Məhkəmə qərarları › İş №2(004)-4082/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4082/2025

24.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4082/2025 24.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 195,84 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçılar, İddiaçı2 (ünvan 1 ünvanında qeydiyyatda olan mülkiyyətçi) və həmin ünvanda faktiki yaşayan əmisi İddiaçı1 təxminən dörd ildir “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Nizami rayon Sukanal İdarəsi ilə ciddi və davamlı problemlər yaşayırlar. Abonent kodu **********040 olan, ünvan 1 ünvanında yerləşən mənzildə əvvəlcə quraşdırılmış smart tipli su sayğacı tez-tez blok vəziyyətinə düşdüyündən ödənişləri əsasən Nizami Rayon Sukanal İdarəsində həyata keçirməli olublar. Həmin ödənişlərə dair onlara heç bir qəbz təqdim edilməmiş, yalnız kartı sayğaca yaxınlaşdırmaqla blokdan çıxarılmışdır. Bu səbəbdən dəfələrlə idarəyə şifahi və yazılı müraciətlər etmişlər. Bildirildi ki, kart yenisi ilə əvəz olunmalıdır. Nəticədə 3 dəfə yeni kart almışlar. Sonuncu kartın isə "Rus" adlı bir xanımın adına qeydiyyatda olduğu bildirildi. 2023-cü ildə problemlər davam etdiyi üçün idarənin təklifi ilə smart sayğacdan mexaniki sayğaca keçmək qərarına gəlmiş və bununla bağlı rəsmi ərizə ilə müraciət ediblər. 17 iyun 2023-cü il tarixində idarə əməkdaşları sayğacdan bir hissəni çıxararaq onun artıq mexaniki tipə keçdiyini bildirdilər. Həmin vaxt sayğacın göstəricisi 303 kubmetr idi. İşçilər tərəfindən akt tərtib olunub imzalansa da, surəti onlara təqdim olunmadı. Soruşduqda bildirildi ki, akt yalnız bir nüsxədə tərtib olunur və surət yaxın zamanda təqdim ediləcək. Bu günədək həmin akt onlara verilməyib. Sayğacın bloklanması və nasaz olması səbəbilə mütəmadi olaraq ödəniş etmişlər. Sayğac dəyişdirilərkən idarə əməkdaşı bildirdi ki, 535 kubmetrə qədər artıq ödənişləri var və bu hədd keçmədikcə əlavə ödəniş tələb olunmayacaq. Lakin xx.xx.2025 - xx.xx.2025 tarixlərini əhatə edən dövrə dair mənzilin qapısında 182.84 AZN məbləğində borc göstərilmiş qəbz tapıblar. Göstərici 426 kubmetr idi. Nəzarətçiyə və idarəyə müraciət etmişlər, lakin borcun necə yarandığı izah edilmədi - yalnız idarəyə getmələri tövsiyə olundu. Nizami rayon Sukanal İdarəsində nə borcun izahı, nə də sayğacın dəyişdirilməsinə dair akt təqdim olunmadı. Yazılı ərizələri isə cavablandırılmamışdır. xx.xx.2025-ci il tarixli sonuncu qəbzdə borcun 195.84 AZN olduğu göstərildi. Bu isə əvvəlki borcdan da çox olmaqla, əsassız və qanunsuz hesablamaların davam etdiyini göstərir. Dörd ildən artıq davam edən problemlər sənədlərlə sübut olunmuşdur: Smart sayğacdakı texniki nasazlıqlar, əsassız borc hesablamaları, işçilərin qeyri-rəsmi müdaxiləsi, aktların təqdim olunmaması və müraciətlərin cavabsız qalması vətəndaş və istehlakçı hüquqlarının pozulmasıdır. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 nümayəndəsi X1 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X5 çıxarışa əsasən müəyyən edilir ki, ünvan 4 (yeni qaydalarla ünvan 3 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 məxsusdur. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 18 mart 2025-ci il tarixli, 3-53-3/2-H-1573- H2/2405/2025 saylı məktubundan görünür ki, sözügedən sayğacın mexaniki hissəsində 303 kubmetr su sərfiyyatı müəyyən edilmişdir. Smart karta 242 kubmetr yükləndiyindən, əlavə istifadə olunmuş 61 kubmetr su sərfiyyatının dəyəri hesabda borc olaraq qalmışdır. Hazırda sayğac göstəricisi 426 kubmetr olmaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent (kod: **********040) hesabda 183,84 manat borc var. Kodu **********040 olan İddiaçı1 adına olan abonentin saldosundan görünür ki, ünvan 4 ünvanı üzrə xx.xx.2000-ci il tarixli, 14652672 saylı xidməti müqavilə üzrə cavabdeh İddiaçı1 2015-ci il üzrə 11,52 manat, 2017-ci il üzrə 20 manat, 2018-ci il üzrə 35 manat, 2019-cu il üzrə 26 manat, 2021-ci il üzrə 40 manat, 2022-cu il üzrə 13 manat, 2023-ci il üzrə 15 manat, 2024-cü il üzrə 183 manat, 2025-ci il üzrə 199 manat borcu yaranmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Məhkəmə ilk növbədə, iddiaçıların hazırki iddia tələbini irəli sürmələrinə dair subyektiv huququnun olması ilə bağlı hesab edir ki, ünvan 4 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə İddiaçı2 məxsusdur. Digər İddiaçı1 onun əmisi olmaqla həmin mənzildə yaşayır. Su təchizatı və tullantı sularının axıdılması xidmətləri ilə bağlı istehlakçı qismində müqavilə İddiaçı1 ilə STKM arasında bağlanmışdır. Buna görə də, İddiaçı1 sudan istifadə ilə əlaqədar əsassız hesablanmış borcun silinməsinə dair tələb irəli sürmək üçün subyektiv hüququ həmin müqaviləyə əsasən mövcuddur. Digər İddiaçı2 ünvan 4 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olduğundan, su təchizatı ilə əlaqədar bağlanmış müqavilə tərəflərindən asılı olmayaq, iddia qaldırmaqda subyektiv hüququ vardır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mübahisəli borc “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən ünvan 4 ünvanı üzrə İddiaçı1 hesablanılmış 183 manat məbləğində borcun qanuni əsaslarla yazılmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. İddiaçı tərəfindən sayğac göstəricilərinə uyğun olaraq istifadə olunmuş suyun dəyəri tam olaraq ödənilmişdir. Belə ki, İddiaçı1 su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, Kodu **********040 olan İddiaçı1 adına olan abonentin saldosu ilə iddiaçı tərəfindən illər üzrə hesablanan borc məbləği və ödənişlər qeyd edilmişdir. Sudan istifadəyə görə yaranmış borc məbləği illər üzrə ağlabatan hesab edilsə də, 2025-ci ilin yanvar-fevral ayları üzrə 183 manatın hansı əsasla hesablanması aydın deyil. İddiaçı tələbində 195,84 manat borcun silinməsini tələb etsə də, 2025-ci ilin digər ayları üzrə 12,84 manat sudan istifadəyə yaranmış olduğu aydın görünən borcun silinməsi barədə tələb əsassızdır. Odur ki, iddia tələbi qismən təmin edilməli, ünvan 4 ünvanı üzrə İddiaçı1 əsassız hesablanmış 183 (bir yüz səksən üç) manat məbləğində borc “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 4 ünvanı üzrə İddiaçı1 əsassız hesablanmış 183 (bir yüz səksən üç) manat məbləğində borc “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar