Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3986/2024 25.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixində anadan olmuş oğlu X2 fəaliyyət qabiliyyətsiz olması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla bir mənzildə yaşayan oğlu X6 ömürlük birinci qrup əlildir. X6 onunla birgə yaşadığından onun barəsində maddi mənəvi və s. bütün hərəkətləri edir. Lakin son zamanlar oğlunun səhhəti tamamilə korlanmış və oğlu, onun fikrincə, fəaliyyət qabiliyyətsizdir, yəni oğlu hərəkətlərini başa düşmür, heç bir məsuliyyət hiss etmir. Ona görə də onun bu vəziyyətini nəzərə alıb onun əvəzinə müəyyən işləri görmək, ona qəyyumluq etmək üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Oğlunun fəaliyyət qabiliyyətsiz hesab olunması ona onun əvəzinə müəyyən hərəkətləri həyata keçirtmək üçün qəyyum təyin olunmağı üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan Yasamal rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ 743171 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 622 nömrə ilə qeyd edilmişdir. X1, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron arayışa əsasən xx.xx.2006-cı il təvəllüdlü X6 “kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici, tetraparetik forma” diaqnozu üzrə müddətsiz birinci dərəcəli əlildir. Əmək qabiliyyətsizdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli 1984 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən xəstə xx.xx.2006-cı il təvəllüdlü X4 çox ağır əqli gerilik diaqnozu qoyulmuş və kənar şəxslərin himayəsinə və qulluğuna ehtiyacı olduğu qeyd edilmişdir. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Respublika Uşaq Klinik xəstəxanasının 1947 nömrəli Epikrizə əsasən xx.xx.2006-cı il təvəllüdlü X4 yuxarı tənəffüs yollarının çox lokalizasiyalı digər kəskin infekiyaları, hipertermik sindrom və yanaşı olaraq uşaq serebral iflici diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2785 saylı rəyinə əsasən X3 uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə müəyyən edilir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X6 onda müəyyən edilən uşaq serebral iflici, orta dərəcəli əqli geriliklə əlaqədar səhhəti məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.3-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən X6 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-3986/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3986/2024
25.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver