Məhkəmə qərarları › İş №2(004)-3947/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3947/2023

21.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3947/2023 21.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi, əlavə xərclərin tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi, əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1740/2022 nömrəli qətnaməsi ilə təyin edilmiş hər bir uşaq üçün hər ay 193 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması, xx.xx.2009-cu il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar müayinə və müalicəsi üçün əlavə xərclərdə iştirak etməsi və müayinəsi üçün xərclənmiş cəmi 227 manatın 1/2 hissəsinin, yəni 113 manat pulun tutularaq ona ödənilməsi, əlavə xərclərə cəlb edilməklə hər ay 100 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə birgə nikahdan doğulmuş övladları - xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilir. İddiaçı ödənilən 193 manat alimentlə uşaqların maddi təminatını ödəyə bilmir. Həmçinin tərəflərin birgə nikahından doğulmuş övladı-xx.xx.2009-cu il təvəllüdlü X6 ağır xəstəlikdən əziyyət çəkir. Belə ki, onun bədəninin bir hissəsi digər hissəsinə nisbətdə daha zəif inkişaf edir. Bu xəstəlik ciddi müalicə və müayinələr tələb edir. Ayla dispanserdə qeydiyyatdadır. Əlavə xərclərə ehtiyac vardır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, hal-hazırda respublika ərazisində ölkə vətəndaşları icbari tibbi sığorta ilə xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edirlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər ay hər uşağa 193 manat sabit pul məbləğində aliment və əlavə xərclərə görə 50 manat sabit pul məbləğinin tutulması qət edilmişdir. Daha sonra cavabdehin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1740/2022 nömrəli qətnaməsi əlavə xərclərə görə 50 manat tutulması hissəsində ləğv edilmişdir. xx.xx.2009cu il təvəllüdlü X4 “cinsi yetkinliyin dəqiqləşdirilməmiş pozğunluğu” diaqnozu qoyulmuşdur. Həmin xəstəlik isə Nazirlər Kabineti tərəfindən siyahısı göstərilmiş “ağır xəstəliklər” siyahısına daxil deyildir. Cavabdeh işləyir və 1.333 manat əmək haqqı alır, onun əmək haqqına uyğun olaraq 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. İddiaçı da işləyir və təxminən 1.100 manat maaş alır. Həmçinin uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin nümayəndələrinin və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı və Cavabdeh xx.xx.2008-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı iki uşağı var. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1740/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə tərəflərin övladları - xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində aliment, eyni zamanda əlavə xərclərə görə 50 manat sabit pul məbləğinin və xx.xx.2009-cu il təvəllüdlü X3 müayinə müalicəsi üçün ödənilmiş 620,22 manat vəsaitin ½ hissəsini yəni, 310 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasia Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-5850/2022ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 1740/2022 nömrəli qətnaməsi əlavə xərclərə görə 50 manat tutulması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmişdir. Qətnamə digər yoxlanılan hissədə - X3 müayinə müalicəsi üçün ödənilmiş 620,22 manat vəsaitin ½ hissəsi - 310 manat pul tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşaqların minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək, həy ay hər uşaq üçün 220 manat müəyyən edilməlidir. Məhkəmə uşağın müayinə və müalicəsi üçün əlavə xərclərdə iştirakı üçün ayda 100 manat ödənilməsi hissəsində iddianı əsaslı hesab etmir. Çünki, ölkə ərazində icbarı tibbi sığortadan istifadə etməklə iddiaçı övladını dövlət hesabına ödənişsiz olaraq müayinə və müalicə etdirmək hüququna malikdir. İddiaçı övladının müalicəsi üçün 227 manat pul xərclədiyini iddia etsə də, ödəniş sənədlərini məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən 113 manat pul tutulması hissəsində də iddia təmin edilə bilməz. Bu zaman məhkəmə “AZEMİS” məlumatlarına əsasən Cavabdeh "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləyərək 1.333 manat əmək haqqı almasını, hər ay 386 manat aliment ödəməsini, İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsində müəllim, ümumi təhsil məktəbi (riyaziyyat) işləyərək ayda 1.071 manat əmək haqqı almasını, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olmasını nəzərə alır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə, uşaqların mənafeyini, tərəflərin maddi durumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa 193 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahdan doğulmuş övladları - xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1740/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa 193 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin, tərəflərin birgə nikahdan doğulmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar