Məhkəmə qərarları › İş №2(004)-3676/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3676/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3676/2021 17.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı MMC - nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC - nin cavabdehlər Cavabdeh və Zamin qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh və Zamin qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 30 noyabr 2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********13994 olan Samsung Galaxy A10 markalı telefon üçün 408 (dörd yüz səkkiz) manat ödənilməmiş hissə, 118 (yüz on səkkiz) manat dəbbə ümumilikdə 526 manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh və Zamin tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ““xxxx” MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 30.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********13994 olan Samsung Galaxy A10 markalı telefon almış və nəticədə 526 (beş yüz iyirmi altı) manat borc yaranmışdır. Cavabdeh 30.11.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 432 (dörd yüz otuz iki) manat (12 ay x 36 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********13994 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə, 526 (beş yüz iyirmi altı) manat olmaqla ondan, 408 (dörd yüz səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 118 (yüz on səkkiz) manat dəbbə borcu hesanlanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 24 manat təşkil edir. Həmçinin, müqavilənin təminatı olaraq 30.11.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, Zamin ilə “xxxx” MMC qarşısında alıcı Cavabdeh birgə məsuliyyət daşıyır və borcludur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 30.11.2019-cu il tarixli, 01086595 №-li nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 526 (beş yüz iyirmi altı) manat (12 ay x 36 manat + 0 manat ilkin ödəniş) dəyərində əşyanı (Samsung Galaxy markalı telefon) hər ay 36 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay ərzində hər ay 36 manat ödəniş edilməlidir. İş materiallarına əlavə edilmiş 30.11.2019-cu il tarixli 01086595 saylı zaminlik müqaviləsindən görünür ki, «xxxx» MMC ilə Zamin arasında zaminlik müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən zamin Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış 30.11.2019-cu il tarixli 01086595 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə alıcının öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə “alıcı” ilə birlikdə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 30.11.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 01086595 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy A10 markalı telefon təhvil-təslim aktına əsasən 30.11.2019-cu il tarixli, 01086595 nömrəli alqı-satqı müqaviləsi üzrə 1 ədəd Samsung Galaxy markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan maliyə və ödəniş cədvəlinə əsasən tərəflər arasında bağlanmış 30.11.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh cəmi 24 manat ödəniş etmiş, onun hal-hazırda 526 manat (408 manat əsas borc və 118 manat cərimə borcu) məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 30.11.2019-cu il tarixdə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan ödəniş qəbzindən (№7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq əşyanın nisyə alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı (satıcı) müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyanı cavabdehə (alıcı) təhvil vermişdir. Alıcı (cavabdeh) isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyanın dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər cavabdeh Zamin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, nisyə alqı-satqı müqaviləsi üzrə alıcının öhdəliyinə görə zamin olduğundan, nisyə alqı-satqı müqaviləsi üzrə alıcı ilə birlikdə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə aldığı məhsulun qiymətini iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdeh Zamin alqısatqı müqaviləsi üzrə alınmış məhsulun dəyərini ödəməyə görə zamin olduğundan, o, Cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Buna görə də o, Cavabdeh ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Bundan başqa, iddiaçı müqaviləyə istinad edərək cavabdehlərdən gecikdirilmiş ödənişlərə görə 118 manat cərimə tələb etmişdir. Lakin, məhkəmə cavabdehlərin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və 12 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı «xxxx» MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqaviləsi üzrə 408 manat ödənilməmiş borc, 12 manat dəbbə pulu olmaqla, cəmi 120 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh və Zamin müştərək qaydada 30.11.2019-cu il tarixli 01086595 nömrəli müqavilə üzrə 408 (dörd yüz səkkiz) manat əsas borc, 12 (on iki) manat cərimə olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat tutularaq «xxxx» MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar