Məhkəmə qərarları › İş №2(004)-3709/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3709/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3709/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, əşyanın dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, əşyanın dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə müracət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 193508 №-li alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və ya əşyanın başqası ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, sentyabr ayının 6-da servisə müraciət etmişdir. Müraciətə cavab verməyi bir müddət uzatdıqdan sonra malın düzəlməməsini ona bildirmişlər. O, bu barədə sənəd verilməsini tələb etsə də, ona heç bir sənəd verilməmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 izahat verərək bildirir ki, mal iddiaçıya təqdim edilib. Ödənişin olmaması ilə bağlı iddia verilib. Artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi də var. Həmçinin malla bağlı müraciət edilən günün ertəsi gün rəy verilib, rəyə əsasən əşya qüsurlu olmayıb. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ABC Telecom MMC ilə İddiaçı Nuşirəvan qızı arasında bağlanmış 193508 №-li, xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, ABC Telecom MMC tərəfindən bir ədəd 265 manat dəyərində Redmond RJ-M906 markalı şirəçəkən İddiaçı Nuşirəvan qızına satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 40259 saylı texniki rəydə qeyd olunur ki, Redmond RJ-M906 markalı şirəçəkənə texniki baxış nəticəsində cihazın üst qapağının istehlakçı tərəfindən istismar qaydasının pozulmasına görə sıradan çıxdığı aşkar edilmişdir, yaranmış qüsur zəmanətə daxil deyil. İş materiallarında olan Servis Link texniki xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə servisə qəbul olunmuş Redmond RJ-M906 markalı şirəçəkənin ehtiyyat hissəsinin sifarişi 0307.2019-cu il tarixdə mümkün olmadığından təmirsizdir, qeyd edilən hissə zəmanətə aid deyil. İşin halları odur ki, xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya şirəçəkən satılmışdır. Şirəçəkən xx.xx.2017-ci il tarixdə servisə qəbul edilmişdir. Qüsur kimi üst qapağının alt hissəsində sınıq qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı şirəçəkəni qüsursuz qəbul etdikdən sonra, mübahisə predmeti olan şirəçəkəndə əmələ gəlmiş qüsurun mənbəyini göstərməyə borcludur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, işin mübahisəsiz halı ilə müəyyən edilir ki, şirəçəkəndə meydana gəlmiş qüsur üst qapağında olan sınıqdan ibarətdir. Sınma, çatlama kimi qüsurlar isə daha çox mexaniki təsir, kənar müdaxilə səbəbindən meydana gəlməsi bəlli fakt olmaqla yanaşı, onların görünən olması, yəni avadanlığın ilkin yoxlanması zamanı müəyyən edilməsinin mümkün olması iddianın əsassızlığını təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. MM-nin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. MM-nin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. MM-nin 614.1-ci maddəsinə əsasən, pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. MM-nin 624.1-ci maddəsinə əsasən, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini, alış qiymətinin mütənasib surətdə azaldılmasını, malın qüsurlarının təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmasını və malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 624.3-cü maddəsinə əsasən, malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı onunla cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 193508 №-li alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və ya əşyanın başqası ilə əvəz edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı onunla cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 193508 №-li alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və ya əşyanın başqası ilə əvəz edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar