Məhkəmə qərarları › İş №2(004)-3673/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3673/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3673/2021 29.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi 16.05.2021ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 09.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy A71” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 954 manat əsas borc və hesablanmış 292 manat cərimə; 11.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy A71” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 978 manat əsas borc və hesablanmış 278 manat cərimə olmaqla, ümumilikdə 2.511 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.541 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, "xxxx" MMC tərəflər arasında bağlanmış 09.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 1050 manat olan “Samsung Galaxy A71” markalı mobil telefon cihazını ilkin ödəniş olmadan ayda 75 manat olmaqla 14 ay müddətinə; 11.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 1050 manat olan “Samsung Galaxy A71” markalı mobil telefon cihazını ilkin ödəniş olmadan ayda 87,50 manat olmaqla 12 ay müddətinə ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. Cavabdeh cihazların ümumi dəyərindən 168 manat ödəmiş, müqavilələr üzrə ümumi 1.932 manat əsas borcu qalmış və müqavilələr üzrə 579 manat cərimə hesablanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qisimən qəbul etdi və izahatında bildirdi ki, o, 09.02.2020-ci və 11.02.2020-ci il tarixli müqavilələrə əsasən dəyəri 1050 manat olan 2 ədəd “Samsung Galaxy A71” markalı mobil telefon cihazını nisyə almış və tanışına vermişdir. Aralarındakı razılaşmaya əsasən telefonların dəyərini onun tanışı ödəməli idi. Sonradan öyprənmişdir ki, ödəniş edilməyib. O, 168 manat ödəmişdir. Hazırda maddi durumu yaxşı deyildir. Yaranmış 1932 manat əsas borcu ödəməyə razıdır, hesablanmış 579 manat cərimənin azaldılmasını xahiş edir. Bu barədə məhkəməyə yazılı ərizə təqdir etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" MMC tərəflər arasında bağlanmış 09.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 1050 manat olan “Samsung Galaxy A71” markalı mobil telefon cihazını ilkin ödəniş olmadan ayda 75 manat olmaqla 14 ay müddətinə; 11.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 1050 manat olan “Samsung Galaxy A71” markalı mobil telefon cihazını ilkin ödəniş olmadan ayda 87,50 manat olmaqla 12 ay müddətinə ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 04.05.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 09.02.2020-ci il tarixli müqavilə üzrə 954 manat əsas borcu və hesablanmış 292 manat cərimə borcu; 11.02.2020-ci il tarixli müqavilə üzrə 978 manat əsas borcu və hesablanmış 278 manat cərimə borcu olmaqla, ümumilikdə 2.511 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 09.02.2020 il tarixli müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış 292 manat dəbbə pulu azaldılaraq 33 manat; 11.02.2020-ci il tarixli müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış 287 manat dəbbə pulu azaldılaraq 38 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 09.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy A71” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 954 manat əsas borc və hesablanmış 33 manat cərimə; 11.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy A71” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 978 manat əsas borc və hesablanmış 38 manat cərimə olmaqla, ümumilikdə 2.000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.030 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia tələbi qalan hissədə, yəni - 508 manat cərimə tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 09.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy A71” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 954 manat əsas borc və hesablanmış 33 manat cərimə; 11.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy A71” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 978 manat əsas borc və hesablanmış 38 manat cərimə olmaqla, ümumilikdə 2.000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.030 (iki min otuz) manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar