Məhkəmə qərarları › İş №2(004)-3741/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3741/2022

20.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3741/2022 20.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb olunmaqla Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna kompensasiyanın verilməsi yolu ilə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizələr verərək iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehin istifadəsində olmuş 19 kv.m hissəsinə Cavabdeh və onun ailə üzvlərinin (xx.xx.1993-cü il təvəllüdlü X5, xx.xx.1995-ci il təvəllüdlü X6, xx.xx.2001-ci il təvəllüdlü X10 və xx.xx.1967-ci il təvəllüdlü X4) istifadə hüquqlarına 12.000 (on iki min) manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin 19 kv.m sahədən ibarət olan və uzun müddət cavabdehin faktiki istifadəsində və sahibliyində olmuş tikili xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehlə həmin tikiliyə görə dəfələrlə mübahisəsi olmasına baxmayaraq ona qanunsuz olaraq mülkiyyətində olan yaşayış sahəsini geri qaytarmamışdır. Ona görə də cavabdehə kompensasiya ödəməklə istifadə hüququna xitam verilməsini istəyir. Sözügedən ərazidə yerləşən fərdi yaşayış evləri söküldükdən sonra onun mülkiyyətində olan 19 kv.m sahəyə münasibətdə mübahisə yarandığından "xxxx" MMC tərəfindən ona kompensasiya ödənilməsi dayandırılmışdır. Bildirir ki, o, mübahisənin həlli ilə bağlı dəfələrlər cavabdehlə razılığa gəlməyə cəhd göstərmiş, hətta ona təxminən 12-15 min manat aralığında pul təklif etmiş, lakin cavabdeh imtina etdiyindən razılıq əldə edilməsi mümkün olmamışdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 219 kv.m təşkil edən fərdi yaşayış evi vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmiş və mülkiyyət hüququnu xx.xx.2018-ci il tarixdə dövlət reyestrində qeydə aldırmaqla ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışı verilmişdir. Cavabdeh isə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin 19 kv.m-dən ibarət olan tikilisində ailə üvzləri ilə birlikdə uzun müddət ərzində yaşamışdır. Belə ki, cavabdehin həmin tikilidə yaşamasına əsas o, olmuşdur ki, fərdi yaşayış evi iddiaçının babasının mülkiyyətində olan zaman sahəsi 19 kv.m olan tikilini cavabdeh Oqtayın atasına və ailə üzvlərinə kirayə vermişdir. Hətta onda olan məlumata görə Oqtay özü doğulduğu vaxtdan həmin evdə yaşamışdır. Bir müddət yaşadıqdan sonra iddiaçının babası mübahisə predmeti olan həmin tikilini cavabdehin valideynlərinə əvəzsiz olaraq istifadəyə vermiş və kirayə haqqı almamışdır. Daha sonra cavabdeh və onun ailə üzvləri iddiaçının mülkiyyətində olan 19 kv.m tikiliyə bitişik 100 kv.m sahədən ibarət yeni özbaşına tikili inşa edib hər iki tikilidən istifadə edərək yaşamışlar. Yaşadıqları müddət ərzində iddiaçı mülkiyyətində olan 19 kv.m tikilidən istifadəyə görə kirayə haqqı almamış və buna görə etiraz bildirməmişdir. Cavabdeh mübahisəli evdə 1989-cu ildən ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla faktiki yaşamışdır. 2022-ci ilin ortalarında qeyd olunan ünvanda yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi ilə yanaşı digər evlərin Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında sökülərək yeni çoxmənzilli yaşayış binalarının, o cümlədən qeyri-yaşayış sahələrinin inşa edilməsi qərara alınmış və tikintinin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. Şirkətlə razılaşmalar gedərkən müəyyən edilmişdir ki, 119 kv.m sahə cavabdehin faktiki istifadəsində və sahibliyindədir, həmin sahənin 19 kv.m sahəsi İddiaçıla mübahisəli olması nəzərə alınaraq, şirkət 100 kv.m sahədən ibarət özbaşına tikiliyə münasibətdə cavabdehlə xx.xx.2021-ci il tarixli müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə 100 kv.m sahədən ibarət özbaşına tikilinin əvəzində Cavabdeh şirkət tərəfindən yeni tikiləcək yaşayış binasında 12-ci mərtəbədə 3 otaqlı 80 kv.m sahəsi olan təmirli mənzilin verilməsi nəzərdə tutulmuş, bununla yanaşı ona 130.000 manat kompensasiya birdəfəlik ödənilmiş və yeni mənzil verilənədək hər ay 400 manat kirayə haqqı ödənilir. Lakin 19 kv.m sahəyə münasibətdə mübahisə mövcud olduğundan məhkəmə yolu ilə həll edildikdən sonra kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin şirkət İddiaçıla bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə razılığa gəlmişdir ki, ona çıxarış üzrə 219,8 kv.m, faktiki olaraq istifadəsində olan 33,98 kv.m olan sahəyə görə yeni tikiləcək yaşayış binasında 100 kv.m sahəsi olan mənzil verir, Cavabdehla mübahisəli olan sahə ilə bağlı mübahisə mülkiyyətçinin xeyrinə həll olunacağı təqdirdə əlavə danışıqlar aparılacağı, ziyanına həll olunacağı təqdirdə isə mülkiyyətçiyə verilməsi nəzərdə tutulan mənzilin sahəsinin azaldılaraq 95 kv.m mənzil verilməsi nəzərdə tutulmuşdur. Həmçinin şirkət mənzil təhvil verilənədək mülkiyyətçiyə hər ay 300 manat kirayə haqqı ödəyir. Hazırda mübahisəli fərdi yaşayış evləri şirkət tərəfindən sökülərək yeni yaşayış binasının tikintisinə başlanmışdır. Lakin söküntüyədək iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin 19 kv.m sahəsinə münasibətdə cavabdehin istifadə hüququnun olmasını qəbul edir, lakin müqavilə şərtlərindən göründüyü kimi cavabdehin və onun ailə üzvlərinin istifadə hüququnun saxlanması iddiaçının birbaşa olaraq mülkiyyət hüquqlarını pozduğundan 12.000 manat kompensasiya ödənilməklə onların istifadə hüquqlarına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, doğulduğu vaxtdan ünvan 2 ünvanında valideynləri və digər ailə üzvləri ilə birlikdə yaşamışdır. Mübahisəli fərdi yaşayış evinin 19 kv.m sahəsində valideynləri əvvəllər kirayədə yaşamalarına baxmayaraq, sonradan iddiaçının ulu babasından almışlar, lakin alğı-satqı müqaviləsi ilə rəsmiləşdirilməmişdir. Ona görə də hazırda buna dair məhkəməyə hər hansı sübut təqdim edə bilmir. Bu səbəbdən iddiaçının mübahisəli tikilinin babası tərəfindən ona bağışlanması ilə bağlı iddiası ilə razılaşmır. O, sözügedən fərdi yaşayış evində 1989-cu ildən ailə üzvləri ilə birlikdə rəsmi qeydiyyatdadır. Bundan başqa o, uzun müddətdir mübahisəli 19 kv.m sahəyə bitişik əlavə olaraq 100 kv.m sahədən ibarət ev inşa etdirmiş və bütün ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Verilmiş suallara əsasən cavabdeh əlavə olaraq bildirmişdir ki, icra hakimiyyətinin sərəncamına əsasən fərdi yaşayış sahəsi söküldükdən sonra bağlanmış müqaviləyə görə "xxxx" MMC tərəfindən ona faktiki sahibliyində və istifadəsində olan 100 kv.m yaşayış sahəsinə münasibətdə yeni tikiləcək çoxmənzilli yaşayış binasında 12-ci mərtəbədə 3 otaqlı 80 kv.m sahəsi olan təmirli mənzilin verilməsi nəzərdə tutulmuş, bununla yanaşı ona 130.000 manat kompensasiya birdəfəlik ödənilmiş və yeni mənzil təhvil verilənədək hər ay 400 manat kirayə haqqı ödənilir. Lakin, qalan 19 kv.m sahə ilə bağlı məsələ açıq qalmış, belə ki, çıxarış üzrə mülkiyyətçi İddiaçıla aralarında mübahisə mövcuddur. Mübahisə onun xeyrinə həll ediləcəyi təqdirdə şirkət ona 19 kv.m sahə ilə bağlı 57.000 (əlli yeddi min) manat təklif etmişdir. Hazırda fərdi yaşayış evi sökülmüş və mövcud deyildir. Mübahisəli fərdi yaşayış evində istifadə hüququ vardır və iddiaçının təklif etdiyi məbləğlə razı deyildir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddia tələbinə etiraz edir və qəbul etmir. Belə ki, mübahisəli fərdi yaşayış evi artıq söküldüyündən mövcud deyildir. Əgər bir mənzil sökülmüşdürsə, bunun əvəzinə yeni bir mənzil veriləcəksə istifadə hüququ ilə bağlı iddia tələbi yeni verilən mənzillə bağlı olaraq verilməlidir. Çünki istifadə hüququnun yaranması üçün şəxsin yaşayış sahəsindən faktiki istifadə etməsi zəruridir. Hesab edir ki, yeni mənzil təhvil verildikdən sonra mülkiyyətçi hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirməli, yalnız bu halda istifadə hüququna xitam verilməsindən söhbət gedə bilər. Cavabdeh isə 1989-cu ildən mübahisəli evdə qeydiyyatda olmaqla yaşamış və fərdi yaşayış evi sökülərkən faktiki olaraq onun sahibliyində olmuşdur. Yeni mənzil mülkiyyətçi İddiaçı təhvil verildikdən sonra, yeni mənzilin dəyəri artdığından bununla bağlı kompensasiya məbləği də artacaqdır. Göstərilənlərə əsasən, iddia tələbi əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində yerləşən daşınmaz əmlakların istifadəçiləri və ya mülkiyyətçiləri ilə mülki münasibətlərin qarşılıqlı razılığı əsasında sökülərək yeni çoxmənzilli yaşayış binalarının, o cümlədən qeyri-yaşayış sahələrinin inşa edilməsi qərara alınmış, söküntü və tikinti işlərinin aparılması isə "xxxx" MMC-yə həvalə edilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evlərinin istifadəçiləri və mülkiyyətçiləri ilə aparılan danışıqlar zamanı aşkar edilmişdir ki, İddiaçı çıxarış sənədinə əsasən mülkiyyətində 219 kv.m sahəsi olan fərdi yaşayış evində 8 (səkkiz) ailə yaşayır. Qeyd olunan ailələrdən 7-si iddiaçının qohumları olduğu halda, yalnız bir ailə qohumu deyildir ki, həmin ailə Cavabdeh ailəsidir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 219 kv.m sahəsi olan fərdi yaşayış evinin 19 kv.m sahəsi Cavabdeh və ailə üzvlərinin faktiki sahibliyində və istifadəsindədir. Bundan başqa cavabdeh 19 kv.m sahədən əlavə 100 kv.m sahəsi olan özbaşına tikili inşa etmişdir. Dolayısı ilə müəyyən edilmişdir ki, 119 kv.m sahəsi olan yaşayış sahəsi Cavabdeh və ailə üzvlərinin faktiki sahibliyində və istifadəsindədir. 19 kv.m sahə ilə bağlı tərəflər arasında mübahisə olduğundan hər iki tərəflə ayrı-ayrılıqda bağlanmış müqavilələrin şərtlərinə daxil edilmişdir ki, mübahisə məhkəmə yolu ilə həll edildikdən sonra razılaşmaya uyğun olaraq kompensasiya və ya mənzil veriləcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçı miras əmlak olan ünvan 2 saylı evdən 1/1 hissədə pay almışdır. Həmçinin şəhadətnamədən müəyyən edilir ki, miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə X2 verilmiş **********68-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 2 ədəd bir mərtəbəli 13 otaqlı fərdi yaşayış evindən ibarətdir. - AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, ünvan 9 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə reyestrdə qeydiyyat aparılmışdır. - AR DİN-nin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan müəyyən edilir ki, Cavabdeh və onun ailə üzvləri X4, X5, X6, X10 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti MKTB Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 64 nömrəli arayışdan müəyyən edilir ki, Cavabdeh xx.xx.1989-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. - Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 17-15/d saylı məktubdan müəyyən edilir ki, 64 saylı MKİS-nin məlumatına əsasən Seyfəddin Dağlı 30 ünvanında yerləşən fərdi yaşayış evində 57 nəfər qeydiyyatdadır. İddiaçı 2013-cü ildən, X3 isə 2012-ci ildən həmin ünvanda qeydiyyatdadırlar. Qeyd olunan məktublardan, ona əlavə edilmiş 64 saylı MKİS-in xx.xx.2022-ci il tarixli arayışından və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 164 nömrəli Sərəncamından müəyyən edilir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 164 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qurqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,20 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların (fərdi yaşayış evlərinin) istifadəçiləri və ya mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Hazırda Bakı şəhəri Yasamal rayonu Seyfəddin Dağlı 30 ünvanında yerləşən fərdi yaşayış evi sökülmüşdür. Eyni zamanda məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin ******* nömrəli xx.xx.2022-ci il tarixli, “Azəriqaz” İB-nin ******* nömrəli xx.xx.2022-ci il tarixli və "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli arayışlarından da müəyyən edilir ki, abonent Cavabdeh borcu yoxdur. - X4, X5, X6, X7 53 saylı notariat ofisində təsdiq edilmiş ərizələrindən müəyyən edilir ki, Cavabdeh adları qeyd olunan ailə üzvləri ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə etiraz etmədiklərini bildirmişlər. - Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evləri sökülmüş, mübahisəli ev mövcud deyildir və hal-hazırda sözügedən ərazidə "xxxx" MMC tərəfindən yeni çoxmənzilli yaşayış binasının inşası ilə bağlı işlər görülür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 43 nömrəli müqavilənin surətindən müəyyən edilir ki, Cavabdeh qeydiyyatda olmaqla, Kommunal Xidmətlər Müəssisəsi MMC-nin 252061 saylı arayışına əsasən orada yaşamasını təsdiq etməklə istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 119 kv.m olan mənzilin sökülməsi üçün “Şirkət”ə verməyi, “Şirkət” isə mənzili təhvil almaq və əvəzində yeni tikiləcək binadan ona razılaşdırılmış ölçüdə mənzil və kompensasiya verməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh istifadəsində və sahibliyində olan yaşayış sahəsinin 19 kv.m hissəsinin qonşusu olmuş və hazırda orada yaşamayan İddiaçıla mübahisəli olduğunu nəzərə alaraq tərəflər müqavilə ilə mənzilin yalnız 100 kv.m hissəsinə dair razılığa gəlmişlər. Müqavilənin 2.2-ci bəndinə görə “Şirkət” Cavabdeh istifadəsində olan faktiki 119 kv.m sahədən ibarət mənzilin 100 kv.m sahəsini sökmək üçün, ona əvəzində yeni tikiləcək yaşayış binasının 12-ci mərtəbəsində 3 otaqlı 80 kv.m sahəsi olan, təmirli mənzili və 130000 (bir yüz otuz min) manat kompensasiya verməyi, eləcə də təhvil-təslim aktına əsasən mənzil təhvil verilənədək hər ay ona 400 (dörd yüz) manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 63 nömrəli müqavilədən müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanındakı çıxarış üzrə mülkiyyətində olan 219,8 kv.m, faktiki 33,98 kv.m sahədən ibarət olan mənzili "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC isə əvəzində ona yeni tikiləcək çoxmənzilli yaşayış binasında 100 kv.m sahəsi olan təmirli mənzili təhvil verməyi, eləcə də təhvil-təslim aktına əsasən mənzil təhvil verilənədək hər ay ona 300 (üç yüz) manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC-nin əməkdaşları (R.Mirzəyev, R.Bünyadov, A.Əhmədova) və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktdan müəyyən edilir ki, Cavabdeh faktiki sahəsi 100 kv.m olan mənzili "xxxx" MMC-yə təhvil vermişdir. - "xxxx" MMC-nin əməkdaşları (R.Mirzəyev, R.Bünyadov, A.Əhmədova) və İddiaçı tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktdan müəyyən edilir ki, İddiaçı faktiki istifadəsində olan sahəsi 33.98 kv.m təşkil edən mənzili "xxxx" MMC-yə təhvil vermişdir. Aktdan həmçinin görünür ki, qeyd olunan sahədə yaşayış olmamışdır. - Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşı Fərman Orucov, "xxxx" MMC-nin əməkdaşları Əliqardaş Əliyev, Rüfət Bünyadzadə və mülkiyyətçi İddiaçı tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh tərəfindən zəbt edilmiş mənzilin 19 kv.m sahədən ibarət tikilinin qapısı açılaraq içəridə olan əşyalar sonuncuya təhvil verilməsi üçün "xxxx" MMC-nin anbarına yerləşdirilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisə predmeti ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir. Həmin fərdi yaşayış evinin ümumi sahəsi 219 kv.m olmaqla 2 ədəd bir mərtəbəli 13 otaqdan ibarətdir. Fərdi yaşayış evi iddiaçıya vərəsəlik qaydasında xx.xx.2018-ci il tarixdə keçmiş və onun mülkiyyətindədir. Cavabdeh isə həmin evdə xx.xx.1989-cu il tarixdən qeydiyyatdadır və faktiki olaraq evin 19 kv.m sahəsi onun istifadəsində olmuşdur. Həmçinin tərəflərin izahatlarından müəyyən edilir ki, cavabdehin valideynləri həmin evdən əvvəlki mülkiyyətçi olan iddiaçının babasından kirayə müqaviləsi əsasında 19 kv.m sahəni əldə edərək istifadə etmiş, daha sonra isə onlar əvəzsiz olaraq istifadə ilə bağlı şifahi razılığa gəlmişlər. Bundan sonra cavabdeh iddiaçının mülkiyyətində olan 19 kv.m sahəyə bitişik 100 kv.m sahədən ibarət olan yeni özbaşına tikili inşa etmişdir. Mübahisəli evdə cavabdeh və onun ailə üvzləri X4, X5, X6, X10 qeydiyyatda olmaqla 119 kv.m (19 kv.m iddiaçının mülkiyyətində olan sahə + 100 kv.m cavabdehin özünün inşa etdiyi özbaşına tikili) sahədən ibarət yaşayış sahəsindən faktiki olaraq istifadə etmişlər. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 164 nömrəli Sərəncamına əsasən mübahisəli fərdi yaşayış evi "xxxx" MMC tərəfindən 2022-ci ilin may ayında sökülmüş, sökülən anadək cavabdeh və onun ailə üzvləri ümumi sahəsi 119 kv.m olan yaşayış sahəsində faktiki olaraq yaşamışlar. "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 43 nömrəli müqavilə əsasında faktiki sahəsi 119 kv.m yaşayış sahəsindən mübahisəsiz olan 100 kv.m sahənin sökülməsi müqabilində “Şirkət” yeni tikiləcək binadan ona razılaşdırılmış 3 otaqlı 80 kv.m ölçüdə mənzil verməyi öhdəsinə götürmüş, bununla yanaşı cavabdehə 130.000 birdəfəlik ödəniş edilmiş və mənzil təhvil verilənədək 400 manat kirayə haqqı ödəyir. Evin sökülməsinə cavabdehin qeydiyyatda olan bütün ailə üzvləri notarial qaydada razılıq vermişdir. Lakin cavabdehin istifadəsində və sahibliyində olan yaşayış sahəsinin 19 kv.m hissəsi ilə bağlı mülkiyyətçi, yəni iddiaçı ilə mübahisə mövcud olduğundan həmin hissədə Şirkət tərəfindən kompensasiya ödənilməmişdir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 63 nömrəli müqaviləyə əsasən onun mülkiyyətində olan evin əvəzində “Şirkət” ona yeni tikiləcək çoxmənzilli yaşayış binasında 100 kv.m sahəsi olan təmirli mənzili təhvil verməyi, eləcə də mənzil təhvil verilənədək hər ay ona 300 (üç yüz) manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı onun mülkiyyətində olan fərdi yaşayış evinin mübahisəli olan 19 kv.m sahəsinə münasibətdə Cavabdeh və onun ailə üzvlərinin istifadə hüquqlarına 12.000 (on iki min) manat kompensasiya ödənilməklə xitam verilməsini iddia edir. Cavabdeh isə iddia tələbinə qarşı mübahisəli fərdi yaşayış evi hazırda mövcud olmadığından iddianın əsassız olmasını və rədd edilməsini xahiş edir. Məhkəmə əvvəla işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinə dair hüquqi münasibəti 2000-ci ilin sentyabr ayının 1-dən əvvəl yarandığına görə onun və ailə üzvlərinin AR Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən istifadə hüququ yaranmış və hazırki tərəflər arasında mübahisəyə həmin maddənin müddəaları tətbiq edilməlidir. Eyni zamanda cavabdehin və onun ailə üzvlərinin istifadə hüququnun mahiyyət etibarilə şəxsi servitut olduğu nəzərə alınaraq qeyd edilməlidir ki, şəxsi servitut əsasında əldə edilən istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyaclarını qarşılamaq imkanı verir və mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən yaşayış sahəsinə olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə cavabdehin iddiası ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh fərdi yaşayış evinin mübahisəli 19 kv.m sahəsinin atası tərəfindən iddiaçının babasından əvəzli olaraq alınmasını bildirməsinə baxmayaraq buna dair məhkəməyə sübut təqdim etmədiyindən onun bu iddiası rədd edilməlidir. Digər tərəfdən cavabdeh fərdi yaşayış evi sökülərkən istifadəsində və sahibliyində olan 119 kv.m sahənin mübahisəsiz olan 100 kv.m sahəsinə münasibətdə Şirkətdən kompensasiya və digər maddi nemət əldə etməsinə baxmayaraq o və digər ailə üzvləri mübahisəli olan 19 kv.m sahəyə münasibətdə istifadə hüququndan imtina etməmişlər. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktla təsdiq olunur ki, cavabdehin istifadəsində olmuş 19 kv.m sahədən ibarət tikilinin qapısı onun iştirakı olmadan mülkiyyətçi olan iddiaçının iştirakı ilə açılmış və içərisində olan əşyalar cavabdehə təqdim edilməsi üçün söküntünü həyata keçirən şirkətin anbarına yerləşdirilmişdir. Dolayısı ilə cavabdehin 19 kv.m sahədən ibarət tikilini tərk etməsi onun könüllü iradəsi ilə olmamışdır. Cavabdeh yalnız 100 kv.m sahəni könüllü olaraq Şirkətə təhvil vermişdir. Belə olan halda şirkət, yəni müstəqil tələb irəli sürməyən "xxxx" MMC mübahisəli olan 19 kv.m yaşayış sahəsini mülkiyyətçi olaraq iddiaçıdan sökülməsi üçün təhvil alarkən şəxsi servitutla yüklü edilmiş halda əldə etmişdir. Mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır. Mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsi də müəyyən qədər əmlak itkilərinə aid edilir. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda fərdi yaşayış evi mövcud olmasa da belə, sökülən anda cavabdehin və onun ailə üzvlərinin mübahisəli 19 kv.m yaşayış sahəsinə münasibətdə istifadə hüququ mövcud olmuşdur. Cavabdeh və onun ailə üzvləri həmin vaxt yaşayış sahəsinə olan ehtiyacını iddiaçının mülkiyyətində olan evin 19 kv.m sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmuşdur. Cavabdehin fərdi yaşayış evində olan istifadə hüququnun saxlanılması isə mülkiyyətçi olaraq iddiaçının hüquqlarını pozur və onu hazırki halda müəyyən maddi gəlirdən məhrum edir. Ona görə də, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh və onun ailə üzvlərinin istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Kompensasiya məbləğini müəyyən edərkən məhkəmə nəzərə alır ki, ilk növbədə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməlidir. Hazırki mülki iş üzrə iddiaçı ilkin iddia ərizəsində kompensasiya məbləğini göstərməmiş, daha sonra dəqiqləşdirmə ərizəsini məhkəməyə təqdim edərək cavabdehin və ailə üzvlərinin istifadə hüquqlarına 12.000 manat ödənilməklə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddia tələbi və təklif edilən kompensasiya məbləği ilə razı olmadığını bildirir. Qeyd olunur ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Belə ki, kompensasiya məbləği iddianın predmetinə daxil deyildir. Həmçinin birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur və burada kompensasiya tələb yox, yalnız təklif kimi çıxış edir. Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və videoyazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni zamanda mülki prosessual qanunvericiliyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının ailə üzvü olmamasına baxmayaraq uzun illər iddiaçının mülkiyyətində olan evdə öz ailəsi ilə birlikdə əvəzsiz olaraq yaşamışdır. Eyni zamanda həmin evdə qeydiyyatda olmuşdur. Hazırda həmin ünvanda yerləşən tikililər sökülmüşdür. Söküntü ilə əlaqədar həmin evin 19 kv.m sahəsində yaşamış Cavabdeh və onun ailə üzvlərinə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" tərəfindən onların yaşayış sahəsinə olan zəruri ehtiyaclarını qarşılamaq məqsədilə 130.000 manat birdəfəlik kompensasiya verilmiş və bununla yanaşı hər ay kirayə haqqı üçün 400 manat ödənilir. Gələcəkdə isə yeni yaşayış binasından 80 kv.m sahəsi olan mənzil verilməsi nəzərdə tutulur. Qeyd olunan şərtlərlə cavabdeh müqaviləyə imza etməklə, ailə üzvləri isə notarial qaydada ərizə verməklə razılıqlarını aşkar şəkildə ifadə etmişlər. Dolayısı ilə onlar aylıq 400 manat kirayə haqqının ödənilməsinə də razı olmuşlar ki, bu məbləğ onların yaşayış sahəsinə olan ehtiyacını ödəmək iqtidarındadır. Məhkəmə yaşayış evinin aylıq kirayə haqqı dəyərini müəyyən edərkən "xxxx" MMC tərəfindən cavabdehə hər ay 400 manat, mülkiyyətçi olan iddiaçıya isə 300 manat kirayə haqqı ödənilməsini və oxşar işlərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, cavabdehə iddia tələbinə uyğun olaraq 12.000 manat məbləğində kompensasiya ödənilməsi ilə bağlı iddiaçının təklifi məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki Prosessual 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 12.000 (on iki min) manat məbləğində kompensasiya verilməklə Cavabdeh və ailə üzvlərinin (X4, X5, X6, X10) ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 12.000 (on iki min) manat məbləğində kompensasiya verilməklə Cavabdeh və ailə üzvlərinin (X4, X5, X6, X10) ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilsin. Cavabdeh kompensasiya ödənilməsi və istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar