Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3736/2021 25.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X13 oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili və nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 5 saylı saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisi cəlb edilməklə qanun üzrə vərəsəlik hüququndan məhrum edilmə tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mərhum atası X1 miras qalmış Bakı şəhəri Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsi ev 97-də yerləşən 2 otaqlı 37 saylı mənzilə dair qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X6 26.12.2020-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 97-də yerləşən 2 otaqlı 37 saylı mənzil miras qalmışdır. İddiaçı mərhumun yeganə vərəsəsidir. Mərhum sağlığında miras əmlaka dair vəsiyyətnamə qoymamışdır. Birinci dərəcəli vərəsə kimi mirasın əmlakın qəbul edilməsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müvafiq qaydada notariat ofisinə rəsmi ərizə ilə müraciət etmişdir. Vərəsəlik işi açılmışdır. Mirası həm faktiki, həm də rəsmi şəkildə qəbul etmişdir. Lakin yeganə vərəsə kimi şəhadətnamənin verilməsini tələb etdikdə aydın olmuşdur ki, mərhum cavabdehlə 04.10.1993-cü il tarixdə Mingəçevir şəhəri Səadət sarayında rəsmi nikaha daxil olmuşdur. Notariusdan bilgi əldə edən cavabdeh miras əmlakı ələ keçirmək üçün cəhdlər etmiş və ona qarşı ultimatum xarakterli məlumat ünvanlamışdır. İddiaçı cavabdehi bir gün belə görməmişdir, onu tanımır və o, sözügedən mənzildə yaşamamışdır. Faktı əmlakın yerləşdiyi ünvan üzrə yaşayan sakinlər də təsdiq edə bilərlər. Bundan sonra mübahisə yaranmış və şəhadətnamənin verilməsi dayandırılmışdır. Mərhum 09.10.1947-ci il tarixdə Qax rayonunda anadan olmuşdur. Mərhumun atası 1975ci ildə, anası Bilqeyis Sultanova 1995-ci ildə vəfat etmişlər. Hər ikisi Qax rayonunda dəfn edilmişlər. İddiaçının atası Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Hidrogeologiya və Mühəndis geologiyası ekspedisiyasında energetik vəzifəsində işləmişdir. 27 fevral 1987-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti Aparatının 73/1 saylı Sərəncamına əsasən iş yerində kooperativ üzvü kimi mənzil qeydiyyatına götürülmüş və ona 17 may 1993-cü il tarixdə 019435 nömrəli order verilmişdir. Orderə əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 97-də yerləşən 2 otaqlı 37 saylı mənzil (köhnə adla Həmid Sultanov küçəsi 531-ci kvartal) mərhuma verilmişdir. Kooperativ binada mənzil almaq istəyən vətəndaşlar "xxxx" MTK yaratmışlar, 2 otaqlı mənzil almaq üçün nəzərdə tutulmuş 14200 manat pul vəsaitini iki dəfəyə - birinci dəfə, 1987-ci ildə 4200 manat, ikinci dəfə isə 1991-ci ildə 10 000 manat məbləğində tam ödəmiş və mərhum atasının mənzilə mülkiyyət hüququ yaranmışdır. X6 təqaüdə çıxana qədər həmin iş sahəsində işləmiş və yaşadığı mənzili 2015-ci ildə binada yaşayan sakinlər ilə birlikdə kütləvi qaydada özəlləşmişdir. İddiaçının valideynləri mərhumla anası X4 ilə 1982-ci ildə nikaha girmiş, nikahdan yeganə övlad iddiaçı anadan olmuşdur. Atasının mənzili olmadığından, onlar birlikdə babasına məxsus olmuş və hazırda anası ilə birgə yaşadığı Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti ev 80/2-də yerləşən 25 saylı mənzildə 1987-ci ilədək yaşamışlar. Mənzil problemləri olduğundan onlar boşanmış və iddiaçı anasının himayəsində qalmışdır. Lakin atası iddiaçı ilə maraqlanmış, onun qayğısına qalmışdır. Mərhum iddiaçının təhsil xərclərini qarşılamış, hətta toyunu etmişdir. İddiaçı mərhumla daim təmasda olmuş, evinə gedib-gəlmişdir. Mərhum sakit təbiətli bir insan olmuşdur. Mərhumun mənzilində nəinki cavabdehi görməmiş, hətta ev daha çox subay evini xatırlatmışdır. Mənzildə qadına aid heç nə olmamışdır, eyni zamanda kommunikasiya, santexnika qurğuları bərbad vəziyyətdə olmuşdur. Nizami Sultanovun cavabdehlə rəsmi nikahı olmuş olsa belə, faktiki münasibətləri olmamışdır. Cavabdehin rəsmi və faktiki yaşayış ünvanı 2003-2017-ci il tarixləri ərzində ünvan 1v 174, mənzil 12 olmuşdur. Sonradan ev söküntü ərazisinə düşdüyündən 2019-cu ildən hazıradək Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 174-də yerləşən 5 saylı mənzildir. İddiaçı neftçi ixtisasına malikdir. Son zamanlar Qətər şəhərində işləməkdədir. Pandemiya səbəbindən gediş-gəliş məhdud olduğundan, atası ilə telefon vasitəsi ilə əlaqə saxladıqda məlum olmuşdur ki, atasının səhhətində problemlər var. İddiaçı uzaqda olsa da, buna baxmayaraq mərhumun yaşadığı ünvana yaxın olan bibisi oğlu Tural iddiaçı olmadığı müddətdə atası Nizami Sultanovun qayğısına qalmışdır. Ona yemək-içmək aparmış, müalicəsi üçün dərmanlar almışdır. 2020-ci ilin noyabr ayında İddiaçı cərrah işləyən əmisi onu müalicə etmək üçün Mingəçevir şəhərinə aparmış, mərhum orada müalciə olunmuşdur. Lakin atasını xilas etmək mümkün olmamış, mərhum “mədə girəcəyinin bədxassəli yeni törəməsi” diaqnozu ilə vəfat etmiş, Mingəçevir şəhərində dəfn edilmişdir. Birgə nikah qeydlərinin qalmasına baxmayaraq Cavabdeh mərhum atası X6 ilə yaşamadığından, birgə təsərrüfat aparmadıqlarından, hər biri ayrı-ayrı ünvanlarda yaşadıqlarından, nikahlarına faktiki olaraq xitam verildiyindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının izahatında göstərdikləri tam əsassızdır. Belə ki, məhkəmə tərəfindən ünvanlanmış sorğuya cavabda da qeyd olunduğu kimi Sultanov Nizami ilə cavabdeh 1993-cü ildən rəsmi nikaha daxil olmuşlar və faktiki olaraq aralarında ər-arvad münasibəti olmuşdur. Buna görə də hesab edir ki, həyat yoldaşı kimi mübahisə predmeti olan əmlakda cavabdehin payı olmalıdır. Göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, tərəflərin müraciəti əsasında təmsil etdiyi notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Təqdim etdiyi sənədlərdə başqa hallar da öz əksini tapmışdır. İddianın təmini məsələsi təmsil etdiyi qurumun birbaşa maraqlarına toxunmadığı üçün mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmədə iclasında iddiaçının nümayəndəsi tərəfindən dəvət edilmiş şahid: X7 ifadəsində göstərmişdir ki, "xxxx" MTK-nın sədridir. İddiaçının atası Sultanov Nizami ilə İ.Qutqaşınlı 97 ünvanında qonşu olmuşlar, münasibətləri də yaxşı olmuşdur, evinə gedib gəlmişdir. O özü Həmin evə 2000-ci ildə köçmüş, Sultanov Nizami isə ondan xeyli əvvəl orada artıq yaşaymışdır. Mənzil tam təmirsiz olmuşdur – divarları qara suvaq, yeri beton, qazı və suyu olmuşdur. N.Sultanov həmin ünvanda həmişə tək yaşamışdır. Nizami xəstə olduğu vaxtlarda ona bacısı oğlu Tural baxırdı. Cavabdeh adında şəxsi tanımır, N.Sultanovun evinə gəlib-getdiyini də görməmişdir. Məhkəmədə iclasında cavabdehin nümayəndəsi tərəfindən dəvət edilmiş şahidlər: X8 ifadəsində göstərmişdir ki, iddiaçı X2 bibisi oğludur. Sultanov Nizami ilə cavabdeh 1993-cü ildən evlidirlər. Toylarında bacısı da şahid kimi iştirak etmişdir. Sultanov Nizami ölməmişdən 3 il qabaq və 3 il ərzində Ekologiya Nazirliyinin yanında İ.Qutqaşınlı küçəsində yerləşən evində yaşamışdır. Yaşadığı evin şəraiti çox pis vəziyyətdə olmuşdur. Evin şəraiti pis olduğuna görə Nizami həmin evdə tək yaşayırdı. İnşaatçılar prospektində yerləşən başqa ev də var idi. Təqaüdçü idi, lakin həvəskar olaraq elektrik kimi fəaliyyət göstərirdi. Cavabdeh anası ilə birlikdə Mərdəkanda yerləşən özünə məxsus bağ evində yaşaırdı. Sultanov Nizami həftədə 1 dəfə, 2 həftədənbir, 3 həftədənbir Mərdəkanda yerləşən bağ evinə gedirdi. Mərhum Mərdəkana gedəndə özü ilə instrumentlərini aparırdı, orada təmir işlərini aparırdı. Son vaxtlar Sultanov Nizami ilə Cavabdeh küsülü idilər. Son ana qədər Sultanov Nizami ilə Cavabdeh evli olublar. Sultanov Nizaminin oğluna münasibəti normal olsa da, oğlu atasına laqeyd münasibət bəsləyirdi. Cavabdeh son vaxtlar Nizaminin xəstə olduğunu bilmirdi. Cavabdeh Nizaminin dəfn və yas mərasiminlərində iştirak etməyib. Bundan əlavə şahid göstərmişdir ki, yeməyi mərhum üçün həm özü, anası (şahidin anası) da, bacısı da bişirib aparırdı. X9 ifadəsində göstərmişdir ki, İddiaçı atası mərhum Sultanov Nizami onun atasının əmisi oğludur, həm də həyat yoldaşının dayısıdır. İddiaçını yalnız bəzi mərasimlərdə görmüşdür. Sultanov Nizaminin evində olmamışdır. Mərhum Ekologiya Nazirliyi ətrafında olan binaların birində yaşayırdı. Nizamini bir neçə dəfə öz avtomobili ilə evinə aparmışdır. Cavabdeh barədə nə eşitmiş, nə də onu görməmişdir. Nizaminin qardaşı onun ölümünə 2 həftə qalmış Nizami xəstə olduğundan, gəlib onu Mingəçevirə aparmışdır. Nizamiyə onun (şahidin) qaynanası baxırdı, mərhumun paltarlarının yuyulmasını, yeməyin bişirilməsini və s. edirdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını, şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 1 may 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, “Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir: - tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; - ər-arvadın ayrı yaşamaları; - qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhz göstərilən hallar hüquqi tərkib əmələ gətirərək rəsmi nikahda olmalarına baxmayaraq, ərin (arvadın) vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Bu baxımdan məhkəmələr tərəfindən ərin (arvadın) nikaha faktiki xitam verilməsi səbəbindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair işlərə baxılarkən Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmamasına formal yanaşılmamalı, işin bütün halları, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamlar diqqətə alınaraq məsələyə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin qeyd edilən maddəsinə formal əsaslanmaqla arvadın (ərin) vərəsəlik hüququndan məhrum edilməsi vərəsəlik və ailə hüquqlarının ümümi prinsiplərinə uyğun olmazdı. Mülki Məcəllənin 1164-cü maddəsində istifadə olunan “nikaha faktiki xitam verildiyi” ifadəsi isə mirasın açılmasından əvvəlki üç il ərzində tərəflərin məhz ailə-nikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, birgə təsərrüfat aparmamalarını nəzərdə tutur. Bu zaman nikah hüquqi cəhətdən pozulmasa da, nikahın pozulması müvafiq orqanda qeydə alınmasa da nikah real olaraq sonlanmış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bununla bağlı qeyd etmişdir ki, nikah münasibətləri nikaha girən şəxslər üçün xüsusi status yaradır. Nikahda olan ər-arvadın bilərəkdən və şüurlu surətdə girdikləri münasibətin doğurduğu hüquqi nəticələr bu növ qarşılıqlı münasibətləri digər birgəyaşayış növlərindən fərqləndirir. Ər-arvadın qarşılıqlı münasibətlərində vacib məsələ qarşılıqlı öhdəliklərin mövcudluğudur. Tərəflərin münasibətlərinin uzunmüddətli olmasına baxmayaraq, onlar arasında məcburi hüquqi qüvvəyə malik olan qarşılıqlı öhdəliklərin olmaması onların birgə yaşayışını ərlə arvadın birgə yaşayışından tamamilə fərqləndirir (X5rşı iş üzrə 2008-ci il 29 aprel tarixli Qərar). Qanunvericilikdə nəzərdə tutulmuş üç il müddət isə tərəflərin nikah münasibətlərinə faktiki xitam verilməsi qərarında israrlı olduqlarını, ailə münasibətlərini bərpa etmək istəklərinin olmamasını dəqiqləşdirmək üçün müəyyən edilmiş müddətdir. “ Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının atası X6 ilə Cavabdeh 04.10.1993-cü il tarixdə rəsmi nikaha daxil olmalarına baxmayaraq, heç vaxt ailə münasibətlərində olmamış, birgə təsərrüfat aparmamış, ayrı-ayrı ünvanlarda yaşamışlar. Hətta cavabdehə məxsus Mərdəkan qəsəbəsində bağ evi olmasına baxmayaraq, iddiaçı Bakı şəhərində tam yaşamağa şəraiti olmayan mənzildə daimi yaşamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, mərhum təqaüdçü olmuş, heç bir yerdə işləməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh 09.10.1947-ci il təvəllüdlü X3 qanun üzrə vərəsəsi olmaq hüququndan məhrum edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddia ərizəsinin veriliməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 09.10.1947-ci il təvəllüdlü X3 qanun üzrə vərəsəsi olmaq hüququndan məhrum edilsin. İddia ərizəsinin veriliməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-3736/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3736/2021
25.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver