Məhkəmə qərarları › İş №2(004)-3710/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3710/2025

04.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3710/2025 04.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: akt, abonent saldosu) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona qazdan istifadəyə görə qanunsuz olaraq hesablanmış 440 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ildən o, ünvan 1 ünvanında yaşayır və həmin ev onun mülkiyyətindədir. Yaxın qohumları Gülnar Atakişiyeva da onların evində yaşayırlar. 2024-cü ilin təxminən oktyabr ayının əvvəllərində yaşadığı mənzildən qaz iyi gəlməyə başladı. Bununla bağlı 104 çağrı mərkəzinə zəng etdilər və həmin mərkəzdən gəlib evə baxdılar və heç nə tapmadılar. Lakin həmin qoxu gəlməkdə davam edirdi. Ona görə də yenə də 104 çağrı mərkəzinə zəng etdilər və onların əməkdaşları gəlib baxaraq yenə qaz iyi gəlməsinin səbəbini tapa bilmədilər. Onlara məsləhət gördülər ki, evin pəncərələrin və qapılarını açıq vəziyyətdə saxlayın. Məcbur qalıb qapı-pəncərəni açıq vəziyyətdə saxladılar. 2024-cü ilin dekabr ayında havaların soyuq olması səbəbindən yenə də 104 çağrı mərkəzinə zəng etdilər və onların əməkdaşları yenidən gəlib baxanda məlum oldu ki, ondan aşağı mərtəbədə çöl tərəfdən qaz turbasından sızma baş verir. Əməkdaşlar xx.xx.2024-cü il tarixdə dərhal buna reaksiya verdilər və akt tərtib etdilər. Sonradan cavabdeh tərəfindən onun ünvanına 440 manat qaz borcu olması barədə bildiriş göndərildi. Bu qədər məbləğin nədən yaranmasını soruşduqda qaz sızmanın guya onların günahlarından baş verməsi bildirildi. Cavabdeh tərəf əsassız olaraq hesablanmış 440 manat qaz pulunu ödəməyini tələb edir, əks təqdirdə evə qaz verilməsini dayandıracaqlarını bildirirlər. Məhkəmənin nəzərinə çatdımaq istəyir ki, cavabdeh tərəfə dəfələrlə evdən qaz qoxusu gəlməsi ilə bağlı çağrı verilmiş, gələn əməkdaşlar qaz sızmanı müəyyən edə bilməmişlər İndi isə öz günahları səbəbindən qaz sızması nəticəsində yaranmış itkini onun hesabına ödəmək istəyirlər. Bu açıq-açığına istehlakçının hüquqlarını pozmaqdır. Ona görə də cavabdeh tərəfindən ona qazdan istifadəyə görə qanunsuz olaraq hesablanmış 440 manat borc məhkəmə qətnaməsi əsasında silinməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddia ərizəsi rədd edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Qaz təchizatının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən olunur ki, İddiaçı məxsus ünvan 2 ünvanında mənzilin 1-ci mərtəbəsində tavanarası yüksək qazsızması aşkarlanmışdır.

7. İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 3 ünvanı üzrə akt üzrə qalıq borc 416 manat təşkil edir.

8. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən olunur ki, İddiaçı müraciətinə sayğac çıxarılmışdır.

9. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

10. Belə ki, Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:

12. 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir.

13. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır.

14. 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

15. 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

16. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

17. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

18. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

19. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qaz təchizatının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli akta əsasən İddiaçı məxsus ünvan 2 ünvanında mənzilin 1-ci mərtəbəsində tavanarası yüksək qaz sızması aşkarlanmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli akta əsasən İddiaçı müraciəti ilə sayğac çıxarılmışdır. Abonent saldosundan görünür ki, ünvan 3 ünvanı üzrə akt üzrə 416 manat təşkil edir.

21. Hazırki halda iddiaçıya məxsus qaz sayğacında yaranmış qüsur qaz sızmasının baş verməsi olmuşdur ki, qanunvericiliyin də tələblərindən göründüyü kimi fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və iddiaçıya aid sayğacda olan qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Belə olan halda iddiaçı qazsızmaya görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.

22. Bundan başqa iddiaçı iddia tələbində qanunsuz olaraq hesablanmış 440 manat borcun silinməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, abonent saldosuna əsasən müəyyən edilir ki, İddiaçı akt üzrə 416 manat borc hesablanmışdır. Əlavə olaraq iddiaçının tələb etdiyi 24,47 manat isə qazın sərfiyyatı ilə bağlıdır.

23. Belə olan halda iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən mənzilə (abonent kodu: **********00181) dair hesablanmış 416 manat məbləğində borc silinməsi vəzifəsi Cavabdeh İB-nin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

V. Nəticə:

1. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən mənzilə (abonent kodu: **********00181) dair hesablanmış 416 manat məbləğində borc silinməsi vəzifəsi Cavabdeh İB-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar