Məhkəmə qərarları › İş №2(004)-3733/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3733/2021

06.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3733/2021 06.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh BOKT ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC ilə aralarında bağlanmış 29 iyun 2015-ci il tarixli, 2015/00058-01İP saylı “İpoteka Müqaviləsi” nin etibarsız hesab edilməsi və onun doğurduğu bütün hüquqi nəticələrin ləğv olunması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh” Bank Olmayan Kredit Təşkilatı ASC ilə iddiaçı arasında, 29 iyun 2015-ci il tarixli, 2015/00058-01 saylı “İstehlak Krediti Müqaviləsi” və həmin tarixli, 2015/00058-01İP saylı “İpoteka Müqaviləsi”. bağlanmışdır. Həmin müqavilələr üzrə iddiaçıya Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən 40 000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmiş və ******* saylı, 87338 reyestr nömrəli “Çıxarış”la 12.12.2009-cu il tarixindən mülkiyyət hüquqları iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63,25 kv.m olan, 3 otaqlı mənzil Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən ipoteka ilə yüklü edilmişdir. Bildirmişdir ki, iddiaçı banka olan kredit borcunu əvvəl hissə-hissə, məhkəmə qətnaməsi üzrə icra mərhələsində isə 42 563 (qırx iki min beş yüz altmış üç ) ABŞ dolları məbləğində olan bütün qalıq borcunu tam olaraq, birbaşa Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC-nin hesabına köçürsə də, cavabdeh həmin məbləği 2 (iki) il ərzində qəbul etməkdən imtina etmiş və nəhayət, ipoteka predmeti olan mənzilin hərrac yolu ilə satılmasına nail olmuşdur. Cavabdeh BOKT ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinə etiraz ilə müraciət etmiş, məhkəmədən mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh BOKT ASC arasında 29 iyun 2015-ci il tarixli, 2015/00058-01 saylı İstehlak Krediti bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq 29 iyun 2015-ci il tarixli, 2015/00058-01İP saylı İpoteka Müqaviləsi bağlanmış və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, 15/17 saylı evin 77 saylı mənzili ipoteka predmeti kimi təşkilata təqdim edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2017 saylı, 28 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh BOKT ASC-nin xeyrinə cəmi 42563,31 ABŞ dolları borc və ödənilmiş 27 manat dövlət rüsumu tutulmalı, tələb İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, 15/17 saylı evin 77 saylı mənzilinə yönəldilməlidir. Məhkəmə qətnaməsinə əsasən mənzilin ilkin satış qiyməti 128000 manat müəyyən edilmişdir. Cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti təmin edilməmiş və Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2017 saylı, 28 sentyabr 2017-ci il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1768/2018 saylı, 06 fevral 2018-ci il tarixli qətnaməsilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1768/2018 saylı, 06 fevral 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1768/2018 saylı, 06 fevral 2018-ci il tarixli qətnaməsi, AR Ali Məhkəməsinin 2(102)- 4460/2018 saylı, 04 iyul 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Mənzil alıcı olmadığı üçün tələbkara “İcra Haqqında” AR Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdaki ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə yəni 81600 manata təklif edilmişdir. Tələbkar təklifi qəbul etmişdir. Hərrac təşkilatının yəni, “X3” MMC-nin 21 fevral 2019-cu il tarixli, 006 nömrəli “Hərracın yekunları barədə Protokolu” və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” Müqaviləsi tərtib edilmiş və tərəflər qeyd olunan sənədləri imzalamışdır. Qeyd olunan mənzil hal-hazırda təşkilatın mülkiyyətindədir. İddiaçı cavabdehlər Cavabdeh BOKT ASC-yə, “X3” MMC-yə və Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı, hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. Nərimanov rayon Məhkəməsinin 2(005)-2637/2019 saylı 02.12.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14188/2019 saylı 02.12.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçı qeyd olunan qətnamədən kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 2(102)-4547/2020 saylı 15 sentyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh BOKT ASC-nin girov götürmək hüququ yoxdur. Çünki, Mərkəzi Bank tərəfindən verilmiş lisenziyada Cavabdeh BOKT ASC-nin girov əmanəti qəbul etmək hüququnun olmaması göstərilmişdir. İddiaçı buna görə də ipoteka müqaviləsinin etibarsız olduğunu hesab edir. Bununla əlaqədar bildirilmişdir ki, girov əmanəti qəbul etmək hüququ ilə girov götürmək hüququ tamam fərqli anlayışlardır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X4 iddia tələbinə uyğun olaraq izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh BOKT ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməmiş, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarına və sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 01.08.2017-ci il tarixli, 144-01 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyə əsasən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 15/17 ünvanında yerləşən 77/77a nömrəli mənzilin 24 iyul 2017ci il tarixinə bazar dəyəri 128000 manat təşkil edir. İş materiallarında olan 24.01.2018-ci il tarixli hesabdan çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh BOKT ilə İddiaçı arasında bağlanmış 29.06.2015-ci il tarixli, 2015/00058-01 saylı kredit müqaviləsinə əsasən illik 24% dərəcəsiylə 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kredit üzrə 03.08.2015-ci il tarixdə 1151 manat, 28.08.2015-ci il tarixdə 1151 manat, 02.10.2015-ci il tarixdə 1151 manat, 13.11.2015-ci il tarixdə 300 manat, 24.11.2015-ci il tarixdə 400 manat, 25.11.2015-ci il tarixdə 400 manat, 08.02.2016-cı il tarixdə 300 manat, 22.02.2016-cı il tarixdə 200 manat, 14.03.2016-cı il tarixdə 200 manat, 17.03.2016-cı il tarixdə 200 manat, 30.12.2016-ci il tarixdə 100 manat, 30.12.2016-cı il tarixdə 108,70 manat, 31.01.2017-ci il tarixdə 204,60 manat, 28.02.2017ci il tarixdə 200 manat, 31.03.2017-ci il tarixdə 287,36 manat, 28.04.2017-ci il tarixdə 293,26 manat, 31.05.2017-ci il tarixdə 293,26 manat, 30.06.2017-ci il tarixdə 293,60 manat olmaqla cəmi 4934,78 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən görünür ki, 12.12.2009-cu il tarixdə İddiaçı ********** qeydiyyat nömrəsi ilə ünvan 2 ünvanında qeydiyyata alınmışdır. Daşınmaz əmlakın ümumi sahəsi 63.25 kv.metrdir. Daşınmaz əmlaka İddiaçı tam payı müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh BOKT ASC-nə kreditlərin verilməsi üçün verilmiş lisenziyaya əsasən müəyyən edilir ki, Cavabdeh BOKT ASC-nə təminatlı və təminatsız kreditlərin verilməsi, habelə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olmaq hüququ verilmişdir. Bu lisenziyanı almış Cavabdeh BOKT ASC-nin girov əmanəti qəbul etmək hüququ yoxdur. İş materiallarında olan 29 iyun 2015-ci il tarixli, 2015/00058-01 nömrəli istehlak krediti müqaviləsinə əsasən müəyyən edilir ki, Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanan müqaviləyə əsasən Cavabdeh BOKT ASC iddiaçıya 60 ay müddətinə 40000 ABŞ dolları məbləğində kredit verməyi öz öhdəsinə götürmüşdür. Müqavilədə kreditin Borc alanın “xxxx” ASC-dəki hesabına daxil edildiyi və mənzil təmiri üçün verildiyi qeyd edilmişdir. Müqaviləyə əlavə şərt olaraq ödəliklərin icrasına təminat olaraq mülkiyyət hüququ ilə tam İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsində yerləşən, 15/17 nömrəli evdə 3 otaqlı 77/77a nömrəli mənzilin üzərinə ipoteka qoyulmuş, ipoteka predmeti Qiymətləndirici tərəfindən 50000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan 29 iyun 2015-ci il tarixli, 2015/00058-01İP nömrəli ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsində yerləşən, 15/17 nömrəli evdə 3 otaqlı 77/77a nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İllik faiz dərəcəsi 24 faiz olmaqla 60 ay müddətinə 40000 manat məbləğində pul İddiaçı verilmişdir. İş materiallarında olan 01 fevral 2019-cu il tarixli qəbzə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən hesab nömrəsi AZ83MUGA**********20781USD12 olan Cavabdeh BOKT ASC-nə 42564 ABŞ dolları məbləğində kredit ödənişi olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1768/2018 saylı, 06 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki məhkəmə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2017 saylı mülki iş üzrə qəbul etdiyi 28 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2018-ci il tarixli, 2(102)-4460/18 saylı qərarına əsasən müəyyən edilir ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 06 fevral 2018-ci il tarixli, 2(103)-1768/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2637/2019 saylı, 25.09.2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı cavabdehlər “X3” MMC-nə, Cavabdeh BOKT ASC-nə və Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3” MMC tərəfindən 21 fevral 2019-cu il tarixli, 060 nömrəli hərracın yekunları barədə protokolun və 21 fevral 2019-cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin ləğv edilməsi, həmçinin Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, 15/17 nömrəli evin 3 otaqlı, ümumi sahəsi 63,25 kv.metr olan 77 nömrəli mənzilə mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsini təmin etməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14188/2019 saylı, 02.12.2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2637/2019 saylı, 25.09.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4547/2020 saylı, 15.09.2020-ci il tarixli qərarına əsasən müəyyən edilir ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14188/2019 saylı, 02.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan X2 Yekunları Barədə 171 nömrəli protokuluna əsasən müəyyən edilir ki, ipoteka predmeti Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, 15/17 nömrəli evin 3 otaqlı, ümumi sahəsi 63,25 kv.metr olan 77 nömrəli mənzildir. İpoteka predmetinin ilkin hərrac qiyməti 128000 manat, “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununun 43.5-ci maddəsinə əsasən 15% endirimlə 108800 manat, “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 81600 manat olaraq müəyyənləşdirilmişdir. İpoteka predmetinin alıcısı Cavabdeh BOKT ASC-dir. İş materiallarında olan hərracın hekunları üzrə əmlakın alqı-satqısı barədə 20 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, ipoteka predmeti alıcı tərəfindən 81600 manata əldə olunmuşdur. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən mənzildə Cavabdeh BOKT ASC-nin tam pay hüququ tanınmış, 26.11.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış mübahisələndirilən ipoteka müqaviləsinin qanuniliyinə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə artıq qiymət verilmiş, bu hissədə həmin məhkəmə aktları hazırkı mülki iş üçün predyusial əhəmiyyət daşıyır. Bundan başqa, iddiaçı cavabdehlə onun arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb etsə də, həmin müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan ipoteka müqaviləsi bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin forması və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd edilən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddia digər tərəfdən ona görə rədd edilməlidir ki, iddiaçı mövcud iddia tələbi üzrə ipoteka müqaviləsinin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, əqdin etibarsız sayılmasına dair tələblər üzrə müddət şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən başlandığından, iddiaçı ipoteka müqaviləsinin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində məhkəməyə müraciət etməli idi. Başqa sözlə, iddiaçı ipoteka müqaviləsini istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş müddət daxilində mübahisələndirmək hüququna malik olmuşdur. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı ipoteka müqaviləsinin bağlandığı vaxtdan keçən altı ilə yaxın müddət ərzində, eləcə də yuxarıda qeyd olunan əvvəlki məhkəmə mübahisəsi üzrə işdə cavabdeh kimi tərəf olaraq, mübahisənin mahiyətindən məlumatlı olduğu halda, bu müddət ərzində ipoteka müqaviləsini mübahisələndirməmiş, bununla da əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar