Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-408/2024 11.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********00060) dair xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt və xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən əsassız yazılmış 1535,70 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azəriqaz İB-nin əməkdaşları onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Gəray Əsədov 13 ünvanında yerləşən fərdi yaşayış evinə gələrək xx.xx.2023-cü il tarixdə sayğacı dəyişdirmişdirlər. Sayğac dəyişdirilən zaman bu barədə 689322 nömrəli akt (qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında) tərtib edilmiş və iddiaçıya sayğacın yararsız hala düşdüyü, ona yeni sayğacın veriləcəyi, aktın həmin məqsədlə tərtib edilməsi bildirilmiş və bu əsasla ondan həmin aktı imzalaması istənilmişdir. İddiaçı öz növbəsində yeni sayğacın quraşdırılması ilə bağlı həmin aktı imzalamışdır. Köhnə sayğac açılarkən lazımi tədbirlər görülməmişdir. Sayğac qutuya yerləşdirilməli, iddiaçının və qarşı tərəfin imzası ilə təhvil alınmalı, qutuya yerləşdirilərək plomblanmalı idi. Bu hallar nəzərə alınmamışdır. İddiaçının istifadəsində olan dəyişdirilmiş köhnə sayğac onun evində quraşdırılarkən tam yeni olmamış, artıq istifadə olunmuş sayğac olmuşdur. Yeni Smart tipli sayğac quraşdırıldıqdan və xeyli müddət sonra qazla təmin olunması üçün Smart karta balans artırmaq istədiyi zaman məlum olmuşdur ki, sayğac dəyişdirildikdən sonra 1535,7 manat məbləğində cərimə borcu yazılmış və SMART karta ödədiyi məbləğlərdən cərimə borcu silinməyə başlanmışdır. Bu səbəbdən o Yasamal Rayon Qaz İdarəsinə müraciət etmiş, ona həmin idarədə guya onun sayğaca müdaxilə etməsi və bu səbəbdən cərimə yazılması bildirilmişdir. İddiaçı qaz idarəsinin əməkdaşlarına əsassız, qanunsuz cərimənin yazılması ilə bağlı öz etirazını bildirmiş, idarədə ona cərimənin silinməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasnda iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq sayğacın evin daxilində deyil, çöldə yerləşdiyini bildirmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X1 oglu iddia ərizəsinə etirazını məhkəməyə təqdm etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus **********00060 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********916 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/35-2648-1 saylı xx.xx.2023-cü il tarixli akta əsasən “sayğacın hesablama mexanizminin qapağı yan tərəfindən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir.Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunması iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir.**********00060 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-4.9-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etdi ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş 14-2-2/3-52648-1 saylı xx.xx.2023-cü il tarixli akta əsasən, cavabdehə məxsus köhnə qaz sayğacına ümumi baxış keçirilməsi və sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-çıxıq izlərinin olması göstərilmişdir. Halbuki, sayğac iddiaçıya məxsus evin daxilində deyil, çöldə yerləşdirildiyindən müdaxilənin olduğu təqdirdə belə, bunun iddiaçı tərəfindən törədilməsi sübuta yetirilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçının qaz sayğacına müdaxilədə təqsiri müəyyən edilmədiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan 35,36 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********00060) hesablanmış 1535,70 (min beş yüz otuz beş manat yetmiş qəpik) manat məbləğində borc silinsin. Borcun silinməsi vəzifəsi Cavabdeh İB-nin üzərinə qoyulsun. Cavabdeh “Azəriqaz İB”-dən 35,36 (otuz beş manat otuz altı qəpik) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-408/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-408/2024
11.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver