdə tutulsun; 30-cü maddəsinin birinci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 31-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir; «Sudan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli, 262 nörməli Qərarının 2.1.3-cü bəndinə əsasən fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM-in vəzifələridir. «Sudan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli, 262 nörməli Qərarının 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Məhkəmə iddia tələbinin hər ay üçün sudan istifadəyə görə hesabat aparılarkən tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə pul vəsaitinin ondan tutulmaması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları və eləcə də tərəflərin etiraf edici izahatları ilə iddiaçıya məxsus Bakı şəhəri, ünvan 3 ünvanında hər hansı bir kanalizasiya xəttinin olmaması və cavabdeh tərəfindən həmin xidmətlərin göstərilməməsi müəyyən edilmişdir. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilənin 2.1-ci bəndinə əsasən istehlakçının istifadə etdiyi içməli suyun və axıdılmış tullantı sularının ödəniş üçün həcmi (miqdarı) su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının (su sayğacının) göstəricilərinə görə, sayğac olmadıqda və ya nasaz olduqda isə qüvvədə olan normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada təyin edilir. Göründüyü kimi müqavilə üzrə axıdılmış tullantı sularının miqdarı təyin edilərkən su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının (su sayğacının) göstəricilərinə görə, sayğac olmadıqda və ya nasaz olduqda isə qüvvədə olan normativ hüquqi aktlarla müəyyən ediləməlidir. Halbuki, işin halları ilə iddiaçı tərəfindən tutllantı suları sonuncu tərəfindən qazılmış olan quyuya axıdılması müəyyən edilmişdir. . Bundan əlavə, cavabdehin tullantı sularını görə borcun ödənilməsini tələb etməsi yuxarıda göstərilən səbəblərdən başqa həm də MM-nin 425.1-ci maddəsində nəzərdə tutulmuş vijdanlılıq prinsipi ilə də ziddiyyət təşkil etdiyi üçün əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Odur ki, məhkəmə işin halları və o cümlədən də, yuxarıda qeyd edilmiş qanunvericlik normalarına əsasən hesab edir ki, qeyd edilən yaşayış sahəsində sudan istifadəyə görə hesabatın, tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə pul vəsaiti hesablanmamaqla, sayğacın göstəricisinə əsasən yalnız sudan istifadəyə görə aparılması (müvafiq ünvanda cavabdeh tərəfindən su tullantılarına görə kanalizasiya xəttlərinin çəkilməsinin təmin ediləcəyi müddətə kimi) cavabdehə həvalə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklədə Məhkəmə iddia üzrə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ASC tərəfindən ünvan 4 ünvanında dair hesablanmış 344.36 manat borc məbləğindən 182.69 manat məbləği əsassız olduğundan silinməli; qeyd edilən yaşayış sahəsində sudan istifadəyə görə hesabatın, tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə pul vəsaiti hesablanmamaqla, sayğacın göstəricisinə əsasən yalnız sudan istifadəyə görə aparılması cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən ünvan 4 ünvanında dair hesablanmış 344.36 manat borc məbləğindən 182.69 manat məbləği əsassız olduğundan silinsin. Qeyd edilən yaşayış sahəsində sudan istifadəyə görə hesabatın, tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə pul vəsaiti hesablanmamaqla, sayğacın göstəricisinə əsasən yalnız sudan istifadəyə görə aparılması cavabdehə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar