Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-359/2025 31.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1, İddiaçı1 nümayəndəsi Nümayəndə1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik hüququna dair şəhadətnamənin və əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın ləğv edilməsi, vərəsəlik hüququna dair şəhadətnamənin və əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onlara, İddiaçı1 və İddiaçı2 məxsus ünvan 4 otaqlı mənzilə dair X1 adına Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, onun adına vərəsəlik hüququna dair verilmiş Şəhadətnamə və mənzilə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini və işə baxılarkən proses iştirakçılarının və digər şəxslərin əməllərində cinayət əməlləri aşkara çıxarsa bu barədə xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar ailələri ilə birlikdə uzun illər, ünvan 2-də yaşamışlar. X2 1996-cı ildə vəfat etmişdir. O cümlədən atasından sonra anası X11 da vəfat etmişdir. Atası və anası vəfat etməzdən əvvəl həmin 4 otaqlı mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Qeyd etdiyi ev anası Qafarova Ayişənin atasına məxsus olmuş və 1942-ci ildən başlamış ulu babaları, ata babaları, o cümlədən onlar həmin evdə yaşamışlar. 1994-cü ildə qeyd etdiyi evdə mərhum bacısı Svetlananın qeyd etdiyi həyətdə 4 otaqlı evlərindən savayı onların ailələrinə məxsus 2 otaqlı evləri də olmuşdur. 1994-cü ildə mərhum bacısı Svetlananın oğlu Bəxtiyar İskəndərova toy etmiş və Quba rayonundan, sonradan İskəndərova soyadını qəbul etmiş Fazilə Məmmədşah qızını gəlin gətirmişlər və o Bəxtiyarla birlikdə qeyd etdiyi 2 otaqlı mənzildə yaşamağa başlamışdır. Baxmayaraq ki, onun həmin evə heç bir sərəncam və sair hüququ olmamış, eyni zamanda mühüm bir məsələni də qeyd etmək istəyir ki, hazırda vəfat etmiş Bəxtiyar İskəndərov vəfat etməzdən əvvəl Cavabdeh1 ilə aralarında olan nikahı pozmuşdur. Buna baxmayaraq onlar həmin evdə yaşamağa hüquqi baxımdan heç bir səlahiyyəti olmayan Cavabdeh1 yaşamasına etiraz etməmişlər. 1996-cı ildə atası Məmmədağa Qafarov və 1997-ci ildə anası Ayişə Qafarova vəfat etmişlər. Onlar onun övladları olaraq həmin evə dəfələrlə gəlmiş və hər şeyin qaydasında olduğuna əmin olmuşlar. Ancaq 2024-cü ilin iyul ayında onlara məlum olmuşdur ki, onların razılığı ilə ailələrində yaşamasını davam etdirən Cavabdeh1 60 saylı mənzil istismar sahəsinin köməyi ilə onların ailələrinə məxsus 2 otaqlı evi satmış, bu azmış kimi hal-hazırda həmin MİS-də pasport qeydiyyatı üzrə fəaliyyət göstərən Sevinc adlı şəxsin köməyi ilə onların xəbəri olmadan və onlara bildirilmədən 4 otaqlı evlərinə vərəsəlik hüququna dair şəhadətnamənin alınmasına kömək etmiş, bundan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tələfindən Cavabdeh1 adına reyestr xidmətindən çıxarış alınmış və hazırda həmin ünvanda inşaat işləri aparıldığına görə köhnə mənzillərinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında mənzil almaq üçün “RR-CONSTRUCTİON” ilə müqavilə də bağlamışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü zamanda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar ola bilərlər. Bununla əlaqədar bildirir ki, onun və bacısı Fazilənin sağ olmaqlarına baxmayaraq bu barədə onlara bildirilməmişdir. Bundan əlavə hazırda qüvvədə olan qanunvericlikdə nəzərdə tutulmuşdur ki. qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar vərəsələr sayılır. Deməli birmənalı olaraq həmin qeyd etdiyi 4 otaqdan ibarət mənzil birinci növbədə ona və bacısı Faziləyə məxsusdur. Eləcə də qeyri-qanuni olaraq Fərziyə İsgəndərovanın adına vərəsəlik haqqında şəhadətnamənin tərtib edən notariat kontorun məsul işçisi bilməmiş deyildir ki, əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Eləcə də qüvvədə olan qanunvericiliyə əsasən nikahı ləğv edilmiş ər-arvad bir birindən sonra vərəsə ola bilməzlər. Eləcə də İsgəndərov Bəxtiyar və Cavabdeh1 arasında onun valideynləri öldükdən sonra nikah ləğv edilmişdir və onların heç birinin onların ailələrinə məxsus daşınmaz əmlaka sahiblik, sərəncam hüququ olmamışdır. Vərəsəlik şəhadətnaməsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş sənədləri toplayan notarius qanunvericiliyin tələblərini tam pozaraq hansı səbəb üzündənsə vərəsə olmayan və ola bilməyən şəxsə şəhadətnamə vermiş, o da öz növbəsində onların ailələrinə məxsus olan yuxarıda qeyd etdiyi ünvanda yerləşən evi qeyri-qanuni öz adına özəlləşdirmişdir. Bu barədə onlara heç bir məlumat verilməmişdir. Qeyd etdiyi kimi hazırda ünvan 1 ünvanında yerləşən ev sökülmüşdür və onun yerləşdiyi ərazidə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti çoxmərtəbəli yaşayış binası inşa edir. Həmin şirkət X3 ilə müqavilə imzalamış və həmin müqaviləyə əsasən ona da binanın inşa edildiyi ünvanda mənzil veriləcəkdir. O cümlədən o, evə heç bir hüququ olmamasına baxmayaraq şirkətdən əlavə olaraq külli miqdarda kirayə haqqı da almışdır. Ona görə belə hesab edir ki, onların iddia tələbi qanuni olduğundan təmin edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-359/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın ləğv edilməsi, vərəsəlik hüququna dair şəhadətnamənin və əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına “İddiaçı1 və İddiaçı2 məxsus ünvan 4 otaqlı mənzilə dair X1 adına Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi” hissəsində mülki məhkmə icraatı qaydasında baxılmalı olmadığından həmin hissədə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Həmin həyətdə Fərziyənin yaşadığı 2 otaqdan ibarət və digər 4 otaqdan ibarət evlər olmuşdur. Həmin evdə onun və anasının əşyaları olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Anası 1997-ci ildə vəfat etmişdir. 1997-ci ildən sonra həmin evə gedib-gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Bakı şəhəri Yasamal rayon icra hakimiyyəti başçısının həmin evə dair 1999-cu il tarixli sərəncamı mövcuddur. Həmin sərəncam əsasında 2001-ci ildə qeydiyyat vəsiqəsi alınmışdır. Bakı şəhəri Yasamal rayon icra hakimiyyəti başçısının həmin sərəncamı qüvvədədir. Cavabdeh1 ilə mərhum həyat yoldaşı arasında nikah 1986-cı ildə bağlanmışdır. 1986-cı ildə Cavabdeh1 həmin evə köçərkən həmin evdə onun mərhum həyat yoldaşı, iddiaçıların mərhum anası və atası yaşamışlar. İddiaçılar həmin vaxt ailəli olmuş və özlərinə məxsus olan evlərdə yaşamışlar. 1996-cı ildə Cavabdeh1 mərhum həyat yoldaşı iddiaçıların atasını qətlə yetirmişdir. Cavabdeh1 mərhum həyat yoldaşı 2004-cü ilə qədər cəzaçəkmə müəssisəsində olmuşdur. İddiaçıların atası vəfat etdikdən sonra iddiaçılar vərəsəlik hüququ haqqında şəhadətnamənin əldə edilməsi üçün notariat ofisinə müraciət etmişlər. İddiaçıların anası vəfat etdikdən sonra həmin evdə yalnız Cavabdeh1 və onun qızı yaşamışlar. Ev 2 otaqdan və 13 kvadratmetr sahəsi olan köməkçi sahədən ibarət olmuşdur. Həmin köməkçi sahədə başqa ailə yaşamış, həmin ailə həmin sahədən çıxdıqdan sonra həmin köməkçi sahə də evə birləşdirilmişdir. Evin qarşısında təxminən 10 kvadratmetr həyətyanı sahə olmuşdur. Əvəzləşmə müqaviləsi bağlanarkən həmin həyətyanı sahə də nəzərə alınmışdır. İddiaçılar həmin evin ata-baba mülkü olması ilə bağlı heç bir sübut təqdim etməmişlər. Hesab edir ki, iddiaçıların hazırki iddia ərizəsi ilə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. Cavabdeh1 qeydiyyat vəsiqəsini vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında əldə etməmişdir. AR MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətləri iddiaçıların anasının vəfatından sonra yaranmışdır. Həmin dövrdə olan qanunvericiliyə əsasən, iddiaçılar analarının vəfatından sonra 3 ay müddətində notariat ofisinə müraciət etməli idilər. Bundan başqa həmin vaxt qüvvədə olan Mülki Məcəlləyə əsasən ümumi iddia müddəti 3 il olmuşdur. İddiaçıların atalarının vəfatından sonra vərəsəlik işinin açılması məqsədi ilə notariat ofisinə müraciət etsələr də, analarının vəfatından sonra notariat ofisinə müraciət etməmişlər. İddianın rədd edilməsini xahiş edir. İddiaçıların analarının həmin evə dair kirayə müqaviləsi olmuşdur. Cavabdeh1 həmin 2 otaqlı evdə yaşamışdır. iddiaçıların anası da həmin 2 otaqlı evdə yaşamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında nümayəndə və vəkilinin dedikləri ilə razı olduğunu və iddia tələbini qəbul etmədiyini bildirmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 082996 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi 29/31 saylı evin 28 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzili Cavabdeh1 adına xx.xx.2001-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1171 saylı reyestr kitabında 30/175940 saylı qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999cu il tarixli, 953 saylı kirayə müqaviləsinin dəyişdirilməsi haqqında Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi 29/31 saylı evin mənzil kirayəsi X10 ölümü ilə əlaqədar olaraq 2 otaqlı, sahəsi 28 kv.m olan mənzilin kirayə müqaviləsi mərhumun gəlini Cavabdeh1 ilə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, atasından miras qalmış ünvan 2 ünvanında yerləşən əmlakın mərhum ögey bacısının gəlini (Fərziyə İsgəndərova) tərəfindən qanunsuz əldə edilmiş vərəsəlik şəhadətnaməsi əsasında sonuncunun adına özəlləşdirilməsinə dair müraciəti araşdırılmışdır. Müəyyən edilmişdir ki, atası- X9 xx.xx.1996-cı ildə vəfat etmiş, müraciəti əsasında xx.xx.1998-ci il tarixdə Bakı şəhəri 12 saylı dövlət notariat ofisində vərəsəlik işi açılmış və ona nəqliyyat vasitəsinə dair vərəsəlik şəhadətnaməsi verilmişdir. Notariat sənədlərinə baxış keçirilərkən müraciətdə adıçəkilən şəxslə (Fərziyə İsgəndərova) mərhumun qohumluq və digər münasibətlərini sübut edən sənədlərə, həmçinin vəsiyyətnaməyə rast gəlinməmişdir. Bildirilir ki, mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak daxil edilir. Elektron notariat informasiya sistemində aparılmış araşdırma nəticəsində müraciətdə qeyd edilən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri 12 saylı dövlət notariat ofisində 21 fevral 1998-ci il tarixdə 2V-94 reyestr nömrəsi ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1996-cı ildə vəfat etmiş, qızı İddiaçı1 müraciəti əsasında xx.xx.1998-ci il tarixdə Bakı şəhəri 12 saylı dövlət notariat ofisində vərəsəlik işi açılmış və ona nəqliyyat vasitəsinə dair vərəsəlik şəhadətnaməsi verilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli əvəzləşmə müqaviləsindən görünür ki, Layihəçi ünvan 3 ünvanında yerləşən mülkiyyətçiyə məxsus mənzili bu müqavilədə müəyyən edilmiş müddətdə (24 ay) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, mülkiyyətçinin mənzilinin 51 kv.m sahəsinə əlavə etməklə sahəsi 63 kv.m olan, bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş, tam təmirli yeni mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin, layihəçi mülkiyyətçiyə bu tikinti başa çatdırılıb yeni mənzil təhvil verilənədək başqa yerdə kitayədə yaşamaq üçün aylıq 500 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında dindirilmiş şahid Abbasov Hicran Kərim oğlu ifadəsində bildirmişdir ki, İddiaçı1 ilə ailəvi dostdur. 1997-ci ilin mart ayından etibarən iddiaçıların anasının qayğısına qalmışdır. İddiaçıların anası 1997-ci ildə vəfat etmişdir. 2003-cü ilə qədər həmin evdə yaşamışdır. 1990-cı illərdə həmin evdə balaca otaqda kirayəçi olaraq da yaşamışdır. O həmin vaxt evli olmuş, 2 uşağı da var idi. Həmin 4 otaqlı evin sahəsinin neçə kvadratmetr olduğunu bilmir. İddiaçı1 ona həmin evdə yaşamağa icazə vermişdi. İddiaçıların anası 1997-ci ilin sonunda vəfat etmişdir. Onun evi 4 otaq və 1 mətbəxdən ibarət olmuşdur. Həyətində isə bağça var idi. O həmin evə gələndə iddiaçıların anası həmin evdə tək yaşayırdı. Cavabdeh1 2 otaqlı evdə yaşayırdı. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində bildirmişdir ki, İddiaçı1 bacısının gəlinidir. Cavabdeh1 eltisidir. O, Abbasov Hicran Kərim oğlunu tanımır və görməmişdir. 25 ildir ki, evlidir. Həmin evdə daimi olaraq yaşamamışdır. Lakin gedib-gəlmişdir. 4 otaqlı evin iki otağında qaynı Bəxtiyar, iki otağında Fərziyə yaşamışdır. Belə ki, onlar boşanmışdılar. Həyətdə başqa bir 2 otaqlı ev də olmuşdur. Həmin ev qayınanasına məxsus idi. Həmin evdə əvvəl həyat yoldaşının dediklərinə əsasən, Fərziyə yaşamışdır. Sonradan Fərziyə 4 otaqlı evə köçmüşdür. Sonuncu dəfə Fərziyəni 8-9 əvvəl görmüşdür. Fərziyə ilə ədavəti yoxdur. Fərziyənin övladlarını tanıyır. Fərziyə Türkiyədə yaşayır. Fərziyə ilə sonuncu dəfə Bəxtiyar vəfat etdikdən sonra danışmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi 29/31 saylı evin 28 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzili Cavabdeh1 adına xx.xx.2001-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1171 saylı reyestr kitabında 30/175940 saylı qeydiyyat aparılmışdır. Sözügedən mübahisəli mənzilin Cavabdeh1 adına qeydiyyata alınmasına əsas olmuş sənəd Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 953 saylı kirayə müqaviləsinin dəyişdirilməsi haqqında Sərəncamı olmuşdur. Həmin Sərəncama əsasən X10 ölümü ilə əlaqədar olaraq Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi 29/31 saylı evin 28 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzilin kirayə müqaviləsi mərhumun gəlini Cavabdeh1 ilə bağlanmışdır. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik hüququna dair şəhadətnamənin və əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara, İddiaçı1 və İddiaçı2 məxsus ünvan 4 otaqlı mənzilə dair X1 adına vərəsəlik hüququna dair verilmiş Şəhadətnamə və həmin mənzilə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini və işə baxılarkən proses iştirakçılarının və digər şəxslərin əməllərində cinayət əməlləri aşkara çıxarsa bu barədə xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. İddia tələbindən görünən odur ki, iddiaçıların mübahisələndirdiyi mənzil ünvan 4 otaqlı mənzildir. Məhkəmə tərəfindən aidiyyəti orqanlara müvafiq sorğular ünvanlanmış və ünvan 4 otaqlı mənzilin mövcudluğu və mülkiyyətdə olması ilə bağlı hər hansı bir sənəd əldə edilməmişdir, iddiaçı tərəf də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçılar tələblərində ünvan 4 otaqlı mənzilə dair X1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini irəli sürsələr də, Cavabdeh1 adına ünvan 4 otaqlı mənzilə dair verilmiş hər hansı vərəsəlik hüququ haqqında şəhadətnamə yoxdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 082996 nömrəli Qeydiyyat Vəsiqəsi ilə də təsdiq olunur ki, Cavabdeh1 adına Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi 29/31 saylı evin 4 otaqlı yox, 28 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzilinə dair qeydiyyat sənədi verilmişdir və həmin qeydiyyat sənədi də hər hansı vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında deyil Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 953 saylı kirayə müqaviləsinin dəyişdirilməsi haqqında Sərəncamı əsasında verilmişdir. İddia tələbinin digər hissəsininin bağlı olduğu əvəzləşmə müqaviləsi ilə də təsdiq olunur ki, sözügedən əvəzləşmə müqaviləsi Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi 29/31 saylı evin 4 otaqlı mənzili ilə əlaqədar deyil, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 082996 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi 29/31 saylı evin 28 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzili ilə əlaqədar bağlanmışdır. Belə ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçlar isə tələblərinin əsası kimi istinad etdikləri faktları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Belə ki, iş materiallarından da görünür ki, iddiaçıların etibarsız hesab edilməsini tələb etdikləri (İddiaçı1 və İddiaçı2 məxsus ünvan 4 otaqlı mənzilə dair X1 adına vərəsəlik hüququna dair verilmiş Şəhadətnamə) vərəsəlik hüququ haqqında şəhadətnamə ümumiyyətlə mövcud deyildir. Bakı şəhəri 12 saylı dövlət notariat ofisində 21 fevral 1998-ci il tarixdə 2V-94 reyestr nömrəsi ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədən isə görünən odur ki, iddiaçıların X2 xx.xx.1996-cı ildə vəfat etmiş, qızı hazırki iş üzrə İddiaçı1 müraciəti əsasında xx.xx.1998-ci il tarixdə Bakı şəhəri 12 saylı dövlət notariat ofisində vərəsəlik işi açılmış və ona nəqliyyat vasitəsinə dair vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə ilə də təsdiq olunur ki, iddiaçıların X2nun adında ünvan 4 otaqlı mənzil mövcud olmamışdır. Əks təqdirdə elə həmin dövdrdə həmin mənzilin mövcudluğu və X4 məxsusluğu mübahisələndirilərdi. Belə olduğu təqdirdə iddia tələbi mövcud olmayan “ünvan 4 otaqlı mənzilə dair X1 adına vərəsəlik hüququna dair verilmiş Şəhadətnaməsinin etibarsız hesab edilməsi” hissəsində təmin edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi həmçinin “ünvan 4 otaqlı mənzilə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində də təmin edilməməlidir. Məhkəmə bir daha qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli əvəzləşmə müqavilə Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi 29/31 saylı evin 28 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzillə əlaqədar bağlanmışdır. Həmin müqavilə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, müqavilənin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Məhkəmə həmçinin iddiaçıların “işə baxılarkən proses iştirakçılarının və digər şəxslərin əməllərində cinayət əməlləri aşkara çıxarsa bu barədə xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsi” barədə tələblərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hazırki halda proses iştirakçılarının və digər şəxslərin əməllərində cinayət əlamətlərinin olması aşkara çıxarılmadığından iddiaçıların xüsusi qərardadla bağlı tələbi də təmin oluna bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik hüququna dair şəhadətnamənin və əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddiaların qaldırılması ilə əlaqədar İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik hüququna dair şəhadətnamənin və əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-359/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-359/2025
31.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver