Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3770/2025 09.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "vərəsəlik hüququ üzrə məcburi pay hüququnun tanınması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "vərəsəlik hüququ üzrə məcburi pay hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu 3-cü Nərimanov döngəsi ünvanda yerləşən 4 nömrəli evə vərəsə olaraq məcburi pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanı babalarından qalmış evdir. Onun atası da orda doğulub böyümüş, 34 yaşında həmin evdə vəfat etmişdir. O, özü də həmin evdə doğulub böyümüş və yaşamışdır. Atasıgil 3 qardaş olmuş və həmin evdə hər birinin ailəsinin öz otaqları var idi və vardır. Babasından oğullarına qalmış ev öz aralarında razılıqla bölünmüşdür. Hər bir qardaşa məxsus 2 otaq var. Ən az kvadratlı 18 kv.metrə yaxın otaqda isə atası öz ailəsi ilə yaşamışdır. Onun vəfatından sonra isə anası ilə o özü yaşamışdır. Anası da dünyasını erkən dəyişmişdir-50 yaşda dünyasını dəyişmişdir. Anasından sonra da həmin evdən özü yaşayaraq istifadə etmişdir, lakin 2 ildən artıqdır ki, əmisinin həyat yoldaşı olan hazırkı cavabdeh qapıları bağlayaraq onu evə buraxmır. Ev dolusu əşyaları evdə qalmış, onun zəruri və gündəlik istifadəsində olan əşyalarını belə götürə bilmir, tələbi isə dava-dalaşla qarşılanır. Əmisinin arvadı X9 onların xəbəri olmadan 1997-ci ildə babasından qalan bütün mülkü adına keçirmişdir. Atsının və əmisinin vərəsəliyini, onun vərəsəliyini gizlətmişdir. Əmisi məhkəməyə verərək öz payını tanıtmışdır. Bu barədə məlumatı olduqda qətnaməni alaraq apellyasiya şikayəti verdi (qətnamə və qərarları əlavə edir). Həmin qətnamə və qərarlarda onun vərəsə olduğu qeyd edilsə də məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, o, vərəsəliyin qəbulu müddətini ötürmüşdür, halbuki 6-7 il öncə qapıların qıfılını dəyişdirmiş olan əmisi arvadı Güldəstə son 2-3 ildə isə onu ümumiyyətlə evə buraxmadı. Yalnız 2024-cü ilin noyabr ayında Bakı Apellyasiya Məhkəməsi evə baxış keçirərkən şahid oldu ki, onun valideynləri ilə birgə yaşadığı həmin evi anbara çeviriblər, yaşayışın mümkün olmadığı şəraitə gətiriblər. Necə olur ki, öz iki otaqları şəraitli, yaşayış üçün normal vəziyyətdədir, amma digər 1 otaq bərbad gündə. Çünki bilərəkdən belə bir vəziyyətə salıblar. Şəxsi əşyaları və ev avadanlıqları isə yox idi. Keçirilmiş bütün məhkəmə proseslərindən, qətnamə və qərardan da görünür ki, o, vərəsədir, demək onun məcburi pay hüququ var. O, orda doğulub orda yaşamış, valideynlərindən qalan evdə qeydiyyatda olmaqla istifadə etmişdir. Ona məxsus 17,40 kv.m-lik yaşayış sahəsi olan, qarşısında dəhlizi olan və həyətdə yardımçı tikilisi olan bir hissəyə malikdir, lakin küçə qapısı bağlanıb və 2 ildən çoxdur ki, o, həyətə öz evinə girə bilmir. O evə ki, onun bütün əşyaları, avadanlıqları o evdə qalıb. Çünki başqa yerdə evi olmayıb və yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İzahatında bildirmişdir ki, o, 1958-ci ildə mübahisəli mənzildə anadan olmuşdur. Ondan əvvəl qardaşı da həmin evdə doğulmuş, lakin üzərinə çay tökülməsi nəticəsində vəfat etmişdir. Atası vəfat edəndən sonra anası ilə birlikdə həmin mənzildə yaşamağa davam etmiş, 1982-ci ildə isə anası vəfat etdikdən sonra ana nənəsinin yanına köçüb, onunla yaşamağa başlamışdır. Evdə baş verən mübahisələrə görə orada daimi yaşaması mümkün deyildi. Lakin, mütəmadi olaraq ora gəlirdi və orada əşyaları da var idi. Həmin evdə dəhliz ortaq istifadədədir. Həmçinin, həmin evi 2 dəfə təmir etdirmişdir. Evlər sökülən zaman onun da pay alacağı bildirilmişdi. Evin çıxarışı babasının və qardaşının adına olsa da, əmisi vəfat etdikdən sonra, 1997-ci ildə Güldəstə öz adına rəsmiləşdirmişdi. Digər əmisi isə məhkəməyə müraciət edərək mirasdan pay əldə etmişdi. Sonradan əmisi ona düşən payı satıb getmişdi. Hazırda Güldəstə və onun ailəsi orada yaşayırlar. Güldəstə evin oğullarına məxsus olduğunu və onun payının olmadığını bildirmişdi. Evdəki ilk otaq ona məxsus idi, Güldəstə və ailəsi bibisinin evini də söküb həyət düzəltmişdilər. O, evə adi qaydada daxil olurdu. Mübahisəli mənzillə bağlı əvvəlki proseslərdən sonradan xəbəri olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, o mənzildə 1982-ci ilə kimi yaşamış, anası vəfat edəndən sonra mənzilə gedib-gəlmişdir. Təmir işlərini 1999-2000-ci illərdə gördürmüşdür. Əmisi 2000-ci illərdə vəfat edib. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, 1997-ci ildə ilk dəfə hazırkı cavabdehin anasının iddiası üzrə mübahisəyə baxılıb. Daha sonra qardaşlar arasında mübahisə yaranıb. 1999-cu ildə işə Bakı Apellyasiya Məhkəməsində də baxılıb. Məhkəmə baxışında iddiaçı evdə əşyalarının olduğunu bildirib. İddiaçı açarı olmadığı üçün otağına keçə bilmədiyini qeyd edib. Onun əmisi 1999-cu ildə vərəsəliyi qəbul etmişdir. Münasibətlər 2000-ci ilədək olan dövrü əhatə edir. İddiaçının kassasiya şikayəti təmin edilməyib və apellyasiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinə verdiyi iddiası da hakim Fariz Əlizadə tərəfindən təmin edilməmişdir. Cavabdeh bağışlama müqaviləsi bağlayıb və Yasamal Rayon İcra Hakimiyyətinin sərəncamı ilə ev tikilib. Mübahisəli mənzilin yerləşdiyi ərazidəki evlər halhazırda sökülür. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 131056 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, 3-cü sovet döngəsi ünvanda yerləşən 4 nömrəli yaşayış evi 5/8 hissədə X6, 1/8 hissədə X23, 2/8 hissədə Heybət İbrahim oğlunun adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 177 nömrəli reyestr kitabında 28428 nömrə ilə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********91-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən sahəsi 122,80 kv.m olan fərdi yaşayış evi və üzərində yerləşdiyi 0,0177 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə 1/8 hissədə X12 adına xx.xx.2011-ci il tarixdə (qeydiyyat nömrəsi: **********), 1/8 hissədə X14 adına xx.xx.2011-ci il tarixdə, 1/8 hissədə X10 adına xx.xx.2011-ci il tarixdə, 1/8 hissədə X11 adına xx.xx.2011-ci il tarixdə, 4/8 hissədən 1 yaşayış otağı “B” tikilisi X13 adına xx.xx.2011-ci il tarixdə, 4/8 hissədən qalan hissə Cavabdeh Ağaməmməd oğlunun xx.xx.2021-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-244/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 1999-cu il tarixli, 2-400/1999 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamənin məzmunundan müəyyən edilir ki, “...ünvan 5 ünvan-Bakı şəhəri 3-cü Sovet döngəsi 6-da yerləşən 4 saylı ev) mülkiyyətçiləri X27, Umgülsüm Hüseyn qızı (İddiaçı nənəsi), Məmmədkərim İbrahim oğlu (İddiaçı babası) və Heybət İbrahim oğlu olmuşlar. X23 beş övladı olub: Ağahüseyn, Ağaməmməd, Kərimağa, Gövhər və Elmira. Bunların beşi də vəfat etmişlər. Məmmədkərim İbrahim oğlu 1942-ci ildə, Heybət İbrahim oğlu 1950-ci ildə vəfat etmişlər. X20 vərəsəlik payını X8 Güldəstənin xeyrinə imtina etmişdir. X25 isə ərizə yazaraq Heybət İbrahim oğlundan qalan miras payı X3 xeyrinə imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən miras evə baxış keçirilərkən müəyyən etmişdir ki, miras mülk X9 və X7 tərəfindən faktiki qəbul edilərək idarə olunur. Digər vərəsələr isə miras payı qəbul etməmişlər və həmin paya dair heç bir iddia qaldırmamışlar. Məhkəmə digər Umgülsüm Huseyn qızının və X21 miras qalan paya isə həm iddiaçı X6, həm də cavabdeh X2 paylarını bərabər hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı atası 1962-ci ildə, anası 1982-ci ildə vəfat etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı 1999-cu ildə işə baxılarkən atası X4 çatmalı olan paydan məhrum edildiyini qeyd edərək, qətnamədən apellyasiya şikayəti vermişdir... Müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı qeyd edir ki, anası 1982-ci ildə vəfat etmişdir. Anası vəfat edəndən sonra o, ana nənəsinin İ.Qutqaşınlı küçəsi 25 saylı evində yaşamışdır. O, mübahisəli evə gəlib-getmiş, onun orada əmlakları olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli evə baxış keçirərkən müəyyən etmişdir ki, miras mülk X9 və X7 tərəfindən faktiki qəbul edilərək idarə olunur. Digər vərəsələr isə miras payı qəbul etməmişlər və həmin paya dair heç bir iddia qaldırmamışlar. Həmçinin məhkəmə kollegiyası tərəfindən də xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 3-cü Nərimanov döngəsi 4 saylı fərdi yaşayış evinə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, X5 yaşadığı həmin evin bir qapısı var və qapının açarı iddiaçı X1r. İddiaçı yaşadığını iddia etdiyi otaq yaşayış üçün tamamilə yararsız vəziyyətdədir. Ümumiyyətlə həmin otaqda yaşayış olduğunda dair hər hansı bir əlamət müəyyən edilmir. Həmin otaqdan X9 anbar kimi istifadə edir. İddiaçı evə daxil olmaq üçün açarının olmadığını, evə gələndə qapını döydüyünü, X5 qapını açdığını qeyd etmiş, Güldəstə İbrahimova bu halı təsdiq etməmişdir. Kollegiya qeyd edir ki, İddiaçı məhkəməyə təqdim etdiyi şahid X16 ifadəsi İddiaçı tərəfindən mirasın qəbul edilməsinin mötəbər sübutu kimi qəbul oluna bilməz. Belə ki, şahid ifadəsində İddiaçı anasının sağlığından İ.Qutqaşınlı küçəsi 25 saylı evdə yaşadığını bildirsə də, İddiaçı izahatında və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı ərizədə anasının vəfatından sonra nənəsinin yanında İ.Qutqaşınlı küçəsi 25 saylı evdə yaşadığını bildirmişdir. Şahid İddiaçı miras əmlaka gedib-gəldiyini qeyd etsə də, bu hal başqa mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Digər tərəfdən İddiaçı mübahisəli evdə qeydiyyatda olması mirasın qəbul edilməsinin mötəbər sübutu kimi qəbul edilə bilməz. Kollegiya qeyd edir ki, İddiaçı miras əmlakı faktiki surətdə idarə etməsi və mirasa yiyələnməsi və ya vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi barədə mötəbər sübutlar təqdim etməmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2031/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-244/2024 nömrəli iş üzrə 14 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1867/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürtmə, yaşayış sahəsindən istifadəsi qaydalarına maneə törədilməsinin qadağan olunması” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvan-Bakı şəhəri 3-cü Sovet döngəsi 6-da yerləşən 4 saylı ev) mülkiyyətçiləri X27, Umgülsüm Hüseyn qızı (İddiaçı nənəsi), Məmmədkərim İbrahim oğlu (İddiaçı babası) və Heybət İbrahim oğlu olmuşlar. X23 beş övladı olub: Ağahüseyn, Ağaməmməd, Kərimağa, Gövhər və Elmira. Bunların beşi də vəfat etmişlər. Məmmədkərim İbrahim oğlu 1942-ci ildə, Heybət İbrahim oğlu 1950-ci ildə vəfat etmişlər. X20 vərəsəlik payını X8 Güldəstənin xeyrinə imtina etmişdir. X25 isə ərizə yazaraq Heybət İbrahim oğlundan qalan miras payı X3 xeyrinə imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 244/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin məzmunundan müəyyən edilmişdir ki, miras mülk X9 və X7 tərəfindən faktiki qəbul edilərək idarə olunur. Digər vərəsələr isə miras payı qəbul etməmişlər və həmin paya dair heç bir iddia qaldırmamışlar. Məhkəmə digər Umgülsüm Huseyn qızının və X21 miras qalan paya isə həm iddiaçı X6, həm də cavabdeh X2 paylarını bərabər hesab etmişdir. Hazırda iddiaçı babasından atasına qalmış yaşayış evindən məcburi pay hüququnun tanınması tələbi ilə məhkəməyə müraicət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, iddiaçının mübahisəli yaşayış evi ilə bağlı hüquqları və mirasın açılması 2000-ci ilin setnyabr ayının 1-dək qədər yarandığından hazırki mübahisəyə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan (2000-ci il sentyabr ayının 1-dək qüvvədə olan) Mülki Məcəlləsinin müddəaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Belə ki, köhnə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 533-cü maddəsinə əsasən, Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 553-cü maddəsinə əsasən, Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 1958-ci ildə mübahisəli evdə doğulmuşdur. Onun atası 1962-ci ildə, anası 1982-ci ildə vəfat etmişdir. İddiaçı 1999cu ildə işə məhkəmədə baxılarkən, ölən əmisinin arvadı tərəfindən miras əmlakın qəbul edildiyini, digər əmisinin də məhkəmədə iddia qaldıraraq öz payını tanıtdırdığını öyrənmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-244/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 1999-cu il tarixli, 2-400/1999 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2031/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-244/2024 nömrəli iş üzrə 14 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, köhnə Mülki Məcəllənin tələbinə görə vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. İşin hallarından görünür ki, iddiaçının atası babasından miras qalmış əmlakdan payı nə faktiki olaraq, nə də notariusa müraciət edərək qəbul etməyib. Əmlak iddiaçının əmiləri tərəfindən faktiki olaraq qəbul edilib, daha sonra onun əmiləri də vəfat etmiş və əmisi arvadı ilə əmisi uşaqları qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdırlar. İddiaçı anası 1982-ci ildə vəfat edəndən sonra o, ana nənəsinin İ.Qutqaşınlı küçəsi 25 saylı evində yaşamışdır. O, mübahisəli evə gəlib-getmiş, onun orada əmlakları olmuşdur. Göründüyü kimi iddiaçı miras əmlakı faktiki olaraq qəbul etməmiş və orada yaşamamış, notariusa miras əmlakdan pay almaqla bağlı müraciət etməmişdir. İddiaçı isə iddia edir ki, anadan olandan həmin evdə yaşamışdır, lakin son iki ildir cavabdeh onu evə buraxmadığından həmin evdə yaşaya bilmir. Onun bütün əşyaları da orada qalıb. Lakin iddiaçı qeyd edilən halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 244/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hazırki mübahisənin mahiyyətini təşkil edən hüquqi məsələlərə artıq hüquqi qiymət verildiyindən və bu preyudisial əhəmiyyət kəsb etdiyindən, məhkəmə belə qənaətə gəlir ki, hazırki iddia tələbi rədd edilməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "vərəsəlik hüququ üzrə məcburi pay hüququnun tanınması" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı "vərəsəlik hüququ üzrə məcburi pay hüququnun tanınması" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3770/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3770/2025
09.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver