Məhkəmə qərarları › İş №2(004)-4130/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4130/2021

23.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4130/2021 23.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı, onun nümayəndəsi X21 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh5 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı Şəhəri 12 saylı Notariat ofisi, 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi, Cavabdeh4 Bəybala qızı, Cavabdeh5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX nəzdində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnamələrinin və bununla bağlı çıxarışların etibarsız hesab edilmələri” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Bakı Şəhəri 12 saylı Notariat ofisi, 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi, Cavabdeh4 Bəybala qızı, Cavabdeh5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX nəzdində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnamələrinin və bununla bağlı çıxarışların etibarsız hesab edilmələri” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinin 18 fevral 2005-ci il tarixdə 2v-1-48 reyestr nömrə ilə Nuxbala Emin oğlunun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evin 5/6 hissəsinə dair X9 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinin 15 aprel 2019-cu il tarixdə 2V-42 reyestr nömrə ilə Nuxbala Emin oğlunun mülkiyyətində olan ünvan 3ndə ümumi sahəsi 195,7 kv. m olan qeyri-yaşayış binasına dair X9 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, cavabdeh 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariait ofisinin 09 mart 2021-ci il tarixdə 2V-199 reyestr nömrə ilə X12 mülkiyyətində olan ünvan 7 saylı evin və ünvan 3ndə yerləşən sahəsi 195,7 kv m olan qeyri-yaşayış binasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, cavabdeh 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinin 11 mart 2021-ci il tarixdə 2V-211 reyestr nömrə ilə Cavabdeh4 ona çatan payın cavabdeh X10 bağışlamasına dair müqavilə etibarsız hesab edilməsi və bütün əməliyyatlar nəticəsində verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 7 saylı evin 5/6 hissəsi atası Nuxbala Emin oğlunun xüsusi mülkiyyətində olub. O, iddiaçı X7,xx xxxxxxx 1960-ci ildə həmin evdə anadan olmuşdur. Həmin evdə beş nəfərdən ibarət ailələri atası - Nuxbala Emin oğlu, anası - Zəhrəxanım Seyfulla qızı, o, bacısı Quliyeva Afət və qardaşı Eminov Azər. O, 2014-cü ilə kimi, həmin evdən qovulana qədər orada yaşamışdır. Bacısı Afət ərə gedib və Hollandiyaya köçüb, ailəsi ilə daimi orada yaşayır. X5 06 iyul 2004-cü ildə, atası Nuxbala Emin oğlu 18.01.2005-ci ildə Bakı şəhərində vəfat etmişlər. Atasının vəfatından dərhal sonra qardaşı Azər Eminov cavabdeh Bakı şəhəri 12 saylı Notariat ofisinə müraciət edərək, 18 fevral 2005-ci il tarixli, 2v-1-48 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan əlavə, mərhum qardaşı Azər Eminov yenə də cavabdeh 12 saylı notariat ofisinə müraciət edərək, 15.04.2019-cu il tarixdə 2v-42 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, yenə də ərizəsində yeganə vərəsə olduğunu göstərmiş, onu və bacısını vərəsəlik hüququndan məhrum etməyə çalışmışdır. Bu şəhadətnaməyə əsasən mərhum atası Nuxbala Emin oğlu ilə mərhum qardaşı Azər Eminovun ikisinin şərikli mülkiyyətində olan ünvan 3ndə yerləşən, ümumi sahəsi 195,7 kv. m olan qeyri-yaşayış binası bütövlükdə Azər Eminovun mülkiyyətinə keçmişdir. X3 04 sentyabr 2020ci ildə Bakı şəhərində vəfat etmişdir. O, vərəsəlik məsələləri ilə vəkili vasitəsilə maraqlandıqda yuxarıda qeyd etdikləri ona məlum olmuşdur. Bundan sonra qardaşının arvadı və qızlığı cavabdehlər Cavabdeh4 və Səbinə X11suz yolla əldə etdiyi əmlaka vərəsə hesab edilmişlər. Cavabdeh 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisində 09 mart 2021-ci ildə cavabdehlər Cavabdeh4 və Şəbinə Orucovaya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və Cavabdeh4 ona çatan payı elə həmin gün qızı olan Cavabdeh5 bağışlamışdır. Beləliklə, mərhum atasının mülkiyyətində olmuş ünvan 3ndə yerləşən, ümumi sahəsi 195,7 kv. m olan qeyri-yaşayış binası onların nəslinə heç bir aidiyyəti olmayan Cavabdeh5 mülkiyyətinə keçmişdir. Bundan sonra, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 yenə də cavabdeh 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinə müraciət edərək, ünvan 7 saylı evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və evin mülkiyyətçiləri ikisi olmuşlar ana-bala: cavabdehlər Cavabdeh4 və Cavabdeh5. Hesab edir ki, cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən Azər Eminova verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və bundan sonra oğlanan bütün notariat əməliyyatları milli qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla ərtib edilmiş, buna görə də etibarsız hesab edilməlidirlər. Belə ki, yuxarıda qeyd etdiyi kimi, onlar ailədə üç övlad olmuşlar: iki bacı və bir qardaş. Eminov Azər isə cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinə ərizə ilə müraciət edərkən, yeganə vərəsə olmasını qeyd etmiş, onu və bacısının mövcudluğunu gizlətmiş, onunla da cavabdeh 12 saylı notariat ofisinə yalan məlumat təqdim etməklə həqiqətə uyğun olmayan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa müvəffəq olmuşdur, miras qalmış mülkün ona çatası payı 1/3 hissə olduğu halda o, bütün mülkə qanunsuz sahib olmuşdur. Bu şəhadətnamə əsasında qardaşı digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında ƏMDX nəzdində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsindən 29 aprel 2006-cı il tarixdə **********76-10301 reyestr nömrəli, 10607360 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış almışdır. Bundan sonra da həmin mülkün bir hissəsini özgəninkiləşdirmişdir. Qardaşının bu hərəkətlərindən onun xəbəri yox idi. Yalnız onun vəfatından sonra vəkilə müraciət etmiş və öyrənmişdir ki, mərhum qardaşı notariusları aldadaraq, özünü yeganə vərəsə kimi göstərmiş və qanunsuz olaraq atadan qalmış əmlaka yiyələnmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə izahatında bildirdi ki, Bakı şəhəri, Qədirli küçəsi, 136 saylı ev iddiaçının atasına məxsus olub. İddiaçının atası öldükdən sonra Azər Eminov notariusa ondan başqa vərəsə olmadığını deyərək evi öz adına keçirib və həmin evi arvadı və övladlığa götürdüyü qızına bağışlayıb. İddiaçı hazırda atasının mülkiyyətində olan daşınmaz əmlakdan öz payını geri tələb edir. Belə ki, İddiaçı 2004-cü ildə atası, 2005-ci ildə isə anası ölüb. İddiaçı isə iki bacı 1 qardaş olublar. İddiaçının mərhum qardaşı Azər Eminov iddiaçını əmin edib ki, miras payı öz adıma keçirib sənə çatan hissəni isə özünə qaytaracam. Bu səbəbdən də mərhum Azər Eminov Notariat Orqanına gedərək vərəsəlik şəhadətnaməsini əldə edib və orada göstərib ki, yeganə vərəsəsi odur və ondan başqa vərəsə yoxdu. Bundan sonra həmin evi hissə-hissə satmağa başlayıb, bir otağını kiməsə satıb və hazırda bu tələblədə iddia qaldırılıb, lakin hesab edir ki, buna ehtiyac yoxdur, satıb və yaxud bağışlayıbsa artıq bunu mübahisələndirmirlər. Azər Eminov vəfat etdikdən sonra onun arvadı Tamilla əmlakları öz adına keçirib, daha sonra bu mirası onun Azər Eminovdan olmayan övladı Cavabdeh5 miras qoyub. Hazırda iddiaçının atasından miras qalmış mülkə onların nəslindən olmayan Tamilla adlı şəxs sahiblik edir. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, atası, 2004, anası isə 2005-ci ildə vəfat edib, atasının vəfatından xəbəri var idi, yas məclisində iştirak etmiş, Cavabdeh5 həmin məclisdə nə iştirak edib, nə də mərhum atası Tamillanı öz gəlini hesab etməyib. Onlar həmin evdə yaşamışlar və mərhum atasının əmlakı olmasından xəbəri var idi. Atası Azərin arvadı və qızını qəbul etmirdi. Atası vəfat edəndən sonra mirasın qəbulu üçün notariusa müraciət etməmişlər. Onun Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 136 nömrəli evdən 2014-cü ildən qeydiyyatdan çıxmağının səbəbi məhəllədəki evlərin plana düşdüyü üçün söküləcəyi idi. Evdən qeydiyyatdan çıxmağı müqabilində qardaşı Azər ona hər-hansı bir məbləğdə pul verməyib. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi və vəkili X6 izahatında bildirmişdir ki, tərəflər arasında eyni xarakterli iddia üzrə mülki iş Yasamal Rayon Məhkəməsinin hakimi Fərid Əyyubovun icraatında olmuşdur. Həmin mülki iş üzrə iddia müddəti ötürülmüş, lakin məhkəmə tərəfindən işin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilmişdir. İddiaçı tərəf iddia tələbini dəqiqləşdirməyib. Belə ki, iddiaçı iddia edir ki, mərhum Azər Orucovun arvadı notariusda onun tək vərəsəsi olduğunu deyib. Lakin həmin fakta dair ərizə vərəsəlik işindən görünmür. İddiaçı atasının ölümündən sonra notariusa müraciət etməyib. Onun qanunu bilməməsi onu məsuliyyətdən azad etmir. İddiaçı 2014-cü ildə qardaşı Azərdən 30000 manat pul istəyib və mərhum qardaşı həmin pul məbləğini ona verib. Hazırkı iddia tələbi üzrə də iddia müddəti ötürülüb. İddiaçı 16 il ərzində bu tələblə müraciət etməyibsə bu hal onun 30000 manat müqabilində vərəsəlikdən imtinası deməkdir. Bundan əlavə cavabdehlərin deməsinə görə iddiaçı mərhum qardaşından evdən qeydiyyatdan çıxması üçün 50000 manat pul istəmiş və Azər Eminov ona 30000 manat pul vermişdir. İddiaçı həmin pul məbləğini evə görə istəyib. Bundan əlavə iddiaçının faktiki vərəsəliyin qəbulu ilə bağlı heç sübutu yoxdur. Vərəsəliyi qəbul edib, idarə edib, sahiblik edibsə buna dair sübut yoxdur. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X13 ifadəsində bildirmişdir ki, 1994-cü ildə o, Yasamal rayonu, Qədirli küçəsi 136-dan ev almış və ora köçmüşdür. O vaxtı o, evi alanda orada rəhmətlik Nuxbala, yoldaşı Zəhra xanım, Elbəy və anası Nəzakət xanım, birdə orada bir dənə də oğlan var idi ama dəqiq bilmir kim idi. Orada çox vaxt Nəzakət xanımı görürdü. Ama rəhmətlik Azər ara-bir gəlib gedirdi. Vəziyyəti yaxşı olmayanda gəlirdi ev satıb gedirdi. Bu haqda çox danışmaq istəmir. Düzdü, ölü arxasınca danışmazlar ama yaxşı adam deyildi. Əvvəllər ondan da 5000 borc pul alıb qaytarmayıb. Məhkəmə iclasında dindirilmiş şahid X19 ifadəsində bildirmişdir, onlar qonşu olmuşlar. Elə Nəzakət xanım, Azər müəllim bir yerdə böyümüşlər. Onlardan 2 qapı yuxarıda qalırlar. Orada yaşayanlardan demək olar ki, hamını tanıyır (Nuxbala əmini, Zəhra xalanı, Nəzakət xanımı, oğlunu və.s.) və onu da bildirir ki, ora baba mülküdür. Bunlardan ona görə məlumatı var ki, çünki onların yaxın qohumu onların həyətində kirayədə qalıb. O vaxt Nuxbala əmi X30 müəllim üçün 3 otaqlı ev almışdı. Onların məhəlləsi plana getmişdir. Nuxbala əmi də ondan sonra bir Azər müəllim üçün ev almışdı bir də böyük qız Afət xanım üçün. Bunu da bilmə səbəbi odur ki, onların əmisi uşaqları ilə o eyni blokda üzbə-üz qonşudurlar. O məlumatları ordan bilir. Hal hazırda o evdə indi bir qadın yaşayır. Onu heç nə Zəhra xanımın yasında, nə də Nuxbala əminin yasında görməyiblər, onu bir dənə Azərin yasında görüblər. Həmin xanım Azər müəllimin həyat yoldaşı idi. Azər müəllim həmin xanımı o qədər sıxırdı ki, hətta evdən belə bayıra buraxmırdı. Əslində elə Azər müəllimə o cür ölüm qismət olmalı idi. Çünki o heç yaxşı adam deyildi. O, atasının, Nuxbala əminin ölümündə günahkardı. Hətta o, onu atasını döyən görmüşdür. Azər müəllim öz bacılarını belə döyürdü. Onu da bildirmək istəyir ki, Azər müəllim Almaniyada yaşayan böyük bacısının oğlunu da küçənin ortasında vəhşicəsinə döyüb. Ona görə də Azər müəllimin qorxusundan Nuxbala əminin qızları həmin evə yaxın dura bilmirdilər. Nuxbala əmi rəhmətə gedəndən sonra bir vaxt Nəzakət xanım və oğlu ordaydı. Daha sonra Azər müəllim 3 otaqlı evi satıb ata evinə gəldi. Əvvəllər Azər müəllim orada yaşamırdı. Nəzakət xanımı yaxşı tanıyır. O, ərə gedəndən sonra Sumqayıtda yaşayıb. Nəzakət xanım və oğlu Nuxbala əminin ölümündən sonra da orada yaşayıb. Çünki o evləndikdən bir müddət sonra eşitdilər ki, yoldaşından ayrılıb ata evinə qayıdıb. Nəzakət xanım ona görə çıxıb getdi ki Azər gün vermirdi, döyürdü hər gün. O heç qonşularla belə yola getmirdi. 30000 manat verməsini nə görməyib nə də ki, eşitməyib. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində bildirmişdir ki, o, 1956-cı ildən o məhəllədə doğulmuşdur. Rəhmətlik Nuxbala kişi ona bacıoğlu deyərdi, o da ona dayı deyərək müraciət edərdi. Onlar bir- birinin evinə o qədər gedirdilər ki, hətta bir-birinə pul da verirdilər. Onu demək istəyir ki, Nuxbala dayı oğlundan çox narazı idi son vaxtlar. Azər müəllim getdi sonra yenə geri qayıtdı. Atası onun üçün Yasamaldan 3 otaqlı ev almışdı. Azər müəllim üçün Yasamaldan ev aldığını ondan bundan eşitmişdir. Ona görə ona ayrı yerdən aldı ki, sonra qızları ilə ata ocağına şərik olmasın. Nuxbala dayı deyirdi ki, “bacı oğlu evin sənədlərini yarısını öz adıma elədim ki, qızlara şərik olmasın sonra.” Qalan yarısını da ona ev aldı. Azər yaxşı adam deyildi. Gözünün qabagında Nəzakət xanımın saçından yapışıb yerlərdə sürüyürdü ki, evin sənədlərini ver. 2014- 2013-cü illər olardı təxminən Azər müəllimin Nəzakət xanımı döyərək sənədləri istəməsi. O işdə olan vaxtı eşitmişdir ki, hətta o, atasını itələyib yıxıb, ağzı burnunu qana bələyib. 2005-ci ildə Nuxbala dayı rəhmətə gedəndən sonra Azər yaşadı orada. Çünki hamını döyərək qovdu evdən. Ancaq atasının və anasının sağlığında Nəzakət xanım və uşağı ata evində yaşayıb. Sonralar Nəzakət xanımın evi olub. Nuxbala dayı ona demişdi ki, hətta evin puluna da kürəkən verib ona. Nəzakət xanımın yoldaşı Arxitekturada işləyirdi. Yaxşı imkanı var idi. Nuxbala dayının Nəzakət xanım üçün aldığı evi də Azər müəllim satıb yedi. Sonradan ailə qurmuşdu, ondan da bir qızı var idi deyəsən o, qalır o evdə ama adını bilmir. Nuxbala dayı öləndən sonra Azər müəllim yaşayırdı orada ama Nəzakət xanımda gedib gəlirdi. 1997-ci ildə boşanandan sonra ata evinə gəlmişdi. Nuxbala dayı rəhmətə gedəndən 1-2 ay sonra Nəzakət xanımı evdən qovmuşdur. Hətta döyərək evdən çıxartmışdır. Azər müəllim döyürdü Elbəyi, Nəzakət xanımın oğlunu. Dəfələrlə özü şahidi olmuşdur. Qeydiyyatdan zorla çıxarıldığını eşitmişdir. Onu deyə bilər ki, Nuxbala dayıgilə getdiyi 5 dəfədən 4-də Nəzakət xanımı orda görmüşdür. Nəzakət xanım ata evində yaşayırdı. Səhər 08:30-da işə gedirdi və axşam 18:00-da evə qayıdırdı və bu müddətlərdə çox vaxt Nəzakət xanımı görürdü. Qonşu ilə söhbət edən anları da görmüş və ya həyətdə olduğu anları da görmüşdür. Məhkəmə iclasında iştirak edən şahid X22 ifadəsində bildirmişdir ki, o, 1992-ci ildən Yasamal rayonun 40 saylı MKTB-də ofisdə kargüzarlıq vəzifəsində işləyir. 1998-ci ildə də Nuxbala kişidən 1 pay almış və həmin ünvanda özü, uşaqları və ailəsi qeydiyyatdadırlar. Tərəfləri çox yaxşı tanıyır. Heç bir düşmənçiliyi yoxdur. O evdə Nuxbala dayı, Zəhra xala, rəhmətlik Azər müəllim də gəlirdi. Bir dənə Nəzakət xanım tez-tez gedib-gəlirdi. Ona görə ki, o ərdəydi. O, gələndə xəbəri olurdu. Çünki gələn kimi səsini eşidirdi. Nəzakət xanım orada yaşamayıb. Ərə gedəndən sonra çıxıb gedib. 1980-ci ildə Nəzakət xanım ailə qurmuşdur. O evdə Nuxbala dayı və Zəhra xala yaşayırdı. Azər də ara bir gəlib-gedirdi. Nuxbala dayı rəhmətə gedəndən sonra Azər müəllim yaşayıb ata evində. Nəzakət xanım yaşamayıb ata evində. O, ər evində olub. Sonra da eşitdi ki, Sumqayıtda Corata köçüb. Hal-hazırda Azər müəllimin yoldaşı Tamilla xanım həmin evdə yaşayır. Qızı isə arada gəlib-gedir. Atasını və ya Nəzakət xanımı döyməsi ev sirridi və onu deyə bilməz. Onun gözünün qabağında döyməyib. O, Azər müəllimin atasını və Nəzakət xanımı döyməsini görməmişdir. 2005-ci ildən sonra o, Nəzakət xanımın orda yaşamasını görməmişdir. Orada Azər müəllim yaşayırdı. 2014-cü ildə Nəzakət xanımın qeydiyyatdan çıxarılması haqqında onda məlumat var. O, işdə olmuşdur, işin sonu idi. Nəzakət xanımla Azər müəllim birdə Nəzakət xanımın oğlu girdi içəri. O da yaxınlaşmışdır ki, “qonşu nə yaxşı gəlmisiz.” Azər müəllim də bildirdi ki, “bacımı qeydiyyatdan çıxartmağa gətirmişəm.” 2012-ci ildə Azər müəllim bacısını qeydiyyat çıxardı. Azər müəllim deyirdi ki, “pul vermişəm Nəzakət xanıma. Ona görə də qeydiyyatdan çıxardıram.” O, jekdə Paspartiska işləyirdi. Nəzakət xanım da qeydiyyatdan çıxmışdı ərə gedəndən sonra. 1997-ci ildə atası Nuxbala dayı gətirib yenidən qeydiyyata saldırmışdı. O, Nəzakət xanımı qeydiyyata salmamışdır. Onu paspot stol qeydiyyata salırdı. O, notariusa bildirdiyi vaxtda arayış verməmişdir. O vaxt orada işləməmişdir. 6 ay işssiz olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, Nuxbala Emin oğlu 18.01.2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 18.02.2005-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X14 miras qalmışdır. İş materiallarında olan 15.04.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 18.01.2005-ci il ölmüş Nuxbala Emin oğlunun vərəsəsi X15r və o, miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 29.03.2019-cu il tarixdə verilmiş dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 195.7 kv.m olan qeyri yaşayış binasının mərhuma məxsus payından ibarətdir. İş materiallarında olan notarial qaydada təsdiqlənmiş X23 tərəfindən verilmiş ərizədən görünür ki, X23, Bakı şəhəri, Qədirli 136 ünvanında yaşamış 18.01.2005-ci il tarixdə vəfat etmiş Nuxbala Emin oğlundan qalmış miras əmlakı qəbul edir. Miras əmlak: ünvan 2 ünvanında yerləşən evdən ibarətdir. Miras qoyanın Azərbaycan Respublikası Mülki məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Ondan başqa vərəsələri yoxdur. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verməyinizi xahiş etmişdir. İş materiallarında olan RX ******* saylı Çıxarışdan görünür ki, ünvan 3ndə yerləşən qeyriyaşayış binası 29.03.2019-cu il tarixdən X9 mülkiyyətində olmuşdur. İş materiallarında olan 09.03.2021-ci il tarixli Miras payın bağışlanması müqaviləsindən görünür ki, ünvan 5 Cavabdeh4 Bəybala qızı tərəfindən Cavabdeh5 bağışlanmışdır. İş materiallarında olan 11.03.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 04.09.2020-ci il tarixdə vəfat etmiş X9 vərəsələr: ünvan 5 ünvanında qeydiyyatda olan qızı- Cavabdeh5, ünvan 5 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh4 Bəybala qızıdır.Onların hər biri miras əmlakdan ½ hissədə irs almalıdır. Miras əmlak ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin mərhuma məxsus (5/6 hissədən 14.4 kv.m.)-dən ibarətdir. İş materiallarında olan 09.03.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 04.09.2020-ci il tarixdə vəfat etmiş X9 vərəsələr: ünvan 5 ünvanında qeydiyyatda olan qızı- Cavabdeh5, ünvan 5 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh4 Bəybala qızıdır.Onların hər biri miras əmlakdan ½ hissədə irs almalıdır. Miras əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 195.7 kv.m olan qeyri yaşayış binasından ibarətdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Cavabdeh5 tərəfindən verilmiş ərizədən görünür ki, 04.09.2020-ci ildə ünvan 2 ünvanında yaşayan atası X23 ölmüşdür. Qeyri yaşayış sahəsi və fərdi yaşayış evi ondan irs qalmışdır, mirası qəbul etmişdir. İş materiallarında olan 178401 saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi ev 136, 02.04.2021-ci il tarixdən 5/6 hissədə Cavabdeh5 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 03.08.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3ndə yerləşən, ümumi sahəsi 195,7 kv.m olan qeyri-yaşayış sahəsi 13.03.2019-cu il tarixdə ümumbirgə olaraq X9 və Nuxbala Emin oğlunun adlarına qeydiyyatdan keçmişdir. 12 saylı DNK-nın 2v-42 reyestr nömrəli 15.04.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən (tam) sözügedən qeyri-yaşayış sahəsi X9 adına qeydiyyatdan keçmişdir. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 09.03.2021-ci il tarixli 2v-199 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə 3M-88 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilən cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddia müddətinin tətbiqinə dair ərizəsindən görünür ki, cavabdeh iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti buraxıldığından iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2.-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Qetd edilən Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mlüki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının atası Nuxbala Emin oğlu 18.01.2005-ci ildə vəfat etmiş, bununla da onun ölümündən sonra miras işi açılmışdır. Daha sonra 18.02.2005-ci il tarixdə iddiaçının qardaşı X14 Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə ünvan 2 ünvanında yerləşən mənzil miras qalmışdır. Daha sonra 15.04.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 18.01.2005-ci il ölmüş Nuxbala Emin oğlunun vərəsəsi X15r və o, miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 29.03.2019-cu il tarixdə verilmiş dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 195.7 kv.m olan qeyri yaşayış binasının mərhuma məxsus payından ibarətdir. Göründüyü kimi, iddiaçı mirasın açıldığı 2005-ci ildən, atasının ölümündən məlumatlı olaraq miras payın qəbul edilməsi ilə bağlı mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etməmiş və miras əmlaka sahiblik və faktiki idarə etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddia ərizəsi cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinin 18 fevral 2005-ci il tarixdə 2v-1-48 reyestr nömrə ilə Nuxbala Emin oğlunun mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən evin 5/6 hissəsinə dair X9 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinin 15 aprel 2019-cu il tarixdə 2V-42 reyestr nömrə ilə Nuxbala Emin oğlunun mülkiyyətində olan ünvan 3ndə ümumi sahəsi 195,7 kv. m olan qeyri-yaşayış binasına dair X9 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, 18 fevral 2005-ci il tarixdə 2v-1-48 reyestr nömrə ilə Nuxbala Emin oğlunun mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən evin 5/6 hissəsinə dair X9 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 15 aprel 2019-cu il tarixdə verimiş şəhadətnamə isə 2005-ci il tarixdə iddiaçının atasının ölümü ilə bağlı açılmış vərəsəlik işinin davamıdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, nə 2005, nə də 2019-cu il tarixlərdə iddiaçı miras əmlakın qəbul edilməsi ilə bağlı heç bir müraciəti olmamışdır. Bundan əlavə məhkəmə iclasında iddiaçının miras əmlakı faktiki qəbul etməklə sahiblik və faktiki idarə etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinin 18 fevral 2005-ci il tarixdə 2v-1-48 reyestr nömrə ilə Nuxbala Emin oğlunun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evin 5/6 hissəsinə dair X9 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinin 15 aprel 2019-cu il tarixdə 2V-42 reyestr nömrə ilə Nuxbala Emin oğlunun mülkiyyətində olan ünvan 3ndə ümumi sahəsi 195,7 kv. m olan qeyri-yaşayış binasına dair X9 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissələrində təmin edilmədiyindən, iddia tələbi qalan hissələrdə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar