Məhkəmə qərarları › İş №2(004)-4066/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4066/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4066/2021 23.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməklə, fərdi yaşayış evinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməklə, fərdi yaşayış evinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1055-ci məhəllə ünvanda, Cavabdeh tərəfindən inşa edilən, ona satılmış və ödəniş haqqı onun tərəfindən tam olaraq Cavabdehnə ödənilmiş, sahəsi 576 kv.m olan 6 saylı kotej tipli 2 mərtəbəli fərdi yaşayış binasının, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirməklə iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış 01 iyun 2011-ci il tarixli Kotec tipli fərdi yaşayış binasının tikintisi haqqında Müqaviləyə müvafiq olaraq podratçı qismində çıxış edən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1055-ci məhəllədə tikilməkdə olan 6 saylı kotec tipli 2 mərtəbəli fərdi yaşayış binasının tikilib ona təhvil verilməsini öz öhdəsinə götürmüşdür. Fərdi yaşayış binasının ümumi sahəsi 576 kv.metr olmaqla, müqavilənin qiymətini 650.000 (altı yüz əlli min) manat təşkil edirdi. Müqavilədə nəzərdə tutulan 650.000 (altı yüz əlli min) manat ümumi məbləğ onun tərəfindən müqavilə bağlanan gün tam həcmdə cavabdehin maliyyə hesabına ödənilmişdir. Bu barədə ona elə müqavilə bağlanan tarixdə, 01 iyun 2011-ci il tarixli maliyyə arayışı verilmişdir. Cavabdeh direktoru kimi X6 tərəfindən imzalanmış həmin arayışla təsdiq olunur ki, Cavabdeh tərəfindən Yasamal rayonu, Tbilisi prospekti, 1055-ci məhəllədə tikilməkdə olan kotec tipli 2 mərtəbəli fərdi yaşayış binasının 6 saylı kotecinin sahəsi 576 kv.m, dəyəri 650000 AZN olmaqla vətəndaş İddiaçı tərəfindən tam ödənilmişdir. Müqavilənin 4.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, Cavabdeh podratçı kimi müqavilədə göstərilən bütün şərtləri icra edib tamamlanma, pəncərə və qapılar olmaq şərti ilə ona təhvil verməyi öhdəsinə götürür. Lakin, müqavilə bağlanmasından 10 il keçməsinə baxmayaraq, bu günə kimi tikinti şirkəti olan podratçı, cavabdeh iddiaçını əraziyə dəvət edərək, ona məxsus mənzilin ona təhvil verilməsini həyata keçirmir, müqavilə üzrə öhdəsinə götürdüyü vəzifəni icra etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələblərinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidirlər. Göründüyü kimi, cavabdeh qanunvericiliyin müvafiq tələblərinə vicdansız yanaşır. Üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, fərdi yaşayış evini ona təhvil verməyə tələsmir. Qeyd edir ki, hələ 2013-cü ildə Bakı şəhər Prokurorluğunda tikinti firmasının qanunsuz əməlləri ilə bağlı aparılan istintaq zamanı Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Nail Əliyev tərəfindən baxış keçirilməsi və sənədlərin götürülməsi haqqında 16 yanvar 2013-cü il tarixli protokolla Cavabdeh onunla bağladığı müqavilələr üzrə onda olan sənədlər götürüldüyündən və iş üzrə istintaq aparıldığından o bu günə qədər cavabdehə qarşı müvafiq iddialar qaldırmamışdır. 2019-cu ildə o Bakı şəhər Prokurorluğuna müraciət edərək, aparılan cinayət işinin nəticələri barədə ona məlumat verilməsini və eyni zamanda ondan götürülmüş rəsmi sənədlərin ona qaytarılmasının təmin edilməsi ilə bağlı müraciət etmişdir. Lakin Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin rəisi Rəşad Mansurov tərəfindən ona verilən cavabda istintaqın davam etdiyi və rəsmi sənədlərin iddiaçıya qaytarılması məqsədə müvafiq hesab edilmədiyi göstərilir. Lakin bütün bunlar onun mülki hüquqlarının pozulmasına əsas vermir və onun cavabdehə qarşı iddia qaldırmaq hüququnu inkar etmir. Tərəfindən müqavilə öhdəliyini yerinə yetirmək barədə tələbnamə ilə cavabdehə müraciətinə onlar tərəfindən cavab verilməmişdir. Bu da iddiaçını məhkəməyə müraciət etmək zərurəti qarşısında qoyur. Daha sonra Kapital Holdinq X3 nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə müraciət edərək mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmiş və daha sonra iddia ərizəsi təqdim edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış Kotec tipli fərdi yaşayış binasının tikintisi haqqında 01 iyun 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs "xxxx" İMF nümayəndəsi və vəkili Vəkil2 23.08.2021-ci il tarixli ərizə təqdim edərək, təqdim etdiyi iddia ərizəsinin Kapital-Holdinq İMF-yə geri qaytarılmasını xahiş etmişdir. Belə ki, təqdim etdiyi iddia ərizəsi hazırki işin uzadılmasına yönələ bilər. İşin operativliyinə mane olmamaq məqsədilə iddia ərizəsinin ona geri qaytarılmasını, lakin təqdim etdiyi sübutların işdə saxlanılmasını, eyni zamanda "xxxx" İMF-nin iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində saxlanmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2 (004)- 4066/2021 saylı qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" X3 cavabdehlər İddiaçı və Cavabdehnə qarşı İddiaçı ilə Cavabdeh arasında bağlanmış Kotec tipli fərdi yaşayış binasının tikintisi haqqında 01 iyun 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh direktoru X7 23 avqust 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, İddiaçı tərəfindən qaldırılan iddia əsassızdır. Belə ki, şirkət bugünədək heç bir villa tikməmişdir. İddiada göstərilən əmlakın Cavabdehnə heç bir aidiyyatı yoxdur və şirkət iddiaçı ilə heç bir müqavilə bağlamamışdır. İşə şirkətin nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, izahatında göstərmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 195 nömrəli 03.09.2004-cü il tarixli Sərəncamına əsasən, Yasamal Rayon İcra hakimiyyətinin 10.08.2004-cü il tarixli 1041/d saylı razılıq məktubu, "xxxx" İstehsalat-Maliyyə Firmasının 29.07.2004-cü il tarixli, 01 saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitsəinin KOD 01100003 JN-0916 saylı Dövlət aktı nəzərə alınaraq, Tbilisi prospektindəki 1055-ci məhəllədəki 0,37 ha ərazidə yaşayış binasının layihələşdirilməsinə və tikintisinə X4-Maliyyə Firmasına icazə verilmişdir. Daha sonra Bakı şəhər İcra Hakimiyyəti başçısının 237 nömrəli 12.10.2004-cü il tarixli Sərəncamına əsasən, Yasamal Rayon İcra hakimiyyətinin 27.08.2004-cü il tarixli 1108/d saylı razılıq məktubu və Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə "xxxx" İstehsalat-Maliyyə Firması arasında bağlanmış 27.08.2004-cü il tarixli müqavilə nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 195 nömrəli 03.09.2004-cü il tarixli Sərəncamına əsasən, Tbilisi prospektindəki 1055-ci məhəllədə yaşayış binasının tikintisinə icazə verilmiş əraziyə bitişik 0,58 ha torpaq sahəsi eyni məqsədlə həmin firmanın istifadəsinə verilmişdir. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti başçısının 267 nömrəli 12.10.2005-ci il tarixli Sərəncamına əsasən, "xxxx" İstehsalat-Maliyyə Firmasının 12.07.2005- ci il tarixli, F/S-m saylı müraciəti nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 195 nömrəli 03.09.2004-cü il tarixli Sərəncamının 6-cı bəndi, 12.10.2004-cü il tarixli 237 nömrəli Sərəncamının 17-ci bəndi və 24.12.2004-cü il tarixli 305 nömrəli Sərəncamın 22- ci bəndi ilə Yasamal rayonu, Tbilisi prospekti 1055-ci məhəllədə çoxmərtəbəli yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsinin təyinatı dəyişdirilərək, ona bitişik 0,94 ha torpaq sahəsi icarə əsasında istifadəyə və ümumi 1,97 ha ərazidə həmin firmaya kotec evlərinin tiknitisinin layihələşdirilməsinə icazə verilmişdir. Beləliklə məlum olur ki, məhkəməyə təqdim edilmiş İddiaçı ilə “Yenes" şirkəti arasında bağlanılmış 01 iyun 2011-ci il tarixli Kotec tipli fərdi yaşayış binasının tikintisi haqqında Müqavilə saxtadır. Cavabdeh nə mübahisəli torpağın ona ayrılmasına dair nə də tikintiyə icazə verilməsinə dair hər hansı sənədi olmamışdır. Ümumiyyətlə tikinti "xxxx" İMF tərəfindən aparılmış və Cavabdeh bu layihə və ya "xxxx" MMC ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində göstərmişdir ki, İddiaçı 2011-ci ildən tanıyır. İşgüzar münasibətləri olmuşdur. Bir gün iddiaçı ona villa aldığını bildirmişdir. Həmin vaxt onun dostu da belə tip villa ilə maraqlanırmış. Bununla bağlı iddiaçıdan məsləhət almış, o da bildirmişdir ki, Ələsgər müəllimdən 650 000 manat pul verərək villa almışdır. İddia ilə birlikdə Ələsgər müəllimin yanına getmiş, villalara baxmış, lakin qiymətində razılaşmadıqlarından alqı-satqı baş tutmamışdır. Belə ki, iş materiallarında olan podratçı Cavabdeh ilə sifarişçi İddiaçı arasında bağlanmış 01 iyun 2011-ci il tarixli podrat müqaviləsindən görünür ki, podratçı Cavabdeh Yasamal rayonu,Tbilisi prospekti, 1055-ci məhəllə tikilməkdə olan 6-cı kotej tipli 2 mərtəbəli fərdi yaşayış binasının tikintisini öz üzərinə götürür. Müqavilənin qiyməti 650000 manat təşkil edir. İş materiallarında olan 01 iyun 2011-ci il tarixli maliyyə arayışından görünür ki, ”Yenes” şirkəti tərəfindən Yasamal rayonu,Tbilisi prospekti, 1055-ci məhəllə tikilməkdə olan katej tipli 2 mərtəbəli fərdi yaşayış binasinin 6 saylı katejin sahəsi 576-00kvolmaqla dəyəri 650000-00AZN vətəndaş BabayevYusif Əbdil oğlu tərəfindən tam ödənilmişdir. İş materiallarında olan 18.02.2013-cü il tarixli aktın surətindən görünür ki, mərhum Ömərov Ələsgərin yaxın qohumu X1 ray, H.Cavid pr. 46 saylı ünvanda 558-ci məhəllədə yerləşən "Araz-T.İ"MM-nin tikilməkdə olan binasının 1-ci mərtəbəsinin (800,000 AZN) qiymətləndirilmiş 160kv sahəsi olan qeyri yaşayış sahəsinin sənədini və Yasamal ray. Tbilisi pr. 1055-ci məhəllədə tikilməkdə olan katej tipli fərdi yaşayış binası (650,000 AZN) qiymətləndirilmiş 576kv sahəsi olan 6-saylı katejin sənədlərini aralarındakı razılaşma əsasında qebul etmişdir. İş materiallarında olan 16 yanvar 2013-cü il tarixli baxış keçirilməsi və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, İddiaçı tərəfindən 01 iyun 2011-ci il tarixli müqavilə və 01 iyun 2011-ci il tarixli maliyyə arayışı istintaq zərurəti ilə əlaqədar Bakı şəhər Prokurorluğun İstintaq idarəsinə təhvil verilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh prezidentinə ünvanladığı tələbnamədən görünür ki, BabayevYusif Əbdil oğlu Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1055-ci məhəllə ünvanda, Cavabdeh tərəfindən inşa edilən, ona satılmış və ödəniş haqqı tərəfindən tam olaraq Cavabdehnə ödənilmiş, sahəsi 576 kv olan 6-cı kotec tipli 2 mərtəbəli fərdi yaşayış binasının ona təhvil verilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəmə sorğusuna gələn 08.07.2021-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1055-ci məhəllə ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının 195 nömrəli 03.09.2004-cü il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Yasamal Rayon İcra Hakimiyyətinin 10.08.2004-cü il tarixli, 1041/d saylı razılıq məktubu, "xxxx" İstehsalat-Maliyyə Firmasının 29.07.2004-cü il tarixli, 1 saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin KOD 01100003, JN-0916 saylı Dövlət aktı nəzərə alınaraq, Tbilisi prospektindəki 1055-ci məhəllədəki 0.37 ha ərazidə yaşayış binasının layihələşdirilməsinə və tikintisinə "xxxx" İstehsalat-Maliyyə Firmasına icazə verilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının 237 nömrəli 12.10.2004-cü il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Yasamal Rayon İcra Hakimiyyətinin 27.08.2004-cü il tarixli, 1108/d saylı razılıq məktubu, Mənzil- Kommunal Təsərrüfat Birliyi ilə "xxxx" İstehsalat-Maliyyə Firması arasında bağlanmış 27.08.2004-cü il tarixli müqavilə nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyətinin 03.09.2004-cü il tarixli, 195 saylı sərəncamına əsasən, Tbilisi prospektindəki 1055-ci məhəllədə yaşayış binasının tikintisinə icazə verilmiş əraziyə bitişik 0.58 ha torpaq sahəsi eyni məqsədlə həmin firmanın istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının 267 saylı 12.10.2005ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Kapital_Holdinq” İstehsalat-Maliyyə firmasının 12.07.2005-ci il tarixli, F/S-m saylı müraciəti nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyətinin 03.09.2004-cü il tarixli, 195 saylı sərəncamının 6-cı bəndi, 12.10.2004-cü il tarixli 237 saylı sərəncamının 17-ci bəndi və 24.12.2004-cü il tarixli, 305 saylı sərəncamın 22-ci bəndi ilə Yasamal rayon, Tbilisi prospekti, 1055-ci məhəllədə çoxmərtəbəli yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsinin təyinatı dəyişdirilərək, ona bitişik 0.94 ha torpaq sahəsi icarə əsasında istifadəyə və ümumi 1.97 ha ərazidə həmin firmaya kotec evlərinin tikintisinin layihələşdirilməsinə icazə verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4066/2021 saylı 23 avqust 2021-ci il tarixli qərardadından görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" X3 cavabdehlər İddiaçı və Cavabdehnə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 01 iyun 2011-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospekti, 1055-ci məhəllə tikilməkdə olan 6-cı kotej tipli 2 mərtəbəli fərdi yaşayış binasının tikintisi barədə podrat müqaviləsi bağlansa da, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1055-ci məhəllə ünvanda yaşayış binasının tikilməsinə icazə Cavabdehnə verilməmiş, cavabdehin həmin ünvanda hər hansı tikinti işi aparması ilə bağlı subyektiv hüququ olmamışdır. Belə ki, iş materiallarından da görünür ki, sözügedən ünvanda yaşayış binasının layihələndirilməsi və tikilməsi barədə icazə X4 Maliyyə Firmasına verilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospekti, 1055-ci məhəllə ünvanında hər hansı tikilinin cavabdeh tərəfindən tikilməsinə icazənin olması, həmin yaşayış binasının cavabdeh tərəfindən tikilməsinə dair mötəbər, təqzibolunmaz sübutlar təqdim edilmədi. İddiaçı, iddiasının əsası kimi tərəflər arasında mövcud olan müqavilə münasibətlərinə istinad edir. Lakin, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı istinad etdiyi halları sübut edə bilmir. Belə olan halda, məhkəmə iddia tələbinin əsassız olduğundan rədd edilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1055-ci məhəllə ünvanında yerləşən, sahəsi 576 kv.m olan, 6 saylı kotec tipli, 2 mərtəbəli fərdi yaşayış binasının iddiaçıya təhvil verilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar