Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3810/2021 08.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı olaraq hüquqlarının bərpa edilməsi və 01.04.2021-ci il tarixli “xxxx” ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları Məmmədov A. Və Yusifov E tərəfindən tərtib edilmiş aktın (AKT 009081) etibarsiz hesab edilərək hesablanmış 231,41 və 662,58 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov ünvanında yerləşən "Kafe Park” adlı qeyri-yaşayış sahəsini icarəyə götürərək fəaliyyət göstərir. Həmin qeyri-yaşayış obyektinin bütün kommunal xərcləri onun tərəfindən ödənilir. 01.04.2021-ci il tarixdən “xxxx” ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları Məmmədov A. və Yusifov E. icarəsində olan obyektə gələrək heç bir əsas olmadan ona akt tərtib etdiklərini bildirdilər. O, həmin aktla razı olmadığından Azərbaycan Respublikası Energetika Nazirliyinin qaynar xəttinə zəng vuraraq etirazını bildirdi və onun etirazı əsasında araşdırma aparılaraq 16.05.2021-ci il tarixli AERA-20-20-20-1746/21 saylı cavab məktubuna əsasən ona bildirildi ki, “AR NKnin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalarının 8.10-cu bəndi baş transformatoru enerji təchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna olmaqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər bir kvts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq 2 dolaqlı transformatorlar üçün 1.03 və 3 dolaqlı transformatorlar üçün 1.05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfıyyat) hesabat yolu ilə müəyyənləşdirilir. Hesablaşma elektrik sayğacını göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. Abonent haqqında cədvəlin təhlili zamanı məlum olur ki, hər ay istehlakçıya təqdim edilmiş elektrik enerjisinə görə hesab tam ödənilmişdir. Qaydaların 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir, (göndərməlidir) istehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.” Araşdırma zamanı aydın olub ki, 93.41 və 138 manat olmaqla ümumi 231.41 manat sayğac dəyəri abonent hesabına daxil edilmişdir. Bundan başqa, akta əsasən ona 662.58 manat artıq borc hesablanmışdır ki, AR Energetika Nazirliyinin cavab məktubundan da görünür ki. onun deyil müəssisənin öz səhvi hesabına süni borc yaradılmışdır ki, həmin borc onun tərəfindən ödənilməli deyil. Ona görə də, aktın etibarsız hesab edilərək artıq hesablanmış borcun silinməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında işə mahiyyəti üzrə baxılarkən cavabdeh “xxxx” ASC-nin hüquqi şəxs, İddiaçı isə vergi ödəyicisi olan fiziki şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, iddiaçı vergi ödəyicisi olan fiziki şəxs, cavabdeh isə hüquqi şəxs olduğundan və tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, İddiaçı vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsində qeydiyyatdadır. (VÖEN **********) Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə nəticə etibarilə şəxslərin subyektiv tərkibi nəzərə alınmaqla kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, yaranmış mübahisə hüquqi şəxslə vergi ödəyicisi olan fiziki şəxs arasındadır. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. (32.2)Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. (32.3) Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. (32.4) Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. (32.5) Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair 2(004)-3810/2021 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3810/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3810/2021
08.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver