Məhkəmə qərarları › İş №2(004)-3928/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3928/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3928/2021 19.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MMC-nin (hazırkı "xxxx" MTK) nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılovun iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə (hazırkı "xxxx" MTK) qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə (hazırkı "Şərur” MTK) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 197600 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 noyabr 2008-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanda inşa ediləcək yaşayış binasınının 1502 saylı mənzili 100.100 (bir yüz min bir yüz) manata İddiaçı satılmışdır. Mənzilin ümumi sahəsi 154 kv.m olmaqla, 4 otaqdan ibarətdir. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 noyabr 2008-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanda inşa ediləcək yaşayış binasınının 1505 saylı mənzili 97.500 (doxsan yeddi min beş yüz) manata İddiaçı satılmışdır. Mənzilin ümumi sahəsi 150 kv.m olmaqla, 4 otaqdan ibarətdir. MMC tərəfindən müqavilə öhdəliyi icra edilmədiyindən, alıcı İddiaçı tərəfindən müqavilələrin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1544/2013 saylı, 25 aprel 2013-cü il tarixli qətrnaməsi ilə iddia tələbi təmin edilmiş, tərəflər arasında bağlanmış 25.11.2008-ci il tarixli birinci müqavilə üzrə 97.500 manat pul və 25 noyabr 2008-ci il tarixli ikinci müqavilə üzrə 100.100 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Qətnamə qanuni qüvvəsini aldqıdan sonra 2(004)-1544/2013 saylı icra vərəqəsi icra edilməsi üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş, lakin həmin şöbənin icra məmuru tərəfindən icra sənədinin məhkəməyə qaytarılması barədə 23 may 2019-cu il tarixli qərarından tələbkar tərəfindən şikayət verilmiş və Yasamal Rayon Məhkəməsinin 2 (004)-614/2019 saylı 01.11.2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilmiş, icra orqanının qərarı ləğv edilmiş və icra sənədi icra edilməsi üçün yenidən icra şöbəsinə qaytarılmışdır. Məhkəmə qərardadında qeyd etmişdir ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 noyabr 2008-ci il tarixli 1502 və 1505 saylı müqavilələr üzrə "xxxx" MMC-nin öhdəliklərinin "xxxx" MMC-yə ötürülübötürülməməsi müəyyənləşdirilməmişdir. Həmin qərardadda göstərilən xüsusatları araşdıran tələbkar müəyyən etmişdir ki, Bakı şəhəri icra Hakimiyyəti Başçısının 12.10.2004-cü il tarixli, 237 saylı sərəncamına əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində 3,00 ha ərazidə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilmiş və həmin əraziyə bitişik 0,3 ha torpaq sahəsi eyni məqsədlə həmin MMC- nin icarə əsasında istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi və inşaat işlərinə çəkilən xərclərin mövcud qanunvericilik əsasında ödənilməsi "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında 17 aprel 2007-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən birinci tərəf ("xxxx" MMC) ilə özünə məxsus Bakı şəhəri İH-nin başçısının 12.10.2004-cü il tarixli 237 saylı sərəncamı Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində "xxxx" MMC-yə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsini bu müqavilənin şərtlərinə uyğun olaraq tikinti işlərinin aparılması ikinci tərəfə ("xxxx" MMC-yə) həvalə edir, ikinci tərəf öz tikinti sənədlərinə uyğun olaraq öz vəsaiti hesabına tam yerinə yetirilməsini öz öhdəsinə götürür. Hər iki MMC arasında bağlanmış müqavilənin 2-ci bəndinə görə, birinci tərəf bu müqavilənin 1.1-ci bəndində qeyd olunan yaşayış binasının tikintisi üçün ayrılmış tikinti sahəsini ikinci tərəfə təqdim etməyi, həmçinin yaşayış binasının tikintisi ilə əlaqədar Bakı şəhəri icra Hakimiyyəti və onun Mənzil Kooperativ İdarəsi, Vergilər, Fövqəladə Hallar Nazirlikləri, müvafiq dövlət orqanları və qurumları ilə yarana biləcək hər hansı mübahisələrin həllini öz üzərinə götürür. Birgə fəaliyyət dövründə tikinti üçün tələb olunan alınmış eskiz və işçi layihəni ekspertiza, müxtəlif dövlət, hökmət təşkilat və qurumlarından tikinti normativlərinin tələblərinə cavab verən müvafiq rəyləri, tikintiyə verilmiş icazəni ikinci tərəfə təqdim edir, birinci tərəf öz mənfəəti hesabına nəzərdə tutulmuş bütün ödəmələri, o cümlədən Vergilər, Fövqəladə Hallar Nazirlikləri ilə bağlı ödəmələri və Bakı şəhər İH-nin Mənzil Kooperativ İdarəsinin mənzil fondunda ayırmaları həyata keçirir. Birgə fəaliyyət və tikinitinin aparılması üçün tələb olunan bütün sənədləri və yarımçıq binaları bu müqavilə imzalandıqdan 10 gün müddətinə ikinci tərəfə təqdim edilir. Bu müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış, alqı-satqı müqavilələri və digər sənədlər əsasında birinci tərəfin adından rəsmiləşdirəcəkdir. Əgər satış ikinci tərəf öz adına rəsmiləşdirsə, payçılar və rəsmi dövlət orqanları qarşısında özü məsuliyyət daşıyacaqdır. İkinci tərəf görüdüyü işin ümumi dəyərinin 50% həcmində birinci tərəfin möhürü və imzası ilə satış apara bilər. Bunun 30% -ni dəmir-beton işlərini tam başa çatana qədər, qalan 20%-ni isə binanın su, qaz, elektrik xətlərinə çəkilən, mənzillərin qapı, pəncərələrini qoyulan, suvağı vurulmağa, dam və asfalt örtükləri vurulan, abadalıq işləri, liftlərin quraşdırılması, fasadın rənglənməsi, təhvil-qəbul aparılması zamanı aparıla bilər, ikinci tərəfin razılığı olmadan tikintiyə, yaşayış və qeyri-yaşayış sahələrinin satışına dair müxtəlif məlumatları açıqlamır və yaymır. Müqavilənin 4-cü bəndinə əsasən müqavilənin predmetinə uyğun olaraq yarımçıq tikinti başa çatdıqdan sonra qarşılıqlı razılaşmaya əsasən birinci tərəf və ikinci tərəfin hərsinə bir 18 və bir 19 mərtəbəli blok düşür. 20 mərtəbəli blok isə, zirzəmi, 1-ci və 2-ci mərtəbədəki qeyri-yaşayış sahələri və binanın mansarda hissəsi tərəflər arasında 50% nisbətində bölünmək şərtilə tərəflər bərabər paylar şəkilində,yəni mərtəbə-mərtəbə iki hissəyə ayrılmaqla təşkil edir. Oxşar mübahisəyə dair Bakı Apellyasiya Məhkəməsinin 01 oktaybr 2013-cü il tarixli qətnaməsi ilə iddiaçılar X2 və X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin mülki iş üzrə qətnaməsi qismən, yəni iddianın qismən təmin edilməsi və cavabdeh "xxxx" MMC-yə qarşı irəli sürülmüş iddia tələblərinin rədd edilməsi hissəsində ləğv edilmiş, iddia tam təmin edilmiş, ümumilikdə 96089 manat məbləğində pul vəsaiti cavabdehlər "xxxx" MMC və Cavabdeh MMC-dən müştərək qaydada tutularaq iddiaçılara verilməsi qət edilmişdir. İddiaçı ilə hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC arasında bağlanmış hər iki müqavilə, iddiaçının adına olsa da mənzillərdən biri iddiaçının, digəri isə iddiaçının qohumu X1 vəsaiti hesabına əldə edilmişdir. İddiaçı və Kamran Babayev dövlət tərəfindən verilmiş pay torpaqlarını sataraq Bakı şəhərində mənzil əldə etmək üçün bu addımı atsalar da çox təəssüf ki, bu niyyətləri iş üzrə cavabdeh və müstəqil tələb irəli sürməyən MMC-nin rəhbər vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinin nəticəsində baş tutmamışdır. Kamran Babayev müharibə veteranı və müharibə əlilidir. İddia tələbi üzrə Yasamal Rayon Məhkəməsinin qətnaməsi bu günədək icra edilmədiyindən, həmçinin iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə həmin MMC ilə yanaşı "xxxx" MMC-də məsuliyyət daşıdığından, hazırki iddia tələbi ilə "xxxx" MMC-yə qarşı məhkəməyə müraciət olunur. Bu, hər iki hüquqi şəxs arasında bağlanmış müqavilənin tələblərindən irəli gəlir. İddiaçının vəsaiti hesabına inşası başlanmış yaşayış binasının inşası "xxxx" MMC tərəfindən davam etdirildiyindən, iddiaçının müqavilə üzrə ödədiyi pul “Qlobal-Azər" MMCdən onun xeyrinə tutulmalıdır. İddiaçının "xxxx" MMC-yə qarşı iddia tələbinin təmin edilməsinə dair məhkəmənin icra edilməyən qətnaməsi, hazırki tələb üzrə işə baxılmasına və iddianın təmin edilməsinə mane olmur. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə izahatında iddia tələbini müdafiə etmiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin (hazırkı "xxxx" MTK) nümayəndəsi X8 izahatında iddia tələbini qəbul etmədiklərini bildirmiş, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılov izahatında icra sənədinin 2013-cü ilin icra sənədi olduğunu, hərtərəfli məcburi icra tədbirləri zamanı tətbiq edilmiş heç bir əmlakın aşkar edilmədiyini bildirmişdir. Müəyyən edilmişdir ki, borclu hüquqi şəxsin rəhbəri cəzaçəkmə müəsisəsində vəfat etmişdir. Bu işdə tələbin yönəldilə biləcəyi əmlak aşkar edilmədiyindən icra sənədi icra edilmədən qərar qəbul edilmişdir. İcra qanununun 1.3-cü maddəsinə əsasən icra sənədi icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Sonra təkrar həmin icra məmurunun qərarı ləğv edilmiş və yenidən icra yönəldilmişdir. Tərəflərindən hərtərəfli araşdırma aparılmış, sorğular göndərilmiş və yenə də "xxxx" MMC-yə məxsus əmlak aşkar edilməmişdir ki, tələbi həmin əmlaka yönəltsinlər. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə tərəflərin izahatlarını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 25 noyabr 2008-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən görünür ki, “Cəmiyyət” tərəfindən inşa ediləcək binanın 13 giriş, 13 mərtəbə, 1505 saylı, 150 kv.metr olan, 4 otaqdan ibarət mənzili 97500 manat məbləğinə İddiaçı satılmışdır. Ödəniş qaydalarına əsasən, payçı müqavilə bağlanan gün 97500 AZN məbləğində pulu tam şəkildə ödəmişdir. Eyni tarixli qəbzə əsasən görünür ki, 97500 AZN tam ödəmə məbləği "xxxx" MMC tərəfindən qəbul edilmiş, mühasib tərəfindən təhvil alınmışdır. İş materiallarında olan arayışa əsasən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasının 13 giriş, 13 mərtəbə, 1505 saylı, 150 kv.metr olan, 4 otaqdan ibarət mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir və "xxxx" MMC-ya borcu yoxdur. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 25 noyabr 2008-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında inşa ediləcək yaşayış binasının 1502 saylı, 13 giriş, 13 mərtəbə, 154 kv.metr olan, 4 otaqdan ibarət mənzili 100100 manat məbləğinə İddiaçı satılmışdır. Ödəniş qaydalarına əsasən “payçı” müqavilə bağlanan gün 100100 manat məbləğində ödəniş etmişdir. 25 noyabr 2008-ci il tarixli qəbzə əsasən görünür ki, İddiaçı tərəfindən 100100 manat məbləğində tam ödəmə "xxxx" MMC-yə ödənilmiş, vəsait baş mühasib tərəfindən təhvil alınmışdır. İş materiallarında olan maliyyə arayışına əsasən görünür ki, ünvan 2 ünvanında inşa ediləcək yaşayış binasının 1502 saylı, 13 giriş, 13 mərtəbə, 154 kv.metr olan, 4 otaqdan ibarət mənzilin pay dəyəri payçı tərəfindən ödənilmiş, "xxxx" MMC-yə borcu qalmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1544/2013 saylı, 25 aprel 2013cü il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “Olimpus-AZ" MMC ilə İddiaçı arasında bağlanmış 25 noyabr 2008-ci il tarixli birinci müqavilə üzrə ödənilmiş 97500 manat pulun və 25 noyabr 2008-ci il tarixli ikinci müqavilə ödənilmiş 100100 manatın cavabdehdən tutulub İddiaçı ödənilməsi, iddia tam təmin edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "Olimpus-AZ” MMC -dən alaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 8(004)-614/2019 saylı, 01.11.2019-cu il tarixli qərardadına əsasən müəyyən edilir ki, Yasamal rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 icra sənədinin qaytarılması barədə 23 may 2019-cu il tarixli qərarından tələbkar İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılmış, şikayətin təmin edilməsi, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-1544/2013 saylı, 22 fevral 2017-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə Yasamal rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 23 may 2019-cu il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 05\52 nömrəli, 2005-ci il tarixli, Bakı Şəhər İcra Hakimiyyəti istifadəyə verilən torpaq sahəsinin ayrıc aktına əsasən görünür ki, Yasamal rayonu, Talıblı/Y.Yasamal yaşayış massivi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 12/10/2004 tarixli, 237 saylı qərarı ilə yaşayış binasının tikintisi məqsədi ilə Cavabdeh MMC-nə verilmişdir. 12.10.2004-cü il tarixli, 237 nömrəli sərəncama əsasən görünür ki, Yasamal Rayon İcra Hakimiyyətinin 09.07.2004-cü il tarixli, 905/d saylı razılıq məktubu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.07.2004-cü il tarixli, 02-7/Q saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin KOD 01100003 JN-9752 saylı dövlət aktı nəzərə alınaraq, Yasamal rayonu, Talıblı küçəsində 3,00 ha ərazidə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilsin və həmin əraziyə bitişik 0,3 ha torpaq sahəsi eyni məqsədlə həmin MMC-nin icarə əsasında istifadəsinə verilməsi, Ərazidə yerləşən tikililərin sökülməsi və inşaat işlərinə çəkilən xərclərin mövcud qanunvericilik əsasında ödənilməsi "xxxx" MMC-yə tapşırılması, Bakı Şəhər İcra Hakimiyyətinin 24.05.2002-ci il tarixli, 329 saylı sərəncamın 3-cü bəndinin ləğv edilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı Şəhər Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyinin 3333 nömrəli icazəsinə əsasən, Yasamal rayonu, Talıblı küçəsində kooperativ yaşayış binalarının tikintisini, torpaq işləri aparılan vəziyyətdə qeydiyyatdan keçirilməsi və tikinti işlərinin davam etdirilməsinə icazə verilmişdir. İcazənin etibarlılıq müddəti 31 dekabr 2005-ci il tarixədək müəyyən edilmişdir. 17 aprel 2007-ci il tarixli birgə təsərrüfat haqqında müqaviləyə əsasən Cavabdeh MMC və "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İ Tərəf özünə məxsus, Bakı şəhər İH-nin başçısının 12.10. 2004-ci il tarixli, 237 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsindən Cavabdeh MMC-yə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsini bu müqavilənin şərtlərinə uyğun olaraq tikinti işlərinin aparılması üçün İİ Tərəfə həvalə etmiş, İİ Tərəf öz növbəsində ona təqdim olunmuş sahədə 5 bloklu yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz vəsaiti hesabına tam yerinə yetirilməsini öz öhdəsinə götürmüşdür. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1544/2013 saylı, 25 aprel 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh “Olimpus-AZ" MMC ilə İddiaçı Tasında bağlanmış 25 noyabr 2008-ci il tarixli birinci müqavilə üzrə ödənilmiş 97500 manat pulun və 25 noyabr 2008-ci il tarixli ikinci müqavilə ödənilmiş 100100 manatın cavabdehdən tutulub İddiaçı ödənilməsi, iddia tam təmin edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "Olimpus-AZ” MMC -dən alaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Göründüyü kimi, eyni mübahisə predmeti üzrə artıq iddia qaldırılmış, məhkəmə qətnaməsi ilə iddiaya qiymət verilmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-1544/2013 saylı, 25 aprel 2013-cü il tarixli qətnaməsi hazırki mülki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Yasamal Rayon Məhkəməsinin 2(004)-1544/2013 saylı, 25 aprel 2013-cü il tarixli qətnaməsi icraya yönəldilmiş lakin, icra edilməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin nümayəndəsi İsmayıl İsmayılovun izahatından da görünür ki, hərtərəfli məcburi icra tədbirləri zamanı tətbiq edilmiş heç bir əmlak aşkar edilməmişdir. Müəyyən edilmişdir ki, borclu hüquqi şəxsin rəhbəri cəzaçəkmə müəsisəsində vəfat etmişdir. Bu işdə tələbin yönəldilə biləcəyi əmlak aşkar edilmədiyindən icra sənədi icra edilmədən qərar qəbul edilmişdir. İcra qanununun 1.3-cü maddəsinə əsasən icra sənədi icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Sonra təkrar həmin icra məmurunun qərarı ləğv edilmiş və yenidən icra yönəldilmişdir. İcra qurumu tərəfindən hərtərəfli araşdırma aparılmış, sorğular göndərilmiş və yenədə "xxxx" MMC-yə məxsus əmlak aşkar edilməmişdir ki, tələb icra qurumu tərəfindən həmin əmlaka yönəldilsin. Məhkəmə qeyd edir ki, qətnamə əsasında cavabdeh tərəfdən artıq tələb olunan məbləğ tutulmuş və icraya yönəldilmişdir. Qətnamə artıq qanuni qüvvəsini almışdır. Məhkəmə tərəfindən eyni mübahisə predmeti üzrə yenidən pul tutula bilməz. Həmçinin məhkəmə qeyd edir ki, müqavilələr iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış və hər iki tərəfin iradə ifadəsi olmuşdur. Müqavilənin bağlanmasında "xxxx" MMC iştirak etməmişdir. Mülki Məcəlləyə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 1091.1-maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin maddənin 2-ci bəndinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə (hazırkı "xxxx" MTK) qarşı “pul” tələbi əsassız olduğundan rədd edilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə (hazırkı "xxxx" MTK) qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar