Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3755/2023 27.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMMC-nin Cavabdeh ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi və binaya ümumi suyun verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMMC Cavabdeh ASC-yə qarşı “qanunsuz hesablanmış 4100 manat borcun silinməsi və binaya ümumi suyun verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan arayışa əsasən müəyyən edilir ki, İddiaçı MMMC-nin Cavabdeh ASC-yə xx.xx.2023-cü il tarixə olan qalıq borcu 3995 (üç min doqquz yüz doxsan beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki iş üzrə ətraflı araşdırma aparılmasının təmin edilməsi, sübutların tam toplanması və tədqiq edilməsi məqsədilə 2 (iki) məhkəmə hazırlıq iclası və 1 (bir) məhkəmə baxış iclasının keçirilməsinə baxmayaraq, Cavabdeh ASC məhkəmə iclaslarının heç birində iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Hazırki iddia tələbi üzrə sübutetmə yükünün (borcun qanuniliyinin və suyun dayandırılmasına səbəb olan halların əsaslandırılması) Cavabdeh ASC-nin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin-təşkil edilməmiş, müvafiq borc məbləğinin əsaslı olmasını və binaya ümumi suyun verilməsinin dayandırılmasına səbəb olan halları təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmiş, bu barədə şifahi formada da olsa hər hansı mülahizə bildirilməmişdir. Mülki prosessual qanunvericiliyin prinsipləri əsas götürülməklə hazırki iddia tələbi üzrə sübutetmə yükünün istehlakcı olan iddiaçının üzərinə qoyulması qanuni hesab edilə bilməz. Məhkəmə cavabdeh orqana izah edir ki, Cavabdeh ASC dövlət orqanı olaraq publik səlahiyyətlərindən istifadə etməklə sayğaca əgər hər hansı müdaxil edilmişdirsə, həmin xüsusatı aşkara çıxarmaq və təqsirkar şəxs(lər) barədə tədbir görülməsi müvafiq hərəkətləri etmək öhdəliyi ilə mükəlləfdir. Həmin fəaliyyətin (nəzarət mexanizmi) operativ və effektiv təşkil-təmin olunması Cavabdeh ASC-nin vəzifəsidir. İstehlakçının təqsirini müəyyən etmədən maliyyə sanksiyalarının tətbiq edilməsi isə əsassız olmaqla yolverilməzdir. Lakin, müəyyən edilir ki, İddiaçı MMMC-nin Cavabdeh ASC-yə xx.xx.2023-cü il tarixə olan qalıq borcu 4100 manat deyil, 3995 (üç min doqquz yüz doxsan beş) manat təşkil edir. Bu səbəbdən, 3995 (üç min doqquz yüz doxsan beş) manat borcun silinməsinin cavabdehin üzərinə qoyulması əsaslıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və iddiaçının nümayəndəsinin izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMMC-nin Cavabdeh ASC-yə olan 3995 (üç min doqquz yüz doxsan beş) manat əsassız borcunun silinməsi vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulmalı və müvafiq əsassız borc məbləğinə görə ünvan 1 ünvanında yerləşən binaya ümumi suyun verilməsinin dayandırılması Cavabdeh ASC-yə qadağan edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMMC-nin Cavabdeh ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi və binaya ümumi suyun verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı MMMC-nin Cavabdeh ASC-yə olan 3995 (üç min doqquz yüz doxsan beş) manat əsassız borcunun silinməsi vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulsun və müvafiq əsassız borc məbləğinə görə ünvan 1 ünvanında yerləşən binaya ümumi suyun verilməsinin dayandırılması Cavabdeh ASC-yə qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-3755/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3755/2023
27.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver