Məhkəmə qərarları › İş №2(004)-3838/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3838/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3838/2021 21.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********41998 olan Xiaomi Redmi 8 markalı telefon, Xiaomi markalı qulaqlıq, Power Bank üçün 502,80 manat ödənilməmiş hissə, 147,20 manat dəbbə, 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********93323 olan iPhone 11 Pro Max markalı telefon üçün, 2686 manat ödənilməmiş hissə, 823 manat dəbbə pulu, ümumilikdə 4159 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 25.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********41998 olan Xiaomi Redmi 8 markalı telefon, Xiaomi markalı qulaqlıq, Power Bank, İMEİ kodu **********93323 olan iPhone 11 Pro Max markalı telefon almış və nəticədə 4159 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 592,80 manat (12 ay x 49.4 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********41998 olan Xiaomi Redmi 8 markalı telefon, Xiaomi markalı qulaqlıq, Power Bank üçün ümumilikdə, 650 (altı yüz əlli) manat olmaqla ondan, 502,80 manat ödənilməmiş hissə, 147,20 manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4464 manat (12 ay x 305 manat + 804 manat ilkin ödəniş) olan İMEİ kodu **********93323 olan iPhone 11 Pro Max markalı telefon üçün ümumilikdə, 3509 manat olmaqla ondan 2686 manat ödənilməmiş hissə, 823 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1868 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək, bildirdi ki, “xxxx” MMC ilə 25.12.2019 və 28.12.2019-cu il tarixli müqaviləyə əsasən 2 müxtəlif markalı telefon və qulaqlığın alınmasına görə cavabdehin Banka 4159 manat borcu yaranmışdır. O, cavabdehin gəncliyini və yeni işə başlamasını nəzərə alaraq yaranmış borc üzrə dəbbə pulunun azaldılmasına etiraz etmədiyini bildirdi və məhkəmədən iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək, izahataında bildirdi ki, onun bu borcu vaxtında ödəməməyinə səbəb ölkə ərazisində hökm sürən pandemiya şəraiti ilə əlaqədar işsiz qalmağı olub. Hazırda yeni işlə təmin olunmuş və yaxın gələcəkdə borcun böyük qismini ödəməyi öhdəsinə götürür. O, məhkəmədən iddia ərizəsinin qismən təmin edilməi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 25.12.2019-cu il, 28.12.2019-cu il, tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********41998 olan Xiaomi Redmi 8 markalı telefon, Xiaomi markalı qulaqlıq, Power Bank, İMEİ kodu **********93323 olan iPhone 11 Pro Max markalı telefon almış və nəticədə onun 4159 manat borc yaranmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 25.12.2019-cu il tarixli müqaviləyə əsasən “xxxx” MMC-yə 502,80 manat ödənilməmiş hissə, 147,20 manat dəbbə, ümumilikdə 650 manat borcu, 28.12.2019-cu il tarixli müqaviləyə əsasən “xxxx” MMC-yə 2686 manat ödənilməmiş hissə, 823 manat dəbbə, ümumilikdə 3509 manat borcu vardır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 25.12.2019-cu il tarixli müqavilə üzrə 502,80 manat ödənilməmiş hissə, 28.12.2019-cu il tarixli müqavilə üzrə 2686 manat ödənilməmiş hissə tutularaq iddiaçı”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, 25.12.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 147,20 manat məbləğində deyil 10 manat məbləğində, 28.12.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 823 manat məbləğində deyil 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 25.12.2019-cu il tarixli müqavilə üzrə 502,80 (beş yüz iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 28.12.2019-cu il tarixli müqavilə üzrə 2686 (iki min altı yüz səksən altı) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, ümuımilikdə 3208,80 (üç min iki yüz səkkiz manat səksən qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar