Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3839/2021 22.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxx» MMC ilə 06.10.2019-cu il tarixli, 13.10.2019-cu il tarixli və 02.08.2019-cu il tarixli müqavilələrinə əsasən, Acer Aspire 3 notebook, notebook çantası, LG Paltaryuyan, Samsung LED TV, İMEİ kodu **********33869 olan Samsung Galaxy A40 markalı telefon almış və nəticədə 5395 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 972 manata (18 ay x 54 manat) Acer Aspire 3 notebook, notebook çantası üçün ümumilikdə, 1137 manat olmaqla ondan, 878 manat ödənilməmiş hissə, 259 manat dəbbə; 13.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1314 manata (18 ay x 73 manat) LG Paltaryuyan üçün ümumilikdə, 1708 manat olmaqla ondan, 1314 manat ödənilməmiş hissə, 394 manat dəbbə; 02.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2339 manata (18 ay x 125 manat + 89 manat ilkin ödəniş) Samsung LED TV, İMEİ kodu **********33869 olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə, 2550 manat olmaqla ondan, 1950 manat ödənilməmiş hissə, 600 manat dəbbə borcu yaranmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 483 manat təşkil edir. Göstərilənlərə əsasən 06.10.2019-cu il tarixli, 00962675 saylı müqavilə üzrə Acer Aspire 3 notebook, notebook çantası üçün 878 manat ödənilməmiş hissə, 259 manat dəbbə; 13.10.2019-cu il tarixli, 00979985 saylı müqavilə üzrə LG Paltaryuyan üçün 1314 manat ödənilməmiş hissə, 394 manat dəbbə; 02.08.2019-cu il tarixli, 00821115 saylı müqavilə üzrə Samsung LED TV, İMEİ kodu **********33869 olan Samsung Galaxy A40 markalı telefon üçün 1950 manat ödənilməmiş hissə, 600 manat dəbbə; ümumilikdə 5395 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, əslində həmin əşyaları onun iş yoldaşı götürmüş, formal olaraq isə onunla müqavilə bağlanmışdır. Lakin sözü gedən şəxs ödənişləri vaxtlı-vaxtında ödəmədiyi üçün iddiaçı ona qarşı belə bir iddia qaldırmışdır. Hazırda onda olan məlumata görə iş yoldaşı həbsdədir. Bundan başqa o, özü də 500 manata yaxın maaş alır və həmin maaşla tələb edilən məbləği ödəmək iqtidarında deyildir. O, iş yoldaşının arvadı ilə əlaqə saxlayaraq, heç olmasa götürdüyü əşyaların iddiaçıya qaytarılmasına çalışacaqdır. Bundan başqa iddiaçı tərəfindən yüksək miqdarda cərimə də tələb olunur ki, onların azadılmasını istəyir. Odur ki, qətnamə çıxarılarkən nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış 06.10.2019-cu il tarixli müqaviləsinə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 972 manata Acer Aspire 3 notebook, notebook çantasını nisyə satmış, alıcı həmin məbləği hər ay 54 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 13.10.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 1314 manata LG Paltaryuyanı nisyə satmış, alıcı həmin məbləği hər ay 73 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 02.08.2019-cu il tarixli müqaviləsinə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 2339 manata Samsung LED TV, İMEİ kodu **********33869 olan Samsung Galaxy A40 markalı telefonu nisyə satmış, alıcı həmin məbləği hər ay 125 manat (ilkin ödəniş 89 manat) ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 483 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış 5395 manat borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış 06.10.2019-cu il tarixli, 13.10.2019-cu il tarixli və 02.08.2019-cu il tarixli müqavilələrinin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh iddiaçı «xxxx» MMC-dən aldığı məişət avadanlıqları müqabilində verməli olduğu pul vəsaitini müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, MMC tərəfindən hesablanmış 06.10.2019-cu il tarixli müqavilə üzrə 259 manat, 13.10.2019-cu il tarixli müqavilə üzrə 394 manat, 02.08.2019-cu il tarixli müqavilə üzrə 600 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 06.10.2019-cu il tarixli müqavilə üzrə 25 manat, 13.10.2019-cu il tarixli müqavilə üzrə 35 manat, 02.08.2019-cu il tarixli müqavilə üzrə 50 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 06.10.2019-cu il tarixli müqaviləyə əsasən 878 (səkkiz yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə pulu, ümumilikdə 903 (doqquz yüz üç) manat; 13.10.2019-cu il tarixli müqaviləyə əsasən 1314 (bir min üç yüz on dörd) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat dəbbə pulu, ümumilikdə 1349 (bir min üç yüz qırx doqquz) manat; 02.08.2019-cu il tarixli müqaviləyə əsasən 1950 (bir min doqquz yüz əlli) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, ümumilikdə 2000 (iki min) manat; cəmi 4252 (dörd min iki yüz əlli iki) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 21.20%-i, yəni 6 (altı) manat 35 (otuz beş) qəpiyi iddiaçıya aid edilməli, qalan 78.80%-i, yəni 23 (iyirmi üç) manat 65 (altmış beş) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasmm MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 06.10.2019-cu il tarixli müqaviləyə əsasən 878 (səkkiz yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə pulu, ümumilikdə 903 (doqquz yüz üç) manat; 13.10.2019-cu il tarixli müqaviləyə əsasən 1314 (bir min üç yüz on dörd) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat dəbbə pulu, ümumilikdə 1349 (bir min üç yüz qırx doqquz) manat; 02.08.2019-cu il tarixli müqaviləyə əsasən 1950 (bir min doqquz yüz əlli) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, ümumilikdə 2000 (iki min) manat; cəmiu 4252 (dörd min iki yüz əlli iki) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 21.20%-i, yəni 6 (altı) manat 35 (otuz beş) qəpiyi iddiaçıya aid edilsin, qalan 78.80%-i, yəni 23 (iyirmi üç) manat 65 (altmış beş) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3839/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3839/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver