Məhkəmə qərarları › İş №2(004)-3955/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3955/2021

03.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3955/2021 03.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ akim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 31.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 14.11.2013-cü il tarixli, **********92013 saylı kredit müqaviləsi və 14.11.2013-cü il tarixli, **********92013/1 saylı ipoteka müqqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, "xxxx" Bank ASC iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər X13, İddiaçı, X14, X5, X10, X8, X11, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin 1 ay müddətində mülkiyyət hüququ və banka məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 74A ünvamnda 5-ci mərtəbədə yerləşən 4 otaqlı, 59.7 m2 ümumi 37.4 m2 yaşayış 22.3 m2 yardımçı sahədən ibarət olan 15 nömrəli mənzildən çıxarılmaları və mənzilin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq ASC "xxxx" Bankına təhvil verilməsi, 10 manat məbləğində dövlət rüsumunun və 15 manat notariat xərclərinin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 20.02.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X6 mülkiyyətində olan ünvan 1 ünvanında 5-ci mərtəbədə yerləşən 4 otaqlı, 59.7 kv.metr ümumi 37.4 kv.metr yaşayış 22.3 kv.metr yardımçı sahədən ibarət olan 15 nömrəli mənzilə tutma yönəldilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra icraatı qaydasında "X4" MMC tərəfindən keçirilmiş hərraclarda həmin mənzil satılmadığından o, əldə edilməsi üçün iddiaçıya təklif edilmiş və bank həmin təklifi qəbul etmişdir. Mənzilin alqı-satqısı hərrac təşkilatçısı, Xaçmaz rayon İcra və Probasiya şöbəsi və iddiaçı tərəfindən imzalanmış hərrac təşkilatçısının hərracın yekunları barədə 180 nömrəli protokolu və iddiaçı ilə hərrac təşkilatçısı arasında bağlanmış hərracın yekunları üzrə alqı-satqı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına dair dövlət reyestrindən çıxarış verilmişdir. Bankın mənzil üzərində mülkiyyət hüququndan istifadə edə bilməmişdir. Hal hazırda qeyd olunan evdə ailəvi yaşayır. Bildirmək istəyir ki, o, Xaçmaz Rayon Məhkəməsində prosesdə iştirak etmişdir. Qətnaməni əldə edəndən sonra qətnamədən ona bəlli olmuşdur ki, X13, İddiaçı, X14, X5, X10, X8, X11, ünvan 1 ünvanında pasport qeydiyyalındadır. Həmin bu qeydiyyatda olan şəxslərdən cəmi üç nəfərdən Bank, yəni X13, İddiaçı, X2 ipoteka müqaviləsi bağlayarkən notariat qaydasında razılıq ərizəsi almışdır. Bankın bu saxtakarlığı nədən yaratdığı onlara məlum deyildir, çünki bank işlərindən onların anladığı bir şey olmadığından sənədləşmə işlərini bank öz öhdəsinə götürmüşdü. İndi isə "xxxx" ASC 14.11.2013-cü il tarixli **********92013/1 saylı ipoteka müqaviləsi və 14.11.2013-cü il tarixli **********92013 saylı kredit müqaviləsi bağlayarkən notariat qaydasında razılıq ərizəsi almadığı şəxslərə, yəni X5, X10, X8, X7 qarşı mənzildən çıxarılma haqqında iddia qaldırmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 izahat verərək bildirir ki, hazırda bankın iddiaçı kimi çıxış etdiyi Sumqayıt Apelyasiya Məhkəməsində hazırki iddiaçıya qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş vardır. Hazırki iddia tələbinin əsl məqsədi Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında olan mülki işin uzaılmasıdır. Əqdin etibarsız hesab edilməsi tələbinə bir il müddətinə baxıla bilər. AR Konstitusiya Məhkəməsinin həmin bir il müddətin kəsici müddət olması barədə qərarları var. Bir il artıq ötürüldüyündən belə iddia qaldırıla bilməz. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 14.11.2013cü il tarixli, **********92013 saylı kredit müqaviləsinə əsasən bank borcalana 48 ay müddətinə illik 19% ödəmək şərti ilə 12000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Xalq Bank” ASC ilə bir tərəfdən ipoteka qoyan- X15, digər tərəfdən borclu-İddiaçı arasında bağlanmış 14.11.2013-cü il tarixli, **********92013/1 saylı ipoteka müqqaviləsinə əsasən ipoteka qoyan ipoteka saxlayanla bağlanılmış 14.11.2013cü il tarixli, **********92013 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin edilməsi məqsədilə ünvan 1 ünvanında 5-ci mərtəbədə yerləşən 3 otaqlı, 59.7 m2 ümumi, 37.4 m2 yaşayış, 22.3 m2 yardımçı sahədən ibarət olan 15 nömrəli mənzil bank qarşısında yüklü etmişdir. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 2(067)-128/2018 saylı, 20.02.2018-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək 14.11.2013-cü il tarixli **********92013 saylı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X9 məxsus ünvan 2 ünvanında 5-ci mərtəbədə yerləşən 3 otaqlı, 59,7 kv.m ümumi, 37,4 kv.m yaşayış, 22,3 kv.m yardımçı sahəsindən ibarət mənzilnə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 14.11.2013-cü il tarixli **********92013 saylı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı "xxxx" ASC- nin qarşısında 7750 manat məbləğində əsas borcu, 2404,74 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 10 manat məbləğində cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclər, iddia ərizəsinə görə 30 manat məbləğində dövlət rüsumu ipoteka predmetinin dəyərindən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 45.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halı odur ki, iddiaçı cavabdehlə-bankla kredit müqaviləsi bağlamış, həmin müqavilənin təminatı kimi X15 bankla ipoteka müqviləsi bağlayaraq mülkiyyətində olan mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Daha sonra iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən məhkəmə qətnaməsinə əsasən yaranmış borcun tutulması ipoteka predmetinə yönəldilmiş, mənzil açıq hərracda satılmışdır. Daha sonra mənzilin yeni mülkiyyətçisinin tələbi ilə məhkəmə qətnaməsi əsasında iddiaçı və mənzildə yaşayan digər şəxslər mənzildən çıxarılmışdır. Hazırda iddiaçı ipoteka müqaviləsi bağlanarkən həmin mənzildə qeydiyyatda olmuş digər şəxslərin razılığının alınmamasını əsas gətirərək ipoteka müqaviləsinin etibarsız hesab olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, X13 isə öz əmlakını kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü etmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə bankın tələbi ipoteka ilə yüklü əmlaka yönəlmişdir. Məhkəmə qeyd edir ki, kredit və ipoteka müaviləsinin etibarsız hesab edilməsi üçün qanuni əsas olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı onunla cavabdeh "xxxx" ASC arasında bağlanmış 14.11.2013-cü il tarixli, **********92013 saylı kredit müqaviləsi və 14.11.2013-cü il tarixli, **********92013/1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar