Məhkəmə qərarları › İş №2(004)-3859/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3859/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3859/2021 22.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, X1 üçün 22 (iyirmi iki) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə 12.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Soft markalı 3 yerli divan üçün 380 (üç yüz səksən) manat ödənilməmiş hissə, 38 (otuz səkkiz) manat cərimə, ümumilikdə 442 manat borc, 20 manat dövlət rüsumu, Cavabdeh alınaraq «xxxx» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxx» MMC ilə 11.11.2019-cu il və 12.11.2019-cu il tarixli müqaviləsinə əsasən, X1, Soft markalı 3 yerli divan almış və nəticədə 442 (dörd yüz qırx iki) manat borc yaranmışdır. Cavabdeh 11.11.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 36 (otuz altı) manat (yəni 12 ay x 3 manat + 0 manat ilkin ödəniş), olan X1 üçün ümumilikdə 24 (iyirmi dörd) manat olmaqla ondan 22 (iyirmi iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 (iki) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 12.11.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 403 (dörd yüz üç) manat (yəni 20 ay x 20 manat + 3 manat ilkin ödəniş), olan Soft markalı 3 yerli divan üçün ümumilikdə 418 (dörd yüz on səkkiz) manat olmaqla ondan 380 (üç yüz səksən) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38 (otuz səkkiz) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ cəmi 37 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 11.11.2019-cu il, 01044265 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh “xxxx” –dən Dekoratif Kırlent- Tekstil almışdır. İş materiallarına əlavə olunmuş 12.11.2019-cu il tarixli, 01046130 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh “xxxx” MMC-dən Soft markalı 3 yerli divan almışdır. İş materiallarında olan 13 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 11.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 36 (otuz altı) manat (12 ay x 3 manat + 0 manat ilkin ödəniş) Dekoratif Kırlent-Tekstil üçün ümumilikdə 24 (iyirmi dörd) manat olmaqla ondan, 22 (iyirimi iki) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu yaranmışdır; 12.11.2019-cu il tarixli tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 403 (dörd yüz üç) manat (20 ay x 20 + 3 manat ilkin ödəniş) Soft markalı 3 yerli divan almış üçün ümumilikdə 418 (dörd yüz on səkkiz) manat olmaqla ondan, 380 (üç yüz səksən) manat ödənilməmiş hissə, 38 (otuz səkkiz) manat cərimə borcu yaranmışdır; İş materiallarına əlavə olunmuş 20.01.2021-ci il tarixli bildirişdən görünür ki, 11.11.2019-cu il tarixli və 12.11.2019-cu il tarixli müqavilələrə əsasən, öhdəsinə götürdüyü öhdəliyə görə qısa bir zamanda ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş 16 may 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, “xxxx” MMC ilə Cavabdeh arasında 11.11.2019-cu il tarixli və 12.11.2019-cu il tarixli müqavilələrə əsasən Dekoratif Kırlent-Tekstil və Soft markalı 3 yerli divan almış və nəticədə 442 (dörd yüz qırx iki) manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11.11.2019-cu il, 01044265 nömrəli müqavilə üzrə 22 (iyirmi iki) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, 12.11.2019-cu il tarixli, 01046130 nömrəli müqavilə üzrə 380 (üç yüz səksən) manat ödənilməmiş hissə, 38 (otuz səkkiz) manat cərimə, cəmi 442 (dörd yüz qırx iki) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar