Məhkəmə qərarları › İş №2(004)-4065/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4065/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4065/2021 28.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair” mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəlikləri yerinə yetirilməklə, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 46, 558-ci məhəllə ünvanında MMC tərəfindən inşa edilən binanın 1-ci mərtəbəsində sahəsi 160 kv.m olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 23.01.2011-ci il tarixli Yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə müvafiq olaraq podratçı qismində çıxış edən "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46 ünvanındakı 558-ci məhəllədə yerləşən binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini tikərək ona təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 160 kv.m olmalı idi. Qeyri-yaşayış sahəsinin bir kv.m dəyəri 5000 manat olmaqla ümumi dəyəri 800000 AZN təşkil edirdi. Müqavilədə nəzərdə tutulan 800000 manat tərəfindən müqavilə bağlanan gün tam həcmdə cavabdehin maliyyə hesabına ödənilmişdir. Bu barədə müqavilə bağlanan tarixdə maliyyə arayışı verilmişdir. Lakin, bu günə kimi cavabdeh mənzilin ona təhvil verilməsini həyata keçirmir, müqavilə üzrə öhdəsinə götürdüyü vəzifəni icra etmir. 2013cü ildə Bakı şəhər Prokurorluğunda tikinti firmasının qanunsuz əməlləri ilə bağlı aparılan istintaq zamanı müstəntiqi N.Əliyev tərəfindən baxış keçirilməsi və sənədlərin götürülməsi haqqında 16.01.2013-cü il tarixli protokolla “Yenes” şirkətinin onunla bağladığı müqavilələr üzrə onda olan sənədlər götürüldüyündən və iş üzrə istintaq aparıldığından bu günə qədər cavabdehə qarşı müvafiq iddialar qaldırmaqdan vaz keçmişdir. 2019-cu ildə Bakı şəhər Prokurorluğuna müraciət edərək, aparılan cinayət işinin nəticələri barədə məlumat verilməsini və eyni zamanda götürülmüş sənədlərin qaytarılmasının təmin edilməsi ilə bağlı müraciət etmiş, lakin Bakı şəhər Prokurorluğununn İstintaq İdarəsinin rəisi Rəşad Mansurov tərəfindən verilən cavabda istintaqın davam etdiyi və rəsmi sənədlərin qaytarılmasının məqsədə müvafiq hesab edilmədiyi göstərilmişdir. Lakin bütün bunlar mülki hüquqlarının pozulmasına əsas vermir və cavabdehə qarşı iddia qaldırmaq hüququmu inkar etmir. Məhkəmə baxış iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər (İddiaçı ilə "xxxx" MMC) arasında bağlanmış 23.01.2011-ci il tarixli müqaviləyə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə MMC-yə məxsus yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 160 kv.m olan qeyri-yaşayış sahəsini alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən müvafiq mənzilə görə 800.000 manat məbləğində pul ödənilmiş və MMC-yə borcu yoxdur. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi 46, 558-ci məhəllədə MMC-yə məxsus yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 160 kv.m olan qeyri-yaşayış sahəsini MMC tərəfindən iddiaçıya satılmış, mübahisəli mənzil üzrə müvafiq müqavilə ilə müəyyənləşdirilmiş pay haqqı tamamilə iddiaçı tərəfindən ödənilmiş, iddiaçının MMC-yə heç bir borcu qalmamışdır. Buna baxmayaraq, iddiaçı bugünə kimi müvafiq mənzilə dair sahiblik və istifadə hüquqlarını reallaşdıra bilmir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, sahiblik və istifadə hüquqlarının pozulmasını iddia etməklə, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb edir. Belə ki, AR Konstitusiyası Məhkəməsi Plenumunun “AR Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edirlər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarında olan AA seriyalı, 412085 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, iddiaçı Babayev X1 rayonundan məcburi köçkün düşmüşdür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda məhkəməyə iddia ərizəsinin veriləsinə görə dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia tələbi təmin edildiyinə görə 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən 23.01.2011-ci il tarixli Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə öhdəlikləri yerinə yetirilsin və Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 46, 558-ci məhəllə ünvanında MMC tərəfindən inşa edilən binanın 1-ci mərtəbəsində yerləşən (girişdə solda 5-ci və 6-cı sütunlar arası) 160 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin. Cavabdeh "xxxx" MMC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar