Məhkəmə qərarları › İş №2(004)-3772/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3772/2025

15.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3772/2025 15.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci ildə Bakı şəhərində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı, X7 xx.xx.2007-ci ildə Bakı şəhərində doğulmuşdur. Onda anadangəlmə xroniki xəstəlik vardır. Qızı hal-hazırda öz hərkətlərini idarə etmək və onları dərk etmək qabiliyyətində deyil, xəstəliyi ucbatından yalnız qala bilmir, özünə qulluq edə bilmir, hətta özünü idarə edə də bilmir. Ona ərizəçi qulluq edir. Onun bütün ehtiyacları ərizəçi tərəfindən qarşılanır. Onlar ünvan 1 ünvanında rəsmi qeydiyyatda olmaqla faktiki də həmin ünvanda yaşayırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 1/1678 saylı, 29 iyun 2022-ci il tarixli, Həkim Psixiatr Komissiyasının 2117 nömrəli Rəyi ilə, X7 barəsində diaqnozun dəqiqləşdirilməsi nəticəsində ona, “uşaq autizmi, kanner sindromu”. 'Orta kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları” (İQ-34, F 84.0, F 71.1, F 80.0) diaqnozları təsdiqlənmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akad.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 2 may 2025-ci il tarixli Tibbi Rəyinə əsasən 2007-ci il təvəllüdlü X6 “H35.5-İrsi retinal distrofiyalar”, “H52.2-Astiqmatizm”, "H02.4-GÖZ qapağının ptozu”, “H17.0-Yapışkan leykoma”, “H50.1-Müştərək xarici çəpgözlük" diaqnozları qoyulmuşdur. X7 hazırda uşaq autizmi, kanner sindromu, orta kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları səbəbindən fəaliyyət qabiliyyətini itirmişdir və bu səbəbdən öz hüquqi və maddi işlərini idarə etməyə qadir deyil. Bu səbəbdən onun adına hüquqi əməliyyatlar həyata keçirə bilməsi, müqavilələr bağlaması və ya başqa hüquqi məsələlərdə iştirak etməsi mümkünsüzdür. Ərizəçi onun anası olaraq, qızının həyatını və hüquqlarını qorumaq istəyir. Bu səbəbdən onun qızı Əliyeva Zeynəbə qəyyum təyin edilmək zərurəti yaranmışdır. Ona görə, X4 məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 959348 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X8, ana qrafasında Ərizəçi göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 1862 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 1/1678 saylı, 29 iyun 2022-ci il tarixli, Həkim Psixiatr Komissiyasının 2117 nömrəli Rəyi ilə müəyyən olunur ki, xx.xx.2007-ci il təvəllüdlü X6 “uşaq autizmi, kanner sindromu”. “Orta kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları” (İQ-34, F84.0, F71.1, F80.0) diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akad.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 2 may 2025-ci il tarixli Tibbi Rəyinə əsasən 2007-ci il təvəllüdlü X6 “H35.5-İrsi retinal distrofiyalar”, “H52.2-Astiqmatizm”, "H02.4-Göz qapağının ptozu”, “H17.0-Yapışkan leykoma”, “H50.1-Müştərək xarici çəpgözlük" diaqnozları qoyulmuşdur. İş materiallarında olan “Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi” X11 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2464 saylı ambulator məhkəmə psixatrik ekspertizasının rəyinə əsasən X5 uşaq autizmi, kanner sindromu, ağır dərəcədə əqli geriliklə müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X7 onda müəyyən edilən uşaq autizmi, kanner sindromu, ağır dərəcədə əqli geriliklə ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X4 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X1 uşaq autizmi, kanner sindromu, ağır dərəcədə əqli geriliklə müəyyən edilməsi, psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında olmaması tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X7 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar