Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3791/2025 04.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, anası 10 mart 1952-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyət olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası 10 mart 1952-ci il təv-lü X2 2024-cü ilin oktyabr ayından başlayaraq konqitiv pozuntular aşkar edilmişdir. Bununla bağlı o, həkimə müraciət etmiş və ona müalicə təyin edilmişdir. Lakin müalicə nəticə vermir. O, özünü, ətrafdakıları xatırlamır, zərərli 07 yanvar 2025-ci il tarixdə o, yaşayış yerini tərk etmiş və bununla bağlı DİN-nin 102 xidmətinə xəbər verilmişdir. Bir gündən sonra o Sumqayıt şəhərində aşkar edilərək ərazi üzrə Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nə təhvil verilmişdir. Bu hal ikinci dəfə təkrarlanmışdır. Bütün bunlar onda artan dimensiyanın əlamətlərinə dəlalət edir. Anası faktiki olaraq öz hərəkətlərini ölçüb biçmə, onlara qiymət vermək imkanından məhrumdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 24 may 2025-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, xx.xx.1952-ci il tarixdə Ermənistan respublikasında doğulmuş X4 24 may 2025-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 45C, mənzil 18 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Həkim Mütəxəssisə, X6 (Kabinetə) göndərişin (müayinə və müalicə üçün) xx.xx.2022-ci il tarixli arayışa əsasən X3 yüngül konqitiv pozuntuları ilə diaqnoz qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik və Ekspertizasının xx.xx.2025-ci il tarixli, 2550 saylı rəyinə əsasən yoxlanılan şəxs X2 Vaskulyar demensiya müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxsin son altı ildə yaddaşında zəifləmə biruzə verməsi, nevropatoloq müalicəsi qəbul etməsi, son dövrlər əvvəllər müşahidə edilən yaddaş pozuntusunun proqressiv artması müşahidə edilməsi, bununla əlaqədar psixiatrik müayinə olunması, müalicələr təyin edilməsi, psixiatrik qeydiyyata götürülməsi, TƏBİB Ailə Sağlamlıq Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə müayinə edilməsi və onda “Yüngül koqnitiv pozğunluq?” diaqnozunun müəyyən edilməsi, aldığı müalicələrə baxmayaraq yaddaş zəifliyi davam etməsi, davranışında qeyri-adekvat hərəklər biruzə verməsi, yuxusu pozulması, gecələr durub gəzməsi, yaddaş zəifliyi ilə əlaqədar özünəməxsus əşyaları itirməsi, onların axtarışında olmaqla əsəbi hallar keçirməsi, evdən çıxıb getməsi, axtarışla əlaqədar polisə müraciət edilir, fizioloji ifrazatları ilə natəmiz olması, fikirlərini bildirməkdə çətinlik çəkməsi, sayıqlamalar və çaşqınlıq halları keçirməsi, hazırki müayinə zamanı demensiya əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X2 Vaskulyar demensiya müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. X2 müəyyən edilən Vaskulyar demensiya ilə əlaqədar o, tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi X1 yaxın qohumu – qızıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. 10 mart 1952-ci il təvəllüdlü X1 psixi qüsurlu olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, 10 mart 1952-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi anası - ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan 10 mart 1952-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3791/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3791/2025
04.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver