Məhkəmə qərarları › İş №2(004)-3644/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3644/2021

07.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3644/2021 07.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Bakı Şəhəri 3 Saylı Cavabdehisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Bakı Şəhəri 3 Saylı Cavabdehisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 vəsiyyət üzrə vərəsəsi və iddiaçıların qanuni nümayəndəsi olduğu X11 tərəfindən mirasın əmlakın qəbuluna dair buraxılmış müddətin bərpa edilməsi və cavabdeh notariat ofisinin üzərinə X7 adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, iddiaçılar və X11 birlikdə 2017-ci ilin sentyabr ayından eitbarən X3 yaşayırlar. Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməli olduğu X11 azyaşlı olması, özünün Azərbaycan Respublikasına gələrək miras əmlakı qəbul etməsinin imkansız olması, ailəsi ilə birlikdə ABŞ-da yaşaması miras əmlakla bağlı 6 aylıq müddətin üzrlü səbəbdən buraxılmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini müdafiə etmiş, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan 26 sentyabr 2018-ci il tarixli vəsiyyətnaməyə əsasən müəyyən edilir ki, X8 vəsiyyətnamə əsasında harada yerləşməyindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək X5 məxsus olan bütün daşınar və daşınmaz əmlakını ünvan 1 ünvanında qeydiyyatda olan X10 vəsiyyət etmişdir. İş materiallarında olan AZ-İ №223866 seriyalı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, İddiaçı1 ilə İddiaçı2 25 aprel 2006-cı il tarixdə, 282 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar. AZ-İİ №138871 seriyalı doğum haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, birgə nikahdan 26 iyul 2008-ci il tarixdə X11 anadan olmuşdur. Doğum haqqında şəhadətnamə 2199 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan АZ-İİ №015834 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X8 25.05.2019-cu il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06.07.2019-cu il tarixdə 54 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan 11 mart 2020-ci il tarixli qərara əsasən müəyyən edilir ki, X10, mirasın qəbulu müddətini ötürdüyündən, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtina qərarı X7 etibarnamə üzrə nümayəndəsi X6 şəxsən təqdim edilmişdir. Belə ki, ƏN-İ №581463 nömrəli etibarnaməyə əsasən X9, İddiaçı1 və İddiaçı2 nümayəndəsidir. AZEMİS elektron sistemdən çıxarışa əsasən müəyyən edilir ki, İddiaçı1 06.09.2017-ci il tarixdə Bakı Aeroportundan çıxış həyata keçirmişdir. Sərhədkeçmə məlumatlarında İddiaçı1 ölkəyə girişi qeyd olunmamışdır. AZEMİS elektron sistemdən çıxarışa əsasən müəyyən edilir ki, İddiaçı2 sonuncu dəfə 06.09.2017-ci il tarixdə Bakı Aeroportundan çıxış həyata keçirmişdir. Z.İlahənin sərhədkeçmə məlumatlarında ölkəyə təkrar giriş tarixi qeyd olunmamışdır. İş materiallarında olan 10 mart 2020-ci il tarixli ərizəyə əsasən müəyyən edilir ki, X9 **********796 saylı ərizə ilə müraciət edərək İddiaçı1 və İddiaçı2 əvəzinə azyaşlı oğulları X7 X2 qalmış miras əmlakı qəbul etdiyini bildirmişdir. İş materiallarında olan 11.02.2020-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, X8 həqiqətən Füzuli küçəsi 53 saylı evin 69 nömrəli mənzilində qeydiyyatda olmuş, 25.05.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan 24 iyun 2021-ci il tarixli, 05/2-5606/13 saylı vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin cavab məktubuna əsasən müəyyən edilir ki, X4 “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən şəxs barəsində ölümündən başqa məlumat aşkar edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməlidir. Belə ki, vərəsəlik üzrə şəhadətnamənin verilməli olduğu X11 və onun qanuni nümayəndələri X3 yaşadığından, mirasın qəbulu ilə bağlı 6 aylıq müddət, azyaşlının və onun qanuni nümayəndələrinin X3 yaşadığı müddətə təsadüf etdiyindən, müddətin buraxılması məhkəmə tərəfindən üzrlü hesab edilməli və notariat ofisinin üzərinə miras şəhadətnaməsinin verilməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-cu maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X1 vəsiyyət üzrə vərəsəsi və iddiaçılar İddiaçı1, İddiaçı2 qanuni nümayəndəsi olduqları İddiaçı1 Ziya oğlu tərəfindən miras əmlakın qəbuluna dair buraxılmış müddət bərpa edilsin və cavabdeh Bakı Şəhəri 3 Saylı Cavabdehisinin üzərinə X8 adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair öhdəlik qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar