Məhkəmə qərarları › İş №2(004)-3620/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3620/2025

01.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3620/2025 01.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "Azəriqaz"' İB-yi tərəfindən onun qaz hesabına abonent kodu **********08780 saylı hesaba tərtib edilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən hesablanılmış 201.60 manat məbləğində borc pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonun Goradil kəndində iddiaçıya məxsus olan bağ sahəsinə quraşdırılmış sayğaca xx.xx.2024-cü il tarixində onun iştirakı olmadan cavabdeh tərəfindən baxış keçirilmiş və sayğaca vurulmuş flyans plombunun sındığı aşkar edilərək barəsində ******* nömrəli dəymiş ziyan təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. İddiaçı bu aktdan bu yaxınlarda xəbərdar olmuşdur. Qeyd edilməsi zəruridir ki, o Bakı şəhəri Yasamal rayonunda yaşayır və həmin bağ yay aylarında istirahətə getmək üçün nəzərdə tutulmuşdur və bu ilin yazyay sezonu başlandıqdan sonra o həmin bağa getdikdə sayğaca ödəniş edərkən ödəniş üzrə borcunun olduğunu aşkar etmiş və müəyyən araşdırma etdikdən sonra müəyyən olundu ki, mövcud akt tərtib olunmuşdur. Hal- hazırda hesab edir ki, həmin akt əsassız və qanunsuzdur belə ki, birinci növbədə qeyd edilməsi zəruridir ki, akt onun iştirakı olmadan tərtib edilmiş və qanunsuz şəkildə güya imtina edilmiş qeydi yazılmışdır. Əlavə olaraqda qeyd edilməsi zəruridir ki, sayğac bağ evinin içərisində deyil çölündə yerləşdiyindən ona hər hansı kənardan müdaxilənin edilməsi birmənalı şəkildə onun tərəfindən edilməsi anlamına gəlmir. Sayğac mənzilin içərisində deyil, çöldə yerləşdiyindən ona edilmiş müdaxilənin (əgər belə hal həqiqətən də mövcuddursa) kimin tərəfindən edilməsi ona məlum deyildir. Bu səbəblərə görə də, hesab edir ki, cavabdehin qeyd olunan hadisənin baş verməsində birbaşa onu günahlandırması tamamilə əsassız və qanunsuzdur. Bakı regional qazın satışı departamenti əsassız olaraq onu təbii qazdan qanunsuz istifadə etməkdə günahlandıraraq naməlum üsulla hesabladığı 201.60 manat məbləğində mövcud olmayan borcun ona ödətdirilməsinə çalışır. Bundan başqa “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən qaz cihazlarının saatlıq qaz sərfinə uyğun hesabatın aparılması hansı əsaslarla və ya sənədlərlə müəyyən edildiyi bəlli deyil, həmçinin bu cür hesablama metodikasının aparılmasına, eləcə də həmin hesablamanın apardması hüquq verən müvafiq normativ-hüquqi aktların mövcud olmadığına görə, həmin hesabat obyektiv, əsaslı və qanuni hesab edilə bilməz. Qeyd edir ki, qazın alqı satqısı barədə aralarında bağlanmış müqavilədən göründüyü kimi qazlaşdırılmış ərazidə qaz qurğusuna texniki baxış keçiriləcəyi barədə istehlakçiya (yəni ona) 5 gün əvvəl göndərmək, istehlakçını qazdan istifadə qaydalarının tələblərinə uyğun olaraq təlimatlandırmaq, istehlakçının qaz qurğularına texniki baxışın keçirilməsini təmin etmək, nəticələrini aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etmək cavabdehin vəzifəsidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, qaz sayğacı bağ evinin içərisində deyil, çölündə yerləşir. Cavabdeh "Azəriqaz" İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 2016 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zamanı, 1002AQ**********7 nömrəli sayğacın plombunun sındırıldığı aşkar olunmuş, metroloqlar tərəfindən plomb vurulmasının təmin edilməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş abonent kodu **********08780 olan İddiaçı abonentin saldosundan görünür ki, ünvan 2ində yerləşən fərdi yaşayış evi üzrə 203,6 manat borc məbləği hesablanmışdır. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə araşdırması zamanı müyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixli ******* saylı Akta əsasən 2016 m3 qaz sərfinə görə **********08780 nömrəli abonent koduna borc hesablanmışdır. İddia tələbinə münasibət bildirərək məhkəmə qeyd edir ki, qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 203,6 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zamanı, 1002AQ**********7 nömrəli sayğacın plombunun sındırıldığı aşkar olunmuş, metroloqlar tərəfindən plomb vurulmasının təmin edilməsi tələb olunmuşdur. İtirilmiş qazın bərpası üzrə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuş, 2016 m3 qaz sərfi üçün 203,6 manat hesablanmışdır. Məhkəmə hesab edir ki, abonentin təqsirli hərəkəti (hərəkətsizliyi) sübuta yetirilmədən akt tərtib edilməsi və bununla da əsassız olaraq itirilmiş qazın bərpası məqsədilə abonentin hesabına 2016 m3 həcmində, 203,6 manat məbləğində borc daxil edilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcısının, yəni cavabdeh “Azəriqaz” İB-nin üzərinə düşür. Həmçinin, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. Həmçinin qeyd edilməlidir ki, işlək vəziyyətdə saxlanılmasına görə istehsalat birliyinin məsuliyyət daşıdığı sayğacda aşkar edilmiş qüsurların məhz istehlakçı - İddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut "Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin 2016 m3 qaz sərfi üçün hesabladığı 203,6 manat borcu iddiaçıdan tələb etməsi əsassızdır. Lakin iddiaçı hazırda 201,6 manat məbləğində borcun silinməsini tələb etdiyindən məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, iddia tələbi təmin edilməli və ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu: **********08780 olan) əsassız hesablanmış 201,6 (iki yüz bir manat altmış qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu: **********08780 olan) əsassız hesablanmış 201,60 (iki yüz bir manat altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar