Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4094/2021 24.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 MTK-nın nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MTK-ya qarşı “pul, maddi və mənəvi zərər” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-ə qarşı “pul, maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə 04.06.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-dən müştərək qaydada 150000 manat məbləğində pul vəsaitinin, vaxtında həmin pulu qaytarmadığı üçün gecikdirməyə görə əlavə 15000 manat məbləğində faiz pulunun, mənəvi zərərə görə 5000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının 01.07.2021-ci il tarixli ərizəsinə əsasən "xxxx" MMC əsl olan tərəf Cavabdeh2 Mənzil-Tikinti Kooperativ ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, 17 aprel 2007-ci il tarixində hazırki iş üzrə cavabdehlər Cavabdeh1 MMC-nin direktoru X2 ilə "xxxx" MMC-nin direktoru X1 ilə birgə təsərüffat fəaliyyəti haqqında müqavilə bağlanmışdır. Müqavilədə "xxxx" MMC-yə məxsus Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 12 oktyabr 2004-cü il tarixli 237 sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində yerləşən kooperativ yaşayış binasının layihələndirilməsi və tikinti işlərinin aparılması Cavabdeh1 MMC-yə tapşırılmışdır. Cavabdeh1 MMC öz növbəsində ona təqdim olunmuş sahədə 5 bloklu yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz vəsaiti hesabına tam yerinə yetirilməsini öz öhdəsinə götürmüşdür. Həmin sahədə iki 18, iki 19, bir 20 mərtəbəli ümumilikdə 5 bloklu yaşayış binasını öz şəxsi vəsaiti və öz payına düşən mənzillərin satışından əldə olunan vəsait hesabına inşa etməli idi. 16 aprel 2008-ci il tarixində yeni mənzil almaq məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində yerləşən Cavabdeh1 MMC-yə iddiaçı tərəfindən müraciət edilmişdir. MMC-nin direktoru Rauf Qurbanov ünvan 1 ünvanında yerləşən yaşayış binasını inşa etməyi, payçıya təhvil verməyi, öz öhdəsinə götürmüşdür. 16 aprel 2008-ci il tarixində həmin ünvanda 1245 saylı 3 otaqlı sahəsi 110.5 m2 olan mənzilə nağd pul ödənilməklə mənzil tikinitsi haqqında müqavilə imzalanmışdır. Cavabdeh1 MMC arasında bağlanmış müqavilənin şərtlərinə görə tikinti 30 ay müddətində tam təhvil verilməli idi. Lakin bu günə qədər tikili tam yarımçıq qalmış və davam etdirilmir. Bu barədə Cavabdeh1 MMC-yə dəfələrlə şifahi və yazılı surətdə müraciətlər olunsa da gözləməyi, səbr etməyi məsləhət görmüşlər. Cavabdeh1 MMC üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bu qədər zəhmət bahasına qazanılan pullardan qeyri- qanuni olaraq istifadə edilmiş, pul qaytarılmamış, nəticə də vəsaitimizlə əsassız varlanmış, gəlir əldə etmişlər. Həmçinin, Qlobal Azəri MMC, sonradan Şərur MTK-ya qoşulmuşdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MTK-nın nümayəndəsi Nümayəndə izahatında bildirir ki, "xxxx" MMC 2020-ci ildə Cavabdeh2 Mənzil Tikinti Koorperativinə qoşulmuş və "xxxx" MMC ləğv olunmuşdur. Həmçinin 17 aprel 2007-ci il tarixdə tərəflər arasında bağlanmış birgə təsərrüfat haqqında müqavilə bağlanmış, lakin Cavabdeh1 MMC-yə yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirməyə icazə verilməmişdir. Həmçinin müqavilədə qeyd olunmuşdur ki, MTK öz adından həyata keçirdiyi satış üzrə özü məsuliyyət daşımalıdır. Hazırki iddia üzrə iddiaçı ilə Cavabdeh2 MTK arasında heç bir müqavilə yoxdur. Buna əsasən də MTK-nın iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. Cavabdeh1 MMC MTK-nın icazəsi və xəbəri olmadan satışı həyata keçirmişdir. İddianın rədd olunmasını xahiş edir. Cavabdeh1 MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında 17 aprel 2007-ci il tarixdə bağlanmış “Birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə”dən görünür ki, "xxxx" MMC ona ayrılmış torpaq sahəsini və tikinti üçün tələb olunan bütün sənədləri Cavabdeh1 MMC-yə təqdim etməyi, sonuncu isə ona təqdim olunmuş torpaq sahəsində 5 bloklu yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz vəsaiti hesabına tam yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.5-ci bəndində qeyd olunmuşdur ki, müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış alğı-satqı müqavilələri və digər sənədlər əsasında "xxxx" MMC adından rəsmiləşdiriləcək, əgər satışı Cavabdeh1 MMC öz adından rəsmiləşdirsə, payçılar və rəsmi dövlət orqanları qarşısında özü məsuliyyət daşıyacaqdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 MMC-nin direktoru X2 şəxsində bağlanmış 16.08.2008-ci il tarixli “mənzil tikintisi” haqqında müqaviləyə əsasən, Cavabdeh1 MMC inşa ediləcək ünvan 2 ünvanında inşa ediləcək yaşayış binasının 1245 saylı mənzili İddiaçı verməyi, İddiaçı isə mənzili qəbul etməyi və mənzilin müəyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 MMC-nin 16.04.2008-ci il tarixli maliyyə arayışına əsasən, Cəfərov X3 rayonu, Talıblı küçəsi 4 ünvanında yerləşən 11-ci giriş, 7-ci mərtəbədə yerləşən 1245 saylı mənzilin dəyərini tam ödəmiş, onun Cavabdeh1 MMC-yə borcu qalmamışdır. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı tərəfindən ünvan 2, 1245 saylı mənzilin dəyəri olan 52000 manat tam ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 16.04.2008-ci il tarixli mənzil tikintisi müqaviləsinə əsasən MMC ünvan 2 ünvanında inşa ediləcək yaşayış binasının 1245 saylı mənzilini İddiaçı verməyi öhdəsinə götürmüş, lakin mənzili razılaşdırılmış qaydada iddiaçıya təhvil verməmişdir. Həmçinin Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında 17.04.2007-ci il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanmış, Cavabdeh1 MMC də həmin müqaviləyə əsaslanaraq iddiaçı ilə mənzil tikintisi müqaviləsini bağlamışdır. Hazırda iddiaçı 16.04.2008-ci il tarixli müqavilə üzrə ödəniş etdiyi mənzilin bugünkü bazar qiymətinə uyğun dəyərinin, faizinin və cavabdehlərin hərəkəti nəticəsində ona dəymiş mənəvi zərərin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə iddiaçı tərəfindən məzilin dəyəri olan 52000 manatın ödənilməsini nəzərə alaraq qeyd edir ki, iddia mənzilin hazırki dəyəri olan 150000 manat məbləğində pulun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 52000 manat tutulmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin müqavilə bağlanıdığı tarixdə "xxxx" MMC-nin yəni hazırki Cavabdeh2 MTK-nın mülkiyyətində olmasına və Cavabdeh1 MMCnin öz adından həmin mənzili satmaq səlahiyyəti olmamasına baxmayaraq müqavilə İddiaçılə Cavabdeh1 MMC arasında bağlanmış, müqavilənin bağlanmasında "xxxx" MMC iştirak etməmişdir. Eyni zamanda birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin 2.1.5-ci maddəsinə əsasən Cavabdeh1 MMC "xxxx" MMC-yə məxsus mənzillərin satışını öz adından edərsə bununla bağlı özü məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Belə olan halda məhkəmə qeyd edir ki, müqavilə bağlamaq "xxxx" MMC-yə məxsus olduğundan, tikintiyə mülkiyyət hüququ olmayan Cavabdeh1 MMC-nin bağlıdığı müqavilənin hüquqi qüvvəsi olmadığından 52000 (əlli iki min) manat məbləğində pul Cavabdeh1 MMC-dən tutulmalıdır. İddiaçı eyni zamanda mənəvi zərərə görə 5000 manatın cavabdehlərdən tutulmasını tələb etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 387.3-cü öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 MMC-dən 52000 (əlli iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 52000 (əlli iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4094/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4094/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver