Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3964/2023 29.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Eyyub qızına qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi, daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsi və miras payının müəyyən olunması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Eyyub qızına qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi, daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsi və miras payının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 160 ünvanında uşaqlıqdan etibarən yaşamaqla qeydiyyatda olmasına və həmin vaxt ölkə xaricində olmasına baxmayaraq 1990-cı illərdə həmin mənzil vərəsəlik qaydasında cavabdehlərin mülkiyyətinə keçmişdir. Bu səbəbdən, iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Müvafiq vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasınında iştirak etməmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evinin 6/8 hissəsi Cavabdeh1, 2/8 yəni, 2 otaq yaşayış sahəsi 39.6 kv.m. hissəsi Cavabdeh2 və 2/8 yəni 2 otaq 29.2 kv.m. hissəsi Cavabdeh3 Eyyub qızının xüsusi mülkiyyətindədir. Məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə verilmiş sorğuya cavab olaraq təqdim edilmiş məktub iş materiallarına əlavə edilmişdir. Müvafiq sorğunun məzmunun geniş olduğundan məhkəmə sorğuda qeyd olunanları qətnaməyə köçürməyi zəruri hesab etmir. Müvafiq məktuba əsasən müəyyən olunur ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair cavabdehlərin mülkiyyət hüququ vərəsəlik qaydasında və bağışlanma müqaviləsi əsasında əldə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. İddiaçı tərəfindən aktiv sübutetmə prosessual fəaliyyət təmin edilməmiş, iddia tələbinin dəlilləri əsaslandırılmamış, hətta tələb üzrə faktiki münasibətlər barədə də məhkəməyə sənəd, sübut və ya materiallar təqdim edilməmişdir. Məhkəmə öz təşəbbüsü ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə sorğu ünvanlamış və sorğuya verilən cavab məktubuna əsasən cavabdehlər tərəfindən əmlakın əldə edilməsinin qanunsuzluğu əsasları, vərəsəlik şəhadətnamələrinin ləğvi və ya iddiaçının mübahisə predmeti olan daşınmaz əmlaka dair mülkiyyət hüququnun olması, mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları müəyyən edilməmişdir. İddiaçı məhkəmədən müstəqil araşdırma aparılmasını tələb etsə də, sözügedən tələbin mülki prosessual qanunvericiliyin prinsiplərinə zidd olması (məhkəmə mülki prosesdə tərəf ola bilməz və yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar qəbul etməlidir) ilə yanaşı ümumiyyətlə nəzərdə tutduğu araşdırma istiqamətləri barədə məhkəməyə şifahi də olsa vəsatət verməmiş, bu barədə fikir bildirməmişdir. Məhkəmənin tərəflər, qohumlar arasında uzun illər əvvəl mövcud olmuş hüquqi və ya faktiki vəziyyətlə bağlı hər hansı məlumatı olmadan öz təşəbbüsü ilə araşdırma aparması ağlabatan deyildir. Odur ki, məhkəmə istəsə belə araşdırma aparmaq istiqamətini müəyyən edə bilməmişdir. İddiaçı iddia ərizəsində özü də qeyd etmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlak faktiki olaraq iddiaçının atasının olsa da, hüquqmüəyyən edici sənədlərə əsasən cavabdehlərin atası, iddiaçının nənəsinin bacısının əri olmuş X1 mülkiyyətində olmuşdur. Göstərilən xüsusat mülki işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, hazırda qüvvədə olan Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Sözügedən prezumpsiya (prinsip) bütün dövrlərdə (münasibətlərin yarandığı dövrü də götürsək) qüvvədə olmuşdur. İddianın perspektivinin olmaması nəzərə alınmaqla vərəsəlik hüquq normalarının açıqlanmasına, təhlilinə məhkəmə zərurət görmür. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. İddiaçının məhkəmədə bildirdikləri əsas götürülərsə də, iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Eyyub qızına qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi, daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsi və miras payının müəyyən olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-3964/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3964/2023
29.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver