Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3952/2023 07.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əlibala Abdullayev küçəsi ev 11, 9 saylı mənzilindən cavabdehə 5000 (beş min) manat kompensasiya ödənməklə istifadə hüququna xitam verilməsi və cavabdehin ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı ş. keçmiş Oktyabr (indiki Yasamal) ravon XDS İK-nin xx.xx.1978- ci il tarixli 35 saylı Qərarı ilə rayonun keçmiş Abşeron, indiki Olibala Abdullayev küçəsi ev 11. m 9-da yerləşən bir otaqlı 11 m’ mənzilə onunla mənzil kirayəsi müqaviləsi bağlanmışdır. Bacısı Gülnazın Bakı şəhərində qeydiyyatı olmadığından, Bakı sakini kimi bu da onun üçün müəyyən problemlər yaratdığından, onun çox saylı xahişlərindən sonra o onu həmin mənzilə qeydiyyata götürmüşdür. Ailə vəziyyəti ilə əlaqədar olaraq o vaxtaşırı Rusiya Federasiyasının Buryatiya Respublikasının Ulan-Ude şəhərinə gedib orada ailəsinin yanında qalır. Bacısı Gülnaz o Bakıda olmayanda bundan sui-istifadə edib onun razılığı olmadan qızı Cavabdeh da onun mənzilinə qanunsuz qeydiyyata saldırmışdır. 2001-ci ildə bacısı vəfat etdikdən sonra həmin mənzildə o və Sevda qeydiyyatdadırlar. Hazırda o mənzilini özəlləşdirmək istəyir. Mənzildə qeydiyyatda olan şəxs kimi Sevda buna razılıq vermədiyindən mənzilini özəlləşdirə bilmir. O, bununla əlaqədar AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Cavabdeh razılığı olmadan mənzilin özəlləşdirilməsi üçün ona razılıq verməsini xahiş etmişdir. Amma onun xahişi yerinə yetirilmədi. O, məcbur olub 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Təəssüf ki, Bakı İnzibati Məhkəməsi özünün 2-1(112)-7463/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə onun iddiasını rədd etdi. Həmin mənzilə görə onunla mənzil kirayə müqaviləsi bağlanarkən, nə bacısı Gülnazın, nə də onun qızı Cavabdeh mənzilə heç bir aidiyyəti və hüquqları olmayıbdır. Bu hal iddia ərizəsinə əlavə olunan sənədlərlə də təsdiq olunur. O, bacısı Gülnaza qarşı humanistlik edib onun mənzilə qeydiyyata düşməsini təmin etmişdir. Bacısı isə onun razılığı olmadan qızı, Cavabdeh mənzilə qeyri-qanuni qeydiyyata saldırmışdır. İndi isə mənzilə qanunsuz qeydiyyata düşən, mənzilə heç bir aiddiyyəti və hüququ olmayan Cavabdeh mənzilinin özəlləşdirilməsi üçün ona problem yaradır. O öz əməli ilə onun hüquqlarını kobud surətdə pozur. Dövlət öz fondunda olan mənzillərin vətəndaşlar tərəfindən özəlləşdirilməsi üçün humanist addım atıb, öz vətəndaşlarına belə hüququ tanıyıb. O da verilən bu hüquqdan istifadə etmək istəyir. Amma Cavabdeh Əbdülhuseyn qızı onun bu hüququnu pozur və hüquqlarını həyata keçirməyə mane olur. Odur ki, o hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə cavabdehin həmin mənzildə yaşayış hüququndan məhrum etməklə, onu və ailə üzvlərini həmin mənzildən çıxarılması üçün qərar qəbul etməlidir. O yenə də humanistlik edib onun özü və ailə üzvlərinə konpensasiya ödəməyə razıdır. (5000 manat məbləğində). Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh 8.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əlibala Abdullayev küçəsi ev 11, 9 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsin və onun əri X4 və X5 ilə birlikdə həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə razılaşmayaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş 027606 saylı 24 may 1973-cü il tarixli orderin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Abşeron küçəsi, 11 saylı evin 9 saylı mənzili X9 istifadəsinə verilmişdir. Bakı şəhəri Oktyabr rayon X12 İcraiyyə Komitəsinin 35 saylı 27 oktyabr 1978-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Abşeron küçəsi, 11 saylı evin 9 saylı evin icarə müqaviləsi evin icarədarı X9 razılığı ilə onun qızı X10 ilə bağlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli, ******* nömrəli arayşıdan görünür ki, İddiaçı 03 avqust 2006-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 dekabr 2009-cu il tarixli 2(004)- 4737/2009 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh X8 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması, mənzilə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi iddiaçı Cavabdeh ünvan 3 ünvanda olan yaşayış sahəsindən istifadə hüququnun tanınması, mənzilə köçürülmə hissəsində təmin edilmiş, ancaq Bakı şəhəri, Ə.Abdullayev küçəsi, 11 saylı evin 1 otaqlı mənzilindən yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi hissəsində isə təmin edilməmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 23 fevral 2011-ci il tarixli 2(004)-410/2011 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh X1 qarşı “yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi təmin edilmiş, X2 və X11 Bakı şəhəri, Ə.Abdullayev küçəsi, 11 nömrəli evin yaşayış sahəsindən çıxarılmışlar, daha sonra Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2733/2011 nömrəli iş üzrə 21 iyun 2011-ci il tarixli qətnaməsi ilə cavabdeh Əmənullayeva (Əliyeva) Tünzalə Daşdəmir qızının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2011-ci il tarixli 2(004)- 410/2011 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 31 oktyabr 2023-cü il tarixli, 3-32/2-108/04-1/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, 2023-cü ilin sentyabr ayında Bakı şəhəri üzrə 1 otaqlı mebelsiz mənzillərin aylıq kirayə haqqı 317,06 manat təşkil edir. Eyni zamanda mənzillərin aylıq kirayə haqlarının orta qiymətlərinin ayrıayrı küçələr üzrə hesablanmasının mövcud metodologiyada nəzərdə tutulmadığının nəzərə alınması xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixli 21205 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə müvafiq tələblə iddia qaldırmaq üçün 101 (yüz bir) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri X3 İcraiyyə Komitəsi tərəfindən Bakı şəhəri, Abşeron küçəsi, 11 saylı evin 9 saylı mənzil 24 may 1973-cü il tarixli order ilə X9 istifadəsinə verilmişdir. Bakı şəhəri Oktyabr rayon X12 İcraiyyə Komitəsinin 35 saylı 27 oktyabr 1978-ci il tarixli qərarı ilə həmin evin icarə müqaviləsi evin icarədarı X9 razılığı ilə onun qızı X10 ilə bağlanmışdır. Evin mülkiyyətçisi X6r. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 dekabr 2009-cu il tarixli 2(004)- 4737/2009 nömrəli qətnaməsi ilə Cavabdeh ünvan 3 ünvanda olan yaşayış sahəsindən istifadə hüququnun tanınmışdır. Hazırda iddiaçı cavabdehə 8.000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə, onun Bakı şəhəri, Yasamal rayonu, Əlibala Abdullayev küçəsi, 11 nömrəli evin 9 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsini və cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmasını istəyir. Cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə qeyd edir ki, mükiyyət hüququ aşağıdakı qanunvericilik normaları ilə təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, iddiaçının xüsusi mülkiyyətlərindən sərbəst və maneəsiz istifadə hüququ vardır və bu hüqunun reallaşdırılmasına yaradılan hər bir maneənin qarşısı qanuni yollarla aradan qaldırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, mülkiyyətçi tərəfindən onun mülkiyyətindən istifadə hüququ olan cavabdeh şəxsə 8.000 (səkkiz min) manat məbləğində kompensasiya ödənilməklə onun həmin yaşayış sahəsindəki istifadə hüquqlarına xitam verilməli və cavabdeh qeyd edilən mənzildən əşyaları və ailə üzvləri ilə birlikdə oradan çıxarılmalıdırlar. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı tərəfindən cavabdeh şəxsə təklif edilən kompensasiyanın məbləği yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri, həm də işin faktiki hallarının məcmusu baxımından həm məqbul, həm də ağlabatandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-400, 360-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə, ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin və cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3952/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3952/2023
07.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver