Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3590/2020 27.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Orucova Nərmin Nəriman qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh" MMC-nin direktoru C.Ələkbərovdan və şirkət olaraq Cavabdeh MMC-dən onu qanunsuz olaraq işdən azad etdiyinə görə məcburi iş buraxdığı günlərin əmək haqqının verilməsi, şərəf və ləyaqət, işgüzar nüfuzun ləkələnməsinə görə Cavabdeh MMC –dən 10000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, Cavabdeh MMC tərəfindən son haqq hesabın edilməsi, şərəf və ləyaqət, işgüzar nüfuzun ləkələnməsinə görə 10000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək öz izahatında bildirir ki, ona xəbər edilmədən ştat ixtisarı edilmişdir. Bir aylıq əmək haqqı, iki aylıq kompensasiya son haqq hesab verilməmişdir. İşdən azad edilmə barədə əmrin surəti və digər heç bir sənədin surəti ona təqdim edilməmişdir. İşə bərpa olunmaq istəmir, pulu tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 izahat verərək bildirir ki, müdür müavini ştatı ləğv edilmişdir. İddiaçı 23-30-a yaxın referans məktubunu gedəndə özü ilə aparıb. Bu barədə heç kimə məlumat verməyib. Həmin sənədlər şirkət üçün çox önəmli sənədlərdir. Sənədləri qaytardıqdan sonra onun haqqı ödəniləcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında 73 №-li əmrdən müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən ştat vahidi ixtisar və ləğv olunduğundan İddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. İşin halları odur ki, iddiaçı bildirir ki, işə bərpa olunmaq istəmir. O, cavabdehdən yalnız ona çatası haqqın ödənilməsini və şərəf və ləyaqət, işgüzar nüfuzun ləkələnməsinə görə 10000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, tələb yalnız son haqq hesabla və mənəvi zərərlə bağlı olduğundan məhkəmə bu tələblə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh məhkəmə iclasında etiraf edir ki, iddiaçıya qanunla nəzərdə tutulmuş son haqq hesabı ödəməmişdir və müvafiq sənədlər iddiaçı tərəfindən ona qaytarılmayınca ödəniş edilməyəkdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işəgötürənin vəzifəsidir ki, işçini işdən azad etdikdə onunla son haqq hesab etsin və bu vəzifənin icrası hər hansı səbəblərdən təxirə salına bilməz. Ona görə də məhkəmə bu hissədə iddianı əsaslı hesab edir. AR Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən əmək müqaviləsinə xitam verə bilər. İddiaçı eyni zamanda şərəf və ləyaqət, işgüzar nüfuzun ləkələndiyini bildirir. Lakin bununla bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxxxx 2008-ci il tarixli X5 izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və X6 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azaddır və iddia təmin edildiyindən, dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC tərəfindən son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və işdənçıxarma müavinəti) İddiaçına ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Cavabdeh MMC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3590/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3590/2020
27.08.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver